Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Araşdırma
print

MİRZƏ İBRAHİMOVUN “NƏHƏNG SİYASİ SƏHVİ” (1)

2011-12-28 - 15:03:00

Müsəllim HƏSƏNOV 

Biz indi haqq dünyasında olan və anadan olmasının 100 illiyi Azərbaycan prezidentinin sərəncamı ilə təntənəli qeyd edilən Mirzə İbrahimovdan qəhrəman, əzabkeş, ən başlıcası dissident obrazı yaratmaq niyyətində deyilik. Buna heç ehtiyac da yoxdur. Lakin tarixi həqiqətin üzə çıxarılmasına ehtiyac var. 

Və biz bu həqiqətin ortaya qoyulmasında fərdi mülahizə və yozumumuzdan daha çox, arxiv sənədlərinə, o illərin qəzet materiallarına əsaslanacağıq. Söhbət ötən əsrin 50-ci illərindən gedir...

Avqust, 1956-cı il

Azərbaycan SSR Ali Sovetinin dördüncü çağırış, üçüncü sessiyası öz işinə başlamışdı.

“Deputat yoldaşlar! Fərmanlar haqqında məruzəyə keçməzdən əvvəl icazə verin konstitusiyamıza Azərbaycan SSR-in dövlət dili haqqında əlavə maddə daxil edilməsi barəsində Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin təklifini sizin müzakirənizə təqdim edim. Azərbaycan dili respublikamızda dövlət dilidir. Lakin bu, məlum olduğu kimi, konstitusiyamızda əks etdirilməyib”.

Bu parça sessiyada Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, deputat Cəfərovun çıxışından götürülüb.

Sonra deputat Cəfərov sovet hakimiyyəti illərində Azərbaycan dilinin inkişafından, bu dilin artıq dövlət dili səviyyəsinə qalxdığından danışaraq çıxışını belə yekunlaşdırır: “Bütün bunları nəzərə alaraq Azərbaycan dilinin respublikamızda dövlət dili olması barəsində konstitusiyamıza xüsusi bir maddə əlavə etmək tamamilə məqsədəuyğundur”.

Həmin dövrdə konstitusiyaya dövlət dili haqqında maddə daxil edilməsi nə demək idi?

İlk baxışda hər şey normal sayıla bilərdi. Hər kəsin rus və ya Azərbaycan dilində təhsil almaq istəyi təmin olunmuşdu. Hər iki dildə məktəblər mövcud idi. Azərbaycan dilində oxumaq heç kimə qadağan edilmirdi.

Azərbaycanın dövlət atributu sayıla biləcək himni, gerbi, bayrağı var idi. Üstəlik, respublikamızın istənilən vaxt SSRİ-dən ayrılmaq “huququ” da saxlanılmışdı.

Konstitusiyaya dövlət dili haqqında maddənin əlavə edilməsi isə dövlət atributlarına daha bir əlavə, özü də ciddi əlavə demək olardı. Təbii ki, burada müstəqilliyə meylin simptomları da yox deyildi. Məsələni qanun şəklində rəsmiləşdirmək üçün isə kifayət qədər praktik əsaslar var idi. O illərdə azərbaycanca teleqramları qəbul etməmək halları olur, Azərbaycan dilində yazılmış ərizələrə cavab verilmirdi. Vətəndaşların şikayət ərizələri ana dilini bilməyən məmurların əlinə düşür və heç bir tədbir görülmürdü. Bir sözlə, dövlət idarələrində əsas yazışmalar rus dilində aparılırdı.

Dil məsələsinə sessiyada münasibət bildirən ilk natiq deputat Rəsul Rza olur. O, respublikanın bir sıra problemlərindən söz açdıqdan sonra Azərbaycan dilinə qayğı və diqqətin qat-qat artırılması zərurətini vurğulayaraq deyir: “Elə bir vəziyyət yaratmaq lazımdır ki, Azərbaycan dilinin gərəkliliyini, onun dövlət əhəmiyyətini hamı dərindən dərk etsin”.

