“Media forum” saytı İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Xalid Mikayılovun dəyərləndirməsini təqdim edir (ixtisarla).
Uğurlar
2011-ci ildə qlobal böhranın Azərbaycan iqtisadiyyatına təsirləri minimum olub. Böhran dövründə ölkədəki makroiqtisadi sabitlik qorunub saxlanıb, manatın məzənnəsi digər valyutalara nisbətən mökəmlənib, dünya bazarında qiymətlərin artması fonunda Mərkəzi Bank inflyasiyanı optimal səviyyədə saxlaya bilib, maliyyə sektorunda sabitlik təmin olunub. Bəzi zəif bankları çıxmaq şərti ilə ölkədə bank sistemində artım baş verib. Bankların məcmu kapitalı 2010-cu ilin 10 ayında ilin əvvəli ilə müqayisədə 8,2% artıb. Bank filiallarının və şöbələrinin sayı çoxaldılıb. Bankların iqtisadiyyata kredit qoyuluşlarının həcmi (ilin 9 ayının nəticlərinə görə) 5,1% artıb.
Neft ümumi daxili məhsulu (ÜDM) ilə müqayisədə qeyri-neft ÜDM-in yüksək sürətlə artmasını ilin ən uğurlu iqtisadi hadisəsi hesab etmək olar. Rəsmi məlumatlara əsasən, qeyri-neft ÜDM-in artım sürəti 9,5% təşkil edib. İlin 11 ayı ərzində ümumilikdə 45,5 milyard manatlıq ÜDM istehsal olunub ki, bunun da təqribən 21,5 milyard manatı və ya 47%-i qeyri-neft ÜDM-in payına düşüb. Rəsmi rəqəmlərə inansaq, son illərdə qeyri-neft sektorunda istehsal olunan ÜDM-in həcmi ilə neft sektorundakı ÜDM arasında tarazlıq yaranıb.
Qeyri-neft sektorunun sürətli artımına baxmayaraq bu artım neft sektorunun iqtisadiyyatdakı dominant roluna ciddi təsir etməyib. Səbəb isə ölkə iqtisadiyyatının tamamilə neft amili ilə əlaqəli və qeyri-neft sektorunda məhsuldarlığın aşağı olması ilə bağlıdır. Hətta qeyri-neft ÜDM-in əsasını təşkil edən tikinti, nəqliyyat, rabitə, turizm və s. sahələrdə də dolayı yolla neftdən maliyyələşmə movcuddur. Bu isə qarşıdakı illərdə Azərbaycan iqtisadiyyatında həm qeyri-neft ÜDM-in neft ÜDM-dən asılılığı, həm də iqtisadi artımın davamlılığının kövrəkliyi riskini yaradır.
İlin ortalarında hökümət tərəfindən büdcəyə dəyişiklik edildi. Dəyişiklik nəticəsində dövlət büdcəsinin gəlirləri 29% artırılaraq 15,55 milyard manata xərcləri isə 25% artırılaraq 15,94 milyon manata çatdırıldı. Hökümətdə bunu əsasən dünya bazarında neftin qiymətinin qalxması nəticəsində Azərbaycanın neftdən gələn gəlirlərinin artması və mühüm əhəmiyyət kəsb edən layihələrin maliyyələşdirilməsi ilə izah etdilər. Nəticədə büdcədə nəzərdə tutulmuş bir barel neftin orta illik ixrac qiyməti 60 ABŞ dollarından 80 ABŞ dollarına kimi yüksəldildi. Dəyişikliklər dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqlarının, eləcə də minimum əməkhaqqı və pensiyaların artımına rəvac verdi.
Dövlət büdcəsinin artımı özlüyündə müsbət addım olsa da, artımların əsasən Neft Fondundan büdcəyə edilən trasnfertlərin artırılması hesabına baş verməsi iqtisadi baxımdan məqsədəuyğun deyil. Neftdən gələn gəlirlərin əbədi olmadığını nəzrə alsaq, o zaman bu vəsaitlərin büdcəyə köçürülməsinin niyə bu qədər narahatçılıq doğurduğu aydın olar. Büdcəyə yönəldilən pulların xərclənməsinə nəzarətin zəif olması vəsaitlərin həm də korrupsiyanın yeminə çevrilməsi ehtimalını artırır.
Dünya Bankının Doing-Business-2012 hesabatına əsasən, Azərbaycan 3 pillə irəliləyərək dünya üzrə 183 ölkə arasında 66-cı yeri tutdu. Hesabatda Azərbaycanın ən çox uğur qazandığı bölmə biznesə başlamaqla bağlı bölmə oldu. Belə ki, Azərbaycan bu bölmə üzrə 18-ci yeri tutdu. Hesabatda ən pis göstərici elektrik enerjisinin, tikintiyə icazələrin alınması, həmçinin sərhəddənkənar ticarətlə bağlı id. Bu göstəricilər üzrə Azərbaycan müvafiq olaraq 173, 172 və 170-ci yerləri tutmuşdu.
