![]() |
|
Mübariz ƏHMƏDOĞLU Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri |
Türkiyə-Azərbaycan münasibətlərində baş verənlər uzun müddət aktual olacaq. Bu il yanvarın 5-də “Media forum” saytında dərc olunmuş “Ermənilər və Türkiyə 2015-ci il ərəfəsində: nə etməli?” adlı yazımdakı bütün fikirlərimi bir daha təsdiq edərək, bu mövzuya yenidən qayıtmaq zərurəti meydana çıxdı.
Bəzən adama elə gəlir ki, Türkiyə elə həmin uzun müddətə hazırlaşır. Türkiyənin Azərbaycan cəmiyyətinə sevgisi olduğu üçün bu cəmiyyəti ən detallı formada öyrənmək istəyir. Misal üçün, necə olur ki, bəlkə də farsdan da gözəl fars dili nümunələrini, mədəniyyətini yaradanlar və yaşadanlar azərbaycanlılar olublar? Və yaxud slavyan xalqlarını çıxmaq şərtiylə, rus dilində ləhcəsiz danışmağı bacaran Azərbaycan sosiumunda nəyə görə indinin özünədək rus ədəbiyyatı, mədəniyyəti, dili qalmaqdadır? Ola bilər, bunun üçün Türkiyə müəyyən miqdarda siyasilərimizi və ekspertlərimizi təcrübəaltı obyektə çevirib. Dadaş Bünyadzadələrin yaranma mexanizmini öyrənmək istəyir.
İsrail-Türkiyə münasibətləri hələ normallaşmayıb, amma Türkiyədən Azərbaycana qarşı “İsraillə əlaqəni kəs” diktəsi artıq yoxdur; onu “Fransa ilə əlaqəni kəs” və ya “Fransanı Minsk qrupundan qov” diktəsi əvəzləyib. Türkiyə ilə Fransa arasındakı münasibətlərdə, demək olar ki, heç nə dəyişməyib: çağırdığı səfirini geri qaytardı; iqtisadi-hərbi əlaqələr olduğu kimi davam edir. Əgər kimsə Türkiyədə istehsal olunan tualet kağızlarında Sarkozinin adının yazılmasını dəyişiklik hesab edirsə, sabahdan bizim iş adamları da nəinki tualet kağızlarına, hədsiz çox yerə Sarkozinin adını yaza bilərlər.
ATƏT-in Minsk qrupu vasitəçiliyinin iflasda olduğunu hətta həmsədrlər özləri də başa düşüblər. Bu yaxınlarda postunu başqa həmvətəninə təhvil vermiş, Minsk qrupunda Fransanı həmsədr kimi təmsil etmiş Bernar Fasye Dağlıq Qarabağ münaqişəsinin həllində başqa qurumların da vasitəçilik etməsinə Minsk qrupunun etiraz bildirməyəcəyini dedi. Dağlıq Qarabağ problemi həll ediləcəyi təqdirdə, ATƏT-in Minsk qrupunun vasitəçiliyinə, o cümlədən Fransanın həmsədrliyinə ehtiyac qalmayacaq. Türkiyə Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini artırmaqla, müharibəyə doğru daha sərt mövqe nümayiş etdirməklə Fransanı ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdıra bilər. Bunu heç Azərbaycana deməyə ehtiyac qalmayacaq. İndiki halda isə Fransanı həmsədrlikdən uzaqlaşdırmaqla bağlı Türkiyənin Azərbaycan Respublikası qarşısında qaldırdığı məsələ, ən azı, məntiqsizdir. Çünki qərarlar konsensusla qəbul edilir. Bizim və Ermənistanın bu məsələdə konsensusa malik olmağımız mümkün deyil.
