![]() |
| Mitt Romni |
Bu il ABŞ-da prezident seçkisi keçiriləcək. Müxalif Respublikaçılar Partiyasından prezidentliyə iddialılar arasında ən şanslısı Massaçusets ştatının sabiq qubernatoru Mitt Romnidir.
Mitt Romni Respublikaçılar Partiyasının prezidentliyə vahid namizədini müəyyənləşdirmək üçün indiyədək dörd ştatda keçirilmiş partiyadaxili seçkinin ikisində böyük üstünlüklə qalib gəlib. Mitt Romninin Respublikaçılar Partiyasından prezidentliyə vahid namizəd olacağı realdır.
Sabiq qubernatorun xrisitian dininin mormon məzhəbinə mənsub olması da diqqət çəkir. Bəs mormonizm nədir?
1820-ci ildə ABŞ-ın Nyu-York ştatından olan gənc Cozef Smit əsl xristianlığın və həqiqi kilsənin yer üzündən silindiyini, gerçək imanın bərpası missiyasını Allahın ona həvalə etdiyini deyərək Son Günlərin Müqəddəsləri Kilsəsini yaradır. 1827-ci ildə Cozef Smit “mələklərin nişan verdiyi yerdən” qızıl vərəqələr tapdığını və o vərəqələrdəki bilgiləri dünyaya yaymaq tapşırığı aldığını elan edir. Bu bilgilər 1830-cu ildə “Mormonun kitabı” adı altında dərc olunur.
Mormonlar onu “yer üzünün ən düzgün kitabı” hesab edir və inanırlar ki, “bu kitab insanı Allaha bütün başqa kitablardan daha çox yaxınlaşdırır”. Onlar fərsiz və qərəzli tərcüməçilərin “İncil”i təhrif etdiyini iddia edirlər. Hətta ilk mormonlar arasında “İncil”də bu kitabın orijinalı ilə üst-üstə düşən bircə sətrin belə qalmadığı fikri populyarmış.
Cozef Smitin ölümündən sonra “peyğəmbər, qabaqgörən, vəyh daşıyıcısı” rolunu yeni kilsənin sonrakı 15 prezidenti davam etdirib. Bu peyğəmbər-prezidentlərin də bütün fikir və bəyanatları mormonizmin nəzəriyyəsi kimi qəbul olunur, bəzi hallarda isə hətta “müqəddəs mətnlər” kateqoriyasına daxil edilir.
Mormonlar ailəyə münasibətdə mühafizəkarlığı ilə seçilən ABŞ cəmiyyəti üçün yad olan çoxarvadlılığa loyal münasibət göstərirlər.



