![]() |
| Müsəllim HƏSƏNOV |
Ötən əsrin 50-ci illərinin qaydalarına və ideoloji kanonlarına görə, konstitusiyaya Azərbaycan dilinin dövlət dili olması barədə maddə daxil etməklə Mirzə İbrahimov çox böyük “siyasi səhvə” yol vermişdi. Və ona görə də tutduğu yüksək vəzifədən azad olunmuşdu.
Sovet rejimi milli məsələlərə son dərəcə həssas yanaşdığından, daha doğrusu, belə məsələlərin gündəmə gətirilməsindən qorxduğuna görə Mirzə İbrahimovu sadəcə vəzifəsindən azad etməklə kifayətlənə bilməzdi.
Ona görə də maraqlıdır ki, o illərdə bu məsələ ilə bağlı Mirzə İbrahimova başqa təzyiqlər də olmuşdumu? Şübhəsiz, olmuşdu.
Yazıçı özü 1991-ci ildə çapdan çıxmış “Ana dili - hikmət xəzinəsi” kitabında bu mövzuya ötəri toxunur: “Dilimizin dövlət idarələrində daha geniş şəkildə işlədilməsi yolundakı mübarizədə mənim o zaman çəkdiyim əzab və iztirablar yəqin çoxlarına məlumdur...”
Bu əzab və iztirablar isə çoxlarına yox, əsasən o dövrdə yaşayan və işləyən adamlara məlumdur. Çünki o vaxtkı qəzetlər belə məsələləri geniş işıqlandırmırdı. Məsələn, 1959-cu ilin iyununda Azərbaycan KP MK-nın zəhmətkeşlər arasında kütləvi-siyasi işin vəziyyətinə dair plenumu olmuşdu. Bu barədə “Kommunist” qəzetində dərc edilmiş hesabatda deyilirdi: “Plenum qeyd etdi ki, M.Ə.İbrahimov yoldaş məruzədə və MK üzvlərinin çıxışlarında haqlı olaraq tənqid edildi, səhvlərinə - keçmiş işi dövründə buraxdığı səhvlərə öz çıxışında partiya prinsipiallığı ilə yanaşmadı”. Vəssalam.
İbrahimov yoldaş niyə tənqid edilmişdi, hansı səhvləri buraxmışdı, təbii ki, bu barədə bir kəlmə də deyilmirdi. Həmin “səhvlərin” mahiyyətini fəhmlə plenumun qərarında tapmaq olar: “...daim zəhmətkeşlərə izah etsinlər ki, Azərbaycan xalqı özünün bütün müvəffəqiyyətləri üçün Kommunist Partyasının müdrik rəhbərliyinə, böyük rus xalqının və SSRİ-nin başqa xalqlarının qardaşlıq yardımına minnətdardır”.
Milli qəhrəman, əzabkeş, yoxsa?..
İllər keçsə də, həmin plenumun materialları arxivdə saxlanılır. Plenumda Mirzə İbrahimov çıxış edərək bildirir ki, “mən respublika Ali Sovetinə gələndə hər həftə adamları qəbul eləyirdim... Yerli dili bilməmək, yerli dilə ayrı-ayrı yoldaşlar tərəfindən göstərilən etinasızlıq dövlət və partiya işinə zərər vurmuşdu, buna qarşı çıxmaq lazım idi. Biz belə işlərə qarışmalı, ona qarşı çıxış etməli idik, yoxsa beynəlmiləl tərbiyə haqqında dediklərimiz boş ibarələr və ritorikadır. Beynəlmiləlçiliyi yalnız Lenin milli siyasəti əsasında tərbiyə eləmək olar.
Əlbəttə, bizim respublika, bizim yurd, bizim Azərbaycan bu siyasət sayəsində, böyük rus xalqının və partiyanın köməyilə ona nail olub ki, dilimizdə milyonlarla nüsxə kitab çap olunur...”
Plenumda Mirzə İbrahimov bu ruhda 25 dəqiqə çıxış edir, ona əlavə də vaxt verilir.
Plenumda digər natiqlərin də çıxışı maraq doğurur. Lakin biz həmin adamların əksəriyyətinin dünyasını dəyişdiyini nəzərə alaraq heç kimin adını çəkmədən bəzi çıxışlardan parçalar verməklə kifayətlənirik. Plenumda Azərbaycan dilində danışanların nitqinin üslubunu olduğu kimi saxlamışıq.
“...Mirzə İbrahimov yoldaş... məruzədən düzgün nəticə çıxarmadı.
