1990-cı illərin sonları, 2000-ci illərin əvvəllərində Azərbaycanda əyləncə mediasına – nisbətən yüngül mövzulardan yazan, krossvordlar dərc edən qəzetlərə böyük maraq vardı. İndi vəziyyət necədir?
“Media forum” saytının sualını cavablandıran “Qaya” mətbuat yayımı firmasının direktoru Xanhüseyn Əliyev deyib ki, əyləncə qəzetlərinə maraq azalıb: “Maraq olmadığına görə bütün əyləncə qəzetlərinin tirajı aşağı düşüb. 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində krossvord, dedi-qodu qəzetləri çox oxunurdu, onlar yaxşı satılırdı. Həmin dönəmdə ən tirajlı nəşrlər əyləncə qəzetləri idi. Bu gün isə üstünlük siyasi qəzetlərdədir.
Ancaq böyük tirajla çıxan krossvord qəzetləri indi də var. Digər əyləncə qəzetləri ilə nisbətdə krossvord nəşrləri daha çox alınır. “Oxu məni”, “Serial” kimi əyləncə qəzetləri də çıxır. Amma onların tirajı çox aşağı düşüb. Əvvəlki miqyasda satılmır”.
“Serial”qəzetinin baş redaktoru Natiq Qocaman da “Media forum”a açıqlamasında bu tip qəzetlərə marağın azaldığını deyib: “Təkcə əyləncəli qəzetlərə deyil, ümumən bütün qəzetlərə maraq azalıb. Bir zaman böyük tirajla satılan siyasət qəzetlərinə də maraq azalıb. İndi insanlar internetə daha çox maraq göstərir. İnternet istifadəçilərinin sayı durmadan artır. İnsanlar internetlə daha tez məlumat alıb ötürə bildikləri üçün çap mətbuatına o qədər də diqqət göstərmirlər”.
Natiq Qocaman qeyd edib ki, dünyada əyləncəyə maraq genişdir, saytlarda da ciddi xəbərlərdən çox əyləncəli informasiyalar oxunur: “Dünya televiziya proqramlarında, radio və internet portallarında ciddi xəbəri də əyləncəli formatda verirlər. Çünki tamaşaçı bunu tələb edir”.
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev “Media forum”a bildirib ki, əyləncə qəzetlərinə marağın azalmasına səbəb televiziya kanallarında gedən əyləncə proqramlarıdır. Arif Əliyevin fikrincə, televiziyanın əyləncə proqramları hazırlamaq imkanı çox geniş olduğundan telekanllar başqa kütləvi informasiya vasitələrini qabaqlayır: “Bir sıra ictimai-siyasi qəzetlərdə telekanalların, hakimiyyət qəzetlərinin verdiyi informasiyadan fərqli məlumatlar əldə etmək imkanı olduğundan əhalinin ictimai-siyasi qəzetlərə marağı qalır. Amma adamlar əyləncə sahəsində ala biləcəyi ləzzəti artıq telekanallardan ala bilir. Bu hal getdikcə daha da inkişaf edir. Əyləncə mediasına təsir edən əsas amillərdən biri də internetin inkişaf etməsidir. İnternet bu gün çox böyük qüvvə ilə irəliləyir. Elektron medianın verdiyi keyfiyyəti çap mediası verə bilmir”.
Arif Əliyev əyləncə qəzetlərinə marağın azalmasının bir səbəbini də bu qəzetlərin keyfiyyətində görür: “On beş il əvvəl əyləncə qəzetləri yeni-yeni çıxmağa başlayanda xeyli oxucu cəlb etmişdi. Məncə, həmin qəzetlər əvvəl çıxdığı səviyyədə də qalıb. Nə çap keyfiyyətini yüksəldə bilib, nə də informasiyanın səviyyəsini. Yəni əyləncə qəzetləri sahəsində inkişaf gözə dəymir”.
Əyləncə qəzetlərinin uzun müddət yaşaya bilməsi üçün yeni üsulların axtarılıb tapılmalı olduğunu düşünən Arif Əliyev onu da qeyd edib ki, əgər əyləncə qəzetləri bu günə kimi yaşaya bilibsə, indi də satılırsa, deməli, onlara ehtiyac var: “Amma əyləncə qəzeti nəşr edənlər nəzərə almalıdırlar ki, onların funksiyası yalnız nələrisə xəbər vermək, krossvord dərc etmək deyil. Onlar Qərb ölkələrində olduğu kimi müəyyən növ xidmətlərin təmin olunması ilə də məşğul olmalıdırlar. Onda fəaliyyətlərinin ömrünü daha çox uzada bilərlər”.
“Media forum” saytı məsələ ilə bağlı qəzet satıcıları ilə də əlaqə saxlayıb. Onlar daha çox krossvord çap edən qəzetlərin alındığını deyiblər. Əyləncə qəzetlərinə marağın azalmasının səbəbi kimi onlar internetin inkişafını və əyləncə qəzetlərinin həftədə bir dəfə çıxmasını göstəriblər. Satıcılar daha çox siyasi qəzetlərin alındığını söyləyiblər.
Aysel YUSİFQIZI


