Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Ədəbiyyat
print

QƏLƏMİN YUXULARI (2)

2012-02-08 - 13:46:00

Çingiz HÜSEYNOV 

Üçlüklər

Bu gecənin yuxusu Qələmin Qala meydanında (Şeytanbazardan fərqlənsin deyə adını "İblisbazar" qoyublar) yerə sərilmiş, divarlardan asılmış xalı-xalça üzərində toxunmuş məlum iki şəxsin ona zillənmiş iti baxışlarından doğmuşdu.

Görüşə hazır camaat İblisbazar meydanında toplaşmışdı.

Əvvəlcə onların qarşısına yekə uçuş şarına, daha doğrusu, bir-birinin üstünə qoyulmuş üç şara bənzər qara geyimli, şişman yanaqlarını büsbütün cod qara saqqal zəbt etmiş rütbəli şəxslərdən olan molla çıxdı-diyirləndi, bərəlmiş gözlərindən od-alov yağırdı.

Arxasınca seyrək saqqallı, arıq-qurumuş budaq misalı rabbi çıxdı tribunaya, beli əzab-əziyyətdən bükülmüş, sifətində əbədi qorxu qarışıq narahatçılıq həkk olunmuşdu, nəsə pıçıldayırdı, dodaqlarının tərpənişindən Qələm Allah sözünü sezdi və heç də buna təəccüblənmədi - rabbi yaşadığı torpağa rəğbətini göstərmək məqsədilə İlahinin müsəlman adını yad etdi: Allah-Allah, əcaib işlərin varmış bizim bu dünyamızda! 

Sonra yığıncağı idarə edən oliqarx asanlıqla üç pilləni aşıb tribunaya qalxa bilməsi üçün kömək əlini, atalıq adı görkəminə uyğun batüşkəyə-keşişə uzatdı.

Üçü də TəkTanrı dinlərin banisi, vahid İlahiyə inanan babaların atası İbrahimin adını daşıyan Avraam cəmiyyəti tərəfindən xalqı hamıya məlum olan şəxsə səs verməyə çağırmaq uçun dövlətin təşəbbüsü ilə deyil, öz xoşuyla çox da uca olmayan və təcili qurulmuş əldəqayırma tribunaya çıxarılmışdılar.  

Birinci çıxış edən molla oldu.

Qələmin yadında təkcə bu qaldı ki, kafirlərdən öyrəndiyi brend sözünə vurğun mömin molla fələk çərxlərinə bənzər sözlərini xalqın başına yağdıraraq: Bilin, - dedi, - ay camaat və yəqin edin ki, səsinizi Allahın bəyəndiyi, Allahın seçdiyi ikisimalı brendə, bəlkə də, deyərdim, lap Allahın Özünə bəxş edirsiniz!..

Pəhləvan sinəsindən iri xaç asılı keşiş gur səsiylə meydanın bütün səslərini üstələyib boğaraq: Bismi... – yox, bismillah deyil, başqa adların şərəfinə nitq söyləmək məqsədiylə mahnı oxuyurmuş kimi melodik tərzdə: BismiAta, arxasınca bismiOğul, dedi və birdən-birə davamını sanki unudub səsini xırp kəsdi, gözlərini döyə-döyə pərt-pərt ətrafa boylandı.

Bu anda Qələm məqamın yetişdiyini anladı, batüşkəni şokdan çıxarmaq lazımdır və niyyətinə yetişmək məqsədilə əllərini ağzına tutub şagirdlik illərində olduğu kimi keşişin eşitməsi üçün pıçıldadı: Müqəddəs üçlük!

Batüşkə minnətdarlıqla Qələmə baxıb elə bil hamının arzuladığı sözü bəyan etdi, sıra-sıra qurduğu Ata-Oğul cümləsini Bismi... – və Ruh əvəzinə kəlməsini Nəvə sözüylə tamamladı və dərhal iblisin dərin uçurumuna düşdüyünü duydu.

Eşitdiyindən sadəcə özü deyil, hətta arxasında duran rabbi də diksindi və qeyri-iradi: Rədd olsun bütlər! - deyib xalis ərəbcə müqəddəs La-illah-ill-Allah kəlməsini bəyan etdi.

Və mat-mat ətrafa göz gəzdirib bu andaca anladı ki, onun bu sözləri indiki şəraitə heç uyğun deyil, ziddir, deyəsən söyüş-təhqir kimi səsləndi. Rabbini dəhşət bürüdü, hiss etdi ki, indicə dediyi İbrahim-Avraam cəmiyyətinin xeyrinə deyil, üçlüyə xələl gətirir, hətta yaranmış birliyi söküb dağıdır, ləğv edir.

Camaat dalğalandı, səs-küy qopdu, kimsə bağırdı, kimsə çığırdı:

Vay!.. Dəhşət!.. Provakasiya!..

Molla tez-tələsik tribunanı tərk etdi, yoxa çıxdı.

Keşiş... demə, yalançı batüşkəymış: döşündəki zəncir arxaya sürüşüb xaçın yerini dəyişdi, libasının düyməsi qırıldı, açıq çiyinlərində iri üçulduz polkovnik poqonları göründü, hətta yapışqanı zəif olan saqqalı yanaqlarından sallandı.