Suriya da daxil olmaqla, bütün ərəb dünyasında baş verənlər Fransa və ABŞ üçün mühüm əhəmiyyətə malikdir. Bu proseslər hər iki dövlət üçün həyati zərurətə çevrilib. Türkiyə ərəb dünyasındakı proseslərdə ABŞ və Fransanın mövqeyini dəstəkləməyəcəksə, Fransa və ABŞ ciddi ziyan çəkə bilər. Belə olan halda, ABŞ və Fransa erməniləri ayağının altına atıb tapdaya bilər: qonaq kimi gəlmisən, özünü ölkənin ağası kimi aparma. Türkiyə isə bunu etmək əvəzinə Fransa və ABŞ-la birlikdə qonşuluğundakı Suriyanı böyük qeyri-sabitlik ocağına çevirir. Sonda özü əziyyət çəkə bilər.
Fransa ilə münasibətlərini sonadək ayırd etməmiş Türkiyənin Fransa məsələsində Azərbaycandan onu dəstəkləməyi təklif etməsi, ən azı, məntiqsizlikdir. Əgər Türkiyə və Fransa birlikdə Suriyanı boğursa, bəs bunların düşmənçiliyi necə olmalıdır? Əgər Türkiyə Fransanın yaxından iştirak etdiyi Qərbin strateji konsepsiyasını ərəb dövlətlərində reallaşdırırsa, onda Fransa ilə Türkiyənin qarşıdurmasının əlamətlərini biz harada axtarmalıyıq? Türkiyənin Fransaya tətbiq etməli olduğu sanksiyaları hədsiz çoxdur. Sadəcə, səfiri geri çağırdı, sonra da geri qaytardı. Erməniləri Türkiyəyə qarşı hücuma ruhlandıran ən birinci parametr məhz Türkiyənin, xüsusilə indiki hakimiyyətin Türkiyənin milli maraqlarını müdafiə etməkdə sonadək fəaliyyət göstərməməsidir. Bunun asan yolu var:
- Türkiyə Fransa ilə bütün - geosiyasi, siyasi, iqtisadi, hərbi, humanitar əlaqələri dayandırır;
- Türkiyə Fransaya qarşı qəbul etdiyi sanksiyaların aradan qaldırılması şərtlərini müəyyənləşdirir və bunları qanuniləşdirir;
- Türkiyə Böyük Millət Məclisi Türkiyə-Fransa münasibətləri ilə bağlı yuxarıdakı məzmunda qanun qəbul edir və qanunun icrasına nəzarəti Türkiyənin milli və tarixi məsələlərinə digər partiyalara nisbətən daha diqqətli olan Millətçi Hərəkat Partiyasına tapşırır.
Türkiyə ABŞ və Fransadan “erməni soyqırımı” ilə bağlı qəbul etdikləri bütün qərarları ləğv etməyi və bundan sonra “erməni soyqırımı”nı müzakirəyə çıxarmayacaqları barədə qanuni öhdəlik götürməyi tələb etməlidir.
Xocalı soyqırımının Türkiyə Böyük Millət Məclisində rəsmən soyqırımı kimi tanınması barədə məsələ qaldırmaq nə Türkiyədə, nə də Azərbaycanda olan bəzi siyasətçilərin qətiyyən yadına düşmür. Türkiyə “erməni soyqırımı”nın tanınmasına qarşı Xocalı soyqırımını rəsmən tanıyıb, qoya bilər. Ən azı, Qərb dövlətləri Türkiyənin bu addımının qarşısında “erməni soyqırımı”nı tanımayacaqlar. Başqa sözlə, Xocalı soyqırımının tanınması məsələsi “erməni soyqırımı”nın tanınması məsələsinin qarşısını alacaq.
Türkiyə bunları etməməsinin səbəbini niyə açıqlamır və ya bu on addımları atmağa nə mane olur, bəlli deyil!
