
“Media forum” saytının suallarını dinşünas alim, tərcüməçi Elvüsal Məmmədov cavablandırır.
Elvüsal Məmmədov 1983-cü ildə anadan olub. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili bölməsini (bakalavr) bitirib. Həmin fakültədə ərəb dili filologiyası ixtisası üzrə magistr təhsili alıb. Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspirantı olub. 2010-cu ildə “Orta əsr islam fikrində din-fəlsəfə münasibətləri” adlı dissertasiya müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru elmi adını alıb. Hazırda həmin institutun din və ictimai fikir tarixi şöbəsində işləyir.
İslam xalqımıza yalnız ibadət həyatında deyil, həm də digər sahələrdə lazımdır
- Azərbaycanda dini ədəbiyyat sarıdan ümumi vəziyyəti necə dəyərləndirmək olar? Həm yerli dini ədəbiyyatdan, həm tərcümə nəşrlərindən söhbət gedir.
- Sovet İttifaqı dağılıb, ölkəmiz müstəqilliyə qovuşandan sonra xalqımız öz keçmişinə, milli-mənəvi dəyərlərinə qayıtmağa başladı. Xalqın keçmişi, milli-mənəvi dəyərləri – bir sözlə, ümumazərbaycan mədəniyyəti islamla birbaşa bağlı olduğu üçün islamı yenidən öyrənmək, onun əsasında identik formalaşma mərhələsini keçmək qaçılmaz oldu.
Çoxları Azərbaycanda indiki dövr islamlaşmasını 1990-cı illərin əvvəlində respublikaya gəlmiş dini-xeyriyyəçi təşkilatların geniş təbliğatı ilə əlaqələndirsə də, mən bu iddia ilə razı deyiləm. Bu xalqı xalq edən hər şey – tarix, ədəbiyyat, mədəniyyət, hətta dövlətçilik ənənəsi belə islam dini ilə sıx bağlıdır. Məhz bu səbəbdən xalqı milli-mənəvi dəyərlərindən məhrum edib ona saxta forma verməyə çalışmış sovet ideoloji maşınının sıradan çıxması ilə həmin dəyərlərə qayıdış qapısı açıldı. Xalqımız iki seçim qarşısında idi: ya tarixinə geri dönəcək, kimliyini bir daha təsbit etmək üçün ənənəvi dəyərlərə sarılacaqdı, ya da ənənəvi nə varsa hamısının üstündən xətt çəkib yeni dəyərlər axtarışına çıxacaqdı. Təbii ki, xalq özünə doğma gələn yolla getdi: islama qucaq açdı.
İslamın azərbaycanlılara verdiyi hərarət o qədər güclü olub ki, 70 illik kommunizm buzlaşması onu tamamilə soyuda bilməmişdi. Xalqın islama olan ehtiyacını təmin etmək üçün bir çox istiqamətdə işlər görüldü. Bu istiqamətlərdən biri də dini ədəbiyyatın təmini ilə bağlı idi. Hazırda ölkəmizdə dini ədəbiyyatın kütləsi kifayət qədərdir. Dini kitabların satıldığı mağazalara getsək, müxtəlif səpkili dini ədəbiyyatın şahidi olarıq. İslam hüququna (fiqhə), hədislərə, islam əxlaqına, tarixinə, ibadət ayinlərinə, ayrı-ayrı şəxsiyyətlərə dair kitablarla yanaşı dini hekayə kitabları da mövcuddur.
Bunların böyük hissəsi tərcümə ədəbiyyatıdır. Yerli müəlliflərin qələmə aldığı kitabların sayı çox azdır. Bu bir tərəfdən, tərcümə ədəbiyyatının dinə olan ehtiyacı ödəməyindən, digər tərəfdən isə bu işi görə biləcək bacarıqlı mütəxəssislərin azlığından irəli gəlir. Sevindirici haldır ki, bəzi sanballı ədəbiyyat nümunələri dilimizə tərcümə edilib. Məsələn, hədis alimləri İmam Buxarinin “Came əs-Səhih”, İmam Müslimin “Səhihi-Müslim” hədis topluları, Əllamə Təbatəbainin “Mizan” təfsiri kitablarını və digər nəşrləri göstərə bilərik. Türk dilindən tərcümə edilmiş dini ədəbiyyat əxlaq, mənəviyyat kontekstlidir və qənaətbəxşdir.
