![]() |
| Bahar Muradova |
Milli Məclis sədrinin müavini, hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova yanvarın 24-də “Media forum” saytına danışıb.
- Fransa Senatı qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu qəbul etdi. Bunu necə qiymətləndirirsiniz?
- Senat bununla bütün Avropa dəyərlərini, insan haqlarını, söz və ifadə azadlığını ayaqlar altına ala biləcək bir addıma razılıq verdi. Azərbaycan dövləti, parlamenti, vətəndaşları qanunun qəbul olunmaması üçün mümkün olan bütün addımları atdı. Biz Fransa Senatını xalqları bir-birindən uzaqlaşdıran, dostluq münasibətlərinə xələl gətirən bir qanunu qəbul etməməyə çağırmışdıq. Təəssüflər olsun ki, bizim çağırışımız eşidilmədi, Türkiyənin bəyanatlarını da nəzərə almadılar.
Senatı tarixə siyasi yanaşma sərgilədi. Fransa hazırda dünyada baş verən hadisələrə, haqsızlıqlara, insan haqlarının pozulmasına, millətlərin hüquqlarının tapdanmasına laqeyd qaldığı halda beynəlxalq təşkilatların heç bir rəsmi qərarı ilə təsdiqlənməyən qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanuna yaşıl işıq yandırdı. Fransa bununla özünü insan haqlarının müdafiəçisindən onun əleyhinə gedən bir dövlət, onun parlamenti kimi qələmə verdi. Biz buna təəssüf etməklə yanaşı bildiririk ki, bu qərarın acı nəticələri yalnız türklərə qarşı yönəlməyib, eyni zamanda fransızlara, Fransa vətəndaşlarına, Avropanın fərqli düşünən insanlarına qarşı yönəlib, onların fərqli düşünmək, onu ifadə etmək haqqı pozulub.
- Qanun layihəsi gündəmə gələndə Milli Məclis Fransa Senatına müraciət etmişdi. Hazırda parlament tətildədir. Parlament Senatın qərarını reaksiya verəcəkmi?
- Yaz sessiyası başlamamış Milli Məclisin qərara etiraz edəcəyini, mövqe bildirəcəyini söyləmək çətindir. Amma onu bilirəm ki, bütün deputatlar Senatın qərarına etiraz edir. Yəqin ki, deputatlar mövqelərini bildirəcəklər. Təbii ki, bu mövqe birmənalı mənfi olacaq. Fevralın 1-də isə Milli Məclisin yaz sessiyası başlayır. İlk iclas günü deputatlar bu məsələni mütləq gündəmə gətirəcəklər. Parlamentdə bu qərarı tənqid edən deputatlar çox olacaq.
- Türkiyə bu məsələdə Azərbaycandan dəstək istəyir. Senat qanunu qəbul etməmişdən əvvəl Milli Məclis müraciət etmişdi, Xarici İşlər Nazirliyi və rəsmilər bəyanat vermişdi. Azərbaycan Türkiyəyə dəstəyini davam etdirəcəkmi və bu, hansı formada ola bilər?
- Əsas odur ki, biz hər zaman bu məsələdə Türkiyənin yanında olduğumuzu bəyan edirik, rəsmi Ankaranın mövqeyini dəstəkləyirik. İlk növbədə görə biləcəyimiz iş budur. Çünki bu yalnız insan haqlarına, söz və ifadə azadlığına qarşı yönəlmiş bir təhdid deyil, eyni zamanda türklərə, türk dünyası əleyhinə atılan addımdır. Biz bunu hər zaman demişik, bu fikirlər Fransa Senatına göndərdiyimiz müraciətdə də əks olunub.
Bu qərarla Fransanın ATƏT-in Minsk qrupundakı fəaliyyətini də kölgə altında qoydular. Çünki erməni məsələsində bu qədər erməni mövqeyindən çıxış edən ölkənin ATƏT-in Minsk qrupunun həmsədri kimi bitərəf mövqeyi olacağına inam tamam heçə enir. Bizim bu məsələdə fəallıq göstərməyimiz yalnız Türkiyəni dəstəkləməklə bağlı deyil. Eyni zamanda bunu Azərbaycanın məsələsi kimi qəbul edirik. Çünki Fransanın bu qədər açıq formada ermənipərəst olması faktı ortada varsa, bu ölkənin digər bir erməni məsələsində, Dağlıq Qarabağ münaqişəsinin həllində bitərəf mövqe tutacağına inam yoxdur. Ona görə də Fransanın ATƏT-in Minsk qrupundakı fəaliyyətinin səmərəli olmayacağına dair fikirləri bölüşürük. Hesab edirik ki, Azərbaycan bununla bağlı mövqe bildirə bilər.
