![]() |
| Nəriman QASIMOĞLU |
Peyğəmbər sevgisi... Nəsil-nəsil, zaman-zaman yaşanan bu sevginin səngiməzliyini, sönməzliyini təkcə peyğəmbərimizin şəxsiyyət böyüklüyünə olan əlahiddə bir münasibət müəyyənləşdirmir. Məsələn, Qərbdə dünya dahilərinə dair keçirilən bəzi reytinq sorğularında Məhəmməd şəxsiyyəti adətən birincilik qazanır və onun tarixi şəxsiyyət kimi üstünlüyü etirafının arxasında, şübhəsiz, böyük bir sevgi də dayanmır.
Vurğuladıqları başlıca məqam ondan ibarətdir ki, dahi şəxsiyyət özəlliyinə sahib Məhəmməd yeni dini təlim gətirib, bunu yaymaqla Ərəbistan yarımadasında tayfa ayrılıqlarını aradan qaldırıb, vahid dini hakimiyyət qurub, özündən sonrakı tarixi gedişata yetərincə təsir edən xilafət imperiyasının başlanğıcını qoyub və onun ideyaları bu gün də milyon-milyon insanı öz təsirində saxlamaqdadır.
Dolayısı ilə təlqin olunur ki, islam Tanrının deyil də Məhəmmədin yaradıcılığında ortaya çıxmış dəyərlər sistemidir. Belə çıxır dinimiz obyektiv ilahi mahiyyətdən xali məzmunda sadəcə olaraq dahi bir insanın subyektiv zəka məhsuludur. Bu fikri müqəddəs Oxu məntiqi və möcüzəsi heçə endirir. Kitabımızın mətn möcüzəsini son illərin çeşidli elmi araşdırmaları da tam sübuta yetirib.
Təbii ki, müsəlmanların peyğəmbər şəxsiyyətinə sevgisi fərqli münasibətdən doğur. Günahların Tanrı tərəfindən bağışlanmasına nail olmaqdan ötrü zaman-zaman peyğəmbər şəfaətinə, iltimasına sığınmaq istəyiblər. Hesab ediblər və indi də bir çoxları bu fikirdədir ki, islam mənsublarının suclarını ulu Yaradan Öz elçisinin hörmətinə, uca şanına bağışlar. Peyğəmbər ruhuna müraciətlər, minacatlar, salavatlar bu əski inanışla bağlıdır.
“Kitabi-Dədə Qorqud” abidəsindəki boylar bir qayda olaraq dualarla bitir. Tanrı yanında məhz peyğəmbərimizin iltimascı olacağına dəruni bir inamla Qorqud dilindən dəyişik variantlarda bu qəbildən ifadələr qopur: “Qadir səni namərdə möhtac eləməsin! Beş kəlmə dua qıldıq, qəbul olunsun! Amin, amin deyənlər didar görsün! Günahımızı adı görklü Məhəmməd Mustafa hörmətinə bağışlasın, xanım hey!”.
Xüsusi ad kimi qəbul etdiyimiz “Mustafa” sözü “Seçilmiş” deməkdir. Məhəmməd şəxsiyyətinin əzəməti, gözəlliyi, ona xas əxlaq, düşüncə, davranış özəllikləri tam halında bu “seçilmişlik”lə şərtlənir. Və onun kimliyi haqqında daha dolğun qənaətləri Tanrı kəlamından – müqəddəs Oxudan hasil edə bilirik.
Bu kosmik-ilahi informasiyanın Məhəmmədə, yaşadığı dövrün və məkanın əxlaq mücəssəməsi bir tarixi şəxsiyyətə enişi ilk baxışda tarixi olay olsa da, yəqindir ki, tarix içində, qəlbində qalacaq bir olay da deyil. Çünki təktanrılıq inanışı və dəyərlərinə çağırışın bu yeni və son ifadəsi bütün çağlara hökmlər verən, hikmətlər açan ilahi bir qaynaqdır. Və Məhəmməd şəxsiyyətini qiyamətəcən ucalıqda saxlayacaq da Tanrı Özüdür. Göndərişini seçdiyi bəndəsinin dilindən səsləndirmiş ulu Yaradan Özü!
Məhəmməd Seçilmiş yeganə haqq elçisidir ki, bəşəriyyətə onun vasitəsilə kosmik-ilahi informasiya ötürücülüyünün möcüzəvi rabitə anları tarixin “qeydiyyat dəftəri”ndə yer alıb. Başqa sözlə, müqəddəs Oxu dəyərlərinin eniş tarixləri və səbəbləri barədə ilahiyyat elmində xeyli bilgi var.