Amma bir şeyi deyim ki, mövcud dini ədəbiyyat islam dininin, demək olar, yalnız ibadət tərəfini əks etdirir. Hədislərə, fiqhi hökmlərə, namaza, oruca, dinin etiqad əsaslarına – əqidəyə, peyğəmbərlərin həyatına, “Quran” təfsirinə aid külli-miqdarda kitab tərcümə edilib. Amma biz islamın elmi, siyasi, sosial, fikri, mədəni və incəsənət sferaları ilə bağlı problemlərə həsr olunmuş ədəbiyyata, demək olar, rast gəlmirik. Düzdür, “İdrak” İctimai Birliyinin həm Azərbaycan, həm də rus dillərində nəşr etdirdiyi kitablar islam fikrinə, onun müasir problemlərinə, dini islahatçılıq və novatorluq problemlərinə həsr olunub. Amma bu kitablar mövcud tərcümə ədəbiyyatının az hissəsini təşkil edir. Nə üçün? Məgər islam yalnız ibadət dinidir? İslam universal dindir, həyatın və cəmiyyətin bütün sahələrini ehtiva edən sistemdir. Odur ki, bu boşluğu doldurmaq üçün iş görülməlidir. Çünki islam xalqımıza yalnız ibadət həyatında deyil, həm də digər sahələrdə lazımdır.
Düşüncə kitabları tərcümə edilməlidir
- Yerli mütəxəssislərin qələmə aldığı dini ədəbiyyat üzərində bir qədər ətraflı dayanmağınızı istərdik. Bəziləri bu sahənin durumundan çox şikayətlidir...
- Bayaq dedik ki, yerli mütəxəssislərin qələmə aldığı dini kitablar çox azdır. Əksəriyyəti dərslik qəbilindən sayılan kitablardır. Milli Elmlər Akademiyasının əlaqədar institutlarında islam dininin müxtəlif problemlərinə həsr olunmuş tədqiqatlar və onların kitab halında çap edilmiş variantları praktik olaraq heç bir əhəmiyyət daşımır. Bu kitablar xalqın islama olan ehtiyacını ödəmək baxımından çox uğursuz alınıb. Bu bir yana qalsın, heç ali təhsil müəssisələrində belə tədris vəsaiti kimi işlədilməsi mümkün deyil. Əvvəla, xüsusi mövzuların tədqiqinə həsr olunub – bu baxımdan islam haqda ümumi biliklərə ehtiyacı olanların karına gəlmir. İkincisi, mücərrəd mövzuların mürəkkəb tədqiqindən ibarətdir.
Ayrı-ayrı müəlliflərin qələmə aldığı kitablar arasında uğurlu alınmış, ümumi mövzuları işıqlandıran ədəbiyyata təsadüf olunur. Peyğəmbərlərin həyatına, islamın inanc əsaslarına, ibadət növlərinə, ayrı-ayrı tarixi müsəlman şəxsiyyətlərinə, müsəlman ədəb-ərkanı qaydalarına aid az da olsa münasib sayılacaq kitablar yazılıb. Amma yenə də yerli mütəxəssislər bu boşluğu doldura bilməyiblər. Onların hazırladığı kitablar çox vaxt real ehtiyacları nəzərə almır. Gərək onlar xalqın dinlə bağlı problemlərini öyrənsinlər, nəyə daha çox ehtiyacın olduğunu müəyyənləşdirsinlər. Bəzən qəliz etiqad mövzularına dair kitablara rast gəlirik. Bu kitablar sadə xalqı maarifləndirmir, əksinə, insanlarda çaşqınlıq yaradır, bəzən də onları yorur. Yerli müəlliflərin kitablarının bəzisində dil problemləri mövcuddur ki, bu da adi oxucunun işini çətinləşdirir...
Kitab yazmaq xatirinə ələ qələm alanda nə islama doğru-düzgün xidmət edirik, nə də xalqın real tələbatlarını təmin etmiş sayılırıq. Onu da deyim ki, ölkədə dini ədəbiyyatın hazırlanması ilə bağlı sistemli fəaliyyət göstərən, sanballı kadrları olan qurumların yoxluğu bu işi bir qədər də çətinləşdirib. Belə bir nizamsızlığın fonunda ayrı-ayrı şəxslərin hətta məqsədyönlü işləri belə səmərəsiz qalır.
- Dini ədəbiyyatın tərcüməsi ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz? Azərbaycanda dini kitablar daha çox hansı dillərdən tərcümə olunur?
