![]() |
| Hikmət SABİROĞLU |
Siz o adamı canını qoymağa yer tapmayanda görmüsüz. Gözü nəmlənəndə görmüsüz. Elə bilmisiz o adamın nə çəkdiyini görmüsüz.
Siz o adamın nə çəkdiyini görməmisiz – üzə çıxara bilməyib. Siz o adamın nə çəkdiyini görməmisiz – o adam dərdi Allahdan da gizlətməyə çalışıb.
Dərdi Allaha da qısqanan adamın bəndə rəhminə ehtiyacı olarmı? O adam dərdin bir misqalını kiminsə rəhmi üçün yox, dərdin axırına çıxmaq üçün, dərdin onu vaxtsız bitirməməsi üçün dilə gətirir.
O adam hər vaxt Allahın rəhmli olduğuna inandı. Dərd üstünə dərd gələndə də inandı. Amma heç vaxt bəndədən mərhəmət ummadı. Canının yarısını aparan adamların dalınca getmədi. Sevgi, mərhəmət istəmədi. O adam, sadəcə, yanmaya, ağrımaya bilmədi. Siz bu yanğının, ağrının bir misqalına şahidsiz.
O adam yurd yoxluğu çəkir. Dağ başından yuvarlanıb param-parça olmuş adamların qəbirləri arasında dolaşa-dolaşa.
O adam yurd kimi əziz adamların ağrısını çəkir. Şirin və acı xatirələr içində çapalaya-çapalaya.
O adam çox acı çəkir. Bütün acıları sevgi ilə yenəcəyinə inana-inana.
...Başının üzərinə yad bayraq qaldırılmış o adamın dərdi bitəcək. Yurdu salamat görəndə. Yurd kimi istədiyi adamlardan nigaran olmayanda. Dostların bir tükününün də ağrımadığını görəndə. Rahat olacaq.
Ya da o adam dərdin yenildiyi, təslim olduğu günü görməyəcək. Dərd o adamı bitirəcək. Rahat olacaq.
Siz bəri başdan rahat olun, əziz dostlar. Dərd bölüşməklə bitməz. Dərd ya bitər, ya adamın özünü bitirər.



