|
“Qələmin yuxuları” məşhur yazıçı Çingiz Hüseynovun yeni əsəridir. O, başa çatmayıb, tamamlanmayıb: oxucunun gözləri qarşısında yuxu yuxunun ardınca zaman silsiləsinə düzülür. Onlar göydəki ulduzlar kimi uzaq və yaxın, parlaq və tutqundurlar, intəhasızlığı işıqlandırırlar. Yazıçının yaradıcılığında yuxular bir qayda olaraq reallığı doldurur, onun fəzasını genişləndirir: “Məmiş öz adaşının yuxusunu görür, o isə Məmişin yuxularını…” (“Məhəmməd, Məmməd, Məmiş”); “… əlimə qələm götürməzdən əvvəl tələsmədən yuxu dolu yolları keçdim...” (“Fətəli fəthi”); “…yuxular onları gün ərzində yozmaq üçün bir köməkdir…” (“Doktor N”); “Kiçik Mustafa böyük Mustafaya baxıb: “Daha nə uyduracaq ki, onu qane etsin? - fikirləşdi. - Yuxu tapacaq!” (“Tamaşalı oyunlar”); “Dünyasını dəyişənlər yuxusuna girir: anası, atasi, oğulları...” (“Merac”). Hər şənbə günü biz Qələmin növbəti yuxusu ilə tanış olur, düşünəcəyik: niyə yuxular yadımızda qalmır, çox vaxt yozulmur, unudulur?.. |
|
|||
Qırmızı gözlü quzu
Özünün yeniyetmə çağında adının mənasını bilən Qələm qarışıq hisslər keçirdi.
Əvvəl qəzəbləndi, hirsindən az qala ağlayacaqdı.
Sonra eşitdi ki, yox, adicə qələm deyil!
Аdı guya müqəddəs kitabdan alınmış sözdür, mənası da – İlahi Qələmi!..
Amma sakitləşmədi, narahatçılığı keçmədı.
Heyfisləndiyi də oldu, axı, adına artıq öyrəşmişdir, xoşuna gəlirdi öz adı!..
Bildi ki, adının mənasını heç cür dəyişmək mümkün olmayacaq – qanı qaraldı.
İndi-indi adını eşidən böyüklərin niyə təəccüblə və təkrar-təkrar: Necə-necə? soruşub dodaqaltı gülümsəmələrinin səbəbini bildi: demə adı – adam adı deyil, sadəcə yazı alətiymiş!..
Açıb o vaxt anlamadığı, dərk edə bilmədiyi digər qəribə hisslər də oyandı Qələmdə və keçirdiyi həyəcan iki ardı ardına gördüyü rəngarəng şəkilli qeyri-adı yuxuya səbəb olqu.
Gördü ki, tək-tənha yamyaşıl çəmənlikə ağappaq quzudur.
Kiçik dişləriylə qoparıb yediyi ot acı olsa da, ömründə onu yeməzdi, indi bal kimi şirin gəlirdi ona, ləzzətlə yeyirdi.
Susadı, bulağa yaxınlaşdı, su dumduru, ayna kimiydi.
Gözlərinin girdə və qırmızı olduğunu gördü.
Anasının: İçmək olmaz! Su soyuqdur! Boğazın ağrıyar! - sözlərini yadına salsa da, ləzzətlə bumbuz sudan doyunca içdi.
Başını qaldırıb ətrafa boylandı, nə isə demək istədi, amma bacarmadı.
Fikirləşdi ki, içdiyi soyuq sudandır bu, boğazı tutulub.
Sonra quzu olduğunu bilib mələmək istədi, amma bu dəfə də səsi çıxmadı.
Başını qaldırıb qara buludların iti yerişini gördü, qorxdu ki, hava qaralır, o isə tək-tənhadır, heç kimi köməyə çağıra bilməyəcək və... – oyandı.
Bir müddət özünə gələ bilmədi.
Gözlərini açıb-yumurdu.