Bu dəm Qələmin ətrafında toplaşanlar, cavanlaşmış keşişin özü də, girdə sifəti günəşə oxşar molla da, hətta rabbinin özü qəhqəhə çəkib güldülər nə güldülər!..

Demə, məxsusi Qələm üçünmüş Qala meydanındakı bu tamaşalı oyun! 

Yuxu səhnəsi dəyişdi: oliqarxla dəniz kənarında gəzişirdilər:

- Yoxsa bu kimi süjeti də yuxuya layiq bilirsən?

- Süjeti mən yox, yuxu qurdu.

Bic-bic gülümsündü:

- Yuxunun içində yuxu?

- Yuxular məni yaman yorur!

- Onda görmə, tərgit!.. Əlbəttə, söz azadlığı və sairə, şübhəsiz, bütün bunlar bizim, necə deyərlər, nailiyyətlərimizdir, amma bu kimi azadlığın da bir ölçüsü olmalıdır axı, hətta qadağan olunan apostrofu da yazılarında gördüm!

- Bəs mənim təşəbbüslərim?

- Bilirəm, rəhbərimizin vətənə qayıtması üçün çox çalışdın, görkəmli şəxslərin imzalarını topladın!.. Əks təqdirdə salardımmı səni yüksək rütbəli müşahidəçilər dəstəsinə?

- Yuxu kimi gəlir yadıma rəhbərimizin o tarixi gəzintisi!

- Ə, nə yuxu, nə tarix?!

- Hər halda... - oliqarx artıq Qələmi eşitmirdi: çoxdan bitmiş yuxu köhnə yuxusunu təzələdi.

 

Ərəb, latın və kiril hərflərinin cızma-qarası

Ayaq saxladı: qəribədir, bu nadir evi ilk dəfə görürdü. Dəniz sahilində, uzun müddət çalışdığı binanın böyründə. Elə bil yaxın binaları alçaltmaq üçün ucalırdı. Boyca Qız qalasından da hündür idi.

Seçmə ağ mərmərdən hörülmüşdü.

Ev deyil – müdhiş bir rəsm əsəri ...

Elə bil göydə qeyri-insanlar, ilahi istedada malik usta-memarlar onu qurub məhz seyrə çıxan Harun bənzərli hökmdarı sevindirmək, heyrətləndirmək üçün gecəykən xəlvətcə yerə endirmişdilər bu möcüzəni: Bax və fəxr et ki... – və sairə.

Şlyapası düşməsin deyə sağ əlilə onu saxlayıb başını yuxarıdan yuxarıya qaldırdı ki, evi büsbütün görə bilsin.

Buludlar göyə ucalan binanı yalaya-yalaya keçir, bilmək olmazdı – sürətlə yeriyən buludlardımı, binadırmı?

Başı gicəlləndi, az qaldı yıxılsın... Cəld iradəsini toplayıb rəhbər duruşuna qayıtdı və öz-özlüyündə etiraf etdi ki, bilməməzlik oyunu yetər, hər şeydən yaxşıca xəbərdardır, bu ev haqqında da məlumatlıdır, gəlini bu günlərdə ona memarlıq  estetikasından məhz bu evi nəzərdə tutaraq danışmışdı. Bəlkə gəzintinin lap özü də bu evdən ötrü təşkil olunmuşdu ki, binanı yaxından görə bilsin: təəccübləndin – bəsdir, keç mətləbə!

- Kimin evidir? – soruşdu. Sükut. – Bir daha təkrar edirəm: kimindir bu ev? – Di gəl bil, nə gizlənir bu sualın arxasında: adicə maraqmı? qəzəbmi? yoxsa fəxr nişanəsidir? tərif naminə soruşur? hamı əmindir ki, hər mətləbdən agahdır... Ətrafdakıların qorxudan doğan təəccübünü duydu – ağa-kölə oyunu artıq başlanmışdı!

- Niyə susursunuz? – dodaqaltı gülümsündü, bir gözü mehriban, bir gözü sərt:

- Ola bilərmi ki, daha doğrusu, mən heç cür təsəvvür edə bilmirəm ki, burada toplaşan seçmə adamlar arasında bu kimi gözəl, möhtəşəm evdən heç kimin xəbəri olmasın? - Saat əqrəbinin hərəkəti istiqamətdə, başını tərpətmədən, ətrafdakıları iti baxışıyla sezdi və gözlərini şəhər rəisinə dikib (həm merdir, həm də – bu heç kimdən gizli deyil – ştatdan kənar hamıya məlum olan şəxsin qəbrini qoruyandır: gec-tez köçəcəyik, yuxuda bəzən ölənlər diri kimi aramızda gəzir): 

- Necə rəhbərsiniz ki, - dedi, şəhərimizin belə bir yaraşıqlı, paytaxtımızın gediş-gəliş magistral yollarında, demək olar, onun lap göbəyində yerləşən binanın   sahibindən xəbəriniz yoxdur? Biriniz dillənsənə!