Elçisinə ilk xitabında Rəbbimiz “oxu!” buyurub. “Quran” sözü “oxumaq” felindən düzəlmə ismi-məsdər olub “Oxu” anlamında. Rəbbimizin bu ilk buyruğu oxumağı-yazmağı bilməyən peyğəmbərin psixoloji ovqatında öncə bir rahatsızlıq doğurub və o da ilahi müraciəti çəkinə-çəkinə belə cavablayıb ki, “mən oxuyan deyiləm”, yəni bunu bacarmaram. Ancaq sonradan arxayınlıq duyunca ki, Rəbbimiz onu Öz elçisi olaraq vəzifələndirib və dəstəkləməkdə israrlıdır, bu ilahi yükü çəkmək məsuliyyətini dərk edərək Tanrı buyruqlarına boyun əymək şərəfinə nail olub.
Məhəmməd Seçilmiş həyatının ən maraqlı dövrü peyğəmbərliyə başladığı ildən hesablanır. Məhz bu zamandan etibarən onun düşüncə və davranış tərzi ard-arda enən ayələrin hikmətləri ilə müəyyənləşir. Yəni gördüyü işlər Tanrı istəyincə baş verir. Peyğəmbərliyindən öncəki dövrdə isə Məhəmməd yalnız gözəl bir əxlaq sahibi kimi soydaşlarının rəğbətini sadəcə qazanmış birisi imiş. Məhəmməd Əmin deyərmişlər ona. “Əmin”, yəni etibar ediləsi, güvəniləsi bir şəxs.
İnsani özəlliklərinə görə hamıdan üstün, ancaq bəzilərindən fərqli olaraq dünyəvi savaddan məhrum məhz belə bir şəxsin dilindən vəhylərin, qatları zaman-zaman acılan bu möhtəşəm hikmətlərin bəyanı və təbliği də Rəbbimizin siyasətidir. Məhəmmədə gəlmiş deyimlərin Ali Gücdən olduğunu qəbul etdirmək də ilahi bir fənd idi və bunların kəlam möcüzəsi kimi təqdimatına tarixi bir ehtiyac var idi.
Bu möcüzə qarşısında caşbaş qalan bütpərəstlər məcburdular ayələrə şeir desinlər. Yəni bunlar şairliyə başlamış Məhəmmədin guya öz yaradıcılıq məhsulu imiş. Yə-sin surəsində Rəbbimizin onlara cavabı var, oxuyuruq: “Ona şer öyrətməmişik, bu ona gərək deyil. Onun söylədikləri yalnızca bir öyüd də açıq-aydın bir Oxu” (36, 69).
Həqiqətən də müqəddəs Oxu ərəb orijinalında heç bir məlum bədii janr qəlibinə sığacaq deyil. Bu, imana dəvət üçün öncəki təktanrılıq elçilərinin Tanrı yardımıyla göstərmiş olduqları möcüzələrdən fərqli bir möcüzədir. Yeri gəlmişkən, Oxu hikmətlərinin eniş zamanı tələblərinə yalnız uyğun bir hissəsi Məhəmməd Seçilmişə bəlli idi. Sonrakı zamanlara aid hikmətlərin elmli adamların dili ilə bəyanı və acıqlanması isə yenə də Tanrının Öz öhdəsindədir. Necə ki, Rəbbimiz buyurur: “Hec şübhəsiz, Bizim üstümüzdədir bunu cəm eləmək, bunu oxumaq. Biz bunu oxuyanda izlə oxunuşunu. Sonra bunun açımı Bizim öhdəmizdədir” (75, 17-19).
Toxunduğumuz ilahi siyasətin başqa bir incəliyi də ondan ibarətdir ki, Rəbbimiz göndərdiyi ayələr gərəyincə hərəkət edən elçisinin simasında bizi passiv əxlaq dəyərlərinin fəal ictimai müstəviyə gətirilməsinin gözəl bir örnəyi ilə tanış edir. Gözlərimiz önündə ayələrlə qol-boyun peyğəmbərin ilahi dəyərlər uğrunda verdiyi mücadilənin mənzərəsi canlanır. Bu dəyərləri toplumda hakim mövqelərə gətirmiş peyğəmbərimizin gözəl dövlət başçısı, islahatçı lider, ağıllı sərkərdə, böyük demokrat kimi şəxsiyyəti də olduqca ibrətamizdir. Aydındır ki, onun bir şəxsiyyət kimi püxtələşməsi aldığı vəhylərin təsiri altında, başqa sözlə, Rəbbimizlə təmasda gerçəkləşə bilib.