Erməni məsələsində Türkiyənin davranışı ümumiyyətlə anlaşılmazdır. Əvvəlcə Türkiyə-Ermənistan düşmənçiliyi olub, sonra isə erməni-azərbaycanlı düşmənçiliyi yaranıb. Yəni bu gün ümumilikdə erməni məsələləri Şərq məsələsi - Erməni məsələsi - Dağlıq Qarabağ məsələsi istiqamətində hərəkət edib. 1890-cı illərdə Osmanlı ərazisindəki ermənilərlə bağlı baş verənlər həmin dövrdən ermənilərin Qafqaz regionuna yolunu açdı. Səbəbkar bəllidir: həm Türkiyə, həm də İrana qarşı müharibədə ermənilərdən istifadə edən Rusiya zaman-zaman onları təhlükədən qurtarmaq məqsədilə heç bir zaman yaşamadıqları Qafqaza köçürdü. Bakıdakı 1905 və 1918-ci il erməni hadisələri də öz mənşəyini 1890-cı il hadisələrindən götürüb. İndi bəzi Türkiyə siyasətçiləri özlərini elə aparırlar ki, guya Qarabağ məsələsinə görə ermənilər türklərlə düşməndirlər. Bu mövzuya bir də qayıdacağıq, amma bir şey aydındır ki, XIX əsrin ikinci yarısından rus-türk münasibətlərinin ən çox zərərini görən Qafqaz, xüsusilə Azərbaycan olub.
Dağlıq Qarabağ məsələsinin həlli üçün Türkiyənin qətiyyətli mövqeyi lazımdır. Dağlıq Qarabağ probleminin həll edilməməsi Azərbaycanın daxili və xarici siyasətində bütün davranışına təsir edir. Əgər Türkiyə Azərbaycanı öz torpaqlarını işğaldan azad etmək uğrunda müharibədə dəstəkləyəcəyi ilə bağlı bəyanat verərsə, bunun elə özü Ermənistanda və onun havadarlarında müharibə effekti yaradacaq. Müharibə effekti yaratmaq elə müharibə deməkdir. Hamı müharibənin olmamasına çalışan bir zamanda Türkiyə ilə Azərbaycan müharibənin reallığını ortalığa qoya bilsə, Qarabağ problemi qısa müddət ərzində həll oluna bilər. Türkiyənin belə bir bəyanatı varmı? Niyə yoxdur? Uzun müddət bunu Türkiyənin NATO üzvü olması ilə əlaqələndirdilər. İndi, əgər Türkiyə NATO üzvü olan Fransaya qarşı hərbi sanksiya tətbiq edə bilirsə, o zaman niyə NATO üzvü olan Türkiyə Azərbaycanın müharibə ilə bağlı mövqeyini dəstəkləyə bilmir?!
Sürix danışıqları boyu rəsmi Ankara bir-iki dəfə Azərbaycana sadəcə məlumat verib; qətiyyən Azərbaycanın mövqeyini nəzərə almadı. Sürix protokollarında Dağlıq Qarabağ probleminin şərt olması ilə bağlı deyilənlər ermənilərin şübhələrinə söykənir və bu protokollarda açıq mətnlə Dağlıq Qarabağ probleminin həllinə dair heç nə yoxdur. Ərazi bütövlüyü prinsipinin müdafiəsi isə bütün dövlətlərə aid dövlətlərarası müqavilələrdə ən çox təsbit olunan məsələdir. Sürix protokolları Ermənistanın Konstitusiya Məhkəməsinin qərarından sonra tamamilə Türkiyənin əleyhinə çevrildi.
