![]() |
Yenicə işıq üzü görən “Gül dəftəri” kitabından Sarı Aşıq haqda bəzi rəvayətləri təqdim edirik. Şair İlham Qəhrəmanın tərtib etdiyi “Gül dəftəri” kitabında XVII əsrin görkəmli söz ustadlarından olan Sarı Aşıq haqda rəvayətlərlə yanaşı aşığın mürəbbi və təcnisləri, bayatıları da toplanıb. |
Belə danışırlar ki, Maqsudlu kəndində bir ailə varmış. Tərəkəmələr Arandan gəlib dağa gedəndə o evə düşərmişlər. Bu ailənin uşağı olmurmuş. Bir gün tərəkəmələr bu evdə yenə qonağımış. Tərəkəmələrdən biri ev sahibinə deyir ki, uşağınız olmasa, bir də bu evə ayaq basmayacağıq. Ev sahibi bu sözdən çox pərt olur.
Vaxt keçir, tərəkəmələrin dağa qalxmaq vaxtı yaxınlaşır. Ev sahibinin arvadı qarnına əskidən-zaddan bağlayır. Əri baxır sevinir ki, arvadı hamilədir, qonaqlarının əhdi hasil olacaq. Arvad çıxır uca bir yerə, görür ki, budur, tərəkəmələr gəlməkdədirlər. Götürür həyətdəki bitili bir ağacdan yüyrük asır. Yüyrüyün içinə çəltik dibəyi qoyur, üstünü örtür. Tərəkəmələr gəlir evə, qapıda ağacdan asılan yüyrüyü görürlər, sevinirlər ki, ev sahibinin uşağı olub. Ev sahibinə gözaydınlığı verib keçirlər evə.
Bir az sonra görürlər uşaq səsi gəlir. Ev sahibinin arvadına deyirlər ki, uşaq ağlayır, niyə gedib götürmürsən? Arvad azca ağır tərpənəndə qonaqlar özləri çıxırlar çölə. Arvad da onlarınan bir yerdə çıxır. Baxıb görürlər ki, beşikdə sarı bir uşaq var, ağlayır. Demə, İlahi tərəkəmələrin, ev sahibinin əhdini eşidib, çəltik dibəyini uşaq eləyib. Çəltik dibəyi sarı, çil-çil olduğu üçün uşaq da sarı, çil-çil olub. Bu uşağa Sarı adı qoyurlar. Bu uşaq Haqdan yarandığına görə Haqq aşığı olur. Ona Sarı Aşıq deyirlər.
***
Sarı Aşıq Mehri kəndindəymiş. Yatır, yuxuda görür ki, xan onu çağırır Şuşaya. Başlayır Şuşaya tərəf getməyə. Xan da adam göndərir ki, get Sarı Aşığı gətir. O adam gəlib Suarası kəndində Sarı Aşıqla rastlaşır. Sarı Aşıqdan soruşur ki, Sarı Aşıq harda olur, necə tapmaq olar onu? Sarı Aşıq deyir:
- Tanı, mənəm, bil, mənəm.
Xanın göndərdiyi adam Sarı Aşığın bu cavabından hirslənir, onu qamçıyla vurur. Sarı Aşıq deyir:
Mən Aşıq, sadağa ver,
Hirsinə qadağa ver.
Məndən salamat keçsən,
Bir ye, beş sadağa ver.
O, Sarı Aşıqdan uzaqlaşıb on-on beş metr getməmiş atdan yıxılır. Sarı Aşıq gedib onu yerdən qaldırır, deyir ki, bəs Sarı Aşıq mənəm. Atlı Sarı Aşığa deyir ki, bağışla məni, tanımadım səni. Onlar birlikdə Şuşaya, xanın hüzuruna gəlirlər. Xan deyir ki, Sarı Aşığı sınayım, görüm o, həqiqətən Haqq aşığıdımı? Boğaz bir inək gətirdir, soruşur ki, inəyin balası erkəkdi, ya dişidi? Sarı Aşıq deyir ki, əvvəlcə şagirdim cavab versin, sonra mən cavab verərəm. Şagirdi deyir ki, inəyin balası dişi, qaşqa buzovdur. Sarı Aşıq deyir ki, buzov dişi olmağına dişidir, amma qaşqa deyil, quyruğu cağalıdı, uc tərəfi aladı. Quyruğu gəlib alnında düyünlənib, odur ki, şagirdim elə bildi ki, buzov qaşqadı. Xan Sarı Aşığa deyir:
- Sən doğrudan da Haqq aşığısan. Qal burda, aşıqlıq elə.
Aşıq deyir:
Mən Aşığam, Həkərim,
Yağım, balım, şəkərim.
Gen dünya sənin olsun,
Mənə bəsdi Həkərim.
***
Deyir, bir gün yasavul Sarı Aşığı tutub aparır və yolda onu şallaqla vurur. Sarı Aşıq deyir:
Dalını o dağa ver,
Bu dağdan o dağa ver.
Aşıqdan sağ qurtarsan,
Bir möhkəm sadağa ver.
Deyir Sarı Aşığın bu sözündən sonra yasavul partlamaya düşüb ölür.