...Mən onun şahidiyəm ki, Mirzə İbrahimov yoldaş Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri olduğu müddətdə bu məsələni çox ardıcıllıqla, səbirsizliklə həyata keçirməyə çalışırdı. Bunu yoldaşlar təsdiq edə bilərlər.
...Mən də öz xalqımı sevirəm. Bütün qüdrətim, bacarığımla xalqıma xidmət edirəm. Lakin bu yolla xalqın mənafeyini qaldırmaq olmaz. Bu, səhv yoldur.
...Məni bağışlayın, bir qədər əsəbiləşirəm. Çünki respublikanın belə bir qızğın vaxtında belə məsələ qaldırmaq bizim üçün ayıbdır”.
Xatırladaq ki, söhbət Azərbaycan dilinin dövlət dili elan olunmasından gedirdi. “Belə bir məsələ qaldırmağın ayıb” olduğunu söyləyən isə Azərbaycanın mədəniyyət naziriydi...
“...Mən sizin kitabınızın necə meydana gəlməsi məsələsinə qarışmayacağam, mən bilmirəm siz nə yazmısınız, çünki uzun müddət respublikada olmadığımdan Azərbaycan dilində çox çətin oxuyuram”.
Bu da 59-cu ilin reallığı idi. Orada nə yazıldığını bilməyən şəxs kitab barədə söz deyirdi. Özü də sərt söz!
“Azərbaycan dili” kitabını oxuya bilməyən həmin azərbaycanlı söz sərrafı olan Mirzə İbrahimovu... Xruşşovun nitqindən “estetik həzz” almağa çağırırdı: “...Xruşşov yoldaşın nitqini mən də oxumuşam, özü də onun nitqlərini iki dəfə oxuyuram ki, başa düşüm. Mən də onun çıxışından estetik həzz almışam. Mən də Xruşşov yoldaşın qəlbinin dahi Lenin incəliyinə heyran qalmışam. Bəs sizin qəlbiniz necədir?”
Şərhə ehtiyac yoxdur. Deməyə isə ehtiyac var ki, bu fikirlərin müəllifi o dövrdə Azərbaycan sənayesinə rəhbərlik edirdi...
“...Yoldaş İbrahimov ona əsaslanır ki, kimsə “mən fransız dilində yazılmış ərizəni başa düşmək istəmirəm” deyərək məzuniyyətlə bağlı ərizəni geri qaytarıb. Məgər bir-iki faktdan ümumi nəticə çıxartmaq olar?
...Mən yazıçı kimi İbrahimov yoldaşa həmişə böyük hörmət bəsləmişəm və bəsləyirəm, lakin Mirzə İbrahimov yoldaş bu tribunadan bizim heç cür razılaşa bilmədiyimiz nəhəng siyasi səhvindən danışmalıydı. Cürbəcür dedi-qodulara səbəb olan bu təşəbbüs onundur. Kim nə deyir-desin, sovet Azərbaycanı Lenin Rusiyasına, partiyanın leninçi Mərkəzi Komitəsinə sadiq olub və əbədi sadiq olacaq”.
Bu fikirlər Sumqayıt Şəhər Partiya Komitəsinin başçısına məxsusdur.
“...Bir ay, ayyarım bundan əvvəl mən büro üzvlərinə İbrahimov yoldaşı partiya intizamına çağırmaq barədə demişdim. Çünki biz belə bir vəziyyətlə razılaşa bilmərik ki, Mirzə İbrahimov tribunaya qalxanda onu bütöv 15 dəqiqə alqışlasınlar. Bu alqışların səbəbi bizə aydın deyil. Belə çıxır ki, o, milli qəhrəmandır, əzabkeşdir və buna görə cəzalandırılıb”.
Mirzə İbrahimovun alqışlanmasından narahat olan, bunun səbəbini anlamayan şəxs respublika rəhbərlərindən biri idi... Və o, bir məsələdə haqlı idi. Həmin illərdə və bir neçə il sonra da Mirzə İbrahimovun çıxışları dinləyici auditoriyasında alqışlarla qarşılanırdı. Və bu alqışların sədası korşalmayan yaddaşlarda bu gün də yaşamaqdadır. Məsələn, indi 70 yaşını ötmüş şair Tofiq Abdin xatırlayır: “60-cı illərin əvvəllərində Elmlər Akademiyasının binasında Yazıçılar İttifaqının hansısa bir tədbiri keçirilirdi. Həmin tədbirdə Mirzə İbrahimova söz veriləndə təxminən on dəqiqə əl çaldılar. Sakitlik yarananda Mirzə müəllimin qürur hissiylə yarızarafat, yarıgerçək ilk sözü bu oldu ki, sizin bu alqışlarınız “dostlar”ımla mənim arama sədd çəkir...”