- Ölkədə dini ədəbiyyatın tərcüməsi geniş miqyasda aparılır. Demək olar ki, hər ay oxucular yeni-yeni tərcümə kitabları ilə tanış olurlar. Amma dediyimiz kimi, kitabların əksəriyyəti yalnız bir sahəyə aiddir. Məsələn, tövhid inancı ilə, hədislərlə, fiqhlə əlaqədar çoxsaylı ədəbiyyat dilimizə tərcümə edilib. İslamda mədəniyyət, siyasət, incəsənət, əxlaq – bu formatda kitabların tərcüməsinə nədənsə yer verilmir. Düşünürəm ki, bunun kökündə islama natamam baxış təmayülü gizlənir. Çünki bəzi insanlara görə, əsas olan tövhid inancıdır. Bəzilərinə görə isə sünnəni – hədisləri yaxşı öyrənmək lazımdır ki, “Quran”ı da, islamı da yaxşı başa düşmək mümkün olsun. İslamı yalnız əxlaq kontekstində nəzərdən keçirənlər isə daha çox mənəviyyatla bağlı ədəbiyyatın tərcüməsinə üstünlük verirlər.
Amma unutmayaq ki, islam bir bütövdür, özü də müxtəlif komponentlərdən – əqidə, ibadət, əxlaq, sosial münasibətlər, siyasət, dövlət və mədəniyyətdən ibarət bir bütövdür. Odur ki, bu mövzulara dair ədəbiyyat da tərcümə fəaliyyətindən kənarda qalmamalıdır. Onu da deyim ki, ölkə müsəlmanlarının – dindarları nəzərdə tuturam – böyük hissəsinin düşüncə, zehniyyət problemi var. Düzdür, ibadətlərini doğru-dürüst yerinə yetirirlər, Allaha səmimi-qəlbdən inanırlar. Amma özlərindən olmayan hər bir şeyə münasibətdə xoşagəlməz mövqedən çıxış edirlər. Məsələn, namaz qılmayan valideynlərə, qohumlara, qonşulara, qeyri-islami adət-ənənələrə, əlamətdar günlərə, fərqli düşünən və müxtəlif məzhəbdən olan dindarlara münasibətdə indiki azərbaycanlı müsəlman zehniyyəti böhran keçirir. Bu zehniyyət plüralizmə yox deyir, fərqliliklərə özgə gözü ilə baxır, islamı təbliğdə real və münasib üsullardan – tədricilik, tolerantlıq, dialoq – baş çıxarmır. Odur ki, bu istiqamətdə ölkə müsəlmanlarının maarifləndirilməsi ilə bağlı ədəbiyyatın tərcüməsinə ehtiyac var. Yəni düşüncə kitabları tərcümə edilməlidir.
Bu baxımdan “İdrak” İctimai Birliyinin fəaliyyətini yüksək qiymətləndirmək olar. Bu birlikdə müsəlman zehniyyəti, məfkurəsi, problemləri, həll yolları ilə bağlı ciddi ədəbiyyatın tərcüməsi aparılıb. İslam dünyasının problemləri, dini-mədəni dialoq, islamın qloballaşma və liberallaşmaya münasibəti, məzhəblərarası yaxınlaşma, islam qardaşlığı, müasir dini oyanış, dində novatorluq və islahatçılıq, islamda bilik və elm, mötədillik, islamda metodologiya, qeyri-müsəlman və müsəlman münasibətləri – bütün bu mövzulara sözügedən birliyin tərcümə və çap etdirdiyi kitablarda rast gəlirik.
Kitabların hansı dillərdən tərcümə edilməsi məsələsinə gəlincə, tərcümələr, əsasən ərəb, türk və fars dillərindən həyata keçirilir. Ərəb dilindən daha çox tövhidlə, hədislərlə, təfsirlə, fiqhlə, peyğəmbərin həyatı ilə, islam fikri, problemləri və həlli yolları ilə bağlı kitablar tərcümə edilir. Türk dilindən tərcümə edilmiş ədəbiyyat əsasən mənəviyyat mövzularına, peyğəmbərimizin həyatı və əxlaqına həsr olunub. Cəfəri fiqhinə, şiə imamlarının həyatına, şiəliyin tarixinə dair ədəbiyyat isə, demək olar ki, fars dilindən tərcümə edilib.
- Tərcümə edərkən seçim hansı meyarlara görə aparılır: zövqə, yoxsa Azərbaycanda dini kitablara olan tələbata görə?
- Təəssüf ki, əksər hallarda real tələbat nəzərə alınmır. Hərə öz məzhəbinin, cərəyanının, təriqətinin ideyalarını yaymaqda maraqlı olduğu üçün buna uyğun kitabları seçirlər. Halbuki bu və ya digər cərəyan xalq üçün qeyri-ənənəvi ola bilir və həmin cərəyanın ideyalarının təbliği dinə xidmətdən daha çox dağınıqlıq, parçalanma yaradır. Əgər islamı Azərbaycanda möhkəmləndirmək istəyiriksə, xalqın dinə olan tələbatında real hərəkət etməliyik, ibtidaidən mürəkkəbə qaydasını gözləməliyik.
