Ötən il dövlət başçısının sərəncamı əsasında ayrı-ayrı rayonlarda modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün Prezidentin Ehtiyat Fondundan 1 milyon manatdan çox vəsait ayrılıb. Kənd məntəqələrində sutəmizləyici qurğuların qurulması Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılıb.
Nazirliyin saytında məlumat verilir ki, 2007-2010-cu illərdə 18 rayonun 156 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılıb və bu kəndlərdə yaşayan 300 mindən artıq əhali içməli su ilə təmin edilib.
Nazirlik bildirir ki, sutəmizləyici qurğuların gücünə görə adambaşına gün ərzində 20-30 litr içməli su düşür. Su əhaliyə supaylayıcı şəbəkə vasitəsilə çatdırılır: “Kənddə tikilmiş supaylayıcı məntəqələrin bir-birindən məsafəsi 150-300 metr təşkil edir. Bu o deməkdir ki, kənddə yaşayan əhali ən uzağı 150 metr məsafə qət etməklə içməli su götürə bilir”.
Məlumatda daha sonra qeyd olunur ki, su hövzəsindən götürülən xam suyun bulanıqlığının azaldılması üçün əlavə olaraq 66 kənddə 40-90 kubmetr həcmində xam su hovuzları da inşa edilib.
Qurğular nə dərəcədə səmərəlidir?
Bu sualla müstəqil ekspertlərə və “Azərsu” rəsmilərinə müraciət etdik.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin idarəsində olan sutəmizləyici qurğularla bağlı araşdırma aparmış jurnalist Elxan Salahov bildirir ki, 2009-cu ildə Salyan, Sabirabad və Kürdəmir rayonlarında apardığı araşdırma zamanı nazirliyin Kür-Araz qırağı kəndlərdə quraşdırdığı sutəmizləyici qurğuların dağıldığını, böyük əksəriyyətinin işləmədiyini müşahidə edib: “Bu qurğuların quraşdırıldığı kəndlərdə paylama şəbəkəsi yalnız bir neçə yerdə quraşdırılan bulaqlardan ibarət idi. Amma həmin bulaqlar da dağılıb getmişdi. Hətta bulaqların üzərindəki kranlar, su boruları sıradan çıxmışdı. Yerli sakinlər, icra nümayəndəliyi, bələdiyyə sədrləri ilə söhbətdən məlum oldu ki, nazirliyin dövlət büdcəsi hesabına tikdiyi bu qurgular cəmi bir neçə ay işləyib”.
Elxan Salahovun dediyinə görə, araşdırma zamanı məlum olub ki, əsas problem idarəçiliklə bağlı imiş: “Çünki nazirlik o qurğuları tikəndən sonra onun idarəçiliyini bələdiyyələrə həvalə etmişdi. Bələdiyyə isə qurğunu işlətməyi, günün müəyyən saatlarında motoru işə salıb təmizlənmiş kanal suyunu bulaqlara vurmağı kənd sakinlərindən birinə tapşırmışdı. Razılaşmaya əsasən, həmin işçinin maaşını da bələdiyyə ödəməli idi. Ancaq bunun üçün bələdiyyəyə pul ayrılmadığından işçiyə əməkhaqqı ödənilmirdi. Buna görə də qurğunu işlədən operator qurğuya nəzarət etməkdən, onu işlətməkdən imtina etmişdi. Beləliklə, qurğu baxımsız, nəzarətsiz qaldığından dağılıb-tökülmüşdü. Yəni bu qurğuların idarəçiliyi bələdiyyələrə verilsə də, əmək haqqı məsələsi tənzimlənməmişdi”.
Jurnalist əlavə edir ki, bu qurğular işləsə belə, əhalinin təmizlənmiş suya əlçatanlıq səviyyəsi çox aşağı olub: “Çünki bulaqlar cəmi bir neçə yerdə qoyulmuşdu. Elə ailələr vardı ki, bulaqlardan suyu götürmək üçün 300-500 metr məsafə qət edirdi. Yəni onların evləri həmin bulaqlardan 300-500 metr və daha artıq məsafələrdə yerləşirdi”.