Yenə də həmin “dostlar”ın 1959-cu ilin iyun ayında keçirilən plenumdakı çıxışına qayıdaq:
“...Mən təklif edərdim ki, bizdə Mirzə İbrahimov kimi bir çox yazıçılar var, onları işləmək üçün kəndlərə göndərsinlər. Müəyyən vəzifələr götürsünlər, qoy onlar kənddə yaşasın, sonra da yazmağa başlasınlar”.
Bu təklifi Puşkin (indiki Biləsuvar) Rayon Partiya Komitəsinin katibi vermişdi. Və həmin katib Mirzə İbrahimovun çıxışı barədə demişdi: “Belə çıxışlar ancaq bizə ziyan vura bilər. Ona görə deyə bilərəm ki, Azərbaycan partiya təşkilatı, Bakı partiya təşkilatı Lenin partiya təşkilatının qabaqcıl dəstəsi olmuş və qabaqcıl dəstəsi olaraq yaşayacaq. Yaşasın internasionalizm!”.
Stenoqramda elə belə də yazılıb: “İnternasionalizm!” Və təbii ki, mötərizədə də “alqışlar” sözü...
Həmin natiqin Qasım İsmayılov (indiki Goranboy) rayonundan olan həmkarı isə rəngləri daha da tündləşdirməyə üstünlük verirdi: “Lenin dilinin öyrənilməsindən gənclərin müəyyən hissəsini soyutmaqda İbrahimovun böyük təsiri var. Belə ki bu dil məsələsi çıxandan sonra gənclərin bir hissəsi rus dilini öyrənməkdən imtina ediblər”.
Katib necə ilhamlanmışdısa, Azərbaycan xalqının özünün mövcudluğunu da böyük rus xalqının yardımı ilə əlaqələndirməkdən çəkinməmişdi: “Azərbaycan xalqının varlığı, onun nailiyyətləri, onun inkişaf yolu ancaq və ancaq böyük rus xalqının yardımı ilə... bağlıdır. Böyük rus xalqının yaratmış olduğu Sov.İKP MK-nın köməkliyi nəticəsində Azərbaycan xalqı suveren bir xalq kimi yaşayır və inkişaf edir”.
Bu, o vaxtkı raykom katibinin düşüncə tərzi idi!
“Obyektiv dünyanı görmək üçün bir qədər obyektiv olmaq lazımdır”. Yazıçıya bu məsləhəti isə səhiyyə naziri verirdi...
Əslində Mirzə İbrahimovun özü də Kommunist Partiyasının, sovet rəhbərliyinin ünvanına dəfələrlə kifayət qədər tərif söyləmişdi. Hətta SSRİ Ali Sovetinin sessiyasında çıxışlarından birinə bu gün üçün çox süni görünən aşağıdakı cümlə ilə başlamışdı: “Deputat yoldaşlar! Hindistan, Birma və Əfqanıstana çətin və şərəfli səfər etməklə sülh uğrunda mübarizədə çox böyük və həqiqətən tarixi bir iş görmüş olan Bulqanin və Xruşşov yoldaşlara Azərbaycan xalqı adından səmimi təşəkkür edirəm”.
Yəni Mirzə İbrahimov özü də o dövrün, o şəraitin adamı idi. Ona görə də həmişə, necə deyərlər, üzdə olmuş, sovet cəmiyyətinin yazıçıya, ziyalıya verdiyi bütün imtiyazlardan kifayət qədər bəhrələnmişdi. Elə bircə faktı xatırladaq ki, o, 40-cı illərin ikinci yarısından başlayaraq, demək olar, ömrünün sonuna qədər SSRİ və ya Azərbaycan Ali Sovetinin deputatı olmuşdu. Bizcə, yazıçı Anarın bir fikrini burada xatırlatmaq yerinə düşər: “Mirzə İbrahimov öz dövrünü təmsil edirdi - bu dövrün ən mühüm ədəbi və ictimai-siyasi təzahürlərini təmsil edirdi. Onun ömür yolu və şəxsiyyəti parlaq bir şəkildə Vaxtın ifadəsiydi - Vaxtın miqyaslarını, aldanışlarını, sərt və amansız oyun qaydalarını əks etdirirdi”.