Bir də görürsən ki, namaz nədir bilməyənlərin çoxluq təşkil etdiyi bir vaxtda mürəkkəb əqidə mövzularına aid kitabı tərcümə edirlər. Və ya əxlaqi davranışları qənaətbəxş olmayan bir mühitdə sünniliyin, yoxsa şiəliyin haqq olmağı haqda kitabların yayılması və tərcüməsi halları müşahidə olunur. Bilirsiniz, nə üçün? Çünki islamın ümumi müddəalarını öyrətmək məzhəb və ya cərəyan baxımından “komanda” yığmağın fonunda ikinci dərəcəli məsələdir. Tərcümə üçün kitabların seçilməsinə bu amil öz təsirini göstərir. Odur ki, biz islamı oxucuya ümumi formada öyrədən kitabların əvəzinə bu və ya digər məzhəbi, təriqəti, cərəyanı təbliğ edən dini ədəbiyyatın şahidi oluruq. Unuduruq ki, məzhəblər, cərəyanlar islamın fövqündə deyil.
Məzhəb və ya cərəyan təəssübkeşliyinin nəticəsidir ki, dini kitab mağazalarında islama obyektiv yanaşmanı əks etdirən ədəbiyyata, demək olar, rast gəlinmir. Gəlinsə belə, adı ilə məzmunu bir-birini tamamlamır. Məlum olur ki, islam bu və ya digər məzhəbin və ya cərəyanın ideyaları əsasında təqdim edilib.
“Quran”ın ecazkar üslubunun tərcümədə ifadəsi mümkün deyil
- “Quran”ın tərcüməsi ilə bağlı fərqli mövqelər var. Azərbaycan dilinə ən yaxşı tərcümə olunmuş Quranı seçəsi olsanız, hansına üstünlük verərdiniz?
- “Qurani-Kərim” təkcə məzmun baxımından deyil, həm də forma, linqvistik “qabıq” cəhətdən ecazkar bir kitabdır. Ərəb dilinin həm üslubi, həm də semantik imkanları bu ilahi ecazkarlığı ifadə etmək sarıdan kafidir. Bu dilin qüdrətini Qərb şərqşünasları da etiraf ediblər. Məsələn, fransız tarixçisi və şərqşünası Ernest Renan yazır: “Ərəb dili ən mükəmməl formada birdən-birə yaranıb. Bu, bəşəri tarixi üçün nadir hadisədir. Bu dilin “uşaqlığı” olmayıb və o, əsla yaşlanmayacaq”.
Odur ki, başqa dillərə tərcümədə “Quran”dakı məzmun ifadə edilə bilir, amma incə məqamlar, semantik çalarlıqlar orijinaldakı kimi verilə bilmir. Hər şeydən qabaq isə “Quran”ın ecazkar üslubunun tərcümədə ifadəsi mümkün deyil. Odur ki, insanlar tərcümədən “Quran”dakı mövzularla tanış ola bilərlər, amma onun ilahi məziyyətini, vəhy ruhunu və ya obrazlı desək, Səmanın hərarətini hiss edə bilməzlər.
“Quran”ın Azərbaycan dilindəki tərcümələrinə gəlincə, cəsarətlə deyə bilərəm ki, Vasim Məmmədəliyevin tərcüməsi daha uğurlu alınıb. Bu tərcümə həm linqvistik baxımdan qənaətbəxşdir, həm də orijinala müvafiq hərfi-bədii üslubda həyata keçirilib.
Digər tərcümələrdə böyük qüsurlar var. Tərcümələrin birində dilimizdəki daşlaşmış ərəb söz birləşmələri və sözlərinin işlədilməsi əvəzinə süni türkcələşdirmə təmayülü hakimdir. Unutmayaq ki, “Quran” ərəb dilindədir, odur ki onun tərcüməsində dilimizdəki ümumişlək ərəb sözləri əsas material kimi seçilməlidir.
Elə həmin tərcümə variantında orijinala uyğun olaraq “Quran”ın nəzm üslubunda tərcüməsinə cəhd göstərilib. Nəzərə alınmayıb ki, “Quran”ın nəzm üslubu mütləq normativ xarakter daşımır, əksinə, əksər yerlərdə nəzm-nəsr üslubu instruksiyası hakimdir. Bu səbəbdən nəzm üslubundakı bu tərcüməyə ifadəlilikdən daha çox bayağılıq, ritorik sadəlövhlük xasdır.
