![]() |
| Hikmət SABİROĞLU |
Yanvarın 23-də “Media forum”da getmiş “Əziz dostlara” adlı yazıma bəzi dostların münasibətini bölüşmək istəyirəm. Buna ehtiyac var.
Adları çəkmirəm, sitatları gətirirəm: “Özünə “Manyak” təxəllüsü götür”; “Yazılarını oxuyub çox dilxor oluram”; “Nekroloqunu bəri başdan yazmısan”.
Reaksiyalardan görünür ki, əlavəyə ehtiyac var.
Əvvəla, dostlar, bir yazıdan böyük nəticələr çıxarmağa dəyməz. Qeyri-adi heç nə baş verməyib. Mənim yazılarımın böyük qismi bir-birinin davamıdır. Kiməsə təkrar yazılar kimi görünə bilər, amma bu gün yazdığımı dünənkinin təkrarı yox, davamı sayıram. Bu silsiləni ən ümumi şəkildə belə ifadə etmək olar: “Gəlin bir-birimizdən muğayat olaq, dostlar”.
“Əziz dostlara” yazısında da mən bunu demək istəmişəm: gəlin bir-birimizdən muğayat olaq. Mən özümə nekroloq yazmamışam. Demişəm gəlin bir-birimizin qədrini bilək.
Mənim yazım siz oxuyandan daha ağrılı və açığı, bir az qəzəbli idi. Yumşaltdım yazını. Çox yerini kəsdim. Ütülədim. Hər sözə heyfim gəlirdi, amma özümdə təpər tapıb doğradım.
...Yanvarın 23-də ürəyimdən keçdi ki, silim, rədd olub getsin. Amma özümü saxladım. Çünki dostlara deyiləcək sözüm vardı. Demək istəyirdim ki, gəlin bir-birimizdən muğayat olaq. Axı niyə bu qədər qəddarıq bir-birimizə, bu qədərmi çoxuq, bu qədərmi bir-birimizə artıqlıq edirik? Virtual dostların sayına baxmayın, dostlar, bir ovucuq, bir ovuc!
Beş-on cümləlik yazını üç günə, zülm içində yazmışdım.
Yurdum düşməndə olmasaydı, yanvarın 23-də yazını kompüterin yaddaşından silib havası qəddarlıqla zəhərlənmiş cəhənnəmdən biryolluq çıxıb gedəcəkdim! Bir də heç vaxt geri qayıtmamaq şərti ilə!
Özümdən hara qaçacaqdım, bunu bilmirəm, amma biryolluq Şuşaya gedəcəkdim.
Şuşaya getməyə imkanım yoxdur.
Dostlardan üz çevirmək isə çətindir.
...Oturub yazını ixtisar elədim. Ağrıları azaltdım. Qəzəbi yox elədim.
Sonra siz “Əziz dostlara” yazısını oxudunuz.
Reaksiyalarınıza baxdım, dostlar, gördüm nə demək istədiyimi xırdalamağa ehtiyac var. Demək istəyirdim ki, gəlin bir-birimizdən muğayat olaq.
Yenə deyirəm. Bir-birimizdən muğayat olaq.
Rahat olun, əziz dostlar, mən özgə heç nə demirəm.