Sonra Rəsul Rza səhiyyə naziri Vəli Axundovun məruzəsinə istinad edərək bildirir: “Axundov yoldaş hər yerdə ruscadan mexaniki tərcümə olan 100 çarpayılıq xəstəxana, çarpayıların sayı və sair deyirdi. Biz heç bir zaman xəstəxanada çarpayınız varmı demirik, biz deyirik yer varmı. Xəstəxanada 100 yer var, 10 yer var. Biz heç vaxt klubda 500 stul var demirik. Biz filan qədər yer var deyirik.

Axundov yoldaş Azərbaycan dilini yaxşı bilir, bəs necə olub ki, o, azərbaycanca edəcəyi məruzəni əvvəlcə rusca yazmışdır? Mən Axundov yoldaşı qınamıram. Görünür, o, öz şöbə və müəssisələrindən məruzə üçün lazımi arayışlar tələb edəndə ona bu materialları Azərbaycan dilində vermirlər. O da məcbur olur tərcümə elətdirsin”.

Natiq axırda məsələnin ciddiliyini belə əsaslandırır: “Bu gün Azərbaycan dilini öyrənmək, bu dildə iş aparmaq, bu dildə təhsil almaq sahəsində bir sıra ciddi nöqsanlar var. Respublikamızın maarif naziri Məmmədov yoldaş burada oturub. Şübhəsiz, o bilir ki, ildən-ilə məktəblərdə Azərbaycan dilində təhsil alan uşaqların sayı azalır. Bu ilk nəzərdə bir cümlədir. Lakin bu cümlənin dalında elm, ədəbiyyat və sənətimizin taleyi durur. Bu bizi ciddi düşündürməyə bilməz. Doğma Azərbaycan dilinin formal yox, əsl həqiqətdə bütün həyat və işimizdə, kommunizm qurmaq uğrundakı mübarizəmizdə özünə layiq yeri tutmasını təmin etmək lazımdır”.

Sessiyada çıxışına Rəsul Rzaya istinadla başlayan Mirzə İbrahimov: “Konstitusiyamıza Azərbaycan SSR dövlət dili haqqında xüsusi maddə əlavə etmək məsələsi sessiyanın müzakirəsinə verilib. Bu göstərir ki, milli məsələdə buraxılmış təhriflərin aradan qaldırılması üçün, Lenin milli siyasətinin doğru yerinə yetirilməsi üçün respublika təşkilatları tədbir görürlər. Biz dövlət dili məsələsini yoldaş Voroşilovla məsləhətləşəndə o, bu təklifi çox hörmətlə qarşıladı və lazımlı hesab etdi”.

...Hələ ötən əsrin 40-cı illərindən başlayaraq Mirzə İbrahimov yazıçı kimi öz məqalələrində Azərbaycan dilinin saflığı məsələsini, dilin daha da inkişafı problemlərini qaldırır, bu barədə mülahizələrini müzakirəyə çıxarırdı. 50-ci illərin ortalarında Mirzə İbrahimov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri seçilir və artıq dil məsələsini yazıçı kimi yox, ictimai xadim, dövlət xadimi kimi qaldırır. Azərbaycan SSR Konsitusiyasına Azərbaycan dilinin dövlət dili status barədə xüsusi maddə əlavə edilməsinin təşəbbüsçüsü olur. O vaxtlar SSRİ-də millətlərarası ünsiyyət vasitəsi, deməli,  dövlət dili rus dili idi, bütün müttəfiq respublikalar da bu qaydaya tabe idilər. Bəs onda Mirzə İbrahimov niyə “köhnə bazara təzə nırx qoymaq” isətəyirdi? Bu addım partizanlıq idi, yoxsa SSRİ hökumətinə meydan oxumaq? Təbii ki, heç biri.

