
“Media forum” saytı polyak yazar Anjey Zaniyevskinin şeirlərini təqdim edir. 1939-cu il təvəllüdlü Anjey Zaniyevski şair, nasir, filosof, ədəbiyyat tənqidçisi və mahnı mətnlərinin müəllifidir. Şeirləri Rəfail Tağızadə tərcümə edib.
***
Mənəviyyat zərurətdən doğur; zərurətin
arxasında mənəviyyat yoxdur.
Həmçinin azadlıq yoxdur, azadlığa aparan yollar var,
ancaq sən yenə də inkar edirsən
və sən özün özünə qəzəblənirsən.
Mənəviyyat bu azadlıqdan qaynaqlanmalıdı,
lakin azadlıq qısa müddət davam edir,
mənəviyyat isə əbədi olmalıdı.
Mənəviyyat beş dəqiqə boyunca, daha sonra....
Mənəviyyat il boyunca, bəs sonra.....
Sənin azadlıq istəyin olmadan azadlıq olmaz,
mənəviyyat isə sənin istəklərini məhdudlaşdırır.
Mənəviyyat azadlığı inkar edir,
azadlıq isə mənəvi ola bilmir.
Mənəviyyat sənin əl-qolunu bağlayıb!
Azadlıq isə səni xilas etməlidir!
Tarixə nəzər salaraq: Mənəviyyat və Azadlıq heç vaxt
biri-birini sevməyiblər.
Müəllim təkbaşına söz axtarır
tərbiyəçim Vanda Çişevskinin
xatirəsinə
Sənin müəllimin tək qalıb,
küləyin əlləri ilə qapalı,
unudulmanın tənha otağında.
Onun yalnızlığını başa düşmürsən,
onu eşitmək istəmirsən.
O, səni pisliklərdən qorumaq istəyir,
ancaq sən onun xəbərdarlığından qaçırsan......
Deyəndə ki, sənin yolun çətin olacaq,
vecsiz-vecsiz gülürsən.
O, səninlə həyatdan danışır, anlayırsan,
zamanın tezliyinin
və Ölümün cansız qanadlarını tanıyırsan?
O da şagird olub,
artıq dəyərini, biliyinə görə necə qiymətləndirildiyini bilir,
ona görə səni cəzalandırmaq istəmir....
Sənin müəllimin bilir ki, sən də
müəllim olmaq istəyirsən,
və sənə görə qorxur və təkrarlayır:
- Unutma, heç bir şagirdə haqsızlıq etməyə
haqqın yoxdur.
Açarın ideyası
Açarlar qisasçı olurlar,
bilərəkdən itirlər,
yox olurlar, gizlənirlər,
sən onların mənasını unudanda.
Açarsız yaşamaq çox ağırdı, lakin
onun əsiri olmaq – acıdır.
Yalnız açarı itirəndə,
özünə gəlirsən,
mənanı anlayırsan.
Sonra açarı ovcuna alırsan,
onu bərk-bərk tutursan,
qorxursan buraxmağa.
Yorulana qədər.
Unudana qədər.
Sindbad
Sindbad!
Səni gözləyir,
Deqallar, təpəgözlər, rəngli ilanlar,
ölülər adası mövsümü quşlar,
mahnı zümzümə edən Dəniz Şeytanı.
Sindbad yuxuya gedib.
Sindbad!
Səni gözləyir,
almazlar, pəri sarayındakı rəqs,
yadellilərin diri dəfni,
maqnetik-təəccüblü qasırğa.
Sindbad yuxuya gedib.
Sindbad!
Səni gözləyir,
görməmiş dənizçi baxışları,
fillərin, divlərin, həşəratların məzarları,
insan çiynindəki qurumuş qoca.
Sindbad yuxuya gedib.
Sindbad!
Səni gözləyir,
kraliça,
dəniz atı, gurultulu arfa, oxşar
balina cəmdəyi, yuxulu insanlar,
“Bənövşə” gülü.
Sindbad yuxuya gedib.
Mənə sonuncu ayinləri gətirən keşişə
Əgər Tanrı mövcud deyilsə,
sən mənə lazım deyilsən
sənin cəhdlərin faydasızdır.
Əgər Tanrı mövcuddursa,
sən daha çox faydasızsan,
çünki Tanrı ən əla varlıqdır,
ona qeyri-mükəmməl vasitəçilər lazım deyil.
Lakin əgər biz Tanrını yanlızlıq və ürək
ehtiyacından kəşf ediriksə,
özümüzə haqq qazandırmağa çalışarkən
biz bu komediyada oynayırıq.
özünü tülkülüyə qoyduğun neçə əsrlər boyu
- lazımsan sən.
Bəlkə Tanrı bizə şübhə dolu sözləri diktə edir?