Hesabatda Azərbaycanın mövqeyi həm də ölkənin qeyri-neft sektoruna xarici investisiyaların axınına təsir etdiyi üçün hökümətin qeyd olunan sahələrdə irəliləyişə nail olması çox vacibdir. Əslində hesabatda göstərilən maddələr üzrə göstəricilərin yaxşılaşdırılması kiçik və orta sahibkarlığın inkişafına şərait yarada bilər. Bu da iqtisadiyyatı həddən artıq neftdən asılı olan Azərbaycan kimi ölkə üçün vacib amildir.
Rəsmi məlumatlara əsasən, 2011-ci ilin noyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 41,5 milyard ABŞ dollarına çatıb. Bunun təqribən 7 milyard ABŞ dollarını və ya 17%-ni Mərkəzi Bankın valyuta ehtiyatları təşkil edir. 2010-cu illə müqayisədə Mərkəzi Bankın valyuta ehtiyatları təqribən 10%-ə qədər artıb. Strateji valyuta ehtiyatlarının artması ilk növbədə ölkənin iqtisadi imici baxımından çox əhəmiyyətlidir. Bu həm də ölkəyə investisiya axını baxımından olduqca vacibdir. Çünki investorlar həmişə sabit iqtisadiyyatlı ölkələrə kapital qoymağa meyilli olurlar. O baxımdan Azərbaycanın valyuta ehtiyatlarının artması investorlar üçün mesaj rolunu oynayır. Yəni bu, ölkənin ödəniş qabiliyyətli və öhdəliklərini vaxtında yerinə yetirmək qabiliyyətində olduğunu göstərir.
Lakin strateji valyuta ehtiyatlarının idarə edilməsi sahəsində hökümət heç də çevik siyasət yürütmür. Yəni bu vəsaitlər beynəlxalq imic baxımından müsbət rol oynasa da, onların ölkənin iqtisadiyyatına ciddi təsirləri hiss edilmir. Halbuki vəsaitlərin bir hissəsi ölkə iqtisadiyyatına yönəldilə bilər. Nəticədə neft sektorundakı artım səbəbilə zəifləmiş iqtisadi artım sürətlənər, ölkədə bəzi sahələrin inkişafına şərait yaranar.
Bu il həm də minimum əməkhaqqının həcmi 10% artırılaraq 93,5 manata çatdırıldı. Gələn il üçün yaşayış minimumu ölkə üzrə 13 manat və ya 13,6% artırılaraq 108 manat oldu.
Bununla belə, minimum əməkhaqqının məbləğinin ölkədə mövcud olan yaşayış minimumu və mimimum istehlak səbəti ilə müqayisədə aşağı olması əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsinə imkan vermir. Belə ki, minimum əməkhaqqı yaşayış minimumunun 86%-ni, minimum pensiya isə 80%-ni təşkil edir. Bu da əhalinin aztəminatlı hissəsinin təlabatının tam ödənilməsinə imkan vermir. Müstəqil hesablamalar adambaşına minimum istehlak büdcəsinin həcminin 140-200 manat, yaşayış minimumunun isə 150-250 manat arasında olduğunu göstərir.
Büdcə təşkilatlarında çalışanların əməkhaqlarının 10% artırılmasına gəlincə, qeyd etmək lazımdır ki, əməkhaqlarının artımına paralel olaraq ölkədə bəzi xidmət növləri üzrə tariflər və ərzaq qiymətləri də artdı ki, bu da əhalinin gəlirlərinin bir hissəsinin inflyasiyanın yeminə çevrilməsinə şərait yaratdı. Qiymət artımlarının başlıca səbəbləri qeyri-şəffaf idarəetmə, inhisarçılığın mövcud olması, həmçinin ölkəyə idxal olunan ərzaq məhsullarının qiymətlərinin qalxmasıdır. Rəsmi rəqəmlərə əsasən, Azərbaycanda əhalinin gəlirlərinin 65%-nin son istehlaka getdiyini nəzərə alsaq, o zaman əməkhaqlarının 10%-lik artımı fonunda baş verən qiymət artımlarının əhalinin həyat səviyyəsinə müsbət hər hansı təsirinin olacağını söyləmək çətindir.