Şura surəsində iman gətirənlərin belə bir xüsusiyyəti vurğulanır ki, onlar bütün işlərini “şura” ilə, yəni məşvərətlə, cağdaş yozumla, demokratik üsullarla yoluna qoyurlar. Bu “şura” prinsipi peyğəmbərimizin idarəçilik və təşkilatcılıq işlərində əsas yönləndirici bir amil olub. Onun ardıcılları olan soydaşları hər hansı bir məsələnin həllindən ötrü öncə bunun vəhylərlə əlaqəsi barədə peyğəmbərdən soruşarmışlar. Vəhylərə aidiyyəti olmurdusa, onun iştirakı ilə açıq müzakirələr aparırlarmış. Və peyğəmbər də son qərarı çoxluq tərəfindən qəbul edilən fikirlərin əsasında qəbul edərmiş.
Tarixə “Uhud savaşı” adıyla düşmüş döyüşdən öncə belə bir olay baş verir. Peyğəmbər müzakirə açır ki, Mədinəyə gözlənilən hücumu şəhərin içindəmi, kənarındamı qarşılasınlar. Özü düşmənlə şəhər içində savaşa girmək tərəfdarı imiş. Bir gün öncə gördüyü yuxusunun yozumu da, itki sayının xeyli ola biləcəyi əndişəsi də onu bu rəyə gəlməyə sövq edibmiş. Ancaq bu rəyin vəhylə bağlılığı da yox idi. Və peyğəmbər borclu idi ki, qərar verərkən silahdaşlarının fikrini nəzərə alsın. Hərbi taktika tələblərini düşünmədən müsəlman çoxluğu məsələni emosionallıqla belə qoyur ki, düşməni açıq ərazidə qarşılamaq başucalığı gətirəcək bir hərəkətdir, belə daha yaxşıdır.
Peyğəmbər müzakirəni çoxluğun rəyinə uyğun yekunlaşdırır. Camaatla namazı qıldıqdan sonra evinə çəkilib döyüş paltarını geyir, qılıncını bağlayır. Bayırda bir neçə silahdaşı söhbət salır ki, bəs peyğəmbərimiz istəyirdi Mədinə içində qalıb döyüşək, biz də öz dediyimizdə israr edib durduq, halbuki ona əmr göylərdən gələr, yaxşı olardı bunu buraxaq onun öz istəyinə.
Camaat mütəəssir olur, rəyi nəzərə alınan çoxluğun əhvalında bir peşmançılıq duyğusu da baş qaldırır. Peyğəmbər evdən çıxdığında ona bildirirlər ki, Mədinədə qalıb döyüşmək istəyirsə, qoy elə də olsun və hec də istəməzlər peyğəmbərin iradəsinə qarşı çıxalar. Peyğəmbərimizsə cavabında: “Bir peyğəmbərə yaraşan deyil ki, döyüş paltarını geyə, sonra isə düşmənlə savaşmadan və Allah onunla düşmən arasında Öz hökmünü vermədən bu paltarı əynindən çıxara” deyir.
Bəli, Tanrı elçisi öz iradəsi əleyhinə də olsa, çoxluğun rəyi ilə qəbul etdiyi qərarın dəyişməzliyini beləcə car çəkir. Demokratiyaya bu cür sədaqət örnəyi əslində Rəbbimizin Məhəmməd Seçilmişə Özünün öyrətdiyidir: “Məsləhətləş onlarla. Gəldinmi bir qərara, güvən Tanrıya” (3, 159).
Axır zaman peyğəmbərinin adı Məhəmmədlə bağlı hikmət də maraqlıdır. Bu adın ərəbcəsi – “Muhamməd”. Qrammatik tələbə uyğun tərcüməsi – “öyülmüş”, “öyülən”. Görəsən, “həmd”, “tərif, öyüm” təkcə Tanrı haqqıdırsa, bəs peyğəmbərin həmd edilməyini necə anlamalıyıq? Bu, müqəddəs Oxunun məntiqinə zidd olardı axı. Fatihə surəsində “əl-hamdu li-llah” ifadəsi “həmd olsun Tanrıya” ilə yanaşı həm də “tərif, öyüm yalnızca Tanrıya aiddir” mənasını verir. Ən yaxşı halda belə izah edirlər ki, Tanrı özünə aid bəzi isim və sifətləri Ona ən yaxın olan peyğəmbərə verib. Elə bilirəm peyğəmbərin adındakı məna çoxlarının qəbul etdiyi kimi “öyülən” deyil, sadəcə, kecmiş zaman içində “öyülmüş” olaraq qavranılmalıdır. Və peyğəmbərin öyümünü də Tanrı onu Özünə elçi seçməklə Özü təmin edib, bunu insanların öhdəsinə buraxmayıb. Yəni Tanrı bu işi Özü artıq bitirib. Törədə və Müjdədə Tanrı tərəfindən öyülmüş, təriflə möhürlənmiş bir peyğəmbərin, yəni Məhəmmədin gəlişi barəsindəki öncədən verilmiş ilahi xəbərlər də həmin məntiqi təsdiqləyir.