Həmin dövrdə artıq Stalin vəfat etmiş, şəxsiyyətə pərəstişin nəticələrini ifşa edən məlum XX qurultay keçirilmiş, stereotiplər darmadığın olunmuşdu. Ölkənin idarə edilməsində bir qədər liberallaşma hökm sürürdü. Respublika rəhbərlərindən biri olan Mirzə İbrahimov yaranan əlverişli məqamdan bacarıqla faydalanmaq istəyirdi. Buna görə də o, Azərbaycan dilinin dövlət dili elan olunması məsələsini Mərkəzi Komitənin o vaxtkı birinci katibi İmam Mustafayevlə, digər vəzifəli şəxslərlə müzakirə edir və nə qədər qəribə də olsa, hamının razılığını alır. Lakin ona məsləhət görülür ki, bu məsələni Moskva ilə özü razılaşdırsın. Həmin vaxtlar belə məsələləri, xüsusən də dil məsələsini Moskva ilə razılaşdırmadan həll etməyin qeyri-mümkün olduğunu xatırlatmağa yəqin ki, ehtiyac yoxdur.

Mirzə İbrahimov Moskvaya gedir

 və SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Voroşilovla məsləhətləşir. O, Azərbaycanda dillə bağlı yaranan çətinliklərdən söz açır və konstitusiyada müvafiq dəyişiklik olunması zərurətini bildirir. Voroşilovun “Məgər sizin öz diliniz öz respublikanızın dövlət dili deyil” sualı razılıq əlaməti kimi qəbul olunur və Mirzə İbrahimov Bakıya böyük ruh yüksəkliyi ilə qayıdır.

Arxivdə Mirzə İbrahimovun Azərbaycan KP MK-ya 20 iyul 1956-cı il tarixdə yazdığı 01/85 nömrəli məktubu saxlanılır. O, məktubda konstitusiyaya dövlət dili haqqında maddə əlavə olunması zərurətini əsaslandıraraq fikrini belə yekunlaşdırır: “Həmin məsələ haqqında mən bu il iyul ayının 17-də Moskvada SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Voroşilov yoldaşla məsləhətləşdim. Voroşilov yoldaş belə bir əlavənin məqsədə müvafiq olduğunu təsdiq etdi. Respublikanın dövlət dili haqqında Azərbaycan KP MK bürosunun qərar layihəsini müzakirənizə təqdim edirəm. Konstitusiyaya ediləcək əlavəni Azərbaycan SSR Ali Sovetinin bu il avqustun 15-də çağırılan sessiyasının müzakirəsinə verməyi məsləhət görürəm”.

İyulun 24-də Azərbaycan KP MK bürosu “Azərbaycan SSR-in dövlət dili haqqında” məsələni Azərbaycan SSR Ali Sovetinin növbəti üçüncü sessiyasının müzakirəsinə vermək barədə qərar qəbul edir və məsələ sessiyanın müzakirəsinə çıxarılır.

Avqustun 20-də öz işinə başlayan sessiyada Mirzə İbrahimov yol verilmiş səhvlərdən danışır: “Ayrı-ayrı idarələrimizdə Azərbaycan dilinə etinasız yanaşmaq kimi hallara yol vermək olmaz. Təəssüf ki, belə hallar bəzən baş verir. Misal üçün, “Azərnəşr”də 25 ildən artıq hesabat işləri Azərbaycan dilində aparılıb. Mühasibin dəyişməsi üzündən bir müddət işlər burada Azərbaycan dilində aparılmadı. Əlbəttə, belə şeylər səhvdir və görünür ki, Mədəniyyət Nazirliyi məsələnin kəskinliyini dərk edə bilmədiyindən buna yol verib”.

O, çıxışının sonunda deyir: “Biz hamımız, bütün məsul işçilərimiz ana dilini mükəmməl surətdə bilməlidir və ana dilini bilməmək ayıbdır”.