Yenə sükut, amma bu dəfə qorxunc, tufan ərəfəli. - İndi ki, bu evin yiyəsi məlum deyil...

Bu dəm İsmipaşa rəhbəri qabaqladı, qoymadı sözünü tamamlasın, çünki davamı dəhşətli səslənə bilərdi, astaca:

- Mənim evimdir, - dedi.

- Sənin? Bəs niyə bizi intizarda saxlayıb susurdun?

- Səbəbi var. 

- Açıq cavaba, etirafa nə kimi səbəb ola bilər?

- İcazə verin sonra deyim.

- Yox, sonra deyil, indicə de ki, hamı eşitsin! Bildiyimə görə qəzetçi də var aramızda, yoxsa ağzına gələni uydurar, qoy hamımızın eşitdiyi həqiqəti yazsın!

Oliqarx bal dolu baxışı ilə yalvarıcı tərzdə: - Ulu rəhbərimiz, dedi, xalqımızın baş ucalığı və sevimlisi bilir ki... – Sözünü kəsdi:

- Ay İsmipaşa, mənim bilib-bilmədiyimin məsələyə dəxili yoxdur, uzatma, mətləbə keç!

- Vaxtından əvvəl demək istəmirdim, ev də hələ hazır deyil.

- Bitirib toy-bayrama dəvət etmək istəyirdin yoxsa bizi?

- Bunu da planlaşdırırdım, amma... – Hamı nəfəsini dərib sükut içində diqqətlə nə deyəcəyini səbirsizliklə gözləyirdi, mülk sahibləri üçün məsuliyyətli məqam idi,  gərgin vəziyyət yaranmışdı, Allah eləsin – qəzəblənməsin rəhbər, var-yoxları bir anın içində...

- Niyə susdun? – Sualda qəzəbə oxşar nidalar eşidildi.

İsmipaşa bu dəm hiss elədi ki, ev əldən gedir və: – Arzum var, dedi, tələsdirirsiniz məni, qoymursunuz təntənəli dona geydirim istəyimi!.. – və başına

yağan güman etdiyi suallar axınının qarşısını almaq üçün dayanmadan

sözünü elə nadir tapıntıyla tamamladı ki, hamının könlü açıldı, buludlar əridi, gün çıxdı: - İstəyirdim evi tikib qurtarandan sonra bəxş edəm Sizin nəvənizə!

Rəhbər bir anlığa çaşdı, özünü itirən kimi oldu – söhbətin bu kimi dönüşünü, beləcə nəticələnəcəyini heç cür təsəvvür etmirdi, gözləmirdi, niyyəti bam-başqaydi: qəzəb atına minib ifşa qılıncını qınından siyirib vəlvələ salmaq istəyirdi toplaşanların canına, yağdıracağı cümlələr də artıq hazır idi, deyəcəkdi: - Bəsdirin camaatın nifrətinə səbəb olan bu içiboş binaları ucaltmanız! Milləti soymanız yetər!..

İndi isə vəziyyət tamamilə dəyişmişdi: bəxşiş söhbəti məsələni büsbütün dolaşdırmış, belə təklifdən sonra hədə-qorxu gülməli olardı.

Bəlkə hədiyyəni rədd edib evi dövlətin ixtiyarına buraxmaq? sərəncamına tapşırmaq?

Gənclər sarayı yaramaz, mədəniyyət ocağı da, hətta mənasız görünsə də, müxalifətə yaraşan binalardan dəlixana-qazamatı da fikirləşdi və nəticədə heç nəyi ifadə etməyən, içi boş çürük qoza oxşar bir cümlə qaçırdı ağzından:

- Sonrası necə olacaq? 

- Qoy hamı mənim bu arzumdan xəbərdar olsun! – deyib qaliblər baxışını Qələmə zillədi. – Əsla təriflənmək üçün deyil, sözümdən imtina etməmək naminə deyirəm!

- Bizim aramızda üzüdönüklük meyillərinin özünü göstərəcəyinə inanmıram.

- Düz buyurdunuz, amma insan zəif məxluqdur. Üstəlik xəsisdir!

- Varlığa nə darlıq? – Və dediyinə qəzəbləndi, çaşqınlığı, görünür, keçməmişdi, dərhal sözünü dəyişdi: – Hər halda özünə tənqidi münasibətin tərifə layiqdir.

Bu anda binanın buludlardan sivrilib çıxan minarə qülləsində Qələm ərəb, latın və kiril hərflərindən hörülmüş qarmaqarışıq bir yazının ilansayağı göyə uzandığını gördü – dərhal bunun yazı deyil, tərcüməyə ehtiyacı olan rəmzlər olduğunu və bunların da gizli mənasını yalnız İlahi elçisi aça biləcəyini anladı, hərgah Qələm bizim bu diyarda, hətta bütün dünyada gizli olan sirr qalmadığına da əmin idi: bax – gör, bax – heyrətlən, bax – bağır, bax – saçını yol, bax – başına kül tök.

 

Baş-ayaq il 

Qələm növbəti yazısının çap olunması ümidiylə Siyavuşdan: – Yazı qoymuşdum sənin üçün, gördünmü? – soruşdu.