Bəli, burası var ki, Tanrının xeyli öncədən nəzərdə tutmuş olduğu seçimini, hələ göndərilməmiş elçisini insanlar həmdlə, öyümlə, təriflə anmaq imkanına malik deyildilər. Bu imkan ümumən insanlar üçün Oxu məntiqi ilə tanınmır. Tanrının peyğəmbər seçimi ilə Məhəmmədin “öyülməsi” artıq möhürlənib bitmiş bir olaydır. Və ucalıq zirvəsində bərqərar olan peyğəmbərin insanlar tərəfindən öyümünə zatən ehtiyac da qalmayıb.
Məsələnin ənənəvi şərhi isə bütpərəstliyə təkan verə biləcək bir mahiyyətdədir. Və yəqin bundan dolayıdır ki, Yaradana sevgi zaman-zaman peyğəmbərə sevgi ilə əvəzlənib, Tanrı elçisi haqqında gerçək təsəvvürlər xurafatlara, əsatirlərə bürünərək müsəlman şüurunda peyğəmbər nəslindən olanlara, imamlara, övliyalara, onların ruhlarına və daş məzarlarına tapınmaq kimi bütpərəstliyə xas bir tələbat yaradıb. Şəxsiyyətə səcdə, əyilmə, pərəstiş siyasətlərinin müsəlman Şərqində zəif müqavimətlə qarşılanmasının bir səbəbi də, şübhəsiz, aşınmalara uğramış din dəyərlərinin təsiri ilə gəlişən təfəkkür və davranış tərzi ilə bağlıdır.
Məhəmməd Seçilmişin şəxsində onu da görürük ki, İlahiyə iman gətirmək məsələsində duyğu ilə zəka amilinin üzvi vəhdəti, müqəddəs Oxu məntiqi ilə vacib bilinən tarazlığı necə də gözəl baş tutur. Ağıla, təfəkkürə, elmə, bəsirətə peyğəmbər çağırışları və təşviqləri əslində Rəbbimizin “oxu!” buyruğundan güc alır.
Məhəmməd Seçilmişin elm və alimlər haqqında məşhur kəlamları var: “Beşikdən qəbrədək elm öyrənin”, “Elmin fəziləti ibadətin fəzilətindən üstündür”, “İnsanlar elə bir sədəqə verə bilməzlər ki, öyrənilən, yayılan elmdən üstün ola”, “Elm hər bir müsəlmana, istər kişi olsun, istər qadın – vacibdir”, “Alimlərə hörmət qoyun, onlar peyğəmbərlərin varisləridir. Onlara hörmət Allaha, elçisinə hörmət deməkdir” və s. və i. Bu kəlamlar da Oxu ayələrində olduğu sayaq müsəlman təfəkkürünü bəsit, sadəlövh inanışlar sistemindən iman kamilliyinə ucaltmaq impulsları ilə yüklüdür.
Bütün mənəvi-əxlaqi özəlliklərə tam halında sahib çıxma xoşbəxtliyi sevgili peyğəmbərimiz Məhəmməd Seçilmişə qismət olub. Bu ilahi qismətin öz hikməti var. Peyğəmbərin kimliyindən bəllidir ki, o, elçilik missiyasını daşımazdan öncə adidən adi, sadədən sadə və yaxşıdan yaxşı bir insan imiş. Heyrət ediləcək elə bir keyfiyyəti də, təhsili-savadı da, geniş dünyagörüşü də yox imiş. Ancaq ən adi davranışlarında nümunəvericidir. Peyğəmbərliyə qədərki ömür yolu bununla səciyyələnir. Tanrı onu peyğəmbər seçərək ali pillələrə ucaltmaqla bəşəriyyətə şəxsiyyətin kamilləşməsi yollarını sərgiləmiş olur.
Peyğəmbərlik ağır bir yükdür. Yuxarıda yazdığımız kimi, Məhəmmədə ilk vəhy gələndə o bundan hec də sevincək düşməyibmiş. Hətta öz içində bu yükə tablamayacağından əndişə də keciribmiş, “Oxu Yaradan Rəbbinin adıyla” buyruğuna “mən oxuyan deyiləm” cavabıyla ilk öncə zəif bir müqavimətdə bulunubmuş. Fəqət Tanrı yardımına bel bağladığına görə dəhşətli məsuliyyət hissindən yaranan psixoloji baryeri aşıb, peyğəmbərlik yükünü üzərinə götürərək şərəflə daşıyıb. Bunun qarşılığında və eləcə də insanları iman sınağına cəkməkdən ötrü Tanrı peyğəmbərə yer səthindənmi, yoxsa dünya həyatındanmı deyək, qısa müddətliyə aralanaraq bəşər övladına hələlik nəsib olmayan ucalıqları da görməyi təmin edib. Dini ədəbiyyatda buna peyğəmbərin meracı deyilir.