Elxan Salahov deyir ki, onun bu araşdırması müəyyən dairələrdə hay-küy yaratsa da, nəticədə problemin həlli üçün bir sıra addımlar atılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi sutəmizləyici qurğuların istismarı ilə bağlı qaldırılan problemləri bölüşür və bildirir ki, qurğuların istismarı Nazirlər Kabinetinin qərarı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılıb. Bundan sonra isə qurğulara nəzarət edəcək idarə yaradılıb. Nazirlikdən verilən açıqlamaya görə, sutəmizləyici qurğular müntəzəm olaraq sərf materialları (dəyişdirilən filtrlər, dezinfeksiyaedici, yuyucu və çökdürücü maddələr və s.) ilə təchiz olunur, sıradan çıxmış hissələr dəyişdirilir, boru xətlərində yaranan nasazlıqlar, qurğuların istismarında yaranan digər problemlər operativ olaraq aradan qaldırılır, onların istismarında işçilərə metodik və texniki yardım göstərilir.
Su anbarı tikilsəydi...
Əhalinin içməli su təminatının yaxşılaşdırılması ilə bağlı layihə həyata keçirən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin sözlərinə görə, hər kənddə sutəmizləyici qurğu tikməkdənsə su anbarının tikilməsi daha səmərəli olardı. Ekspert fikrini belə əsaslandırır: “Cənubi Qafqazda ən az su ehtiyatı Azərbaycandadır. Yeraltı suları nəzərə almasaq, iki əsas mənbə Kür-Araz çayıdır. Hökumət sutəmizləyici qurğu tikməsi üçün başladığı iş təqdirəlayiqdir, amma çayın keçdiyi rayonlarda su anbarları tikilsəydi, nəinki kəndləri, hətta rayonu da içməli su ilə təmin edə bilərdi. Bu su anbarlarının tikilməsi daha ucuz başa gəlir, həm də texnologiyası imkan verir ki, əhali uzun müddət keyfiyyətli içməli su ilə təmin olunsun”.
Samir Əliyev deyir ki, sutəmizləyici qurğuları hər kənddə tikmək lazımdır və nəzərə alınsa ki, hansısa texniki nasazlıq yaransa, deməli, yerli sakinlər nasazlıq aradan qaldırılanadək susuz qalacaqlar, daha doğrusu, keyfiyyətsiz su ümidinə qalacaqlar: “Sutəmizləyici qurğular bir qayda olaraq çaya yaxın yerdə tikilir, amma su anbarları kənarda tikilə bilər. Sadəcə, çaydan götürülən su anbara xətlərlə gətirilir. Ən əsası odur ki, su anbarı vasitəsilə daha çox ərazini içməli su ilə təmin edilir”.
“Çayların özü təbii su anbarıdır”
“Azərsu” Səhmdar Cəmiyyətinin rəsmisi Anar Cəbrayıllı isə hesab edir ki, sutəmizləyici qurğuların quraşdırılması effektlidir. Onun sözlərinə görə, bəzi yerlərdə su anbarları tikilib, amma su mənbələri olan yerlərdə əlavə su anbarlarının tikilməsinə ehtiyac yoxdur: “Elə bu çayların özü anbarı əvəz edir, daha əlavə anbar tikməyə nə ehtiyac var?!”
Anar Cəbrayıllı deyir ki, sutəmizləyici qurğular əsasən Kür-Araz boyu kəndlərdir və bu ərazilərdə su anbarı tikilməsi üçün ərazi yoxdur: “Kür özü böyük su vadisidir, burda yer yoxdur axı. Bir də 1000-2000 sakini olan kənd üçün anbar tikilməsinə ehtiyac yoxdur, çaydan götürülən su ehtiyacı ödəyir”.
Anar Cəbrayıllı istisna etmir ki, yağışlar, daşqınlar zamanı sutəmizləyici qurğuların məhsuldarlığı aşağı düşsün: “Daşqınlar olanda suda lil artır, sutəmizləyici qurğuların məhsuldarlığı aşağı düşür. Məsələn, bu zaman Bakıya gələn su azalır, amma hesab etmirəm ki, bu, çox ciddi problemlər yaradır”.
Anar Cəbrayıllının sözlərinə görə, yaxın illərdə başlanğıcını Kürdən götürəcək kəmər vasitəsilə 140-dan çox kəndi içməli su ilə təmin edəcəklər və bu layihəyə artıq başlanıb.
F.ƏLİYEVA