“Azərbaycan dili” çarmıxa çəkilir
Bütün bunlardan sonra Mərkəzi Komitənin plenumunun iştirakçıları yazıçının “Azərbaycan dili” kitabının müzakirəsinə keçir. Konkret səhifələrdən konkret sitatlar oxunur. Oxunur və sual verilir: “Məgər marksist-leninçi nöqteyi-nəzərə görə tutduğu vəzifədən asılı olmayaraq kimisə Azərbaycan dilini bilməyə məcbur etmək olarmı? Əgər o, gözəl mühəndisdirsə, həkimdirsə və sair, siz ona necə deyə bilərsiniz ki, Azərbaycan dilini bilmək onun vətəndaşlıq borcudur?”
“Bizdə Azərbaycan dilinə qarşı mübarizə aparan kimdir ki? Yoldaş İbrahimov, siz Azərbaycan dili uğrunda kiminlə ölüm-dirim mübarizəsi aparmaq istəyirsiniz?” Görünür, məsələnin son dərəcə gərgin şəkil aldığını görən Mirzə İbrahimov yerindən cavab verir: “Mən çox üzr istəyirəm, bu məqalə Təbrizdə, İran despotlarına yönəlmiş demokratik hərəkatın qaynar çağında yazılıb...” Bundan sonra stenoqramçı yazıçının nə dediyini eşidə bilmir.
“Kitab “Azərbaycan dili” adlanır, orada Bakı, yaxud Təbriz haqqında heç nə deyilmir”.
Bu fikir isə tribunadan səslənir.
Mirzə İbrahimov yenidən cavab vermək istəyir və heç nə eşidilmir. Tribunada dayanan natiq bu dəfə əsəbi şəkildə “özünü mədəni qələmə verən adam hətta oturub qulaq asmağı da bacarmır” deyir.
Sonra yenə də kitabdan sitat oxunur. Mirzə İbrahimov yerdən “ondan sonrakı ifadəni də oxuyun” deyir. Hiss olunur ki, kitabdan ayrı-ayrı cümlələri oxumaqla onun günahını bir az da artırmaq niyyəti güdülür. Hətta rus çarı haqqında yazılanlar da yazıçıya irad tutulur: “Məgər xalq haqqında, çar haqqında danışarkən çarın əməllərini xalqın ayağına yazmaq olarmı? ...Siz yazırsınız ki, çarizm rus xalqını bədnam edir. Burada rus xalqının nə günahı var?”
Müzakirələrin gərgin vaxtında Mirzə İbrahimov özünü saxlaya bilmir və yenə də yerindən hansısa natiqə “niyə siz bu barədə mən məsul vəzifədə olanda demirdiniz” sualını verir.
Növbəti cavabsız sual!
Respublika partiya təşkilatının katiblərindən biri dillə bağlı proseslərin şovinizmə meydan açdığını əsaslandırmaq üçün nümunə də göstərir: “8-ci sinif şagirdi, rus balası - familiyasını unutmuşam, çünki bu iki il əvvəl olub - Xruşşov yoldaşa məktub yazır ki, niyə azərbaycanlılar çox səs-küy salır, Azərbaycan dili haqqında danışırlar? Niyə rusların Azərbaycandakı missiyasını onlar başa düşmürlər? Axı niyə Azərbaycan dili nəinki rus məktəblərində, həm də Azərbaycan məktəblərində keçilir, Azərbaycan dilində danışmaq nəyə lazımdır? Hələ biz burada belə dəhşətli həyat şəraitinə dözürük, tədbir görün. 8-ci sinif şagirdi”.
Natiq zala müraciətlə sual verir: “Onu kim buna vadar edib, 14-15 yaşlı oğlan uşağı haradan belə şovinist olub?” Orijinal cavab da həmin katibin özünə məxsusdur: “Görünür, əks reaksiyadır. Millətçi elementlərin fəallaşması, şübhəsiz, şovinist elementlərin fəallaşmasına səbəb olub”.
Həmin natiqin gətirdiyi daha bir misal: “İnstitutda milliyyətcə erməni olan bir yoldaş rus dilində çıxış edib, onu tribunadan qovurlar ki, ya Azərbaycan dilində danış, ya da tribunadan düş! Bütün bu faktları kimin ayağına yazaq?”
Katib məsələnin bu cür qoyuluşundan sonra başıbəlalı “Azərbaycan dili” kitabından sitat oxuyur və həmin sitatdan özünün çıxardığı nəticəni elan edir: “Belə çıxır ki, Azərbaycanda dillər arasında bərabərlik yoxdur, millətlər arasında bərabərlik yoxdur, ona görə də Azərbaycanda yaşayan millətlər arasında dostluq ola bilməz!”