“Merac” hərfən pillələrlə ucalma anlamında. Müqəddəs Oxuda həmin sözün cəmini ifadə edən “Məaric” (“Ali pillələr”) ünvanlı surə var. Burada Tanrıya nisbət olaraq meracların, yəni ali pillələrin yiyəsi tərifi də yer tutur: “Əlli min il sürən bir gündə Tanrıya doğru yüksələr o pillələrlə mələklər və ruh” (70, 4). Təfsirlərdə “ruh” kəlməsi ilə vəhy gətirən mələk Cəbrayılın nəzərdə tutulduğu yazılır.
Hər halda bu yozumu şübhə altına almağa əsas var. Oxuyuruq: “Səndən ruh barədə soruşarlar. De ki, “Rəbbimin işindəndir ruh. Sizə elm adlı şeydən çox az bilgi verilmiş” (17, 85). Yəni ruh – bu ilahi material ətrafında gercəkləri öyrənmək istəyinin hər hansı ölcüdə dərhal cavablandırılması məsləhət bilinmir.
Maraqlıdır ki, məsələ bununla qapanıb qalmır. Məsələni açıq saxlayan hikmət ruh haqqında bilgi almaq kimi təbii əqli ehtiyacı vurğulamaqdır. İnsan zəkasının cari məqamda məhdud imkanları bu ehtiyacı qarşılaya bilmir. Ancaq əqli imkanların elmi tərəqqi, yüksəliş hesabına genişləndirilməsi perspektivdə ruh haqqında təsəvvür və biliklərin gercəyə yaxınlaşmasını mümkün edir. Beləliklə, peyğəmbərin verməli olduğu cavab insanların öz öhdəsinə buraxılır. Və elmə-biliyə-savada təşviq hikməti çox incə bir tərzdə qulaqlara oxunur, gözlərə sərgilənir, könüllərə hopdurulur.
Peyğəmbərin meracı da bu qəbildən olan hikmətlər sırasında. Mələklərin və ruhun qalxa biləcəyi ucalıqlara peyğəmbər necə qalxmış?
İsra surəsində oxuyuruq: “Ucalardan ucadır O Varlıq ki, aparmış Öz bəndəsini bir gecə o hörmətli səcdə yeri, səcdə anından ətrafını bərəkətli qıldığımız o uzaq səcdə yeri, səcdə anına. Ki, göstərək ayələrimizdən ona. Odur, şəksiz, eşidəyən, görəyən” (17, 1).
“Hörmətli səcdə yeri, səcdə anı” və “uzaq səcdə yeri, səcdə anı” kimi hərfən tərcümə etdiyim ifadələr uyğun olaraq “Məscid-i Haram” (Məkkədə Kəbənin yerləşdiyi məscid) və “Əl-məscidu-l-Aksa” (Fələstin ərazisindəki Aksa camesi) anlamlarını bildirir. Ayənin keçdiyi surənin başlığı olan “İsra” sözü isə “gecə ikən aparılma, yürüdülmə” deməkdir.
“Quran”da göstərilən bu olay peyğəmbərin Mədinəyə köçündən əvvəlki dövrə təsadüf edib. Məhəmməd Seçilmişin sıxıntılara, təqiblərə, təhqirlərə, qınanmışlığa ən çox məruz qaldığı dövrdür. Peyğəmbərlik missiyasının ən ağır günləri imis. Və Tanrı Öz seçdiyini qısa zaman icində kosmik-ilahi bir səfərə çıxarır. Səfərin marşrutu Kəbə ətrafı məsciddən Qüdsdəki Aksa məscidinə və buradan da Məkkəyə dönüşdən ibarətdir. Olayın məzmunu ilə əlaqədar çeşidli fərziyyələr və ziddiyyətli görüşlər irəli sürülüb.
Daha yayğın olan rəvayətdə əhvalat belə nəql olunur. Peyğəmbər Məkkədə məsciddə ikən vəhy gətirən mələk Cəbrayıl bəzi mələklərlə gələrək onun sinəsini açıb, içini zəmzəmlə yuyaraq hikmət və iman nuru ilə doldurub, sonra da peyğəmbəri Buraqa (görünüşcə ata bənzər və şimşək nurlu bir nəsnəyə) mindirib Qüdsdə Aksa camesinə gətirib. Və buradan da bərabər göylərə çıxıblar.