- Türkiyə prezidenti Abdulla Gül daxil olmaqla bu ölkənin rəsmiləri bir neçə dəfə Azərbaycanı Fransanın Minsk qrupundakı vasitəçiliyindən imtina etməyə çağırıblar. Azərbaycan Fransanın Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması məsələsini qaldıra bilərmi? Yalnız rəsmi Bakının tələbi ilə Fransanın Minsk qrupundan çıxarılması mümkündürmü?
- Fransanın Minsk qrupundan uzaqlaşdırılması mexanizminin nədən ibarət olması mənə məlum deyil. Həmsədrlikdən kənarlaşdırılma yalnız Azərbaycanın istək və etirazı ilə baş tutmaz. Hər halda biz mövqeyimiz bildirməkdə azadıq. Fransanın sülh danışıqlarında iştirak etməsinin səmərə verəcəyinə inamımız qalmayıb. Ona görə də Fransanın Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması məsələsi Azərbaycan cəmiyyətində, siyasi dairələrdə mütləq müzakirə mövzusu olacaq. Hesab edirəm ki, bununla bağlı fikirlərimizi deməliyik və buna görə bizi heç kim qınaya bilməz.
Fransa BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir. Rəsmi Parisin Minsk qrupunda olması məsələsində də bu amil əsas götürülüb. Əgər Fransanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan vasitəçilər missiyasında olması bu ölkənin ermənipərəst olduğunu ört-basdır etmədisə, Minsk qrupundan kənarlaşdırılması da bu mövqedən çəkindirməyə xidmət etməyəcək. Prosesin içində olan insan kimi gəldiyim qənaət bundan ibarətdir. Danışıqlar getdiyi müddətdə biz vasitəçilərin məsələyə obyektiv yanaşması üçün lazım olan bütün addımları atmışıq və bunu davam etdiririk. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, biz dostlarımızın sıralarını genişləndirməliyik. Bizə düşmən olan dövlətləri neytrallaşdırmağa çalışmalıyıq və bu imkanlardan Dağlıq Qarabağ münaqişəsinin həllində istifadə etməliyik.
Diplomatik münasibətlərdə, beynəlxalq əlaqələrdə dövlətlər arasındakı əməkdaşlığın soyuqlaşdığı, istiləşdiyi məqamlar da olur. Baş verən son hadisələr Türkiyə-Fransa münasibətlərinin ömürlük pisləşməsi, heç vaxt düzəlməyəcəyi demək deyil. Hər halda qəbul olunan qanun Nikola Sarkozi rejiminin öz ömrünü uzatmaq üçün atdığı addımlardan biridir. Bunu belə də qiymətləndirmək olar. Ola bilər ki, prezident seçkisində Nikola Sarkozi qalib gəlməsin, yaxud da qalib gəlsə belə, təzyiqlər, təhdidlər nəticəsində mövqeyini dəyişsin. Yeni gələn siyasi qüvvə tamamilə başqa mövqedə ola bilər. Bu da Türkiyə ilə Fransa arasında olan münasibətlərin yenidən normallaşmasına gətirib çıxara bilər.
Türkiyənin, Azərbaycanın, bu ölkələrin bütün dostlarının, məsələyə obyektiv yanaşan, məntiqlə düşünən diplomatların səyləri dövlətləri və liderləri belə zərərli hərəkətlərdən çəkindirməyə yönəlməlidir. Ona görə də proses davam etməlidir. Biz Fransa cəmiyyəti, ictimaiyyətin nümayəndələri, siyasi elitası ilə bu məsələlərlə bağlı əməkdaşlığı davam etdirməliyik. Hələ qarşıda bir mərhələ var. Prezident qanunu təsdiq etməlidir. Prezident qanunu imzalayanadək iş davam etməlidir. Diplomatik kanallarla bütün imkanlardan istifadə edib Nikola Sarkozini qanunu imzalamamağa inandırmaq lazımdır. Bu təzyiqləri daha çox Fransa cəmiyyətinin içindən təşkil etmək lazımdır.
- Azərbaycan Fransadakı səfirini məsləhətləşmək üçün geri çağıra bilərmi?
- Azərbaycan istənilən məsələdə hansı diplomatik addımlar atılmasının lazım olduğunu çox yaxşı müəyyən edir. Səfiri geri çağırmadan da məsləhətləşmək olar. Səfiri geri çağırmaq Türkiyənin etiraz forması idi. Bu o demək deyil ki, Azərbaycan da bunu təkrarlamalıdır. Azərbaycan bəyan edib ki, bütün istiqamətlərdə Türkiyənin yanındadır və bütün səylərini məsələnin həllinə yönəltməyə çalışır. Diplomatik imkanlardan məsələnin həllinə çalışmaq lazımdır, onu dərinləşdirməyə yox.
İmdad ƏLİZADƏ



