![]() |
| Müsəllim HƏSƏNOV |
Moskvanı qəzəbləndirən daha bir qanun
1958-ci ilin ortalarında SSRİ-də məktəb islahatı keçirmək barədə qanun layihəsi hazırlanır və layihə müzakirə üçün mətbuatda dərc olunur. Bildirilir ki, müttəfiq respublikalar bu qanuna uyğun təkliflərini müzakirəyə çıxara bilərlər.
Artıq o vaxtlar milli dilin inkişafı və işlənməsi ilə bağlı ruh yüksəkliyi var idi. SSRİ qanununun layihəsində yazılmışdı ki, valideynlər övladlarını istədikləri dildə oxuda bilərlər. Bu da Azərbaycanda birmənalı qarşılanmamış, respublika rəhbərlərinin əl-qolunu açmışdı. İş o yerə çatmışdı ki, bu qanun qəbul edilərkən SSRİ Ali Sovetinin sessiyasında Azərbaycandan çıxış edən iki deputat ehtiyatla da olsa dil məsələsinə toxunmuşdu.
Deputat Allahverdiyev: “Kairov yoldaş təklif etdi ki, məktəblərdə hansı dillərin öyrənilməsi məsələləri müttəfiq respublikaların Ali Sovetləri tərəfindən nəzərdən keçirilib həll edilsin. Mənim fikrimcə, bu tədbir tamamilə doğrudur və müttəfiq respublikaların huquqlarını genişləndirmək vəzifələrinə uyğundur”.
Deputat Xəlilova: “...Milli dili öyrənmək də şagirdlər (təbii ki, yerli millətdən olmayanlar nəzərdə tutulur - M.H.) üçün zəruridir. Bu, məktəbi bitirdikdən sonra həmin yerdə onların işləmələrini asanlaşdırar”.
SSRİ qanunu qəbul edildikdən sonra Azərbaycanda da müvafiq qanun layihəsi hazırlanıb Mərkəzi Komitə bürosuna çıxarılanda dil məsələsi yenidən aktuallaşır. Büronun bəzi üzvləri bildirirlər ki, qanun belə qəbul olunsa, heç kim rus dilindən imtina etməyəcək. Amma qeyri-azərbaycanlılar Azərbaycan dilini öyrənməyəcəklər. Ana dili müəllimləri işsiz qalacaq və s. və i.a.
Ona görə də qanun layihəsi hazırlanır və layihəyə Azərbaycan dilinin məcburi öyrənilməsi barədə maddə daxil edilir. Sonra isə qərara alınır ki, Nazirlər Sovetinin sədr müavini Süleyman Vəzirov və Mərkəzi Komitənin elm və məktəblər şöbəsi müdirinin müavini Məmmədəli Zeynalov layihəni razılaşdırmaq üçün Moskvaya göndərilsinlər.
Məmmədəli Zeynalov sonralar – 2001-ci ildə o hadisəni belə xatırlayırdı:
- Bizi Sov.İKP MK-nın elm və təhsil bölməsinin müdiri Kuzin qəbul etdi. O, artıq layihə ilə tanış idi. Ona görə də içəri girən kimi üzünü mənə tutub dedi: “Molodoy çelovek, prejde çem pisat, nado dumat, priçem nado dumat umom. Vı znaete çto vı sdelali? Vı podqotovili zakon, kotorıy protivoreçit zakonu SSSR”.
Bir sözlə, nümayəndələr Moskvadan əliboş qayıdırlar. Üstəlik, qanunun müzakirəsində iştirak etmək üçün Moskvadan Kovalyov familiyalı nümayəndəni də bunlarla Bakıya göndərirlər. Lakin İmam Mustafayevin təşəbbüsü ilə həm Bakının, həm də Moskvanın variantı səsə qoyulur və yerli layihə keçir. Bundan sonra məsələ böyüyür, Bakıda dil probleminə son qoymaq üçün Moskvadan geniş tərkibli komissiya gəlir və bu yoxlamanın nəticələri Sov. İKP MK səviyyəsində müzakirəyə çıxarılır.