- Ə, nə baş-ayaq il?

- Yuxu ilə gerçək qarışıq yazıdır.

- Yuxunu danış, gerçəklə işin olmasın.

Boz xəstəxana geyimində geniş və işıqlı salona çıxdım, masa arxasında oturan sarışın şəfqət bacısına yaxınlaşdım:

"Hardayam mən? – soruşdum.

"Bilməsəniz yaxşıdır – dedi.

"Həftənin hansı günüdür?

Dinmədi.

"Hansı aydır? İldir?

"Sonra deyərik.

"Yeni minillik öz yerindəmi, yoxsa ləğv olunubmu?

"Vaxtında bilərsiniz.

"Bizim məclis paşamızın ilhesab təklifini bəyənildimi?

Qaş-gözünü oynatdı:

"Nə danışırsınız? İlhesab nədir?

"Bilmirsinizmi yoxsa? Yer üzündəki millətlərin ilhesabı müxtəlifdir, bu ayrı-seçkilik yalnız və yalnız məhəbbətə, eşqə bağlıdır”.

"İşimə mane olursunuz.

"Dediyim çox vacibdir!

"Susmanız məsləhətdir.

"Kimdir məsləhətçim?

Dinmədi.

"Söhbət Allaha olan məhəbbətdən gedir, Ona bağlıdır ilhesabı!

"Allaha qurban olum!

"Andınız yersizdir!.. Amma eşidin və bilin: ilhesabı dünya yaranandan başlayır, yeddi min neçənci ildəyik indi. Musanı sevən yəhudilər beş min neçənci ildədilər. İsaya bağlı xaçpərəstlər illərini onun doğum günündən başlayır, müsəlmanlarınkı da məlumdur: Məkkədən Məhəmmədin qaçış ayından, səbəbi də məlum: qan qohumları öldürmək istəyirdilər peyğəmbəri!.. Bizdə də böyüklərimizə xalqımızın eşqi-məhəbbəti o qədər ucadır ki, nə göydə o ucalığa bərabər,  türksayağı deyim, yıldız tapılar, nə də yer üzündə dağ, odur ki, biz də baş-ayaq ilin iyulundan yeni ilhesabına keçirik, iyul ayı Dirçəliş, ya İntibah ayı olacaq! 

Şəfqət bacısı gözlərini döyə-döyə, mat-mat mənə baxırdı, sanki dediklərimi ilk dəfə eşidirdi.

- Bəlkə, – soruşdum, – Bəh-Bəh'dən də xəbəriniz yoxdur?.. Bax, bu dəfə susmağınız, dinməməniz gərəkdir, soruşmayın kimdir Bəh-Bəh, yoxsa qovarlar sizi işdən!..

Demə zavallı qız hamıya məlum simanı əbədiləşdirmə məqsədiylə  TeVe'nin qurduğu Dəyirmi masa yığıncağından, mötəbər şəxslərin orada nə kimi əcaib rütbə təkliflərindən xəbərsiz idi!..

Ölməz? Dahi? Nadir?.. Tarix boyu çox deyilmiş bu sözlər çeynənilmiş, bakir səslənmirdi, çoxlarına aid etmək olar, – hamısı yekdilliklə rədd olundu.

Lap-Lap, Ən-Ən, Böyükdən Böyük təklifləri də kənara qoyuldu və nəticədə Lap-Lap'çılarla böyuk və uzun sürən mübahisədən sonra üstünlük hamını heyrətləndirən, dilin zənginliyini sübut edən Bəh-Bəh'ə verildi: toplaşanlar ayağa qalxıb heç kimin gözləmədiyi bu adı təklif edən İsmipaşanı alqışladılar – həm sadə, həm də dərin mənalıdır, şirin və mehriban səslənir, sevinc və fərəh duyulur bu adda, deyirsən – doymursan:

Əhsən sənə, ay bu Bəh-Bəh'ın ixtiraçısı İsmipaşa!.. 

"Deyin görüm, xəstəlik zamanı yanıma gələn olmuşdumu? Atam-anam?

Təəccübləndi:

"Ata-ananız varmı?

"Bəs onda necə gələrdim bu dünyaya?

"Sizi bilmirəm, amma belələri olmuşdu.

"Atasız – hə, amma anasız!.. Unutmayın: mən peyğəmbər deyiləm!

Anasız cücə, atasız cücə... – Səsini kəsdim:

"Yetim deyiləm, inkubatordan çıxmamışam, bəsdir məni doladınız!

Şəfqət bacısı həyəcanla tibb cihazlarına baxdı, qan təzyiqimin xeyli artmasını və ürəyimin şiddətli döyüntüsünü gördü, tez-tələsik məni palataya saldı, və sakitləşim deyə mülayimcəsinə:

"Bəlkə də yanınıza gələn olmuşdur, – söylədi, – amma bizdə karantindir.

"Tibbi, yoxsa siyasimi?

"Sizə əsəbiləşmək olmaz! – və ard-arda iki iynə vurdu qoluma və yanıma.

Dərhal yuxusuz yuxuya getdim...