Başqa bir tərcümədə isə bədiilik və semantik ifadəlilik bir çox yerdə pozulub, dilimizin normaları – ifadəlilik, dəqiqlik və düzgünlük nəzərə alınmayıb. Görünür, tərcüməçi Türkiyə türkcəsinə edilmiş tərcümələrdən daha çox istifadə edib.
Elə həmin tərcümədə bir sıra ayələrdəki bəzi sözlər məcazi mənada işlədilməsinə baxmayaraq, hərfi, müstəqim mənada tərcümə edilib. Nəticədə Allahın antropomorfist təsviri ortaya çıxıb. Təbii ki, bu halın özünü göstərməsinə tərcüməçinin “mütəşabeh” ayələrə baxış prizması təsir göstərib.
Bir sıra tərcümələrdə lüzumsuz ifadəlilik və bədiilik var. “Quran” Allah kəlamı olduğu üçün onun tərcüməsində bəzi semantik vahidləri orijinala uyğun dil materialı ilə əvəzlənməsi lazımdır. Biz bu hala daha çox fars dilindən tərcümə edilmiş və ya İranda nəşr olunmuş “Quran” tərcümələrində rast gəlirik.
- Tərcümə etdiyiniz əksər dini ədəbiyyatda əsas istiqamət maarifçilikdir. Necə hesab edirsiniz, kimlər daha çox maariflənməlidir: ilahiyyatçılar, dini ekspertlər, din xadimləri, yoxsa sadə dindarlar?
- Maarifçilik bütün təbəqələr üzrə aparılmalıdır. Təbii ki, xalqa dinini öyrədənlərin daha çox maariflənməsi lazımdır. Öyrədən tərəf islamı hərtərəfli bilmirsə, çanaq öyrənənlərin başında çatlayır və bunun ağrısını sadə xalq çəkir. İbadət etmək, “Quran”ı əzbərləmək, hədisləri oxumaq kifayət etmir, əksinə, vacibdir ki, bütün bunlarla yanaşı islamın əsas məqsədlərini anlayaq. Əksər dindarların, o cümlədən bir çox ilahiyyatçının, dini ekspertin, din xadimlərinin şəriətin məqsədlərindən xəbərləri yoxdur. Onların nəzərində müsəlman olmaq namaz qılmaqdır, islam da məscid, yas, dəstəmaz, qüsl... dinidir. Bu, islama ibadət təmayüllü baxışdır, ki, doğru deyil. İslamın əsas məqsədi bir insanın dini inancını, canını, həyatını, şərəfini, var-dövlətini, ailəsini, nəslini qorumaqdır. O şey ki, din adı altında bu sadalananlardan birini təhdid edir, din sayıla bilməz.
Bu məqamda orta əsrlərin böyük islam alimi İbn əl-Qəyyimin sözünü xatırlayıram: “Şəriət hikmətə əsaslanır, dünyada və axirətdə bəndənin mənafeyini əsas tutur. O, başdan-ayağa ədalətdir, başdan-ayağa lütfdür (rəhmətdir), başdan-ayağa hikmətdir (müdriklikdir), başdan-ayağa mənafedir (insanların mənafeyini təmin edəndir). Ədaləti zülmə, mərhəməti qəddarlığa, xeyri zərərə, müdrikliyi “kor-koranəliyə” çevirən şey – yozuma (tə`vilə) açıq olsa belə – şəriətdən sayıla bilməz”.
İslama həyatın bütün sahələrini ehtiva edən universal təsisat kimi yanaşmayanlar maariflənməyə daha çox möhtacdırlar. Əgər müəllim doğru-düzgün maariflənməyibsə, onun öyrətdikləri şagirdlərini ağ günə çıxararmı?!
- Tərcümə etdiyiniz ədəbiyyatların müəlliflərindən hansını özünüzə daha yaxın hesab edirsiniz? Yaxud hansı müəllifin yaradıcılığı, əsərləri Azərbaycan dini sferası üçün daha effektiv ola bilər? Yəni hansı müəllifin əsərlərinin oxunması, dini kəsim arasında tanınması daha çox effekt verə bilər?
- Bilirsinizmi, bir problemə bütün tərəfləri kontekstində toxunanlar, həmin problemi birtərəfli nəzərdən keçirənlərlə müqayisədə daha çox islahatçıdırlar, daha çox uğur qazananlardır. Geniş dünyagörüşünə sahib, kompleks yanaşma metodikası olan müəlliflərin kitabları da maarifçi ruhda olur. Habelə “yaxını qoyub uzağa qaçan”, yəni mövcud problemlər qala-qala lüzumsuz məqamları gündəmə gətirən müəlliflərin kitabları da bizim cəmiyyətimiz üçün münasib deyil. O müəlliflər ki, mövcud problemləri həll etməyə çalışırlar, aktual mövzulardan yazırlar, müsəlmanlara imanla yanaşı, düşünməyi də öyrədirlər, müxtəliflikləri nəzərə alırlar, oxucularına mötədillik, asanlıq, universallıq ruhu aşılayırlar, məhz onların kitabları tərcümə edilməlidir.