Öz evindədirmi? Çəmənləkdəmi?
Çaşmışdı: omu yuxusunda quzuya dönmüşdü? Quzumu onu öz yuxusunda görmüşdü?..
Gördüyü yuxusunu büsbütun unutsun deyə yorğanı başına çəkib, gözlərini bərk-bərk yumdu... – və təzə yuxu gördü.
Sədəfli buynuz
Balkonlarında durub günəş şüaları altında bolluca işığa qərq olmuş meydana baxırdı.
Şənlik gözlənilirdi, pəncərələr al-əlvan lentlər və bayraqlarla bəzənmişdi.
Birdən meydana yerdən göyə ucalan iri sədəfli buynuzun içindən bir çapar atlı çıxdı.
Və o andaca atlı birdən-birə kiçilən buynuzu – Qələmin evinin divardan gümüş zəncirlə asılmışın bənzəri – sol əlində tutub qaldırdı, çamaatı meydana səslədı:
- Məğamdır, toplaşın, ay millət!
Sonra yenə də gözlənilmədən buynuz üstünü bol-bol naxışlar bəzəyən nadir bayrağa çevrildi.
Bu dəm atlı Qələmi görüb onu təntənə ilə alqışladı, at da arxa ayağları üstə galxıb kişnədi, iri parlaq gözlərini bərəldib Qələmə çəpəki baxdı: dişlərini ağardırdı, sanki gülürdü.
Yaxından durmuşdu at, az qala iri başını Qələmə uzadacaqdı, elə bil indicə var gücünü toplayıb balkona hoppanacaqdı... – Qələm təşviş-qorxu icində yuxudan ayıldı.
Birinci yuxusunu gizli saxlayıb, sirr idi sanki, heç kimə bildirmək istəmirdi, ikincisini isə anasına danışdı.
Esma-Esmeralda oğlunun yuxuda qorxduğunu eşidib narahat oldu, həyəcanlandı, oğlunu qucaqlayıb bağrına basdı və həmin gün İçərişəhərdə yaşayan, yaxşı tanıdığı yuxuyozan qarını görməyə tələsdi.
Qələm bir daha yuxusunu danışmalı oldu, hətta qarının tələbiylə buynuzun necə kiçilib bayrağa çevrildiyini təkrarladı da.
Qarı fikrə gedib gözlüyünü taxdı, bir neçə kitab vərəqlədi və nəhayət, üzünü Esmaya çevirib təntənəli tərzdə:
- Tutu-xanım, - dedi (səhvini Esma düzəltmədi, bilirdi ki, qarı hamıya, xoş gəlsin deyə, belə müraciət edir, axı, tutuquşu ağıl-hikmət rəmzidir), - təbrik edirəm səni! Sirləri açan kitablar buynuz, kişnəyən at, bayraq və yuxuda özünü göstərən digər nişanlar şan-şöhrət rəmzləri olduğunu göstərir! Odur ki, eşit, bil: sənin oğlun millətimizin böyuyu olacaq!..
Anası inandı-sevindi, Qələm ruhlandı, qəlbində gizlənən gorxu-təlaşlar əriyib yoxa çıxdı.
Əzəldən qeyri-adiliyini duymuşdu, daxilən bilirdi ki, başqalarından seçilir, hətta yuxuda quzuya çevrilə biləcək qabiliyyəti də – görünür, nadir Qələm adını da təsadüfi daşımırdı – onun bu duyğusunu gözəlcə təsdiqləyirdi.
Diri ölülər
Qızıl meydanda Lelinləyəm...
- Niyə Lenin yox - Lelin?
- Müəllimimiz də dərsdə həmişə Lelin baba deyərdi. Elə həmən uşaq vaxtından qalıb dilimdə, yapışıb – silə bilmirəm.