Bu il həm də pensiya sahəsində mövcud olan ədalətsizliyin aradan qaldırılması istiqamətində addımın atılması kimi yadda qaldı. 2006-cı ilə kimi pensiyaya çıxmış 900 minə yaxın pensiyaçının hüquqları bərpa olundu. Xatırladaq ki, köhnə qaydalarda pensiya məbləği hesablanarkən son 2 ilin əməkhaqqı əsas götürülürdü, iş stajı nəzərə alınmırdı. Nəticədə 2006-cı ilə qədər pensiyaya çıxanların böyük bir hissəsi minimum pensiya alırdılar. Bu isə onların hüquqlarının pozulması demək idi. Yeni qaydalara əsasən, hər bir pensiyaçıya fərdi yanaşma tətbiq edildi. Onların iş stajları nəzərə alınmaqla pensiyanın baza hissəsinə əlavələr olundu. Nəticədə pensiyalar orta hesabla 40%-ə kimi artdı və ölkə üzrə vahid pensiya sistemi yaradıldı. Lakin bütün bu müsbət addımlara baxmayaraq pensiyaların məbləği hələ də ölkə üzrə mövcud olan yaşayış minimumu və minimum istehlak büdcəsinin səviyyəsi ilə bərabərləşdirilməyib.
İtirilmiş imkanlar
2011-ci il həm də ÜDM-in artım templərinin zəifləməsi ilə səciyyəvi oldu. Rəsmi məlumata əsasən, bu ilin 11 ayında cəmi 0,2%-lik ÜDM artımı qeydə alınıb. Bu da son illərin ən aşağı göstəricisidir. Qeyd etmək lazımdır ki, ÜDM-in strukturunda qeyri-neft sektorunun payının az olması ilə əlaqədar baş verən ən yüksək faizli artım belə ümumilikdə ÜDM-in cüzi faizlə artmasına səbəb olub. Digər tərəfdən neft sektorunun ÜDM-dəki payının dominant olması əvvəlki illərdə neft hasilatının artması ilə ÜDM-in sürətli artımına imkan yaratmışdısa, hazırda neft hasilatının azalması ÜDM-in artım tepmlərinə də mənfi təsir göstərib.
Həmçinin iqtisadi ədəbiyyatda baza effekti kimi xarakterizə olunan məhfum ölkə iqtisadiyyatındakı azalmanın əsas səbəblərindən biridir. Bundan başqa ÜDM-in strukturunda həm də dolayı yolla neft sektorundan maliyyələşən sahələr olduğu üçün gələcəkdə neft gəlirlərinin aşağı düşməsi fonunda bu da ÜDM-in artım templərinə mənfi təsir göstərə bilər. Belə ki, ÜDM-in strukturunda hələ də ən böyük xüsusi çəki sənayeyə (54,9%) məxsusdur. Onun da böyük bir hissəsi neft hasilatı ilə məşğul olan mədənçıxarma sənayesinin payına düşür. Artıq neft hasilatının azalması sənayedə 5%-lik azalmaya səbəb olub. Hökümət gələcək illərdə sürətli iqtisadi artım tempinə nail olmağı qarşısına məqsəd kimi qoyub. Lakin qeyd etmək istərdik ki, qeyri-neft sektorunda sürətli artıma nail olmaq və ÜDM-in strukturunda böyük payı olan neft sektorundan qeyri-neft sektorunun üstünlük təşkil etdiyi ÜDM artımına transformasiya etmək üçün ilk növbədə ölkədə biznes mühiti yaxşılaşdırılmalı, kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli şərtlər təmin edilməlidir. Həmçinin gömrük sisteminin liberlallaşdırılması və xarici ticarətin inkişafı üçün şərait yaradılması olduqca vacibdir. Ölkə iqtisadiyyatındakı inhisarçılığın azaldılması da qeyri-neft sektorunun inkişafı üçün əsas amillərdən biridir.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, sənayedə 5% azalma qeydə alınıb. Neft hasilatı 4.9 milyon ton azalıb, qaz istehsalı isə 8,3 milyard kub metr artıb. Göründüyü kimi, neft hasilatındakı 5 milyon tona yaxın azalma sənayedə azalmaya səbəb olub. Qaz hasilatı artsa da, o, neft qədər gəlir gətirmədiyi üçün sənayedə artıma səbəb olmayıb. ÜDM-un tərkibində payı 54,9%-ə çatan sənaye istehsalının azalması təkcə bu sahəyə deyil, birbaşa ölkə iqtisadiyyatına mənfi təsir göstərir. Ölkə iqtisadiyyatının digər sahələrində olduğu kimi sənayenin strukuturunun da diversifikasiya olunmasına ciddi ehtiyac var.