Oyanıb Qələm özünü zirzəmisində gördu, Dəyirmi masaya aid xülasəsi yarımçıq qalmışdı, son cümləsini bir də oxuyanda tamamilə ayıldı – paşalardan birisi ulu sözünü uca sözünə calayıb dənizimizin neapolitan körfəzində ata-anamdan da mənə əziz olan öndərimizə amtrikalıların Azadlıq Abidəsindən də hündür heykəl ucaltmağı məsləhət gördü. Qələm yaxşı qonorar alacaq ümidi ilə xeyli işlədi, təəccüblənməli də oldu, kədərləndi də, hətta aşıq kimi təqdim olunanın: O boyda kişinin ölümündən sonra bizim yaşamamıza dəyərmi?! sözlərini yazanda qusmağı gəldi.

Bəh-Bəh'ə çatanda isə... – Qələmi güclü allergiya tutdu, bərkdən öskürdü, ardı-arası kəsilməyən elə bir asqırıq başlandı ki, zirzəmi pəncərəsi titrədi, az qala şüşələr çilik-çilik olacaqdı.

Havada atipik qrip epidemiyasının yayılması duyuldu... – yox, bu ötən il olmuşdur, indiki asqırıq donuz qripi epidemiyasına aid ola bilərdi.

Yoldan keçənlər təşviş içində səmtlərini dəyişib küçəni tərk etdilər.

Amma xalq misalında olan avam camaat təbiət viruslarının dövlət sistemiylə yarışmasından və bu yarışın gizli şərtlərindən xəbərsiz idi: kim millətin belini tez sındıra biləcək!.. Şəhər-dövlət əhalisi yarışın sistemin xeyrinə olacağını, tezliklə sistemin qələbəsi ilə nəticələnəcəyini bilmirdi, odur ki, qrip uzun sürməyəcəkdi, ömrü qısa idi.

Qələm Siyavuşdan: - Yuxuma ad tapdınmı? – soruşdu.

- Həm yuxuna ad tapdım, həm də yuxuna bağlı düşüncələrinə... Adını “Allah göstərməsin!” qoyaq, mötərizədə də “Keçmiş olsun Qələmin xəstəliyi!” yazaq.

Dərhal oxucu məktubu gəldi, olumlu – olumsuz, yəni, müsbət və mənfi mənalar arasında savad-bilik sahibi ciddi ziddiyyət tapmışdı yazıda: bir tərəfdən deyirsiniz göstərməsin, yəni olmasın, o biri tərəfdən isə – keçmiş olsun.

Ay səni çoxbilmiş oxucu!..

P.S. Səhvi oxucu deyil – primitiv düşünən kompüter tapmışdı.

 

Yuxuya ilişən gerçək

Hamımızın sevimlisi və dillər əzbəri Bəh-Bəh vaxtilə nişanlı-tapançalı orta rütbəli məmur idi, işi-peşəsi də yuxarılarda fırfıra kimi fırlanan kreslolardakı birinci şəxsləri camaatın gizli düşüncə, arzu və duyğularından xəbər verən məxfi məlumatlarla təmin etmək idi: qoy, əhalinin onlara olan nifrətinin dərəcəsindən xəbərli olsunlar, bədəbəddə bilməmişik deməsinlər.

Bəh-Bəh'in başqalarından yalnız və yalnız bircə fərqi vardı – adı apostrofluydu: Qey'al, ətrafdakılar ona Qəl al da deyirdilər, bəzən çaşıb Cəlal da, hətta məhəllə uşaqlarının Cığal dedikləri da olmuşdu – oyun qaydalarını pozmaqdan həzz alırdı, oyunçular arasında intriqa salmağı yaman xoşlayırdı.

Amma tək-tük adam onun bu əcaib adının kökünün yunan pəhləvanı (H)Qerakla bağlı olduğunu bilirdi (indi bilənlər də qalmayıb). Pəhləvan görkəmli atası bu adı qızıl ordu komissarından eşitmişdi: Ey, Qerakl, - deyə ona müraciət etdi, elə bildi qonşusu Arakeli səsləyir... Sonra adın mənasını öyrəndi, xoşuna gəldi, oğlu üçün saxladı, lakin yanlış tələffüzü nəticəsində - və Arakel kimi səslənməsin deyə (qonşusu komissarı dilə tutub onunla birgə tərk etdi bu yerləri, çox-çox sonralar marşal rütbəsini qazandı) - bu ad Qeyal kimi eşidilib doğum dəftərinə yazıldı.

Qələmin yuxusunda gördüyü maraqlı mənzərədir: apostrof Qələmin ətrafında canlı-canlı oynaya-oynaya həm eninə-geninə, həm də uzununa böyüyür, ətə-qana dolur, şişmanlaşırdı. Nəhayət, günlərin bir günü apostrofun fiqurlu pirueti nəticəsində dartılıb ucalan ulduz nişanları ilə bəzənmiş bu ad yuxarılara təqdim olundu: demə, dəvədən böyük fil də varmış!