Hə, durmuşuq Lelinlə, əcəb sirdaş tapıb özünə, yox? Günəşli gündür, qıyıq gözlərini kepkasının dimdiyilə günəşdən qorumağa çalışır, baxışıyla məni mismarlayır: - Da, solnse svetit, k'asivo, – yəni, gözəl mənzərədir, dildən bir az şiriniydi, "r" hərfini yeyirdi. (Tələfüzü axsayırdı, "r" hərfini dili tutmurdu, buna kartavit deyirlər, yoxdur bu söz dilimizdə, bilirsən – de, mən də bilim!). Kakoe sineye nebo! – Qələm rəhbəri yamsılayıb əl-qolunu onun kimi sağa-sola atır, barmaqlarıyla havanı baltalayıb kəsirdi: Amma heç cür, deyir, dərk edə bilmirəm, çaşıb qalmışam: Kremldə bir-birinə bənzəyən bir şeytan düjünü İliçlərin hansı mən özüməm?
- Elə bu?!
- Deyirsən azdır yəni? Onda al gəldi, o birisini eşit, nisbətən uzundur.
Lelin ölüb, qəhvəyi lakdan par-par parıldayan tabutu təkərli katafalkda mərasim zalına sürüb çəkirlər. Mərasimi idarə edən... – bu ki Qələmin tələbəlik illərinin yadigarı olan, jurfakın odda yanmaz, suda batmaz əbədi dekanı Z.-dır!.. – ağ xalatda, qolunda qara-qırmızı sarıq, başında qalıntüklü çoban papağı (bu günlərdə az qala iki sıfırlı yubileyində bizimkilərin, Qələm də sıralarında, hədiyyəsidir) beli bükülü qozbel yerişiylə mənə yaxınlaşır, deyir, dondurulma şiddətli deyil, zəifdir, odur ki, vida mərasimini uzatmayacayıq, meyit əriyə bilər və... – sözünü kəsib qalın şüşəli eynəkdən sınayıcı baxışlarını mənə zillədi, onun pedaqoji yoxlama üsuludur: dalısını mən deməliyəm.
- Dirilə bilər?
- Afərin! – dedi. – Və görsən tərpənir, qoyma dirilsin! Çiyinlərindən bas, hətta boğ! Tabutdan çıxmamalıdır!..
Qoruyuram katafalkı, vaxt keçir, gərginlik artır, adamlar da qonşu otaqda toplaşıblar, mərasimi gozləyirlər.
Bir də gördüm cənazənin gözləri açıqdır, tərpənir!.. Ayılır! Tələsik çıxdım, camaatı harayladım, cumdular katafalka sarı, Lelin isə artıq ayaq üstədir, çox maraqlıdır, deyirəm öz-özümə, canlı rəhbəri, baxışını-duruşunu görmək!.. Zırpı gənclər zorla Lelini tabuta salmağa çalışırlar, o isə müqavimət göstərir, heç cür tabe olmaq istəmir:
- Tova'işi! Bu nə biabırçılıqdır?! Əl çəkin məndən! Pe'estante! Rədd olun! Vsex pod 'ast'el!
Camaat qetdikcə sıxlaşır, tünlukdür və birdən havada uzun çomağa bənzər nə isə görünür və rəhbərin başına endirilir, guppultu qopur, elə bil boş borunun boğuq səsidir (rəfdən kitab düşdü başıma – ayıldım).
- Vəssalam?
- O biri rəhbər də...
- Yoxsa Stalini də yuxunda görmüsən?
Evimizin padvalında taburetdə...
- Öz sözümüz yoxdur əvəz edəsən yabancı kəlmələri?!
Zirzəmidə, kətil üstə... hə, Stalinin özü! Yanında da, vallah, uydurmuram, bizim həmyerlimiz Vışinski!
- Danışmışdım sənə, yuxuna girdi: babamla bir firqədə çalışırdılar.
Diri Stalini görcək havalandım, cuşa gəldim, sevinc qəlbimdə aşıb-daşdı... – ağasına vurğun qul ki qul! Mehriban-mehriban mənə baxır, doğma gözlərindən istilik yayılırdı.