Həmin müzakirənin nəticəsi kimi 1959-cu ilin martında Azərbaycan SSR Ali Sovetinin sessiyası “Məktəbin həyatla əlaqəsini daha da möhkəmləndirmək...” haqqında üç ay əvvəl qəbul etdiyi qanuna düzəliş etməli olur: “...Azərbaycan dilində və ya başqa dillərdə dərs keçilən məktəblərdə rus dilinin öyrənilməsi, habelə rus dilində və ya başqa dillərdə dərs keçilən məktəblərdə Azərbaycan dilinin öyrənilməsi şagirdlərin və onların ata-analarının arzusuna görə aparılır...”
Qanunun əvvəlki variantında yazılmış “Azərbaycan SSR Nazirlər Sovetinə tapşırılsın ki, Azərbaycan SSR məktəblərində Azərbaycan, rus dillərinin və xarici dillərin öyrənilməsi” ifadəsi də redaktə olunur və yeni variantda dillərin öyrənilmə ardıcıllığı belə sıralanır: “...rus, Azərbaycan, habelə xarici dillərin öyrənilməsi”.
Doğrudur, həmin sessiyada bu dəyişikliyə etiraz cəhdi də olur. Deputat Mehdixan Vəkilov (Səməd Vurğunun qardaşı-M.H.) deyir: “...Şükürova yoldaşın məruzəsindən belə məlum oldu ki, Azərbaycan SSR Konstitusiyasının müvafiq maddəsində yazılıb ki, məktəblərdə təhsil ana dilində olmalıdır. Lakin bugünkü qanun layihəsində belə oxundu ki, təhsilin hansı dildə uşağa verilməsini ata-anaların razılığı ilə həll etmək olar, yəni ata-analar hansı dildə istəyirsə, uşaqlarını o dildə oxuda bilərlər. Bilmirəm, konstitusiyanın bu maddəsi o qanun layihəsinin oxunan maddəsinə zidd çıxmırmı?”
İmam Mustafayev: “...Qanunda qəbul edilən maddə ilə konstitusiya arasında mən bir fərq görmürəm”.
Görülən tədbirlər Moskvanı təmin etmir və 1959-cu ilin iyulunda Sov.İKP MK katibi Mühiddinovun iştirakı ilə Azərbaycan KP MK-nın daha bir plenumu - doqquzuncu plenumu keçirilir və İmam Mustafayev birinci katib vəzifəsindən azad edilir.
O vaxt həmin plenum barədə mətbuatda dərc olunmuş məlumatda deyilirdi: “Son zamanlar zəhmətkeşlərin beynəlmiləl tərbiyəsi məsələlərinə diqqət zəiflədilmişdir. Tamamilə aydın olan dil məsələsi də dolaşıq salınmışdır...”
Plenumun gündəliyində “dolaşıq salınan dil məsələsi” də olduğu üçün Mirzə İbrahimov unudula bilməzdi. Qəzetlərdə dərc olunan qısa hesabatda yazılmışdı ki, “plenumda habelə Azərbaycan KP MK-nın üzvü M.Ə.İbrahimov yoldaş haqqında bir sıra tənqidi sözlər deyilmişdir. M.İbrahimov yoldaş öz çıxışında buraxdığı səhvləri boynuna almış və öz əməli fəaliyyətində bu səhvləri düzəldəcəyinə söz vermişdir”.
Mirzə İbrahimovun etirafı
Artıq Mirzə İbrahimov inqilabçılıq eləyə bilməzdi.
Dissidentlik vaxtı da deyildi. “Səhvlərin” etiraf olunması dövrü idi. Və Mirzə İbrahimov etiraf etdi. Amma necə?
“Mən sizin qarşınızda etiraf edirəm ki, həqiqətən, dövlət dili haqqında məsələ qaldırarkən həyatda yarancaq mümkün çətinlikləri görə bilməmişəm, dərindən düşünməmişəm. Niyə bu məsələni qaldırdım?”
Sonra o səbəbləri sadalayır və deyir: “Mən Molla Nəsrəddinin vəziyyətinə düşdüm. Məlumdur ki, özlərini vicdanlı hesab edən bir qrup kəndli Molla Nəsrəddini dilə tuturlar ki, məmurlardan şikayət üçün onlarla Teymurləngin yanına getsin. Əsəbiləşmiş Teymurləngi görən kimi hamı qaçır və Nəsrəddin geri baxanda bir nəfər də vicdanlı adam qalmadığını görür. Dil məsələsində mənimlə, demək olar ki, bu cür rəftar etdilər. Bu, yaxşı iş deyil”.