Sual oluna bilər: Həmin 50-ci illərdə sovet cəmiyyəti o dərəcədə liberallaşmışdı, sovet dövləti o dərəcədə zəifləmişdi ki, ayrıca götürülmüş bir müttəfiq respublikada rus dilinin sıxışdırılması hesabına milli dilin üstünlük qazanması labüd olmuşdu? Təbii ki, yox. Sovet dövləti zəifləməmişdi. İdeoloji iş də unudulmamışdı. Müttəfiq respublikalarda rus dilinin gözdən salınması da qeyri-mümkün idi. Bu fikrin təsdiqi kimi bircə faktı xatırlatmaq kifayətdir. Azərbaycan SSR Ali Sovetinin sessiyası geçirilən günlərdə Daşkənddə Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan və Azərbaycan SSR məktəbləri və maarif nazirlikləri işçilərinin bu respublikaların milli məktəblərində rus dili tədrisinin yaxşılaşdırılması məsələlərinə dair respublikalararası elmi konfransı açılmış və həmin konfrans beş gün davam etmişdi. Yəni rus dili və rus dilinin tədrisi qətiyyən unudulmamışdı. Maraqlıdır ki, həmin konfrans indiki dillə desək, yalnız müsəlman respublikalarını əhatə edirdi.

Daşkənddə Azərbaycan maarif nazirinin müavini ilə təmsil olunmuşdu.

Bakıda isə deputatlar konstitusiyaya yeni maddə əlavə edirdilər. Ali Sovetin qəbul etdiyi qanun aşağıdakı kimi rəsmiləşdirilmişdi:

“Azərbaycan SSR Konstitusiyasına (Əsas Qanununa) Azərbaycan SSR Dövlət dili barəsində maddə əlavə edilməsi haqqında qanun

Maddə 1. Azərbaycan SSR Konstitusiyasına (Əsas Qanununa) Azərbaycan SSR Dövlət dili haqqında maddə daxil edilsin və həmin maddə 151-ci maddə ilə aşağıdakı məzmunda yazılsın:

Maddə 151. Azərbaycan SSR-nin Dövlət dili Azərbaycan dilidir.

Azərbaycan SSR ərazisində yaşayıb azlıq təşkil edən millətlərə həm öz mədəniyyət idarələrində, həm də dövlət idarələrində ana dilini sərbəst inkişaf etdirmək və işlətmək hüququ təmin edilir.

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri M.İbrahimov

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi S.Cəfərov.

21 avqust 1956-cı il”.

Bir müddət keçir və Mirzə İbrahimov yeni qanunun tətbiqi ilə əlaqədar öz mülahizələrini “Kommunist” qəzetində dərc etdirir. “Azərbaycan dili dövlət idarələrində” adlı həmin məqalədə Mirzə İbrahimov sovet hakimiyyətinin ilk illərindən fərqli olaraq son 15-20 ildə dil sahəsində kobud təhriflərə yol verildiyindən danışaraq “bəzi idarələrdə və bəzi adamlarda  Azərbaycan dilinə qarşı biganə, laqeyd münasibət yarandığından” narazılığını və narahatlığını bildirir: “Hələ onu demirik ki, vətəndaşların Azərbaycanca olan ərizələrinə, yaxud bu və ya digər Azərbaycanca olan yazılara ana dilində cavab verməyən, ya da tamamilə cavabsız buraxan bürokratlar da tapılır.

...Bəziləri də idarənin “xüsusiyyətini” bəhanə gətirirlər. Məsələn, deyirlər ki, Maliyyə Nazirliyi sistemində guya Azərbaycan dilini işlətmək çətindir və sair”.

Rəyasət Heyətinin sədri Azərbaycan dilini bilməyənlərlə bağlı görülən tələsik və kütləvi tədbirlərə də toxunur: “Dövlət idarələrində işin Azərbaycan dilində aparılması o demək deyil ki, Azərbaycanca bilməyən bir vətəndaşı cavabsız buraxasan, yaxud onun şikayətinə anlamadığı dildə cavab verəsən. Təbiidir ki, bu da yanlış bir hərəkət olar. Belə vətəndaşlara rus dilində cavab vermək, yəni onu başa salıb təmin etmək lazımdır”.