- Sizi, - deyirəm ona, - yaxından heç görməmişdim! Belə bir xoşbəxtlik mənə qismət oldu! Siz mənim nəzərimdə... Siz... – fərəhimdən çaşmışam, dilim ağzımda oynayırdı, – dahi söz ustasısız!
Təriflərim xoşuna gəldi:
- Bəs necə? Görmürsən yoxsa? Başım – Lenin başıdır, zibilxanaya çevirmisiniz! Elə çaşdırmısız məni ki, indi bilmirəm başım kimin başıdır?
- Siz hər bir fikri, yanlış olsa belə... – öz-özümə deyirəm: sərt sözlər işlətmə, acığı gələr! – elə məharətlə ifadə edirsiniz ki, həqiqət kimi səslənməyə başlayır! Ən çox xoşladığınız "Təsadüfi deyil", yaxud "Məlumdur ki" kəlmələrini məntiqlə mübahisəli fikrinizlə əlaqələndirirsiniz və nəticədə...
Kəsdi sözümü:
- Qanuna çevrilir, eləmi? Məntiqşünassan? – soruşdu.
- Yox, üslub mütəxəsiyəm və sanballı görünüm deyə, Azərbaycan yazıçısıyam, əlavə etdim.
Bic-bic gülümsündü:
- Milli ədəbiyyatların inkişafı, çiçəklənməsi? Məzmunca sosializm, formaca milli ədəbiyyat, eləmi?
Eyforiyadan heç cür çıxa bilmirəm:
- Məmləkətimizdə sizi sevənlər, sizin dostlarınız...
Yenə sözümü kəsdi:
- Nə dost?! Heykəllərimi söküb uçurtmusunuz!
Cəsarətlə yalana əl atıb etriraz etdim:
- Sağ-salamatdır heykəlləriniz, geniş bir meydanda saxlanırlar.
- Uca hacar arxasında? Qapıda da yekə qıfıl? – Qəzəblə Vışinskaya baxdı: – Susursan?! Dinsənə! – Qorxudan sir-sifəti agardi, oturduğu taburetdən sürüşə-sürüşə tappıltı ilə daş döşəməyə dəydi... – və bu tappıltıdan Qələm oyandı, lakin son mənzərə yuxusundan çəkilmədi, gördü ki, Stalin yerə sərilmiş Vışinskiya carı əyilib: Ay bədbaxt, – dedi, – neçə dəfə söyləmişdim sənə, bir daha təkrar edirəm, – və türkcə ən çox xoşladığı ifadəni dilinə gətirdi: Ağır otur – batman gəl!..
Qələm oyandı və yenidən yatdı – yuxu serialıydi sanki, davamını gördü:
Stalin yataqxana otağımda oturub, amma istəmirəm tələbə yoldaşlarım onu görsünlər, adı bədnamdır, istəyirəm həm qovam, həm də maraqlıdır – adi qonaq deyil axı, tarixi şəxsiyyətdir!
Stalinə onun hansı çıxışınısa ucadan oxuyuram:
- "Rəhbər" sözünə, – deyirəm, – izahat var, baxaq, nə yazıblar. Və qeydi tapıb oxuyuram: – Stalin bu çıxışında təhrifçiliyə yol verir, dedikləri yalandir.
- Ola bilməz! – qəzəbləndi. – Göstər!
- Əvvəl, dedim, baxaq görək izahat nə vaxt yazılıb: saglığınızda, yoxsa ölümünüzdən sonra.
Gözlərini bərəltdi:
- Nə? Ölümümdən sonra? Səni bu sözlərə görə indicə elə əzişdirərəm ki!.. – əlləri yumruqlu mənə sarı addımladı.
Qaçırıq stolun ətrafında, çalışır tutsun məni, Salvador Dalidə olduğu kimi uzun sallaq bığları mane olur, ayaqlarına dolaşır, stolun uclarına ilişirdi... Tuta bilmədi məni: çıxdım yuxudan.