İndi büsbütün unudulmuş bu şəxsin adı heç bir dilə tərcümə olunmaz LİBre idi. Və həmin bu fil dediyimiz şəxsə uçuşda olan quşa bənzər, boyca kiçik, lakin vacib bir strateji ərazidə birincilər sırasında durmağa qadir iki namizəd təqdim olundu, adlar təbii ki, yoxsa unutmusunuzmu? rusca yazılmışdı: birinci namizəd Княз idi (şeirpərəst atası Niyaz qafiyə xətrinə oğlunun adını Knyaz qoymuşdu), ikincisi isə – Qey'al.

LİBre Knyaz'ın adında çox-çox xoşladığı myaqkiy znak deyilən hərfi görməyib gözlərini döyə-döyə mat-məəttəl yazıya baxdı: belə bir vacib sənəddə səhvin olması onu təəccübləndirdi, yağlı töhmət alacaq bu səhvə yol verən məmur!..

Lakin mülayim təbiətinə sadiq LİBre heç də qəzəblənmədi, qızıl qələmiylə qara ləkəyə bənzər hərflə səhvi düzəltdi və beləliklə ad qıfıllandı.

Sonra zəngi basıb general poqonlu köməkçisini çağırdı, adı Qunn idi, qoy baxsın, görsün, nəticə çıxarsın. Qunn məsələnin nə yerdə olduğunu dərhal duyub, arifliyini göstərdi, sanki əvvəlcədən belə olacağını bilirmiş: tuzemslər, yəni, geridə qalmış millətlər, dedi, dillərində sözləri yumşaldıb mülayimləşdirən bu seçmə hərfdən məhrumdular, odur ki... - əllərilə nəsə göstərib susdu və beləliklə nədənsə xoşlamadığı (?), hətta arzulamadığı (!) bu namizədə öz münasibətini bildirdi. 

Çoxdan bəri qələmi əlində tutmayan LİBre nə isə yazmaq istədi və bu dəm diqqətini o birisinin adındakı apostrof cəlb etdi, acığı tutdu nədənsə, əsəbiləşdi hətta, dərhal qələmin iti ucuyla vergülə oxşar işarəni sərt və çəpəki pozdu, elə bil göyə uçurtdu. 

Sonra bir müddət donub fikrə getdi, o ada baxdı, bu ada göz qoydu... Qunn baş generalın əmrinə müntəzir, lal-dinməz dursa da, həmin bu ikinci namizədi seçdiyindən (!?) ovsunçu gözünü sehrli kağızdan çəkmirdi – və nəhayət, LİBre dilləndi:

- Knyaz adlı şəxs, dedi, bizim proletar sıralarımıza xələl gətirə bilər, zəhmətkeş xalqın ruhuna ziddir, – Qunn başı ilə LİBre'nin dediklərini təsdiqləyirdi, – Şərq ölkələrinin birinə səfir göndərərik, qoy işləsin. Hambal ailəsindən olan isə, – hambal sözünü yadına Qunn salmışdı, – məhz bizim adamdır... – və çox-çox qiymətli imzası ilə bu adı təsdiqlədi.

Baş-ayaq ilin qızmar yayında olmuş yuxuvari əhvalatdır.

Həmin ildə, həmin ayda daha iki hadisə baş verdi: millətin xeyrinə dünyaya iki oğlan uşağı gəldi – birisi Qələm, o birisi – Qeyal'ın doğmaca oğlu, adı da – öz adının güzgülü əksi Layeq, parlaq gələcəyə qadir yəni ki... Ürəyindən elə bil tikan çıxartdılar: heç bir məna daşımayan öz adı oğlunun adında mənalaşdı.

Köhnə yuxunun qırıntıları gerçək havada uçurdu: 

Qələm çocuqluq çağından Qeyal adını tez-tez eşidir, təbii ki, onu yuxusunda görürdü – o, gülərüzlü baxışını Qələmdən çəkmir, Qələm isə mehribancasına onu dinləyir, dedikləriylə tam razılaşırdı; yox, o zamankı məhəbbət dolu duyğularını  indiki Qələm heç cür ifadə edə bilməyəcək:

- Yadınızdamı? Siz evimizə gəldiniz, otağımızda elə bil gün çıxdı, aləm işıqlandı. Mənə yaxınlaşıb əlinizi uzatdınız, isti ovcunuz həyəcandan donmuş əlimi isindirdi:

- Böyük adam olacaqsan! – dediniz, mən isə Sizin belə doğma baxışınızı görcək ruhlandım:

- Sizin kimimi? soruşdum, Siz isə:

- Məndən də uca! – dediniz və mənim təəccübləndiyimi görüb söhbətimizi zarafata çevirdiniz: – Mənim kimisi, dediniz, bir daha bu dünyaya gəlməyəcək! Mən təkrarolunmazam, nadirəm!..

Qəhqəhə çəkib güldünüz, nadir sözünü mən ad bildim, etiraz etmək istədim:

- Adınızı dəyişməyin, dedim, çünki... – sözümü tamamlamağa qoymadınız:

- Hansı adımı deyirsən? Adım bir deyil, üç deyil... Yoxsa son adımdan xəbərsizsən?

- Bəh-Bəh'i deyirsiniz?

- Afərin, dedi, bilirsən!