Hər bir göy qatında son təktanrılıq elçisi ayrı-ayrı peyğəmbərlərlə görüşür və nəhayətdə Tanrıyla üz-üzə durur. Ondan öz ümmətinə gündə əlli dəfə namaz qıldırılması buyruğunu alır. Qayıdır göyün altıncı qatındakı Musa peyğəmbərin yanına, Allahdan aldığı tapşırığı peyğəmbər qardaşına acıqlayır. Bu isə öz növbəsində məsləhət görür ki, bir də dönsün Allahın yanına və namazların sayını azaltmağı Ondan rica etsin, çünki ümməti əlli dəfə namaza tablamayacaq.
Məhəmməd Musanın dediyi ilə hərəkət edir. Namazların sayı düşür qırx beşə. Musayla təkrar görüşəndə bunu da ona çatdırır. Musa deyir ki, get bir də Allahdan xahiş elə həmin sayı bir də azaltsın. Bu dəfə də namazların sayı qırx olur. Say beşə enincəyədək peyğəmbərimiz Musayla Allah arasında get-gəldə olur. Və s. və i.
Yayılan rəvayətlərin heç biri Oxu süzgəcindən keçmir. Ənənəvi müsəlman zehniyyətinin Oxu məntiqinə açıq olmaması səbəblərinin bir çoxunu həmin rəvayətlərdə də tapırıq. Yuxarıda toxunduğumuz əhvalatdan görünür ki, ali Yaradan maddiləşdirilərək statik büt timsallı bir varlıq qiyafəsində bəşər övladı peyğəmbərlə üzbəüz dayanır, onunla birbaşa danışır. Və Öz elçisi ilə hər görüşdə verdiyi buyruqlarına düzəlişlər edir və s.
Bəs nədir meracın mahiyyəti, mahiyyətində yatan hikmət? Bu olayın baş vermə cizgiləri çağdaş düşüncə qəliblərinə necə sığır?
Əvvəla, dəvə karvanlarının iki aya gedib gəldiyi məsafəni peyğəmbərin gecənin qısa bir payında qət etməsi məsələsi bir iman mövzusudur. “Quran”ın İsra surəsində bu yazılıbsa, deməli, şəkk gətirməyin bir əsası yox. Şəkkakın ümumən diqqətə çəkdiyi nəsnə bunun zaman baxımından mümkünsüzlüyüdür.
Yuxarıda “Ali pillələr” surəsindən gətirdiyimiz ayə bəsirətlilər üçün zaman məsələsinə də aydınlıq gətirir. Burada insan təfəkküründə yer alan riyazi və astroloji zaman anlayışı Tanrı zamanı ilə qarşılaşdırılır. Və “əlli min il”in Tanrı qatında “bir gün”ə bərabər olduğu vurğulanır. Bu “bir gün” sözünün özü də adi və ilahi zaman məfhumları arasındakı fərqi maddi anlamda catdırmaq məqsədi güdür. Ona görə maddi anlamda ki, insan zəkası belə qavrayışlara daha açıqdır. Yəni “bir gün” bir an da, bir anın icində sonsuzluğadək xırdalanan zaman vahidləri də ola bilər. Başqa sözlə, əslində Tanrı zamanın içində deyil, dışındadır.
Fakt faktlığında qalır ki, peyğəmbər Məkkədən Qüdsə aparılıb da ona Tanrı varlığını, qüdrətini nişan verən ayələr – dəlillər göstərilib. Məhəmməd Seçilmiş bu qısamüddətli kosmik-ilahi səfərdə cismiləmi, ruhuylamı olub, bu barədə də fikir ayrılıqları mövcuddur. Məkkə-Qüds arası səfərin və sonra uyğun ayələrin göndərilməsi ilə bağlı meracın ruhən baş verdiyi qənaətini bölüşənlər azdır. Peyğəmbərin zövcəsi Aişə bu azlığın içindədir. “Rəsuli-Əkrəmin cismi yerindən qalxmadı, ancaq ruhuyla səmaya, yüksəkliklərə çıxdı” – söyləmiş Aişə.
Bəllidir ki, peyğəmbərin özü gecə ikən aparılma olayı haqqında ayrıntılı acıqlamalar verməyib. Olayın o zamankı şüur ölçülərinə xeyli dar gələcək əsrarəngizliyi bu məsələdə peyğəmbəri, görünür, geniş şərhlərdən çəkindirib.
Peyğəmbər arxadaşının uğurla keçdiyi bu iman sınağının hamıya aidiyyəti var: “Sənə göstərdiyimiz görümdən bir sınaq qurmuşuq sadəcə insanlar üçün...” (17, 60). Təbii ki, bu sınaq inananların şüurunda zaman-zaman müəyyən izlər buraxıb. Və şübhə etmirəm ki, mənəviyyatla elmi biliklərin bir-birini tamamlayan yüksəlişi dövründə həmin olaya daha açıq təfəkkürlə maraqlı münasibətlər bildiriləcək.
