![]() |
|
İsmayıl İSMAYILOV ismail_i@rambler.ru |
Yanvarın 25-də “Xəzər” televiziyasının axşam xəbərlərində zəfəran mövzusunda süjet diqqətimi cəlb etdi. Hərə bir mövzu ilə maraqlanır, mən də zəfəranla. Bir neçə dəqiqəlik “şok” xəbərdə eşitdiklərim məni şoka saldı.
“Zəfəran istehsalçılarını maraqlandıran əsas məsələ məhsulun dünya bazarında satışıdır. Kiloqramı, keyfiyyətindən asılı olaraq, dünya bazarında 5-25 dollar arasında satılır. Bununla belə, bu sahə ilə məşğul olanlar azdır. Zəfəran təsərrüfatçıları dövlətdən dəstək gözləyir”. Müxbir belə dedi.
Belə bir məlumatın efirə verilməsi təəccüblüdür. “Zəfəranın 1 qramı qızıla bərabərdir” deyərlər. 1 kilo alma bəzən 5 dollardan baha olur, zəfəranın kilosu bu qiymətə ola bilərmi? 1 qramı nəzərdə tuturmuş yəqin.
Süjetdə zəfəran əkini ilə məşğul olan müsahibin fikirləri də təəccüb doğurur: “Bu il məhsuldarlıq aşağı olsa da, yəqin ki, gələcək illərdə daha yüksək qulluq nəticəsində, gübrədən istifadə nəticəsində, mikrogübrələrin, makrogübrələrin verilməsi nəticəsində məhsuldarlığı yuxarı qaldırmaq olar. Məsələn, biz təcrübə aparırıq. Molibden, sink gübrələri veririk və bunun nəticəsində getdikcə məhsuldarlığı artırmağa nail oluruq”.
Zəfərançılıqla məşğul olan hər bir fermeri dəstəkləmək lazımdır. Amma danışan şəxs bu sahədən uzaq adamdır yəqin. Zəfəran heç bir gübrəni sevməyən, heç bir kimyəvi mineralı qəbul etməyən çox nadir bitkilərdəndir. 4 il öncə Bilgəh “Zəfəran” sovxozunun keçmiş direktoru Vaqif Zeynalov “Media forum”a açıqlamasında bu məsələyə toxunmuşdu: “Biz zəfərana mineral gübrələr verməyi təcrübə etdik, amma xeyri olmadı. Soğanlar çürüyüb getdi”.
Zəfərançı bu bitkiyə üzvü peyindən başqa heç nəyin verilmədiyini gözəl bilir. İstər İspaniya, Fransa, İtaliya, istərsə də Hindistan, Əfqanıstan, İran olsun, məhsuldarlığı kimyəvi gübrələrlə artırmaq heç kimin ağlına gəlməz. Xeyri də yoxdur. Yüksək məhsul bir neçə faktordan - vaxtında yağan yağışdan, alağın təmizlənməsindən, torpağa kifayət edəcək peyin verilməsindən, soğanaqlara hava dəyməsi üçün zəfəran sıralarının bellə işlənməsindən asılıdır. Üstəlik, zəfəran özünə uyğun mühiti - nə çox soyuq, nə də çox isti - sevir.
Süjetdə bir xanım da zəfəran soğanaqlarını məhv edən həşəratlardan şikayətlənir, amma onun da yolu var. Sadəcə, soğanağı əkməmişdən öncə 1-2 saat manqanlı məhlulda saxlamaq, vaxtında yerini dəyişmək lazımdır.
Süjetdə zəfəranın dünya bazarında satış problemindən, bu sahə ilə məşğul olanların azlığından, zəfəran təsərrüfatçılarının dövlətdən dəstək gözlədiklərindən danışılır. Amma zəfəranın dünya bazarında satış problemi varmı? Əlbəttə, yox.
Bir-iki ilin söhbətidir, Fransadan bir həmyerlimiz elektron poçtuma yazıb məndən ildə 600 kilo zəfəran qurusu istəmişdi. Hansısa ədviyyə satan fransız şirkəti ilə əməkdaşlıq edən bu şəxs zəfəran haqda yazılarımı oxuyub bu sahə ilə ciddi məşğul olduğumu düşünmüşdü. Nəinki 600 kilo, heç 600 qram zəfəran qurusu tapmaq belə müşkülə çevrilib Azərbaycanda. Əkən var ki, dünya bazarında sata bilməyək?
Zəfəran təsərrüfatçıları dövlətdən dəstək gözləyir, yəni pul istəyirlər. Amma pul verəndə də arxasınca bir-iki zəfərançı yollasaq, yaxşı olar. Heç olmasa pulları gübrəyə-zada verib məhv edənlərdən qoruyarıq.
Müəllifin mövzu ilə əlaqədar digər yazılarına bax:
BƏNÖVŞƏYİ SARI ÇİÇƏK
İSMAYIL İSMAYILOVUN HEKAYƏLƏRİ
YEMƏLİ SƏMƏNİ
TELEVİZİYALARIN «PLAN VURMAQ» ƏMƏLİYYATLARI
KEÇMİŞ «ZƏFƏRAN» SOVXOZUNUN SABİQ DİREKTORU VAQİF ZEYNALOV: «ZƏFƏRAN HARAMÇILIĞI SEVMİR»