Sürix protokollarının imzalanmasının qarşısını almaqla Azərbaycan təkcə özünü yox, Türkiyəni də böyük bir bəladan qurtardı. Ermənilərin Türkiyəyə qarşı mübarizəsi kəsilməzdir. Ermənilər arasında bu mövzuda polemika mövcuddur. Belə ki, ermənilərin böyük əksəriyyəti Türkiyəyə qarşı mübarizənin ən sərt, ən kəskin formalarından istifadənin tərəfdarı olsa da, kiçik bir qrup erməni Türkiyənin daxildən və tədricən ermənilərin qarşısında əyilməsinə nail olmaq istiqamətində mübarizənin tərəfdarıdır. ABŞ və Fransa erməniləri məhz bu mövqeni seçməyə təhrik edirlər və özlərinin də həmin mövqedə ermənilərin Türkiyəyə qarşı mübarizəsinə dəstək verəcəklərini bildirirlər. Başqa sözlə, Sürix protokolları Hrant Dink metodu ilə Türkiyəyə qarşı daxildən mübarizə aparmaq məqsədilə ermənilərin Türkiyənin daxilinə girməsinə hüquqi və siyasi əsas yaradan sənədlərdir. Ermənistan prezidenti Sürix protokollarını Ermənistan parlamentindən geri çəkmədən, ən azı, son bir neçə ayda Türkiyəyə qarşı iki dəfə ən kəskin ifadələr işlədib: Ermənistan gənclərini Ağrı dağını almağa çağırış edən Serj Sərkisyana qarşı rəsmi Ankara hansısa bir addım atdımı? İtaliyada, Avropanın orta göbəyində Sərkisyan Türkiyəni diz çökdürəcəklərini bəyan etdi, bütün Avropa mətbuatı isə onun bu fikirlərini yaydı. Rəsmi Ankara Ermənistana cavabını ortalığa qoydumu?!
Sanksiya Fransadan qabaq Ermənistana tətbiq edilməlidir. Çünki Fransanı da, ABŞ-ı da yerindən oynadan ermənilərdir. Bu gün Türkiyənin Ermənistana qoyduğu sərmayə erməni diasporunun Ermənistana qoyduğu sərmayəyə bərabərləşib. İndi reallıq elədir ki, ABŞ-da, Fransada və əksər ərəb dövlətində yaşayan ermənilərin sayı Türkiyədə yaşayan ermənilərin sayından dəfələrlə çoxdur. Amma bu ölkələrdə erməni dilində dövlət büdcəsi hesabına məktəb olmadığı halda, rəsmi Ankara Türkiyədə dövlətin hesabına erməni məktəblərinin fəaliyyət göstərməsini izah edə bilərmi?!
Fransanın ATƏT-in Minsk qrupundakı həmsədrliyi məsələsi kifayət qədər diqqət mərkəzindədir. Fransanın həmsədr təyin olunmasına Azərbaycanın münasibəti bəllidir. Vaxtilə prezident Heydər Əliyev həm o zamankı Fransa prezidenti Jak Şirakla görüşündə, həm də mətbuatda aşkar şəkildə bildirmişdi ki, Azərbaycan Fransanın həmsədrliyinin əleyhinədir. Tutaq ki, Azərbaycanı Fransanı həmsədr kimi qəbul etməyə məcbur etdilər və o, Minsk qrupunda Fransanın həmsədrliyinə səs verdi. O zaman Türkiyə Minsk qrupunun üzvü kimi bu qərara konsensus verməyə bilərdi. Əksinə, bəzi məlumatlara görə, Azərbaycanın rəhbərliyinin o zamankı mövqeyinin yumşalmasında Türkiyə rəsmilərinin rolu olub. İndi Fransanın mövqeyi ermənipərəstlikdən xeyli uzaqlaşıb. Artıq Fransa Dağlıq Qarabağı Azərbaycanın coğrafi ortasında olan Azərbaycan ərazisi hesab edir. Fransanın mövqeyinin Azərbaycana tərəf dəyişdiyi bir məqamda Türkiyə niyə bunları görmək istəmir?
Heydər Əliyev ikinci dəfə prezident seçildikdən sonra ilk səfərini Fransaya etdi. Bununla da Azərbaycanda seçkidən sonra Avropaya ediləcək ilk səfərin marşrutunu müəyyənləşdirdi. Azərbaycanın Fransa istiqamətindəki siyasətində işlərin effekt yaratması Azərbaycan tərəfindən əlavə addımların atılmasına əsas yaratdı. Səhv etmirəmsə, məhz başlanğıc müvəffəqiyyəti daha da möhkəmləndirmək məqsədilə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Parlamentin ABŞ-Azərbaycan dostluq qrupundakı sədr postunu Azərbaycan-Fransa dostluq qrupundakı sədr postuna dəyişdi. Həmin siyasətdir ki, Fransanı Dağlıq Qarabağı Azərbaycanın ortasında olan ərazi kimi tanımağa məcbur edib.