Mirzə İbrahimov haqlı idi. İndi hamı - vaxtilə bu məsələdə onu, necə deyərlər, dəstəkləyənlər də əleyhinə danışırdı.
Nazim Hikmətin o vaxtlar Bakıya səfəri ilə bağlı bir hadisə isə hər iki plenumda yazıçının başına qaxınc olmuşdu: “Nazim Hikmətin dövlət universitetinin müəllim və tələbələri ilə görüşü olur. Rəyasət heyətinə bir kağız göndərilir. Nazim Hikmətə sual verirlər ki, əgər azərbaycanlı ziyalı Azərbaycan dilini bilmirsə, yaxud Azərbaycan dilində danışmırsa ona nə ad vermək olar?
Görünür, Nazim Hikmət bu kağızı oxumur və suala cavab vermir. Mirzə İbrahimov dərhal kağızı götürür, oxuyur və deyir: “Bu adamı əclaf adlandırmaq olar!”
Sizin ideyalılığınız budur, yoldaş Mirzə İbrahimov, tələbə auditoriyası qarşısında belə şeylər danışırsınız!”
Bu misalı iyul plenumunda, Moskva nümayəndələrinin yanında təkrarlayan natiqə Mirzə İbrahimovun cavabı maraqlıdır. O, Nazim Hikmətin “inastranes” adlandırılmasına əsəbiləşərək deyir: “Kimdir bu “inastranes”? - İngilis atteşesi, amerikan səfiri, yoxsa türk paşası? O öz vətənində təqib olunub Sovet İttifaqında sığınacaq tapan kommunistdir, sülh uğrunda mübarizdir! Siz isə qışqırırsınız- “inastranes”, “inastranes”! Siz rəngləri tündləşdirməyi çox sevirsiniz. Bu, filosof danışığı deyil, partiya işçisi danışığı da deyil, yaramaz prokuror danışığıdır!”
Stenoqramçının qeydi: “Zalda canlanma”...
Görünür, həmin rusdilli həmvətənimizin ittihamları yazıçını təbdən çıxarıbmış. O, demişdi: “Tovariş İbraqimov prosto raspoyasalsya...”
Biz bu cümləni tərcümə etmirik. «Raspoyasatsya» sözünün lüğətdə qarşılığı belədir: qudurmaq, həyasızlaşmaq, azğınlaşmaq. Tərcümə üçün hansı variantı seçməyi oxucuların ixtiyarına veririk...
50-ci illərdə AzərTAC-ın direktor müavini işləyən və daha çox tərcüməçi kimi tanınan mərhum Cəlil Xəlilov bu hadisələrin şahidi kimi vaxtilə danışırdı:
- Hansı ildə olduğu yadımda deyil, Dzerjinski adına klubda fəallar yığıncağı keçirilirdi. Əvvəlcə Mərkəzi Komitənin ideoloji məsələlərə baxan katibi Abdulla Bayramov məruzə etdi, yol verilmiş nöqsanlardan danışdı. Yadımdadır, Mirzə İbrahimov tribunaya qalxanda əlində yazılı çıxışı var idi. Amma o, mətni kənara qoyub rus dilində sərbəst danışmağa başladı. İclasda Moskvadan gələn komissiya üzvləri də oturmuşdu. Mirzə İbrahimov çıxışına Abdulla Bayramovun məruzəsini tənqidlə başladı. Ədəbiyyatla bağlı tənqidi qeydlərin səhv olduğunu bildirdi. Məruzədə Neft Daşları ilə bağlı hansısa əsərdə respublika əhalisinin milli tərkibinin düzgün əks etdirilmədiyi irad tutulmuşdu. Mirzə müəllim dedi ki, bədii əsəri bu cür qiymətləndirmək olmaz. Beynəlmiləlçilik qəhrəmanların milli tərkibi ilə yox, obrazların özlərinin beynəlmiləlçiliyi ilə ölçülməlidir. Sonra dünya ədəbiyyatından, rus ədəbiyyatından nümunələrlə fikrini izah etdi. Dedi ki, Qorkinin “Ana” romanında bütün qəhrəmanlar ruslardır, amma bu əsər ən beynəlmiləlçi romandır. Düzdür, çıxışının sonunda dil məsələsi ilə bağlı səhvlərə yol verdiyini etiraf etdi. Lakin bütövlükdə o qədər məntiqli, o qədər ağıllı çıxış etdi ki, hətta iclasa yekun vuran moskvalı komissiya sədri “zameçatelnıy reç İbraqimova” sözlərini dilinə gətirdi, halbuki iclas əsasən onun tənqid edilməsinə həsr olunmuşdu.