Gecə ikən aparılma olayından sonra baş vermiş meracdakı ayələrin açıqlamasına cəhd edərkən bəzi ilahiyyatçılar hadisələrdən, rəvayətlərdən savayı Müqəddəs Oxudan da dəstək almaq ümidindədirlər. Bu zaman başlıca olaraq “Nəcm” (“Ulduz”) surəsinə müraciət edilir: “And olsun batmaqda olan ulduza, yoldaşınız doğru yoldan sapmamış, azğınlaşmamış. Dediyini özündən demir. Bu da vəhydən başqa bir şey deyil. Öyrətmiş ona dediklərini çox güclü olan, qüdrət yiyəsi. Bərqərar olmuşdu ən ali üfüqdə. Sonra yaxınlaşmış ona, bir az da yaxın gəlmiş. İki qövs arası qədərincə, yaxud daha yaxın olmuş araları. Nələr vəhy eləmiş bəndəsinə, nələr. Gözünün gördüyünü könlü danmadı. Gördüyünün haqqındamı siz onunla mübahisə eləyirsiz. Bir yol da görmüşdü onu uzaq sonluqda, sidr ağacı yanında. Cənnət yurdu var orada. O sidr ağacını nə örtürdüsə örtürdü. Göz hec nəyi ötürmürdü, sağa-sola döyükmürdü. Rəbbinin ən böyük ayələrini görmüş o” (53, 1-18).
Bu ayələrdə gedən təsvirlər, əksər ilahiyyatçıların da fikrinə görə, peyğəmbərin vəhy gətirən mələk Cəbrayılı görməsini, uca ilahi məqamları seyr etməsini sərgiləyir. Burada Allahın ayə-dəlillərinin məhz könül gözüylə, bəsirətlə görülməsi acıqca ifadə olunur. Başqa sözlə, peyğəmbərin bu meracı ruhani bir olaydır, maddi sistem içində səmaya yüksəlməsi deyil.
Ancaq “Ulduz” surəsindəki təsvirlərin “Gecə ikən aparılma” ilə əlaqəsi ola bilməz. Sadə bir səbəbə görə ki, həmin bu sonuncudan xeyli öncə nazil olub. Bunu nəzərə almayanlar ciddi xətaya yol verirlər.
İstər ilahiyyat elminə aid ədəbiyyatda, istər də dini rəvayətlərdə isra və merac bir kosmik-ilahi səfərin ayrı-ayrı halqaları olaraq qeyd edilir. Belə yazırlar və deyirlər ki, öncə isra baş verib, yəni peyğəmbər Qüdsdən Aksa camesinə aparılıb, sonra oradan da peyğəmbərin meracı, ucalıqlara yüksəlişi təmin edilib. Və “Gecə ikən aparılma” surəsinin 1-ci ayəsində bəhs olunan ayələr – dəlillər ona bu sonuncu mərhələdə göstərilib.
İslam aləmində belə bir fikir ümumiliyi daha çox dini rəvayətlərin təsiri ilə gəlişib. Həmin ayələrin – dəlillərin məzmunu Müqəddəs Oxuda acıqlanmır ki, bu da meracın məhz Qüdsdən başlanmasını şübhə altına almaq üçün müəyyən əsas vermiş olur. Və düşünürəm ki, peyğəmbərin isrası elə onun meracıdır.
Yer səthindən ruhənmi, yaxud cismənmi aralanma faktının özündə bizə hələlik məchul qalan ayrıntılar niyə də Tanrı elçisinə məhz isra zamanında göstərmək istədiyi bəzi ayələrdən sayılmasın?
Yuxarıda qeyd etmişdik ki, Tanrı elçisinin isra-meracda cismi ilə iştirak etdiyi fikri daha yayğındır. Və bu fikrin daşıyıcıları əsasən ənənəvi islami təfəkkür sahibləridir. Belələrinin zehnində dinlə elm ayrı-ayrı nəsnələrdir. Uydurma dini rəvayətlərdəki fantastik epizodlara şəkk gətirəndə deyirlər Allah hər şeyə qadirdir, Allahın iradəsi ilə hər şey mümkündür və s.