Kitablarını tərcümə etdiyim müəlliflər arasında Misirli müəlliflər Məhəmməd Qəzali və Yusif əl-Qərdavinin adlarını xüsusilə çəkmək istəyirəm. Mənə görə, bu müəlliflərin böyüklüyü onların “Quran”ı əzbər bilmələri, fiqhə, üsulşünaslığa və digər din elmlərinə dərindən vaqif olmalarında deyil, onların böyüklüyü islam ümmətinin problemləri ilə maraqlanmalarındadır, onun qayğısını çəkməklərindədir. Onların kitablarına baxın: böyük əksəriyyəti müsəlmanların mövcud problemləri və həlli yollarına həsr edilib. Müsəlman ümməti texnoloji və elmi sahədə başqalarından çox-çox geri qaldığı bir dövrdə bu alimlər digər müəlliflər kimi orta əsrlərin mübahisəli mövzularından yazmırlar. Onları ümmətin indisi və gələcəyi narahat edir, müsəlmanların islama natamam baxışı narahat edir, dünyəvi elmlərin faydasızlığı kimi səhv qənaətdə olan müsəlman zehniyyətinin böhranı narahat edir, məzhəbcə, təriqətcə fərqli olanlara düşməncəsinə münasibət narahat edir. Odur ki, onlar bu problemləri həll etməyə çalışırlar, kitablarını da bu mövzuda yazırlar.
- Dini maarifçilik istiqamətində internetin rolu nədən ibarətdir? Nəzərə alsaq ki, internetdən daha çox gənclər və orta nəslin nümayəndələri istifadə edir, onlara hər hansı təhlükə varmı?
- İnternet dinin təbliği üçün asan və təsirli vasitədir. Amma internet vasitəsilə bir sıra dini təlimləri, ibadətləri praktik baxımdan öyrətmək çətindir. İnternet əsasən nəzəri dini biliklərin elektron ensiklopediyası rolunu oynayır, dinə aid hər hansı bir sualın asan və tez yolla tapılmasını təmin edir. Ancaq bizdə insanlar dini internetdən deyil, birbaşa ünsiyyət yolu ilə ayrı-ayrı şəxslərdən öyrənməyə üstünlük verirlər. Düzdür, bizdə çoxlu dini saytlar, forumlar mövcuddur. Amma digər vasitələrdə olduğu kimi burada da əksər hallarda ya mübahisələrə yer verilir, ya da yalnız bir məzhəbin, cərəyanın ideyaları təbliğ olunur.
Onu da nəzərə alaq ki, internet istifadəçilərinin böyük hissəsi Bakıda toplanıb. Rayonlarda, kəndlərdə əhalinin böyük əksəriyyətinin internetdən istifadə imkanı yoxdur. Bu səbəbdən dini kitablar, jurnallar, xütbələr daha çox iş görür. İnternet vasitəsilə gənclərimizin qeyri-ənənəvi dini məzhəb və ya cərəyanların təsirinə düşməsi fikrinə gəlincə, mən belə düşünmürəm. Gənclərimiz internetdən maarifçiliklə müqayisədə daha çox əyləncə vasitəsi kimi istifadə edirlər. Odur ki, internet gənc nəslə nihilist abı-hava aşılmaq baxımından daha təsirlidir.
Azərbaycanda məzhəblərarası soyuqluq və mübahisələr var
- XX əsr maarifçilərindən hesab olunan Məhəmməd əl-Qəzalinin tez-tez işlətdiyi fikirlərdən biri belə olub ki, “Biz “Quran”ımızı tərk etmişik: “Müsəlman ümməti “Quran”ı dini himn kimi oxumağa başladığı zaman dünya ilə əlaqəsini itirdi. Nəticədə bu kainatı, dünyanı başqaları öyrənməyə başladı”. Sizcə, Qəzalınin belə bir fikrə gəlməsinin səbəbi nədir?