Mirzə İbrahimovun “səhv”ini etiraf etməsi üçün bu tədbir də kifayət etmədi. Görünür, tənqid və tənələr davam edib və həmin ilin dekabrında Mirzə İbrahimov “Kommunist” qəzetində “Qardaşlıq dili” adlı məqalə dərc etdirərək rus dilinin Bakı fəhlələri arasında ünsiyyət vasitəsi olmasından ilhama gəldiyini “gizlədə bilməyib” və konkret bir fəhlə briqadasının həyatından bəhs edən yazıda yenidən “etiraf etməli” olub: “Etiraf etməliyəm ki, mən respublika Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində işlərkən dil məsələlərində buraxdığım bəzi səhvləri məhz burada, bu gözəl briqadanın üzvləri arasında daha aydın başa düşdüm. Azərbaycan dilinin işlənməsində bu və ya digər qüsurun qarşısını almaq istərkən mən bəzi hallarda məsələnin doğru həllini tapa bilməmişəm, birtərəfli tədbirlərə aludəlik göstərmişəm. Azərbaycan KP MK doqquzuncu plenumu mənim bu səhvlərimi haqlı olaraq tənqid etdi. Söz yox ki, gələcək işimdə və yazılarımda mən partiyanın bu tənqidini nəzərə alacağam...”
O, yazısını həmin dövrün ruhuna uyğun, lakin indiki gənclərin gülüşünə səbəb ola biləcək cümlə ilə bitirib: “...sovet yazıçılarının üçüncü ümumittifaq qurultayında Nikita Sergeyeviç Xruşşov yoldaşın çağrışı bütün sovet yazıçılarına olduğu kimi mənə də ruh və ilham verir”.
Məhz ruh və ilham!
Anar “Əlvida, Mirzə müəllim!” adlı məqaləsində yazır: “Vaxtın bütün mürəkkəbliyini və ziddiyyətlərini təcəssüm edən insanları mühakimə etməyə indi bizim haqqımız varmı? Mənim fikrimcə, yoxdur”.
Biz də belə fikirləşirik...
P.S. Maraqlıdır ki, 1956-cı ilin avqustunda konstitusiyamıza dövlət dili haqqında daxil edilmiş maddəni dəyişdirmək nədənsə sonralar unudulub, bu maddə formal da olsa, 30 ildən çox qüvvədə qalıb. Çətinliklərə baxmayaraq həmin maddə əvvəlcə 1978-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş konstitusiyada, Azərbaycan müstəqillik qazandıqdan sonra isə 1995-ci il konstitusiyasında təsbit edilərək real yaşamaq hüququ qazanıb.
Zəruri xatırlatma
İbrahimov Mirzə Əjdər oğlu
Azərbaycan sovet yazıçısı, dramaturq, ictimai xadim.
1911-ci il oktyabrın 15-də Cənubi Azərbaycanın Evə kəndində anadan olub.
1942-46-cı illərdə Azərbaycan SSR-in maarif naziri, 1946-50-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifələrində çalışıb.
1946-54-cü illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri olub.
1954-58-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində çalışıb.
1965-75-ci illərdə Yazıçılar İttifaqının birinci katibi olub.
Birinci çağırışdan başlayaraq xırda istisnalarla, demək olar ki, ömrünün sonuna qədər SSRİ və ya Azərbaycan SSR Ali Sovetlərinin deputatı kimi fəaliyyət göstərib.
Xalq yazıçısı, əməkdar incəsənət xadimi fəxri adlarını alıb, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı olub.
İki dəfə Lenin ordeni ilə təltif olunub. 60 illiyində “Oktyabr İnqilabı” ordeni alıb, 70 illiyində Sosialist Əməyi Qəhrəmanı adı.
“Gələcək gün”, “Böyük dayaq”, “Pərvanə” romanlarının, “Həyat”, “Madrid”, “Kəndçi qızı”, “Közərən ocaqlar” pyeslərinin, çoxlu hekayə və elmi məqalələrin müəllifidir. “Böyük dayaq” filminin ssenari müəllifidir.
1993-cü ilin dekabrında vəfat edib.