ABŞ başda olmaqla, Qərbdə, o cümlədən Fransada müəyyən qrup siyasilər həmişə çalışıblar ki, Türkiyə və Azərbaycanı bir-birindən ayırsınlar. Barak Obama ABŞ prezidenti postuna gələndə Azərbaycana ayırdığı rolu yada salmaq lazımdır: eynilə Türkiyənin əyninə biçdiyi kostyumu Azərbaycana geyindirmək istəyirdi. Azərbaycan kiçik dövlət olsa da, həmişə hansı tərəfdən gəlməsindən asılı olmayaraq, Türkiyə ilə Azərbaycanın arasına girmək istəyən qüvvələrə qətiyyətlə yox deyib. Amma bu gün Türkiyə və Azərbaycanın arasını korlamaq istəyənlər, ermənipərəstlər Türkiyənin daxilində Azərbaycana tərəf gəlirlər. Bunların qarşısında acizik. Türkiyə bir şərtlə Azərbaycanı riskli bəyanatlardan, addımlardan çəkindirmək əvəzinə, Azərbaycanda da bir qrup siyasətçini ələ alıb Türkiyənin özünün edə bilmədiyi və ya cəsarət etmədiyi işləri Azərbaycanın əli ilə görmək istəyir. Bu gün Azərbaycan üçün risk qat-qat böyükdür. Bu risklərdən bir neçəsini xatırladaq.
İranda yerindən duran ayətullah sübh namazından qabaq Azərbaycana necə barmaq silkələyəcəyini düşünür. Ayətullahların yaratdığı tədqiqat mərkəzləri Azərbaycanın dövlətçiliyini ümumiyyətlə qəbul etmir. İranda hər gün (sözün birbaşa mənasında - hər gün) Azərbaycanın ərazi bütövlüyü dövlət səviyyəsində inkar olunur. Türkiyənin hansısa siyasətçisi, eksperti buna münasibət bildiribmi? Əksinə, Türkiyənin bəzi təşkilatları, siyasiləri, ekspertləri İranın mövqeyini müdafiə ediblər. “Məzlumder” təşkilatının verdiyi bəyanatlarla, keçirdiyi tədbirlərlə Türkiyə siyasətçiləri zəhmət çəkib tanış olsunlar və bu təşkilatın iranpərəst, antiazərbaycan mövqeyinə Türkiyənin hansısa bir siyasətçisinin mövqeyini ortalığa qoysunlar.
Rəsmi Tehran Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanımır. Üçtərəfli Urmiya bəyanatının altında qolu olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bunu çox gözəl bilir. Rəsmi Ankara Azərbaycanın ərazi bütövlüyünə neqativ münasibətinə görə İrana bir dəfə də olsun münasibət bildirməyib.
Ermənipərəst ruslarla ruspərəst ermənilər İran ətrafındakı vəziyyətdən istifadə edib, Ermənistanı daha da qabağa salmaq istəyirlər. Onlar MDB nizamnaməsinin 12-ci maddəsini aktuallaşdırmaq istəyirlər. İranda müharibə başlaya bilər və başlanan müharibə MDB-nin təhlükəsizliyinə, xarici sərhədlərinə zərər vura bilər. O baxımdan 12-ci maddənin tələblərinə əsasən Azərbaycan Rusiya qoşunlarına bütün İran-Azərbaycan sərhədini, o cümlədən işğal altında olan sərhədləri qorumağa imkan verməlidir. Azərbaycana müstəqillik hər şeydən əziz olduğu üçün sərhədlərinin Rusiyaya qoşunları tərəfindən qorunmasına icazə verməyəcək. Beləliklə, Ermənistan bundan istifadə edib Rusiya qoşunlarını həm Ermənistan sərhədlərini, həm də Azərbaycanın işğal olunmuş ərazilərində çəkdiyi sərhədləri qorumağa dəvət edəcək. Bu da nəticədə Rusiyanın Dağlıq Qarabağı müstəqil tərəf və ya Ermənistanın ərazisi kimi tanıması deməkdir. Nədənsə Türkiyənin mənşəyi bəlli olmayan göstərişlərini yerinə yetirməyə hazır olan bütün çeşidli siyasətçilərimiz işin bu tərəfini Türkiyənin qarşısında qaldırmaq istəmirlər, amma Azərbaycanı təhrik edirlər ki, Fransanı da özünə düşmən etsin. Türkiyə İranda gedən proseslərin Azərbaycana yarada biləcəyi ehtimali təhlükənin qarşısını almaqla bağlı məsləhətləşmə aparıbmı? Aparıbsa, kiminlə aparıb? Türkiyə və Azərbaycan İranda müharibə olacağı təqdirdə hansı istiqamətdə fəaliyyət göstərəcəklər?!
