Müsavat başqanının müavini Mehman Cavadoğlu “Media forum” saytına açıqlamasında başqan seçkisini növbəti qurultaya saxlamaq, bu seçki qaçılmaz olduğu halda isə struktur dəyişikliyi edərək rotasiya üsulu ilə həyata keçirilən başqanlıq institutu yaratmaq təklifi səsləndirib. Bu təklifə görə, növbəti qurultayadək başqan funksiyası partiyada Divan üzvləri və ya sədrliyə iddialılardan ən çox səs alan bir neçə nəfər arasında əvəzetmə yolu ilə reallaşdırıla bilər. Bundan başqa, o, Müsavat başqanını seçmək səlahiyyətini Məclisə vermək təklifini də irəli sürüb.
Bu fikirlərə münasibət bildirən Müsavat Divanının üzvü Nüşabə Sadıxlı “Media forum”a açıqlamasında deyib ki, partiyada siyasi qərarlar vermək bacarığına malik kifayət qədər insan olsa da, onların heç biri Müsavatın hazırkı başqanı İsa Qəmbər səviyyəsində deyil: “Hazırda əsas məsələ İsa bəyin başqan qalmasıdır. O, başqanlıqdan gedəcəksə, bu vəzifənin icrası növbəli də ola bilər. 2013-cü ildə ölkədə prezident seçkisi olacaq. Müsavat Partiyasının bütün diqqətini öz qurultayına, başqanlıq məsələsinə yönəltməsi prezident seçkisinin diqqətdən yayınmasına gətirib çıxara bilər. Başqan kim olursa olsun, narazılıqlar da olacaq. Əsas məsələ zamanın doğru seçilməməsidir. Yoxsa söhbət ondan getmir ki, İsa bəydən başqa heç kəs başqan ola bilməz.
Zamanı nəzərə aldıqda İsa Qəmbərin başqan qalması ən düzgün yoldur. Bu, çox adamın istəyidir. Mənim də fikrim belədir. Doğrudur, bəzi şəxslərin fikrinə görə, qərarlar nizamnaməyə tam uyğun olmalıdır. Lakin nəzərə almaq lazımdır ki, İsa bəyin başqan qalmasını istəyənlərin də kifayət qədər arqumenti var. Onlar xalqın mənafeyindən narahat olduqları üçün İsa bəyin başqan qalmasını istəyirlər.
Mehman Cavadoğlunun təklifinə hörmətlə yanaşıram. Amma söhbət hansı formada başqan seçilməyindən getmir. Əsas məsələ İsa Qəmbərin başqan qalmasıdır. Seçimlərin qurultaydan alınıb Məclisə verilməsi məsələsi isə müsavatçıların rəyindən, istəyindən asılı olacaq”.
Müsavat başqanının müşaviri Səxavət Əlisoy “Media forum”a söyləyib ki, başqan seçkisi ilə bağlı müxtəlif fikirlər mövcuddur: “Optimal yol tapılmalıdır ki, demokratiyaya, demokratik imicə zərər dəyməsin və partiyada parçalanma baş verməsin. Mehman Cavadoğlu həqiqi bir müsavatçıdır. O, partiyanın monolit olmasının tərəfdarıdır. Lakin Mehman Cavadoğlunun yeni təkliflərindən xəbərim olmadığı üçün buna münasibət bildirə bilmirəm”.
"Media forum"
“MÜSAVAT BAŞQANININ SEÇİLMƏSİ SƏLAHİYYƏTİNİ QURULTAYDAN ALIB MƏCLİSƏ VERMƏK OLAR”
