
Beynəlxalq Futbol Federasiyası və “France Football” jurnalının təsis etdiyi “FİFA-nın Qızıl topu”nun 2011-ci il sahibinin adı açıqlanıb. “Barselona” və Argentina yığmasının hücumçusu Lionel Messi ardıcıl 3-cü il sorğuda hamıdan çox səs toplayıb. Bununla da o, 1983, 1984 və 1985-ci illərdə dalbadal üç dəfə “Qızıl top”a sahib çıxmış fransalı Mişel Platininin nailiyyətini təkrarlayıb.
FİFA üzvü olan ölkələrin hərəsindən bir KİV nümayəndəsi, həmçinin milli komandaların baş məşqçiləri və kapitanlarının qatıldığı sorğuda Messi səslərin 47,88 faizini, “Real”ın və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldo 21,60 faizini, “Barselona”nın və İspaniya yığmasının yarımmüdafiəçisi Xavi isə 9.23 faizini qazanıb.
2000-ci ildən “Qızıl top” sorğusunda Azərbaycanı araşdırmacı-yazar Rasim Mövsümov təmsil edir. “Media forum” saytının məlumatına görə, o, son sorğuda Xavini 1-ci, Lionel Messini 2-ci, Kriştianu Ronaldonu 3-cü yerdə göstərib.