- Qəzali “Quran”ın endirilmə səbəbindən çıxış edərək bu fikrə gəlmişdi. Çünki Allah “Quran”ı bizə düşünüb ibrət alaq deyə göndərib. “Quran”da mədəniyyət qurdura biləcək güc var. Erkən dövr müsəlmanları bunu yaxşı dərk etdiklərindən mədəniyyət yaratdılar, dünyanın siyasi və mədəni xəritəsinin konturlarını öz lehinə cıza bilən bir sivilizasiya qurdular. “Quran”dan alınan mənəvi və fiziki güc imkan verdi ki, müsəlmanlar həm elm, həm mədəniyyət, həm əxlaq sahəsində Şərqin ulduzunu parlatsınlar. Bir sözlə, onların nəzərində “Quran” həm etiqad, həm ibadət, həm əxlaq, həm sosial münasibətlər, həm elm, həm də mədəniyyət mənbəyi idi. Onlar “Quran”a bütöv yanaşmışdılar. “Quran” onlar üçün həyatın hər bir sahəsində yolgöstərən rəhbər idi.
Sonralar isə vəziyyət dəyişmiş, “Quran” sırf ibadət, fiqh kitabı halına gətirilmişdi. Bir sıra təriqətlər isə “Quran”ı adi insanların başa düşə bilməyəcəyi kahinlik, magiya kitabına çevirdilər. Müəyyən dövrdən sonra “Quran” hökmdarların, liderlərin deyil, sadə xalqın həyatını tənzimləyən kitab oldu. Halbuki o, bütün insanlar üçün göndərilmişdi. Vaxt oldu ki, siyasətdə, mədəniyyətdə, sosial münasibətlərdə “Quran”ın izinə rast gələ bilmədik. Elə indi də bu cürdür. Müsəlmanlar “Quran”ın ibadətlə, etiqadla, əxlaqla – bir sözlə, vicdanla bağlı tərəflərinə diqqət yetirir, siyasətdəki, cəmiyyətdaxili və xarici münasibətlərdəki roluna, ümumiyyətlə, toxunmurlar. Məlum sahələrə aid ayələr müsəlmanların nəzərində öz qüvvəsini itirmiş kimidir. Odur ki, müasir dövrün alimlərindən biri bu ayələri “itirilmiş “Quran” adlandırır. O bildirir ki, üç “Quran” var: a) vizual “Quran” – bu kainatdır; b) yazılı “Quran”, yəni hazırda kitab halında olan “Quran”; v) praktik “Quran”. “Sonuncu “Quran”ı itirmişik” – deyir həmin mütəfəkkir.
Xülasə, erkən dövr müsəlmanları bu müqəddəs kitabın hərəkətverici xüsusiyyətlərinə yaxşı bələd olduqlarından tərəqqi və intibah təmsilçilərinə, ədalət və haqq carçılarına çevrilmişdilər. Onlar “Quran”ın nəzəri və praktik tərəflərini vəhdətdə götürmüş, ona siyasətin, mədəniyyətin, elmin, sosial və fərdi həyatın konstitusiyası olaraq baxmışdılar. Bu səbəbdən bir “Quran” mədəniyyəti yaratmışdılar. Bəli, orta əsr müsəlman mədəniyyəti “Quran” mədəniyyətidir.
Amma sonralar müsəlmanların “Quran”a münasibəti dəyişdi: insanlar onu təbərrük üçün oxumağa başladılar. “Quran”ın sosial tərəfləri unuduldu. Dediyimiz kimi, hamı: alimlər, təfsirçilər, hədisçilər, fəqih və üsulşünaslar, hətta sadə xalq “Quran”a fiqhi hökmlərin çıxarıldığı mənbə gözü ilə baxdılar. Beləliklə, “Quran” sosial həyatdan təcrid edildi, ibadət kitabı halına gəldi. “Quran”dakı sosial-siyasi təlimlər ondakı ibadət və əxlaq mövzularının fonunda “cılızlaşdırıldı”, müsəlmanların ona münasibəti formal xarakter aldı. Onlar bu müqəddəs kitabın endirilmə məqsədini unutdular. Ağıllarına belə gətirmədilər ki, “Quran” onlara düşünüb-ibrət alsınlar deyə endirilib. Deməli, bütün bu baş verənlər Qəzalinin yuxarıdakı fikrə gəlməyinə səbəb olub.
- Müsəlman ölkələrində yaşayan qeyri-müsəlmanların hüquqları mövzusuna tərcümə əsəri də var. Azərbaycanda bununla bağlı hər hansı problem varmı? Azərbaycanın tolerantlığı milli xüsusiyyətdir, yoxsa dövlətin apardığı siyasətin nəticəsidir?