- İqtidarı yuxuda görmək yaxşı əlamətdir: varlanacaqsan.
- Keçmişdə varlanardım.
- Ölülər indi də diridir. Unutmusan yoxsa bizdə olan sual-cavabı? – Ay camaat, kimə səs verecəksiniz? – Necə yəni kimə? Rəhmətliyə!
Аzərbayсanlı kosmonavt
Bezdirici görüşlərdən, mənasız və nəticəsiz (qazamat qoxulu) etirazlardan yaxamı çəkmək, yorucu və boşboğaz söz-söhbətlərdən qaçmaq üçün kosmonavt olmaq istədim. Öyrəndim ki, kosmik gəmidə uçmağa heç bir maneə yoxdur, sadəcə sübh çağı, tərtəmiz asimanın üfüqündə nazik çəhrayı xətt görünər-görünməz, uçuş meydanına gəlməlisən – vəssalam!
Ah, min heyif: gecikdim! Hətta yoxlanış qapısından keçdim, məndən sonra heç kimi buraxmadılar, rəqiblərim olan iki nəfəri də meydanda qabaqlaya bildim, sonra hara baxdımsa, o iki nəfəri görmədim: amma “minik sona çatdı” elan olundu – əfsuslar!..
Kor-peşman geri qayıdıram, meydan kimsəsiz, bomboşdur, birdən təpənin üstündə bir şəxs dəydi gözümə, mənə sarı baxırdı, izləyirdi sanki məni, üzdən tanış idi, başında kepka... bu ki Lujkovdur! televizorda bizim merlə qucaqlaşıb öpüşürdülər, əntiqə mənzərəydi, əbədi dostluqdan danışırdılar, bu məqamda köhnədən qalma alver yadıma düşdü:
Biz sizə nöyüt kaçay-kaçay, siz bizə inqilab kaçay-kaçay!..
Taptaq, hap-gop dolu demokratiyamız da eyni, pul qazanma üsulu da: kaçay-kaçay. Raket nəzarətçisidir yoxsa, kosmik uçuş sahəsini də özəlləşdirmək yollarını fikirləşir? İstəmədim rastlaşaq, qısa yolumu uzun dolayı yolla əvəz etdim və bu an arxamda uçuş baş verdi! boylandım – nə bir gurultu, nə bir odlu partlayış: uca minarəyə oxşar raket havanı yara-yara səssizcə gömgöy asimana sarı üzdü, az bir müddətdə sol istiqamətiylə dibsiz kainatda itib-batdı... Vaxtında oyanıb dursaydım!.. Tənbəllik ucbatından indiyədək qeyri-kosmik millətlər arasındayıq!
Birdən hal-əhvalım büsbütün dəyişdi: inciklik, gecikdiyimə görə özümdən narazılıq əridi, arzuma yetmədiyimdən doğan ağrı azaldı, sevinməlisən ki, dedim öz-özümə, evindəsən: bir illiyə uçarsan, yerdə isə bir əsr keçər, qayıdıb bircə tanış üz də görməzsən!.. – sevinc hissiylə çıxdım yuxumdan, (hətta qazamat qoxusu şirin gəldi mənə).
- Elə bu?
- Sosyal məzmunlu yuxu sifariş etdin, şüuraltı da bu yuxunu yaratdı. Və bir daha təsdiqlədi ki, dünyada tanınmamağımızın yeganə səbəbi tənbəllikdir. Yoxsa yuxumla vətənpərvərlik qanını qaraltdım? Elədirsə, onda icazə ver uçuşla bağlı uğurlu yuxumu danışım.
Kürən tülkülər
Demokratiya üzrə beynəlxalq konfransa dəvət olunmuşam, evimizi satın almaq istəyən oliqarx bütün xərclərimi çəkir.
