![]() |
| Hüseyn İbrahimi |
İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü Hüseyn İbrahimi Avropaya neft ixracının dayandırılmasını parlamentdə müzakirəyə çıxaracaqlarını bildirib.
Yanvarın 23-də Brüsseldə bir araya gələn Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri quruma üzv ölkələrin İrandan neft idxalına, İranın Mərkəzi Bankına, bu ölkə ilə almaz və qızıl ticarətinə sanksiya qoyub. Qəbul edilmiş qərara görə, İran Mərkəzi Bankının Avropa Birliyinin banklarındakı bütün əmlak və vəsaitləri dondurulur, quruma üzv ölkələrin İranın Mərkəzi Bankı və İran hakimiyyətinin digər qurumları ilə almaz və qızıl sahəsindəki ticarəti yasaqlanır.
Avropa Birliyinin yaydığı bəyanatda həmçinin bildirilir ki, birliyin bir sıra ölkələrinin İrandan neft idxal etmək üçün Tehranla bağladığı müqavilələr bu ilin iyul ayına qədər qüvvədə saxlanacaq.
“Media forum” saytının məlumatına görə, Hüseyn İbrahimi deyib ki, Avropa Birliyinə neft ixracını dərhal dayandırmaq üçün hazırlanmış layihə yaxın bir neçə gündə parlamentdə müzakirəyə çıxarılacaq: “Biz Avropaya neft ixracını bir həftə içində dayandırmaq istəyirik. Hazırda Avropada qış mövsümü olduğunu, havaların kəskin soyuq keçməsini nəzərə alaraq bizim qəbul etdiyimiz bu qərar Avropa ölkələrinə böyük zərbə vuracaq, böhran içində olan Qərb ölkələrinin iqtisadiyyatını əvvəlkindən də çox zəiflədəcək”.

