![]() |
| Elxan ŞAHİNOĞLU |
Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçi görüşü yekunlaşdı, birgə bəyanat qəbul olundu.
Proqnozlaşdırıldığı kimi, bu görüşdən real nəticə çıxmadı. Prezidentlərin qəbul etdiyi birgə bəyanatda yeni heç nə yoxdur. Əksinə, Rusiya prezidenti Dmitri Medvedyevin vasitəçiliyi ilə əvvəlki illərdə qəbul olunan bəyanatlar indikindən daha məzmunlu idi. Sanki prezidentlər bəyanata hansısa bir sənəd qəbul etmək xatirinə imza atıblar.
Görünür, İlham Əliyev və Serj Sərkisyan bununla Dmitri Medvedyevin xətrinə dəymək istəməyiblər. Çünki Medvedyev iki aydan sonra prezident vəzifəsi ilə xudahafizləşəcək. Bu onun prezident qismində azərbaycanlı və erməni həmkarları ilə son görüşü idi. Görüş tam nəticəsiz qalmasın deyə Medvedyev həmkarlarının qarşısına belə bir bəyanat qoyub. Onlar da bunu imzalamaq məcburiyyətində qalıblar. Ancaq bu bəyanat münaqişənin ədalətli həllini sürətləndirmək iqtidarında deyil.
Birgə bəyanatdakı “əsas prinsiplərin razılaşdırılması istiqamətində irəliləyiş əldə olunub” fikri heç bir yük ifadə etmir. 18 ildir imzalanan sənədlərdə bu kimi cümlələri çox görmüşük. Soçi görüşü o zaman uğurlu olardı ki, tərəflər baza prinsipləri ilə bağlı saziş imzalamağa yaxın olduqlarını bildirsinlər. Ancaq Bakı ilə İrəvanın Qarabağ münaqişəsinin həllinə baxışındakı ciddi fərqlər belə bir açıqlamanın Soçi bəyannaməsində yer almasına imkan verməyib.
Soçi görüşündə kiçik bir yenilik ondadır ki, Rusiya Azərbaycanla Ermənistan arasında xalq diplomatiyasının genişlənməsinə təkan vermək istəyir. Yəni Kreml Azərbaycanla Ermənistan arasında humanitar təmasların artmasında maraqlı olduğunu vurğulayır. Görək Kreml bu istəyində nə qədər irəliyə gedə biləcək.
Kreml heç olmasa bu istəyində uğur qazana bilərmi?
Məsələ bundadır ki, Azərbaycanla Ermənistan arasında xalq diplomatiyası Rusiyanın vasitəçiliyi olmadan da pis-yaxşı mövcuddur. Ancaq hadisələrin gedişi göstərir ki, xalq diplomatiyası münaqişənin ədalətli həllini sürətləndirmək iqtidarında deyil. Xalqlar arasında inamın yaranması üçün lik növbədə işğal altındakı torpaqlar boşaldılmalıdır, bu istqamətdə isə heç bir addım atılmır. Bu baş verərsə, inanıram ki, iki ölkə arasında humanitar məqsədli təmaslar xeyli güclənər.
Soçidə Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə Azərbaycan Dövlət Neft Şirkəti ilə Rusiyanın “Qazprom” şirkəti arasında razılaşma da imzalandı. Razılaşma Azərbaycandan Rusiyaya satılan qazın həcminin iki dəfə artırılmasını nəzərdə tutur.
Medvedyevin vasitəçiliyi ilə keçirilən son görüş əslində elə bu anlaşma ilə yadda qalacaq. Bu razılaşma üç prezidentin birgə bəyanatından daha tutarlı və işlək mexanizmə malik sənəddir. Kremlə də məhz belə sazişlər lazımdır, nəinki Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirmək...
Beləliklə, Qarabağ danışıqları Soçi görüşündən sonra da əvvəlki nöqtəsində qalır.
Azərbaycan prezidenti İlham Əliyev Soçi görüşünə az əvvəl, yanvarın 16-da Nazirlər Kabinetinin iclasında söylədi ki, müharibə ehtimalını gündəmdən çıxarmaq və status-kovunu saxlamaq istəyi ilə razılaşmayacaq.
Soçi görüşündən iki gün qabaq, ayın 21-də İlham Əliyev Gorandoydakı hərbi hissədə bir daha bəyan etdi ki, müharibə variantı hər zaman gündəmdədir.
Azərbaycan prezidentinin hər iki mesajı İrəvandan çox Moskvaya ünvanlanıb. Yəni İlham Əliyev Soçidə Medvedyevlə görüşdə ona minnətdar olduğunu söyləsə də, reallıqda hazırkı danışıqlar prosesindən narazıdır. Buna baxmayaraq, Rusiyanın sırf imitasiya xarakteri daşıyan vasitəçiliyindən də imtina edə bilmir.