- Bəli, “İdrak” İctimai Birliyi bu mövzuda “İslam ölkələrində qeyri-müsəlmanların hüquqları” adlı sanallı bir kitab çap etdirib. Azərbaycanda nə tarixən, nə də indi belə bir problem mövcud deyil. Bu həm xalqımızın identik xüsusiyyətlərindən, həm də islamın qeyri-müsəlmanlara olan baxışından irəli gələn bir haldır. Ölkəmizdə bu istiqamətdə problem olmadığı üçün dövlətin də bu sahədə siyasət yürütməyinə ehtiyac qalmır. Əgər xalqımız qeyri-müsəlmanlarla normal münasibət içərisindədirsə, onlara tolerantlıq dərsi keçməyə ehtiyac yaranarmı? Təbii ki, yox. Xalqımıza bu xüsusiyyəti, dediyim kimi, hər şeydən qabaq islamın tolerant ruhu, sonra da onun sahibi olduğu insanpərvərlik qazandırıb.
- Məzhəbləri inkar etmək əslində 14 əsrlik müsəlman tarixinin mədəni-elmi sferasının inkarı demək olar. Amma bu gün dünyanın əksər ölkəsində məzhəblərarası mübahisə böyük problemə çevrilib. Azərbaycan üçün belə bir problem varmı? Ümumiyyətlə, məzhəblərarsı çəkişmələrin, mübahisələrin səbəbi nədir?
- Məzhəblər müsəlman ümmətinin nəhəng elmi-mədəni irsidir. Siz demişkən, məzhəbləri təkzib edənlər, əslində böyük bir ümməti, onun dəyərlərini, mədəni-hüquqi irsini təkzib etmiş olurlar. Bəzən bu təkzibin səbəbi kimi məzhəblər haqda məlumatsızlıq çıxış edir. Unutmayaq ki, məzhəblər islamı fərqli coğrafiyalara, zamanlara, idrak səviyyələrinə, ürf-adətlərə uyğun şəkildə izah edən, yeni bir din gətirməyən, arqumentasiyasında “Quran” və sünnədən kənara çıxmayan hüquq institutlarıdır. Məzhəblər islamın asan şəkildə başa düşülməsini təmin edir, insanlara dünya və axirət xoşbəxtliyi qazandırır. Əbəs yerə deyil ki, Şeyxülislam İbn Teymiyyə məzhəbləri cənnətə aparan yollar adlandırıb. Amma insanlar məzhəbləri doğru-dürüst anlamayanda ya onları inkar edir, ya da ədavət, fitnə-fəsad, hərc-mərclik vasitəsinə çevirirlər. İslam ölkələrində bu istiqamətdə baş verənlər ya xüsusi siyasətin – bu, böyük güclərin və mövcud hakimiyyətin siyasəti ola bilər – nəticəsidir, ya da fanatik və cahil müsəlmanların öz işidir. Çox təəssüf ki, məzhəb təəssübkeşliyini, az qala, dövlətin daxili və xarici siyasət kursu halına gətirmiş rejimlərə rast gəlirik. Bu, islama zülmdür, bu və ya digər məzhəbin fonunda islamı heçə saymaqdır.
Və ya belə deyə bilərik: bu, islamın bu və ya digər məzhəbə təhkim edilməsi, həmin məzhəbin din halına salınmasıdır! Məzhəblərarası soyuqluğun və ya mübahisələrin səbəblərini bu cür göstərə bilərik: a) məzhəblər haqda məlumatsızlıq; b) cahillik; v) fanatizm; q) təəssübkeşlik; ğ) islamın ümumiliyinin, məzhəbin xüsusiliyi fonunda cılızlaşdırılması; e) tarixdə baş vermiş hadisələrin toxunulmaz etiqad halına gətirilməsi; d) müəyyən qüvvələrin marağı və s.
Bir sözlə, məzhəb çəkişmələrinin islam dünyasının başına gətirdiyi fəlakətləri, ikinci bir şey gətirməyib. Hindistanlı mütəfəkkir Əbülhəsən Nədvinin təbirincə desək: “Bu ümməti “məzhəbim” və ya “camaatım” zehniyyəti məhv edib”.
Azərbaycanda məzhəblərarası soyuqluq və mübahisələr var. Amma bunlar nəzəri müstəvidədir. Gələcəkdə bunların əməli toqquşmalara çevrilməməyinə heç kəs zəmanət verə bilməz. Mövcud mübahisələrin əksəriyyətini xaricdə təhsil almış dindarlar, internet saytları, müəyyən ədəbiyyat törədir.
Düşünürəm ki, ölkəmizin gələcəyini düşünən, məzhəb mənsubu olsa da, məzhəbçi olmayan, məzhəbinin təlimlərinə riayət etsə də, islamın ümumi məqsədlərini əlində bayraq edən geniş dünya görüşünə sahib ağıllı gənclər bu problemin dərinləşməsinin qarşısını ala bilərlər.