2011-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri və tariflərin keçən ilin eyni dövrü ilə müqayisədə 8% bahalaşıb. Ən çox artım isə ərzaq məhsullarının qiymətində və xidmət tariflərində qeydə alınıb. Belə ki, ərzaq məhsullarının qiyməti ilin əvvəlindən indiyə kimi 10,7%, xidmət tarifləri isə 4,7% artıb. Ölkədə inflyasiyaya səbəb olan amillər arasında başlıca olaraq süni qiymət artımlarını göstərmək olar. Bazarda kifayət qədər rəqabətin olmaması, həmçinin əhalinin gəlirlərinin böyük bir hissəsinin ərzaq məhsullarının alınmasına sərf olunması inflyasiyanı stimullaşdıran əsas amillərdəndir. Bundan başqa bütün xidmətlərin və tariflərin qiymətlərinin qalxması kənd təsərrüfatı məhsulları istehsal edən insanların xərclərini artırır ki, bu da son nəticədə özünü ərzaq qiymətlərinin artımında göstərir.
Azərbaycanda korrupsiyaya qarşı mübarizə çərçivəsində bir çox qanunlar o cümlədən dövlət satınalmaları ilə bağlı qanun qəbul edilməsinə baxmayaraq bu sahələrdə inkişaf görünmür. Bir çox satınalmalar hələ də birbaşa sifarişlər əsasında aparılır. Hökümət ilin əvvəlindən başlayaraq ölkədə korrupsiyaya qarşı mübarizə başlatdığını elan etsə də, bir qədər keçəndən sonra bu mübarizə səngidi. Bəzi kiçik həcmli rüşvət hallarını çıxsaq, demək olar ki, ölkədə korrupsiyaya qarşı mübarizə hiss olunmur. Digər tərəfdən korrupsiyaya qarşı mübarizə təkcə inzibati deyil, digər vasitələrlə də yəni kompleks şəkildə aparılmalıdır. Bura dövlət sifarişləri hesabına həyata keçirilən infrastruktur layihələrinin tenderlər vasitəsilə verilməsindən tutmuş maarifləndirmə işlərinin aparılmasına qədər bir çox vasitələr daxildir. Lakin keçən dövr ərzində keçirilən tenderlərin sayı azalmışdır. Digər tərəfdən hətta keçirilən tenderlərin belə şəffaflığı azdır və onların bir çoxu şübhə doğurur.
Həmçinin dövlət büdcəsi və əsasən Dövlət Neft Fondunun vəsaitləri hesabına həyata keçirilən iri layihələrin (Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi və s.) dəyəri layihə başa çatana kimi, hətta başa çatdıqdan sonra bir neçə dəfə artırılır ki, bu da korrupsiya yaradan amillərdəndir. Bu vəsaitlərin xərclənməsinə dövlət tərəfindən yetərincə nəzarətin aparılmaması, layihələrin icrasının şəffaf olmaması həmçinin keçirilən tenderlərin ya şəffaf olmaması, ya da ümumiyyətlə keçirilməməsi ictimai vəsaitin korrupsiyanın yeminə çevrilməsi riskini arıtrır.
Azərbaycan 1997-ci ildən Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük üçün müraciət edib və 1999-cu ildə təşkilatla Azərbaycan arasında memorandum imzalanıb. Lakin danışıqlar bu günə kimi bir nəticə verməyib. Bu ilin sonlarına yaxın isə təşkilat Azərbaycanla danışıqları təxirə salıb. Hökümətdə bunun səbəblərini təşkilatın Azərbaycanın hansı statusla üzvlüyü məsələsində razılığın olmaması ilə izah edirlər. Lakin Azərbaycanın bir çox qanunvericilik aktları tariflərin və rüsumların səviyyəsi hələ də təşkilatın tələb etdiyi standartlara uyğun gəlmir. Digər tərəfdən Azərbaycan kənd təsərrüfatının subsidiyalaşdırılmasından imtina etmək istəmir ki, bu da təşkilatla Azərbaycan arasında əsas problemlərdən birdir.
Lakin aparılmış tədqiqatlar da göstərir ki, Azərbaycanın ÜTT-yə üzvlüyü ən çox spirtli içkilər sektorunun zəifləməsi ilə müşahidə olunsa da, digər sahələrə elə də ciddi təsir etməyəcək. Digər tərəfdən Azərbaycanın müqayisəli üstünlüyə malik oduğu məhsullar da var ki, bu məhsulların ixracından gələn gəlir digər sektorlar üzrə azalmanı kompensasiya edə biləcək. Təşkilata üzvlük Azərbaycanın qeyri-neft sektorunun inkişafı, xüsusilə ölkəyə xarici kapitalın, müasir texnologiyaların və innovasiyanın gəlməsi üçün olduqca vacibdir.
Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığı bu ildə davam etdi. Belə ki, iqtisadiyyatının bütün sahələrində neft sektorunun payı minimum 60% maksimum isə 90-95% arasında dəyişir. İxracın 95%-ni neft və neft məhsullarının ixracı təşkil edir. Azərbaycanın qeyri-neft ixracının həcmi Gürcüstanın ümumi ixracının 65%-nə çatır. Bu isə ölkənin Cənubi Qafqazda lider olması fikrinə uyğun gəlmir.


