
“Atlas” Araşdırmalar Mərkəzi Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları barədə Tərtər, Bərdə və Göyçayda keçirdiyi sorğunun nəticələrini açıqlayıb.
Tərtər
“Azərbaycan öz torpaqlarını hansı yolla geri qaytarmalıdır” sualına Tərtərdəki respondentlərin təxminən 85 faizi “sülh yolu ilə”, yalnız 15 faizi “müharibə yolu ilə” cavabını veriblər.
“ATƏT-in Minsk qrupunun fəaliyyətini necə qiymətləndirirsiniz” sualına sorğu iştirakçılarının əksəriyyəti, təxminən 75 faizi müsbət cavab verib. Cəmi 25 faiz Minsk qrupunun fəaliyyətini mənfi qiymətləndirib.
“Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçiliyini necə qiymətləndirirsiniz” sualına respondentlərin 80 faizi mənfi, 20 faizi müsbət dəyərləndirib. Buna baxmayaraq “Azərbaycan münaqişənin həllində hansı dövlətin vasitəçiliyinə üstünlük verməlidir” sualına respondentlərin təxminən 40 faizi yenə “Rusiya” deyib. Daha çox üstünlük verilən dövlət isə 50 faizlə Türkiyədir. Respondentlərin cəmi 10 faizi ABŞ-ın adını çəkib. Cavab variantlarında yerləşdirilməsinə baxmayaraq Tərtərdəki respondentlərdən heç biri Fransa və İranın adını çəkməyib.
“Vətəndaş cəmiyyəti səviyyəsində Ermənistan və Dağlıq Qarabağ erməniləri ilə təmaslara münasibətiniz necədir” sualına respondentlərin təxminən 60 faizi müsbət, 40 faizi mənfi yanaşıb. “Siz özünüz belə bir dialoqa harızsınızmı” sualına isə Tərtərdəki respondentlərin mütləq əksəriyyəti, yəni 95 faizi ermənilərlə təmaslara, dialoqa hazır olduqlarını bildiriblər.
Bərdə
“Azərbaycan öz torpaqlarını hansı yolla geri qaytarmalıdır” sualına respondentlərin təxminən 60 faizi “sülh yolu ilə”, 40 faizi “müharibə yolu ilə” cavabını veriblər. “ATƏT-in Minsk qrupunun fəaliyyətini necə qiymətləndirirsiniz” sualına sorğu iştirakçılarının 75 faizi mənfi cavab verib. Cəmi 25 faiz Minsk qrupunun fəaliyyətini müsbət qiymətləndirib. Maraqlıdır ki, bu nəticə Tərtərdəki nəticənin tərsidir.
“Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçiliyini necə qiymətləndirirsiniz” sualına respondentlərin 60 faizi mənfi, 40 faizi müsbət cavab verib. “Azərbaycan münaqişənin həllində hansı dövlətin vasitəçiliyinə üstünlük verməlidir” sualına respondentlərin təxminən 65 faiz Türkiyə, 30 faizi Rusiya, cəmi 5 faizi ABŞ deyib. Tərtərdə olduğu kimi cavab variantlarda yerləşdirilməsinə baxmayaraq Fransa və İranın adını Bərdədə də çəkən olmayıb.
“Vətəndaş cəmiyyəti səviyyəsində Ermənistan və Dağlıq Qarabağ erməniləri ilə təmaslara münasibətiniz necədir” sualına respondentlərin təxminən 75 faizi müsbət, 25 faizi mənfi yanaşıb. Bu, Tərtərdəki nəticəyə yaxındır. “Siz özünüz belə bir dialoqa harızsınızmı” sualına isə Bərdədəki respondentlərin 75 faizi ermənilərlə təmaslara, dialoqa hazır olduqlarını, 25 faizi isə əksini bildiriblər. Tərtərdə mütləq əksəriyyət, yəni 95 faiz dialoqa hazır olduğunu yazmışdı.
Göyçay
Göyçayda keçirilən sorğuda “Azərbaycan öz torpaqlarını hansı yolla geri qaytarmalıdır” sualına respondentlərin təxminən 60 faizi “sülh yolu ilə”, 40 faizi isə “müharibə yolu ilə” cavabını veriblər. Bu, Bərdədəki nəticə ilə üst-üstə düşür. Ümumiyyətlə isə hər 3 rayonda “sülh yoluna” üstünlük verənlərin sayı çoxluq təşkil edib.
“ATƏT-in Minsk qrupunun fəaliyyətini necə qiymətləndirirsiniz” sualına sorğu iştirakçılarının 80 faizi mənfi cavab verib. Cəmi 20 faiz Minsk qrupunun fəaliyyətini müsbət qiymətləndirib.
“Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçiliyini necə qiymətləndirirsiniz” sualına respondentlərin mütləq əksəriyyəti, yəni 90 faiz mənfi cavab verib.
“Azərbaycan münaqişənin həllində hansı dövlətin vasitəçiliyinə üstünlük verməlidir” sualına respondentlərin təxminən 90 faiz Türkiyə, 6 faiz Rusiya, cəmi 4 faiz ABŞ deyib. Bərdə və Tərtərdə olduğu kimi Fransa və İranı seçən olmayıb. Hər 3 rayondakı sorğuda Türkiyə lider olub.
“Vətəndaş cəmiyyəti səviyyəsində Ermənistan və Dağlıq Qarabağ erməniləri ilə təmaslara münasibətiniz necədir” sualına respondentlərin təxminən 60 faiz müsbət, 40 faizi mənfi yanaşıb. Beləliklə, hər 3 rayonda bu məsələyə müsbət yanaşma qeydə alınıb. “Siz özünüz belə bir dialoqa harızsınızmı” sualına Göyçaydakı respondentlərin 70 faizi ermənilərlə dialoqa hazır olduqlarını bildirib. Bununla da hər 3 rayonda əksəriyyət bu suala müsbət cavab verib.