Əlbəttə, deməyə söz çoxdur. Amma bu hələ ideyaların və fikirlərin heç də ən kəskini deyil. Türkiyə özü hər hansı bir düşməninə qarşı ardıcıl və davamlı siyasət apardıqdan sonra Azərbaycandan bunu tələb edə bilər. Fransa məsələsi 2007-ci ildən gündəlikdədir. 2007-ci ildən üzü bəri isə Türkiyə Fransa ilə iqtisadi münasibətlərini, ən azı, 2.3 dəfə artırıb, hərbi-texniki əməkdaşlıq 7-8 dəfə çoxalıb. 2007-ci ildə Fransanın “erməni soyqırımı” ilə bağlı oyunlarından, Serj Sərkisyanın Türkiyənin ərazi bütövlüyünə iddiasından və Türkiyəni diz çökdürmək niyyətindən sonra Türkiyənin “Beko” şirkətinin Dağlıq Qarabağda nümayəndəlik açdığı bəlli oldu. Hadisələr belə istiqamətdə davam edərsə, bəlkə Türkiyənin hansısa bir şirkəti Ağdamın erməni işğalında olan hissəsində nümayəndəlik açmaq fikrinə düşə bilər. Rəsmi Ankara və ya hər hansısa bir Türkiyə siyasətçisi və ya hər hansısa bir Azərbaycan siyasətçisi “Beko” şirkətinin Dağlıq Qarabağda nümayəndəlik açmasına, fəaliyyət göstərməsinə münasibət bildiribmi? Bildirməyibsə, səbəb nə olub?
Türkiyə sabah Fransa ilə münasibətləri yenidən istiləşdirdikdən sonra Fransa Azərbaycana qarşı sərt-neqativ münasibət yolunu seçə bilər. Başqa dövlətlərin qarşısında Azərbaycanı müdafiə etməyən Türkiyə Fransa ilə də münasibətdə Azərbaycanı müdafiə etməyəcək.
Azərbaycan Qafqaz kimi mürəkkəb regionda müstəqilliyini və var dövlətini qoruyub saxlamaq üçün bütün resurslara malikdir. Azərbaycanın maraqlarını nəzərə almadan Türkiyəni müdafiə edənlər isə özləri əməllərinə fikir versələr yaxşıdır.
O da nəzərə alınmalıdır ki, Azərbaycan tək və ya yeganə türkdilli dövlət deyil. Belə məsələlərdə Türkiyənin Azərbaycana qarşı digər türkdilli dövlətlərdən fərqli mövqeyinin kökünü bizim bəzi siyasilər özlərinin hərəkətlərində axtarsaydılar və bunun qarşısını alsaydılar, bununla Türkiyə-Azərbaycan qardaşlığına daha çox fayda verə bilərdilər. Türkiyə qarşısında müstəqil siyasətdən cüzi imtina sabah digər dövlətlərin də Azərbaycanın müstəqilliyinə qarşı təzyiqlərinin artmasına şərait yarada bilər. Hər halda Azərbaycanda Dadaş Bünyadzadələr ənənəsinə son qoymaq lazımdır.