***
Sarı Aşıq yuxuda görür ki, murov onu çağırıb sürgün eləyir İrana. Səhər durur, özü başlayır İrana sarı getməyə. Murov Gorusdan adam göndərir ki, gedib Sarı Aşığı gətirsinlər onun yanına. O adam gəlib Məmmədbəyli kəndində Sarı Aşığı tapır. Soruşur ki, hara gedirsən, murov səni çağırır yanına. Sarı Aşıq deyir:
- Bilirəm niyə çağırır. İrana sürgün eləmək istəyir. Özüm gedirəm.
Həmin adam Gorusa qayıdıb murova xəbər verir ki, Sarı Aşıq özü gedir sürgünə. Murov bu işə məəttəl qalır.
Sarı Aşıq bir müddət İranda qalır, qayıdıb gəlir. Zeynəb xanım oğlanlarından gizli bir aşırımda Sarı Aşıqla Yaxşını görüşdürür. Qardaşlar bu görüşdən də xəbər tuturlar. Yaxşıyla Sarı Aşığın görüşünə imkan vermirlər. Yaxşı xəstələnib ölür. Onu Maqsudluda, bakirələr qəbiristanlığında basdırırlar. O qəbiristanlıqda ancaq Yaxşı kimi bakirə ölənləri, uşaqları basdırırmışlar.
Sarı Aşıq iki-üç gün Yaxşının qəbri üstündə qalır. Xəstələnir. Vəsiyyət eləyir ki:
Mən Aşıq, tərsinə qoy,
Tər təni tər sinə qoy.
Yaxşını qibləsinə,
Aşığı tərsinə qoy.
Aşığı Güləbird kəndində basdırırlar. Vəsiyyət elədiyi kimi, onun üzünü qibləyə tərəf yox, Yaxşının qəbrinə tərəf basdırırlar.
***
Yaxşının qardaşları ona Sarı Aşıqla görüşməyə icazə vermirmişlər. Amma onlar imkan düşən kimi gizlində görüşürlərmiş. Yaxşıgilin kəndinin yanındakı dərədə bir göl varmış. Yaxşıyla Sarı Aşıq o gölün yanında görüşürlər. Yaxşının qardaşları onların görüşməyindən xəbər tutub gəlirlər, görürlər ki, Yaxşı paltar yuyur, Sarı Aşığın da əksi düşüb suya. Görürlər ki, Sarı Aşığın, ayıb olmasın, kişiliyi yoxdur, kişiliyinin yerində bir dənə qızıl gül var. Bunu görəndən sonra Yaxşının qardaşları Sarı Aşıqdan əl çəkirlər, onunla işləri olmur.
***
Qarlı-boranlı bir gündə Yaxşının qardaşına toy eləyirlər. Sarı Aşığı da toya çağırırlar. Sarı Aşıq toya gələndə qar-boran kəsir, gün çıxır. Bir ağzıgöyçək lağ eləyir ki, buna bax, toya əliboş gəlib. Sarı Aşıq cibindən yeddi dənə düyü çıxardıb hər qazana bir düyü atır. Toyun aşpazları qazanların düyüsünü yığıb-yığışdıra bilmirlər.
***
Yaxşını Yaman adlı bir bəyə verirlər. Qohum-qardaş Yaman bəyin qulağını doldurur: “Nə olsun ki, Sarı Aşıq göz aşığıdı, sənin arvadınla adı çıxıbsa, başını batırmalısan”.
Yaman bəy qapının ağzında bir quyu qazdırır, quyunun üstünü xalçayla örtdürür, Sarı Aşığı qonaq çağırır. Sarı Aşıq gəlir, qapının ağzına çatanda ona əyan olur ki, quyu qazıblar, deyir:
Aşığam, yazmamışam,
Yolumu azmamışam.
Quyunun yanından ötüb keçir içəri. Qonaqlıq qızışır. Yaman bəy eşiyə çıxanda guppultuyla düşür quyuya. Sarı Aşıq bayaqkı bayatını belə tamamlayır:
Quyu qazan özü düşər,
Mən quyu qazmamışam.
***
Bir gün Sarı Aşıq çay qırağında durmuşumuş. Görür ki, qoca kişi çayı o taya keçmək istəyir, amma keçə bilmir. Gəlib kişini alır dalına, çayı keçirir o taya. Kişi də bunun dalında, kürəyində çayın ortasında kişiyə deyir ki, sənə bir tapmaca verəcəm, tap görüm. Deyir:
Mən Aşığam, nədəndi,
Mürğ ağzında nə dəndi?
Basılmamış maydandan,
Mindigin day nədəndi?
Kişi bunu tapa bilmir. Özü deyir ki:
Lələyəm, başdan mən,
Yemərəm hər aşdan mən.
Nə atam var, nə anam,
Yaranmışam daşdan mən.
***
Bir gün nə təhər olursa, Sarı Aşıq Yaxşıya qarğıyır. Yaxşı dağa gedibmiş, bu da aranda qalıbmış. İndi nə təhər olursa, bilmirəm, qarğıyır. Deyir:
Evləri taşı qayda,
Tikilib taşı qayda.
Bu səhər, bu sabahda,
Yaxşının başı qayda.
Aşığın qarğışından sonra Yaxşı bərk xəstələnir. Bu da bilir ki, Yaxşının başında nəsə var. Durur, düşür yola, gəlir çıxır Yaxşının yanına. Görür ki, Yaxşının vəziyyəti ağırdı. Bilir ki, qarğışı tutub. Qayıdıb deyir ki:
Mən Aşıq, Kür mələdi,
Dost zülfün bürmələdi.
Ağzın qurusun, Aşıq,
Dilin nə kür mələdi?!