Şübhəsiz ki, belədir. Ancaq bir məsələ də var ki, Uca Tanrının kainat yaradıcılığı və idarəçiliyində dövriyyəyə buraxdığı qanunlar elmilikdən də hec cür kənar deyil. Bəşər zəkası bu qanunları dünyəvi elmlər adlandırdığımız (bunlar əslində Tanrı elminin ayrı-ayrı hissələridir!) sahələrdə öyrəndikcə Tanrıya yaxınlaşmağına davam edir. O Ali Zəka özünü yer üzündə primitiv üsullarla təsdiq etmək niyyətindən çox-çox ucadadır. Tanrı bizə yox, biz ona möhtacıq. Mövhumatcı şüur ilahi qanunları öyrənməyə meylli olmadığından Tanrıya aparan yolları da qapamağa cəhd göstərir. Tanrıdan, Onun Kitabından, Elmindən aralanmaq isə Tanrı yardımından məhrum olmaq deməkdir.
Elmlər inkişaf etdikcə elmi təxəyyülün sərhədləri də genişlənir. Bəzən bu gün qeyri-adi görünən fərziyyələr sabah təcrübədən kecmiş nəticələrdə təsdiqlənə bilir. Xurafatçılıqdan fərqli olaraq zamanı önləyən elmi təxəyyül gercəyə dönə biləcək nəticələrin, demək olar ki, bir növ mənəvi-psixoloji əsaslarını hazırlayır. Bəzi hallardasa Tanrı Kitabından da dəstək qazanır.
“Quran” açıb ayələrə əyilək: “And olsun alatoranlığa, and olsun gecəyə, gecənin öz başına yığdıqlarına, and olsun bədirlənmiş aya, qatdan qata, nimçədən-nimçəyə mütləq minəcəksiniz” (84, 16-19).
Ənənəvi təfsirlərdə və təəssüf edirəm ki, sonuncu ifadə mənim də vaxtilə dərc etdirdiyim tərcümədə ölmək-dirilmək mənasında “haldan-hala düşəcəksiniz” kimi gedir. İfadənin hərfən tərcüməsi “qatdan qata, nimçədən-nimçəyə mütləq minəcəksiniz”dir. Söhbət “uçan boşqablar”dan, planetimizin ayrı-ayrı bölgələrində müxtəlif zamanlarda yer səthinə yaxınlaşmış naməlum ucan obyektlərdən gedə bilər. Hərfən tərcümə əsas götürüləcək təqdirdə təfsirlərdəki bəlli ifadənin də öz hikməti ola bilər. O baxımdan ki, hansısa fantastik, bəlkə də işıq sürətinə yaxın bir sürətlə hərəkət edən obyektlə kiminsə yoldaşlığı zamanı cismin-bədənin haldan-hala düşəcəyi mümkün məsələdir.
Bu deyilənlərin işığında sual oluna bilər, peyğəmbər niyə də belə uçan boşqaba mindirilməsin? Bəşəriyyətə öz ayələrini göstərməkdən ötrü onun gələcək elmi tərəqqisini endirdiyi Yazısında müjdələyən Tanrı niyə də Öz elçisinə bunu hədiyyə etməsin?
Xanım Aişənin isra-meracın ruhən baş verdiyi ilə bağlı fikri ilə razılaşmıram. Bunun ruhani deyil, cismani bir olay olduğu qənaətindəyəm. Təəssüf ki, əksəriyyətin dinimizə aid bildiyi hədis qaynaqları bu fikri xurafata söykənərəkdən irəli sürür və Allahı maddiləşdirməyədək uzanan süjetlər uyduraraq isranın cismən həyata kecirildiyinə şübhəli və istehzalı münasibət aşılayır, nəhayətdə isə uca dinimizin yayılma perspektivini məhdudlaşdırır.
“Ulduz” surəsində getmiş ayələrlə əlaqədar yuxarıda toxunduğum birinci meracın ruhani, bu ikincininsə cismani olmasının, zənnimcə, başqa bir hikmətini də istisna etmək mümkün deyil. Söhbət ruhla cismin tarazlaşdırılmasında “Quran” prinsipindən gedir. Uca Tanrının kainat yaradıcılığı və idarəçiliyində apardığı tarazlıq siyasətinin saysız predmetlərindən biri də ruh-bədən, duyğu-zəka əlaqələridir ki, bunlarda da ümumən tarazlığın göstərilməsi Müqəddəs Oxu məntiqinin tövsiyəsidir.
Gercək mənada təfəkkür açan Oxu ayələrində meracın həm ruhani, həm də cismani səpkidə təqdimatı bu ilahi tövsiyənin bir ifadəsi olaraq da qəbul edilməlidir. Digər yandan, mühüm bir nəticə ondan ibarətdir ki, insanın bu maddi həyatda bütün yüksəliş yolları ilk növbədə ruhunun təmizlənməsindən, mənəvi-əxlaqi dəyərlərə riayətindən başlayır. Yalnız güclü mənəviyyat başlanğıcından təkan almaqla ucalıqlara nail olmaq və sonucda elə səmalara da yüksəlmək mümkün məsələdir.



.jpg)