Bu məqalə yazılanda dil haqqında qanun artıq iki ay idi ki, fəaliyyət göstərirdi və şübhəsiz, Mirzə İbrahimov keçirdiyi qürur hissini də gizlədə bilmirdi: “Respublikanın dövlət idarələrində və ictimai təşkilatlarında işlərin Azərbaycanca aparılması isə qanuni bir haldır. Çünki bir xalqın öz idarələrini ana dilində idarə etmək arzusundan təbii bir şey ola bilməz”.

Mirzə İbrahimovun keçirdiyi hissləri başa düşmək çətin deyil. Çünki sovet cəmiyyətinin siyasi elitasında liberal ovqatın üstünlük təşkil etməsinə baxmayaraq həmin dövrdə də Azərbaycan dilinin dövlət dili kimi rəsmiləşdirilməsi adi və sadə məsələ deyildi.

Məsələnin qeyri-adiliyini aradan təxminən il yarım keçəndən sonra Mirzə İbrahimovun tutduğu vəzifədən azad olunması da sübut edir.

1958-ci il yanvarın 22-də Ali Sovetin altıncı sessiyası çağrılır və orada Mirzə İbrahimovun ərizəsi oxunur:

“Son zamanlar səhhətimin pisləşdiyini və ədəbi yaradıcılıqla daha müntəzəm məşğul olmaq arzumu nəzərə alaraq məni Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsindən azad etməyi xahiş edirəm...

Mirzə İbrahimov,

Bakı şəhəri, 21 yanvar 1958-ci il”.

Azərbaycan KP MK-nın birinci katibi İmam Mustafayev iclasda deyir: “Yoldaş Mirzə İbrahimov çoxdan bizdən xahiş edir ki, biz ona ədəbiyyat və mədəniyyət sahəsində işləməyə imkan yaradaq. Mənim zənnimcə, deputatlar bu xahişi üzürlü hesab edib Mirzə İbrahimov yoldaşın Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsindən azad edilməsinə icazə verərlər”.

Deputatlar və Ali Sovet həqiqətən də icazə verdi...

Qeyd etmək lazımdır ki, yüksək vəzifədən azad edilməsi Mirzə İbrahimovun iki-üç gün sonra Azərbaycan KP MK-nın XXII qurultayının rəyasət heyətində oturmasına, orada çıxış edib yenə də ana dilinin saflığı barədə fikirlər söyləyib, çıxışını “Azərbaycan zəhmətkeşlərinin proletar beynəlmiləlçiliyi ruhunda tərbiyə edilməsi vəzifələrindən” danışmaqla yekunlaşdırmasına mane olmadı. O, həmin qurultayda yenidən Azərbaycan KP MK-nın üzvü, mart ayında isə Nuxa (Şəki) dairəsindən SSRİ Ali Sovetinə deputat seçildi. Çünki Mirzə İbrahimov yüksək vəzifədən azad olunsa da tamam atılmamış, unudulmamışdı. Elə həmin sessiyada əslində heç bir səlahiyyəti olmayan bir vəzifəyə təyin olunmuşdu - indi sadəcə Ali Sovetin sədri idi. Həmin vəzifədən isə 1959-cu ilin noyabrında azad ediləcəkdi.


(Ardı var)
pxl
“BAKCELL” NETTY-2012-nin BAŞ PARTNYORU OLDU
2012-05-17 - 19:04:00
“Bakcell” şirkəti NETTY-2012 Azərbaycan Milli İnternet Mükafatının baş partnyoru olub. “Bakcell”in sponsorluğu və “Sür@” brendinin baş par ardı >>>
mej
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir