Yanvarın 23-də Fransa parlamentinin yuxarı palatası – Senat 1915-ci ildə Osmanlı imperatorluğu ərazisində yaşanan hadisələrə dair erməni iddialarının, yəni saxta “erməni soyqırımı”nın inkarının cinayət sayılmasını nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxaracaq.
Türkiyənin bütün etirazlarına, bu layihənin Qərbin “sahib olduğu” və Şərqin can atdığı söz azadlığı, insan haqları kimi bəşəri dəyərlərə zidd olduğuna dair xəbərdarlıqlara, tarixin tarixçilərin işi olduğuna və daxili siyasətə alət edilməməsinə dair söylənən sözlərə baxmayaraq Fransa prezidenti Nikola Sarkozi niyyətində israrlı görünür. Bu israrın, bu tələskənliyin səbəbi isə sadəcə Fransa prezidentinin seçkiqabağı yerlərdə sürünən reytinqini erməni lobbisinə jest hesabına yüksəltmək deyil. Daha ciddi səbəb Fransanın hər zaman ön sıralarda olmağa adət etdiyi beynəlxalq birlikdə Türkiyənin çəkisinin və təsirinin artmasına qarşı Sarkozinin duyduğu sərhədsiz kindir.
Sarkozi son aylarda Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğanın Liviyaya səfərindən cəmi bir gün öncə təcili Tripolidə boy göstərməklə; Türkiyənin Liviyada tapdığı neft yataqlarına göz dikməklə; Türkiyənin Avropa dəyərlərinin bir parçası olmadığına dair açıqlamalarıyla; Ermənistandan Ankaraya göndərdiyi qaba mesajlarıyla; Türkiyə prezidentinin telefon zənginə cavab verməmək kimi diplomatik nəzakət qaydalarına zidd davranışıyla nümayiş etdirdiyi kinini bu əsassız qərarla, sadəcə, rəsmiləşdirir. Belə olmasa, ən böyük zərəri söz azadlığı, insan haqları kimi dəyərlərə sahib olması ilə öyünən Fransa cəmiyyətinə dəyəcək bu məntiqsiz qərarın altına imzasını atmaq üçün bu qədər canfəşanlıq etməzdi.
Sarkozi Türkiyəyə bu “qolu” vurmaq üçün bütün potensialını, gücünü ortaya qoyub. Türkiyə də bu zərbəyə qarşı müdafiə üçün səylərini səfərbər edib.
Bəs dünyanın başqa ölkələri? Bəs söz azadlığı, insan haqları, demokratiya deyib bağıran Qərb? Bəs dünyada demokratiyanın hamisi rolunu oynamağa çalışan Amerika? Onlar niyə ütülü-dolaşıq bəyanatlarla kifayətlənir?
Bəs sabah, o biri gün bu uğursuz presedentin bütün dünyaya yayılacağı ehtimalının yüksək olduğunu görmək istəməyən ölkələr? Saxta iddiaları inkar edəndə təkcə Türkiyə vətəndaşları cəzalandırılmayacaq. Fransada əlinə qələm alıb bu hadisələri araşdıranda ən azından ədalətli görünmək üçün “soyqırımı” deyil, “soyqırımı iddiası” yazan bütün tarixçilər, elm adamları, jurnalistlər cinayət törətmiş olacaqlar. Onlar niyə bu məntiqsizliyə səsini çıxarmır?
Bəs hər dara düşəndə Türkiyədən dəstək gözləyən türk dünyası? Bütün problemlərində Türkiyəni yanında görmək istəyən, Türkiyədən etdiklərinin qat-qat çoxunu istəməyə özünü haqlı sayan 350 milyonluq türk dünyasının etiraz səsini niyə eşitmirik?
Və nəhayət, Türkiyəni Ermənistanla əlaqələrin normallaşdırılmasına dair protokol imzaladığı üçün eninə-uzununa tənqid edən, Ankaradan verilən ən yüksək səviyyəli bəyanatlarla, “Dağlıq Qarabağ probleminin həllində Azərbaycanı qane edən razılaşma olmazsa, bu protokollar ratifikasiya olunmayacaq” vədi ilə qane olmayıb hətta xəyanət ittihamları səsləndirən Azərbaycan? Azərbaycanın təpkisi, etirazı niyə bu qədər sönük, bu qədər zəifdir? Türkiyənin Fransanı ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırmaq tələbinə xarici işlər nazirinin müavini səviyyəsində “Biz formatın dəyişməsini lazım bilmirik” deyə reaksiya vermək qardaşlıq, dostluq, strateji müttəfiqlik çərçivəsinə uyğundurmu?
Türkiyə prezidentinin “Fransa tərəfsizliyini itirdiyi üçün Minsk qrupundan çəkilməlidir“ şəklindəki konkret bəyanatına yalnız Milli Məclis səviyyəsində, həm də ütülü etiraz məktubundakı yuvarlaq cümlə ilə (“Belə bir qanunun qəbulu Dağlıq Qarabağ münaqişəsinin dinc həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın obyektivliyini şübhə altına alacaq”) reaksiya vermək duruma adekvatdırmı?
Fransa Milli Assambleyasının bu mürtəce qərarı qəbul etdiyi gün Fransa ilə sazişi təsdiqləmək siyasi baxımdan nə qədər doğrudur?
Bütün dünyanın diqqəti bu hadisəyə cəmləndiyi vaxt Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun bir bəyanat belə verməməsi heç sual doğurmamalıdırmı?
Fransa Senatında tarix, ədalət, söz azaldığı və Türkiyə əleyhinə müzakirələrin keçiriləcəyi gündə – yanvarın 23-də Azərbaycan prezidentinin Soçidə Ermənistan prezidenti ilə görüşməsi diplomatik baxımdan və rəsmi Bakının vurğulamağı çox sevdiyi “qardaşlıq” baxımından nə qədər düzgündür?
2009-cu ildə Azərbaycan hakimiyyəti Türkiyə prezidentinin, baş nazirinin, xarici işlər nazirinin, millət vəkillərinin sözlərinə deyil, Ermənistanın xəbər qaynaqlarına inanıb, israrla Ankaradan “sadə suallara” cavab tələb edirdi. Azərbaycan mətbuatının böyük bir hissəsi Ankaradan verilən bəyanatları deyil, erməni mənbələrindəki araqarışdıran iddiaları manşetlərə daşıyır, var gücüylə Türkiyə hökumətini ittiham edirdi. Azərbaycanın deputatları Türkiyəyə səfər edib Türkiyə ictimaiyyətinə, hökumətinə Qarabağı xatırladırdı, halbuki Türkiyə Qarabağ problemini heç vaxt unutmayıb, işğal olunmuş torpaqlar məsələsini Azərbaycanın özü qədər daima gündəlikdə saxlayır.
İşğal olunmuş torpaqları, “Bir millət-iki dövlət” prinsipini indi də xatırlamağın zamanıdır. İndi uydurma iddialarla bağlı mürtəce qərar qəbul edən Fransaya və bu əsassız qərara göz yuman dünyaya həqiqi soyqırımılarını xatırlatmaq zamanıdır. İndi Qarabağın işğalını, Xocalı faicəsini əks etdirən fotoşəkilləri Fransa Senatının qarşısında sərgiləmək zamanıdır. İndi ortada olan çox sadə və açıq suallar üzərində düşünmək zamanıdır. İndi Ankara ilə həmrəylik nümayiş etdirmək, iki-üç il əvvəl Türkiyədən tələb edilən qardaşlığı nümayiş etdirmək zamanıdır...
Könül ŞAMİLQIZI