Sərt və ciddi ittihamdır, elə deyilmi? Hələ bu, respublika rəhbərlərindən birinin dedikləri ilə müqayisədə xeyli yumşaqdır: “Biz istəmirik, yoldaş İbrahimov, yaxşı və istedadlı yazıçı kimi sizi itirək, ancaq elə etməyin ki, siz özünüz özünüzü itirəsiniz”.
Yaxşı ki, 37-ci il deyildi! 59-cu il idi və elə həmin plenumda Mirzə İbrahimov özündə rəhbərliyə Mircəfər Bağırovun taleyini və idarəçilik üsulunu xatırlatmaq cəsarəti də tapa bilmişdi!
Müzakirələrin sonunda yenidən söz alan yazıçı çıxışına belə başlayır: “Yoldaşlar, mən sizdən artıq dərəcədə xahiş edirəm, bir qədər dözüm göstərib məni dinləyəsiniz”. Qısa girişdən sonra o, dil məsələsinin üzərinə gəlir: “Bəli, bu məsələni mən qaldırmışam. Vəziyyət necə idi? Həmin günlərdə Mustafayev yoldaş Ali Sovetin Rəyasət Heyətinə gəlmişdi. O dedi ki, mən etiraz etmirəm, büro iclası olacaq, gəlin fikir mübadiləsi aparaq. Mən soruşdum ki, rəsmi məktub yazımmı? O dedi, yox. Büroda, yadımda deyil, neçə adam var idi, amma kvorum olduğu yadımdadır. Orada fikir mübadiləsi apardıq, etiraz edən olmadı. SSRİ Ali Sovetinin sessiyası olacaqdı, mənə dedilər ki, Moskvaya gedirsən, Rəyasət Heyətində bunu da razılaşdırarsan. Mən bu tapşırığı yerinə yetirdim və qayıdan kimi fərman layihəsini təqdim etdim. Əmin idim ki, MK qərar çıxarmazdan əvvəl bu məsələni Sov.İKP MK ilə razılaşdıracaq. Niyə məsələ Sov.İKP MK ilə razılaşdırılmayıb, mənə məlum deyil”.
Mirzə İbrahimovun bu arayışı da təsadüfi deyildi. Bir qədər əvvəl tribunadan səslənmişdi ki, “bu məsələ dəfələrlə büroda müzakirə olunub. Biz bir neçə dəfə onu təxirə salmışıq. Nəhayət, Mirzə İbrahimov məktub təqdim etdi ki, guya bu məsələ SSRİ Ali Sovetinin Rəyasət Heyəti ilə tam razılaşdırılıb. Bizim səhvimiz ondadır ki, Mirzə İbrahimovun bu razılaşdırmasına baxmayaraq məsələni Sov.İKP MK qarşısında qaldırmalıydıq. Biz bunu etmədik, Mirzə İbrahimovun nüfuzuna arxayın olduq”.
Bizcə, Mirzə İbrahimovun özünün və kitabının “çarmıxa çəkildiyi” plenumdan gətirdiyimiz sitatlar kifayətdir. Maraqlı, həm də qəribədir ki, plenumda dillə bağlı məsələdə yekdillik nümayiş etdirən həmin məmurlar bu məsələ Ali Sovetdə müzakirə olunub qanun şəklinə salınanda ağızlarına su almışdılar. Həmin qanun elə bu cür yekdilliklə də qəbul olunmuşdu. Bu da 50-ci illərin reallığı idi.
...Aradan otuz il keçəcək və Mirzə İbrahimov tənqidçi Aleksandr Qriçlə söhbətində dil məsələsi ilə bağlı fikrini belə bildirəcəkdi: “Dövlət dilinin geniş dövlət fəaliyyətinə tətbiqi tədricilik, planlılıq və hazırlıq tələb edən prosesdir. Həmin qanun da başqa qanunlar kimi bir növ hərəkətin istiqamətini göstərən vektor idi. Ötən onilliklərdə həyat göstərdi ki, bu istiqamət real imiş. Düşünürəm ki, az müddət ərzində qüvvədə qalsa da həmin qanun Azərbaycan dilinin Azərbaycanda layiqli yer tutmasında öz pozitiv rolunu oynayıb. Hər halda Çingiz Aytmatovun yana-yana göstərdiyi hadisə - Qırğızıstanda qırğız dilinin başına gələnlər Azərbaycan dilindən yan ötdü”.
Mirzə İbrahimovun ahıl yaşında dediyi bu fikirlərlə razılaşmamaq günah olardı...
(Ardı var)