- İndi bilirəm, o zamanlar məktəbdəki son buraxılış yazımda vurğun olduğum adınızı gözəl və rəngarəng qafiyələrlə bəzəyib alqışlamışdım:

"Daima bizimlə ol! Daima bizimlə qal! Ey ulular ulusu, dillər əzbəri Qeyal!.."

Gözlərinizi bərəltdiniz: - Apostrofu unutma! – dediniz.

Yox, qəzəb deyil, adicə narahatçılıqdan doğdu onun bu etirazı: vaxtilə adına bol-bol alqışlı təriflər söyləmiş LİBre'nin acığı tuta bilərdi, halbuki artıq yalnız Qələmin yuxusunda yaşayan nə Qeyal sağ idi, nə də LİBre. 

Qeyal'ın narahatçılığı Qələmə də keçdi – indicə onun şərəfinə söylədiyi öz şeirindən (görəsən hansı arxivdə gizlənir onun bu cızma-qarası?) ürəyi sancdı: sözlər artıq deyilmiş, yazılmışdı.

Elə yuxudaca Qələm sözlərin qızıl suya salınmış rəngini barmaqları ilə silməyə çalışdı, ha əlləşdisə – poza bilmədi.

Qulağında milçək vızıltısı kimi hardasa oxuduğu iki misra səslənirdi:

Demə hər yetənə:

Dağ! Dağ!

Çəkdilər vətənə dağ, dağ!..

 

Qonorarlı yuxu

Sorğu-suala çəkdilər Qələmi. Mərkəzdə ucalan adsız-rəqəmsiz binanın bomboş otağında – guya nəyəsə cavabdehdir, atalar demişkən, qul günahsız olmaz!

- Mənəm qul?! – coşdu, dərhal ağzından vurub yerində oturtdular:

- Yığışdır özünü!

Susdu: demə, o da zarafat imiş, bu da.

Qələmin yuxularına bağlı və qovluqda-dosyedə də yuxu kimi nömrələnən bu kimi istintaqvari sorğu-suallar tez-tez təkrarlanacaq. Görüşdən görüşə Qələm mərtəbə-mərtəbə qalxaraq könülaçan mənzərələr görəcəkdi. Və taa iyirmi neçənci qata çatıb... – indi yeri deyil, sonraya qalsın, bilməsə yaxşıdır.

Birdən Qələmin ağzından qonorar sözü çıxdı, guya... – deyib susdu.

Rütbəli məmur: - Guya nə? – soruşdu.

- Söhbətimizə dəxli olmayan mətləbdir.

- Hər halda maraqlıdır.

- Bilmirsiniz yoxsa: yuxularım pulludur!

- Kimin cibindən? Qəzet sahibininmi?

- Əşi, onda pul nə gəzir, bir həsirdir, bir məmmədnəsir.

- Bəs onda kimdir yuxuların xərcini çəkən bu bəxtəvər?

- Lap yerində işlətdiniz ”bəxtəvəri”: cibi dolu KeQeBe! Yox, dilim öyrəşdiyindən çaşdım: SeeRU'dur yuxumu maaşlandıran! 

- Yaxşı, zarafat yeri deyil, artıq-əksik danışma!..

Desinmi kimdən almışdı bu qonorarı? Bunu eşitsə – dərhal Qələmdən nəinki əl çəkər, hətta bağrına basar!..

Bəh-Bəh'i arvadı ilə gördü: dünyalarını çoxdan dəyişmiş ikisi də sağ-salamat idi.  Qələm belə şeylərə daha heç yuxuda da təəccüblənmirdi.

Evlərində qonaqdır, bu da Qələm üçün təbiidir.

Qayğıkeşdirlər, Bəh-Bəh mehribancasına Qələmə baxırdı, elə bil onların əziz-xələfiymiş. Qələm də bu doğma münasibətdən ürəklənir, sevinc dolu üzünü Bəh-Bəh'ə tutub ərknən: - Məlumatlısınız, – deyir, – yəqin ki, bilməmiş olmazsınız, camaat haqqınızda nələr uydurur, nə kimi gerçəyə oxşar yalanlara əl atır!.. Misal? Desəm, inciməzsiniz?

- İndiki başladın, de.

- Misal üçün, – və indicə, bu anda ağlına gələni dedi, – burnunuzun əyriliyi barədə!

- Səninki, – zarafata saldı Bəh-Bəh, – mənimkindən də əyridir!

Yox, nəsə ciddi bir şey deməlidir:

- Guya baxışınız sehrlidir, üzdə bir cürdür, – ehtiyatlı olmaq lazımdır: qəzəblənə bilər, – əslində isə məkr doludur! – və ardınca: – Amma inciməyin, qoy nə deyirlər desinlər, hər halda, hətta bu kimi iftiralarda da Siz əzəmətlisiniz, böyüksünüz... – və bir anlığa susandan sonra: – Mənim yaşıdımdan fərqli olaraq!.. Şübhəsiz, bilirsiniz kimi nəzərdə tuturam, onun haqqındakı anekdotlar.. – Bəh-Bəh Qələmin sözünü kəsdi:

- Bilirəm, xəbərim var, qanımı qaraltma! Əfsus, – arvadı da eşidir, ərinin dediklərilə razılaşır, – kədərləndirir bizi sənin, – və elə bir söz işlətdi ki, Qələm çaşdı, – qardaşın!