Budur, onunla geniş, kimsəsiz bir zaldayıq, ortada postament üstündə İran imperiyasının iri brilyantlarla bəzənmiş və ətrafa bol-bol işıq saçan tacı ucalır. Yanındaca, sanki taxtın keşiyindədir, kresloda şah oturmuşdur, çoxdan rəhmətə getdiyini bilirəm, amma yuxumda sağdır və bu məni heç də təəccübləndirmir.
Oliqarxın qulağına pıçıldayıram ki, hətta üç min illik tarixi olan İran imperiyası da yox oldu, dağılıb çökdü, bizimkilərin cılız sülalə arzuları nə qədər gülməlidir!..
Hiss etdim ki, belə söhbətlər oliqarxın ürəyincə deyil, yuxarıdakı piar-komandanın fəal iştirakçılarındandır, hey: – Şaha yaxınlaşaq, təklif edirdi, salamlaşaq onunla, dilimizdə kəlmə kəsək, arvadı bizimkilərdəndir!
Nəinki danışmaq – şaha yaxın durmaqdan hətta çəkinirəm, qul instinkti mane olur: lal-dinməz oturub, baxışı sərt, ciddi, bütün görkəmində – qürur, müzəffərlik, tacın keşiyindədir.
Artıq təyyarədə uçuruq, pilot – şahın özüdür, gənc yaşlarında təyyarəçilər məktəbini bitirib... – demə, biz İrandayıq, hər gün konfrans iştirakçıları nahara başqa şəhərə uçmalıdırlar!.. Bu nə axmaq qərardır? Belə bir risk? Həm qonaqlar üçün təhlükəlidir, həm də şah üçün!..
Endik, qupquru yer əyri-üyrü, çuxur-çuxurdur, alçaq komalar, tozlu küçələrdə al-əlvan şələquyruq tülkülər qaçışır, birisi ayaq saxladı, oynaq kürən quyruğunu gizlədib bir anlığa qorxaq baxışını mənə zillədi.
Gördüyüm eybəcər mənzərədən təəccüblənib narazılığımı bildirirəm: bəs buranın ağılsız camaatı dərk etmirmi ki, belə bir şəraitdə toyuq-cücə də olmayacaq, yumurta da!
Arxadan gələn səs sözümü kəsdi: təyyarəmizi uçuş meydanına sarı itələyirdilər, başında meşin pilotka şah: Gəlin, – tər-təmiz Azərbaycan türkcəsində dedi bizə, –köməkləşib, yoluna salaq təyyarəni, motorlar qızıb.
Qızmar qanadından yapışıb itələyirəm təyyarəni, yoldan gah inəyi qovmalıyıq, gah şoferi çağırırıq ki, yoldan yük maşınını sürüb çəksin, şah da narahatdır, tez-tez qolundakı iri sferblatlı saatına baxır, hava qaralanadək qayıtmalıyıq... Sonrası yadımda deyil.
- Nədən yarandı bu yuxu?
- Məncə, dedim, bizdə yeni rütbəli adlara olan həvəsdən. Bizim oliqarxın köhnə adı yadındamı?! Məşhur abreviaturalı dörd addan doğmuşdu onun Mels adı: Marks, Engels, Lenin, Stalin adlarından, indi isə adı yeni sülalə arzulu İsmişahdır, amma az daşıdı bu adı, qoymadılar, Şah, dedilər, bir olar! bu adını da dəyişib İsmipaşa oldu.
- Gercəyə bənzər virtual?
- Bizi əhatə edən gercəyimizin özü virtual deyilmi?
P.S. Yuxuyozanlar deyir ki, raketin, yaxud başqa bir uçuş aparatının göyə qalxdığını görən şəxs dilini qıfıllı tutmalıdır, sadəlövhlüyü xoşagəlməz, ziyanlı hadisələrlə nəticələnə bilər.
Al-əlvan quyruqlu kürən tülkü isə gizli düşmən rəmzidir, ətrafında olan hiyləgər və araqızışdıranı gör, duy, tap, ondan uzaq ol və mümkünsə, elə yuxudaca (?) biletini qaytar, bacarırsansa (!) uçuşdan imtina et.