- Bəs onun yüksək vəzifəsi?!

- Neynəmək olardı? Məcburdum ona bir iş tapam, qoy başı qarışsın, bunu etiraf etməliyəm, həqiqəti heç cür dana bilmərəm, sən də bizimkisən, səndən nə gizli?  Yamanca narahat edir bizi, – əlini arvadına tərəf uzatdı, – oğlumuz, – bir daha Qələmi təəccübləndirən sözü işlətdi, – sənin qardaşın!

- Bəsdir, – arvadı deyir, – yorma qonağımızı, сavan oğlandır!.. – mətbəxə keçir, qonaqpərvərliyini göstərir, masaya meyvə gəlir, çay gəlir, balaca büllur vazalarda gilas, zoğal, əncir mürəbbələri. Qızı da burdadır, anasına kömək edir, hərəkətləri cəld, oynaq, çalışqandır, gözlərindən sevinc yağır, sanki Qələmə vurğundur, – hə, bütün qızlar, anasının dediyi sözləri xatırlayır, səndən ötrü əldən-ayaqdan qedirlər! guya nişanlıdırlar onunla, Qələmin xoşu olsa da, qəlbində nə isə buna ziddir – qız beş yaş ondan böyükdür!..  

Bəh-Bəh arvadına və qızına tapşırır: qonağı layiqincə ötürsünlər.

Onun qara çantasını gətirirlər.

Qələm utandığından yerə girməyə hazırdır: onun sürtülmüş, çoxdan bəri təmizlənməyən çantasının içindən nələr səpilmir masaya!.. Qurumuş çörək-pendir tikələri, kağız-kuğuz qırıntıları, zirzəmi açarı!.. Boşaldılmış çantaya nəsə kağıza bürülmüş, vişlə sarınmış qalın, ağırlığı aralıdan duyulan sanballı bir bağlama, üstündən plastmas qutularda yemək, meyvə şirəsi, sellofanın içində həm ağ, həm qara çörək...

Qələmin fikri bağlama ətrafında fırlanırdı, nədənsə onun görünüşündən yəqin etmişdi ki, içi dolu puldur, özü də manat yox, çünki manatın çəkisi yüngüldür.

Budur – artıq taksidədir, evinə tələsir və dözə bilməyib çantasını açır, ört məni, pıçıldayır rəfiqəsinə, sürücü görməsin, çantasından bağlamanı çıxardır, barmağı ilə kağızın ucunu cırır... – dollar, özü də nə qədər!!!

Anası Qələmə rişxəndlə: - Niyə yoza bilmirsən? – demişdi. – Yuxuların üçün aldığın qonorardır! Əslində isə, – ciddi tərzdə, – sadəcə rüşvətdir!

- Yuxu görməyim üçün?

- Birdəfəlik susmağın, ağzını möhürləməyin üçün!

Qələm unudub, yadında deyil: danışdımı məmura yuxusunu?

- Yuxularım, – dedi, – ambidekstrin şüuraltı oyunlarıdır!

- Kimdir o ambidekstr? – soruşdu.

- Mənim onlardan olduğumu yoxsa bilmirsiniz?.. Aha, duydum nə fikirləşdiniz haqqımda!.. Yox, mən siz düşünənlərdən deyiləm!.. Yəni asanca həm sol əlimlə yazmağı bacarıram, həm də sağ, sözün qısası, sağəlli solaxayam, belələrinə də ambidekstr deyirlər.

Çaşqın baxışlarını Qələmə zillədi – onu daha da çaşdırmaq istədi:

- Yəqin ki, – dedi, – Freyd haqqında eşitmiş olarsınız.

- O kimdir? – bu dəfə rütbəli məmur bic-bic ona baxdı, bunu da Qələm sorğuçunun avamlığına yozdu: bilməməzliyini bu cür gizlətməyə çalışır.

Amma təəssüf: rütbəli məmur haqqında yanıldığını Qələm indi deyil, çox gec anladı, elə bilirdi çuşkadır... – çuşkalığına həqiqətən çuşka idi, amma savadlılarından.

- Freyd, – dedi, – qəti tapşırmışdı: yuxunuzu heç kimə danışmayın, bu – təhlükəlidir! Bilirsinizmi niyə? – Bunu məmur həqiqətən bilmirdi, hətta Qələmin özü də təzəcə eşitmişdi. – Çünki, – demişdi Freyd, – hakimiyyətə freydistlər gələ bilər...

 

QƏLƏMİN YUXULARI (1)


pxl
“BAKCELL” NETTY-2012-nin BAŞ PARTNYORU OLDU
2012-05-17 - 19:04:00
“Bakcell” şirkəti NETTY-2012 Azərbaycan Milli İnternet Mükafatının baş partnyoru olub. “Bakcell”in sponsorluğu və “Sür@” brendinin baş par ardı >>>
mej
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir