Cəmiyyət

BU ƏHVALATLAR “MEDİA FORUM”un REDAKSİYASINDA BAŞ VERİB (7 yaşa təbrik əvəzi)

2011-12-07 - 15:12:00

Dekabrda “Media forum” saytının 7 yaşı tamam olur. Saytın redaktoru İsmayıl İsmayılovun redaksiya həyatından topladığı bəzi əhvalatları oxuculara təqdim edirik. 

 

Novruz Məmmədova zəng

Müxbir Aynur İmanova Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədovun mobil telefonuna zəng vurur.

Novruz Məmmədov: - Mənim əl telefonumu sizə kim verib?

Aynur: - Novruz müəllim, biz bu nömrə ilə sizinlə daim əlaqə saxlayırıq.

Novruz Məmmədov: - Hazırda tədbirdəyəm, bir qədər sonra iş nömrəmə zəng vurun.

Aynur: - Zəhmət olmasa, nömrəni deyin.

Novruz Məmmədov: - Əl nömrəmi bilirsiniz, iş nömrəsini yox?

Aynur: - Bilmirəm.

Novruz Məmmədov iş nömrəsini verir və Aynurun susduğunu görüb düşünür ki, artıq dəstəyi asıb. Mobil telefonu söndürmədən daxili telefonla katibəsinə deyir:

- “Media forum” saytından zəng edəcəklər, de ki, yoxam, tədbirdəyəm.

 

Ülkərin Novruzəli Məmmədov axtarışı

Müxbir Ülkər Bəkirli island dili mövzusu üzrə ekspert axtarır. Milli Elmlər Akademiyasının saytından ekspert tapır və baş redaktor Azər Qaraçənlidən soruşur:

- Azər əmi, burda bir nəfər var, roman-german dilləri üzrə mütəxəssisdir - Novruzəli Məmmədov. Onunla danışım?

Azər: - Onunla danışa bilməyəcəksən.

Ülkər: - Niyə, Azər əmi?

Azər: - Çünki onu tapa bilməyəcəksən.

Ülkər: - Niyə?

Azər: - Niyəsini desəm, uzun çıxar.

Ülkər: - ...

Aynur söhbətə qarışır: - Onu həbs elədilər. Sonra azadlıqdan məhrum elədilər. Axırda da Novruzəli müəllim keçən il həbsxanada dünyasını dəyişdi.

Azər: - Yəni rəhmətə gedib.

 

Azərin yaddaşı

Ülkər işdə yoxdur. Baş redaktor müavini Hikmət Sabiroğlu onun həkimə getdiyini fərz edir. Gündüz saat 1-də dözməyib Azərdən soruşur:

- Ülkərdən xəbərin yoxdur?

- Yox.

- Zəng-filan da eləməyib?

- Yox.

Hikmət Ülkərin nömrəsini yığır:

- Ülkər, nəsə olub?

- Yox, nəsə olmalıdır?

- İşdə yoxsan.

- Tədbirdəyəm də, Azər əmi tapşırıb.

- Tədbirdəsən?

Azər: - Vay, yadıma düşdü. Ona qadın jurnalistlərin tədbirinə getməyi tapşırmışdım.

 

Küləyin sürəti

Bakıda qarlı çovğun var. İşə yenicə gəlmiş, küləyin heydən saldığı redaktor İsmayıl İsmayılov gözünü kompüterə zilləmiş Hikmətdən eşidir:

- Vay dədə, saniyədə 14,4 meqabit.

- Küləyin sürəti?

Sən demə, Hikmət dünyada ən sürətli internet olan ölkələrin siyahısını oxuyurmuş. Bu siyahıya da saniyədə 14,4 meqabit internet sürəti olan Koreya başçılıq edirmiş...

 

Hikmətlərin dəyişik düşməyi

Hikmətə jurnalist Qızılgül Abdinovadan telefon zəngi gəlir. Şəhər nömrəsini dəqiqləşdirən jurnalist zəng edəcəyini bildirir. Hikmət yandırmağa hazırlaşdığı siqareti əlində tutub Qızılgülün zəngini gözləyir. Qızılgül də heç cür şəhər nömrəsinə zəng vura bilmir. Səbri tükənən Hikmət mobil telefonla Qızılgülü yığır. Jurnalist xanım belə sual verir:

- Hikmət bəy, oğlunuzla görüşə bildinizmi?

Sən demə, Qızılgül Hikmət Sabiroğlunu Hikmət Hacızadə ilə səhv salıb, ondan həbsdə yatan Adnan Hazizadənin əhvalını soruşur.

 

“Meşə qardaşları”

Aynur internetdən xəbər oxuyur: “Meşə qardaşları”na üst-üstə 200 il iş verildi”.

Müxbir Atilla Maralanlı soruşur: - Neçə qardaşdırlar?

 

Atilla Xatəmiyə bənzədi

Atilla dizayner Orxan Budaqlının kompüterdə montaj etdiyi şəklə baxıb deyir: “Xatəmi mənə oxşayır”.

İranın indiki prezidenti Əhmədnejadla keçmiş prezidenti Xatəminin yanaşı durduğu o şəkildə Xatəminin başının yerinə Atillanın başı montaj olunubmuş.

 

Orxanın etirazı

Alya və Könül Şamilqızının yazıçı Seyran Səxavətdən götürdüyü müsahibəni sayta yerləşdirən Orxan deyir: - Burda, deyəsən, cavablar yoxdur, ancaq suallar var.

 

Atillanın cümləsi

“İran hakimiyyətinə müxalif ayətullah Hüseynəli Müntəziri İslahatçı Qadınlar Birliyinin builki prezident seçkisindən sonrakı olaylarla bağlı vətəndaşların repressiyalara məruz qalması ilə əlaqədar ona yazıb hadisələrə mövqe bildirməsini xahiş edən məktubuna cavab verib”.


Alyanın adı

“Media forum”un bir müddət xəstə yatan əməkdaşı Alya (Nailə Yaqublu) redaksiyaya zəng vurur. Müxbir Səidə Hüseynova onunla bir xeyli danışır. Dəstəyi yerinə qoyandan sonra otaqdakılara “Nailədən sizə salam var” deyir.

Atilla təəccüblə soruşur: - Alyanın adı Nailədir?

 

Narkoz

Xəbər hazırlayan Aynur Azərdən soruşur:

- Azər, narkoz elə narkoz yazılır?

Cavab: - Yox, İqtisad Universiteti.

Azər elə başa düşür ki, söhbət keçmişdə “narxoz” adlandırılan İqtisad Universitetindən gedir.

 

Atillanın tələyə düşməsi

İyunun 25-i. Gərgin iş günü. Hikmət iyunun 26-nı - Silahlı Qüvvələr Gününü, yəni rəsmi dövlət bayramını və “Media forum”un bir qayda olaraq istirahət etdiyi şənbəni - iyunun 27-ni yalandan iş günü elan edir.

Baş redaktor xarici səfərdə olduğundan İsmayıl daxili poçta Hikmətin adından iyunun 26-sı və 27-nin “Media forum”da iş günləri elan olunduğunu yazır.

Uşaqlar qəzəblə İsmayılın üstünə cumurlar. O, soyuqqanlılıqla xəbəri təsdiqləyir:

- Sabah və birigün işləyirik, sualı olan Hikmətə müraciət etsin.

Hikmət isə sualları çox sərt qarşılayır:

- Hamı bir nəfər kimi işdə olmalıdır. Parlamentin QHT qanununa etmək istədiyi düzəlişlərlə bağlı təcili materiallar getməlidir. Nə bayram, nə şənbə? Saat 10-da işdə görüşürük. Yalnız İran xəbərlərinə məsul Atilla Maralanlı işə saat 12-də gələ bilər.

Müxbir İmdad Əlizadə iyunun 26-da toya gedəcəyini söyləyir. Hikmət dərhal cavab verir:

- Toy axşam saat 6-dadır. İşə gələrsən.

Redaksiyada məyusluq və gərginlik axşama qədər davam edir. Ancaq sonda hamı bunun bir oyun olduğundan xəbər tutur, bir nəfərdən başqa...

Səhəri gün İsmayıla zəng gəlir. Atilla Maralanlı çox həyəcanla deyir:

- Bu gün iş var, ya yox?

- Yox.

- Mən gəlmişəm işə, burda “axran”dan başqa heç kəs yoxdur.

- Atilla, hamı bunun zarafat olduğunu bildi axı...  

Atilla narazılığını bildirmək üçün Hikmətə də zəng edir:

- Çoxdan planlaşdırdığım vacib bir işi buraxdım. 10 dəqiqə də ofisin liftində qalmışam...

 

Səidənin el misalı

Dövlət Bayrağı Meydanındakı bayraq küləyə tab gətirmir. Saytda gərgin iş gedir, hamı bayraqdan danışır. Dünyanın ən hündür bayraqlarından material hazırlanır. Məlum olur ki, ən hündür bayraq inşa edən ölkələr ən kasıb ölkələrdir.

Səidə yazıya başlıq təklif edir:

- Bayrağını ayağına görə uzat!

 

15 tonluq cinayət işi

Vəkil Anar Qasımlı Aynurla söhbətdə belə ifadə işlədir: “İslamçıların işinin ümumi həcmi 15 tomdur”. Yəni 15 cild. Material hazırlanarkən “tom” ton kimi yazılır.

Redaktə zamanı Hikmət təəccüblənir:

- Aynur, 15 ton yaman çoxdur e, bəlkə tom deyir?

 

Koroğlunun toy şəkli

Saytda xalq qəhrəmanı Koroğluya Bakıda qoyulacaq heykəl barəsində material yerləşdirilir. Orxan Azərdən soruşur:

- Koroğluya nə şəkil yerləşdirim?

- Fotoşəklini!

Hikmət əlavə edir:

- Toyda çəkdirdiyi şəklini ver.

 

Ülkərin Azərə sualı

- Azər əmi, Osman Gündüzün adı Osmandır, ya Gündüz?

 

Elkinin axtarışı

Bir nəfər “Media forum”a qonaq gəlir. Azər telefonla nə qədər istiqamət versə də, qonaq “Media forum”un redaksiyasını heç cür tapa bilmir. Axırda Azər redaksiyanın gənc əməkdaşı Elkin Xəlilovu qonağı qarşılamağa göndərir. Telefonunu Elkinə verib tapşırır ki, qonağı tapa bilməsən, yaddaşdakı filan nömrəyə zəng vur.

Dəqiqələr keçir, ancaq Elkindən bir xəbər yoxdur. Azər redaksiyanın başqa əməkdaşından Elkinə zəng vurmağı xahiş edir. Məlum olur ki, Elkin telefonu redaksiyada qoyub.

Azər bu haldan çox pis olur, Elkindən nə cür xəbər almaq haqqında baş sındırır. Yalnız bir müddət sonra xatırlayır ki, öz telefonunu Elkinə verib. Azərin nömrəsinə zəng vurulur, bəlli olur ki, Elkin qonağı tapıb, redaksiyaya gəlirlər.

 

Oxucunun təşvişi

Saytın daimi oxucusu, ədib Mahir Qarayev “Media forum”a zəng vurub təşvişlə Hikmətdən soruşur:

- Azərin kitabına qarşı nə iddiadır belə, İsmayıl İsmayılov kimdir? Çox narahat oldum...

Demə, filosof Niyazi Mehdinin neçə illik rəmzi məhkəmə proyektindən xəbərsizmiş. Hər yerdə elan getmişdi ki, rəmzi məhkəmədə İsmayıl İsmayılovun Azər Qaraçənlinin kitabına qarşı iddiasına baxılacaq... 

 

Oqtay Qorçunun toyunda

Elkin İsmayıla yaxınlaşıb deyir:

- İsmayıl müəllim, xahiş edirəm Vaqif müəllimlə mənim şəklimi çəkin.

- Nə olar, gedək.

İsmayıl şəkli çəkib Elkindən soruşur:

- Şəkil çəkdirdiyinin kim olduğunu bilirsənmi?

- Əlbəttə, şair Vaqif Səmədoğlu.

- Axı, o, yazıçıdır - Seyran Səxavətdir...

 

Azər çöldə işə girib

Qohumlarından biri davamlı olaraq Azərə zəng vurur, o da çıxıb çöldə danışır. Gün ərzində neçə yol bu hal təkrarlanır. Hər dəfə Azəri axtarıb çöldə olduğunu eşidən Səidə dözmür:

- Azər də elə bil çöldə işə düzəlib.


İmdadın zövqü

Parlament müxbiri İmdad tez-tez xanım deputatlardan birini redaktorlara tapşırır, xahiş edir ki, onun Milli Məclisin iclaslarındakı çıxışlarından yazdığını çox kəsməsinlər.

Günlərin birində İmdad parlamentdən zəng vurub tam ayrı bir xanımı tapşırır. Xanım deputatın fotosu ilə gen-bol verilmiş xəbəri oxuyan Səidə Hikmətdən soruşur:

- Nə əcəb bu xəbəri belə səxavətlə vermisiniz?

- İmdad tapşırıb.

Səidə kiçik bir pauzadan sonra deyir:

- İmdadın da zövqü get-gedə korlanır...


Aysel İmdadı pisləyir

“Media forum”da yenicə işə gələn Aysel Yusifqızı İmdadın yanında oturur. Ayselin də onun kimi Köhnə Günəşli qəsəbəsində yaşadığını bilən İmdad onu söhbətə tutub hansı məhəllədən, hansı binadan olduğunu soruşur. Məlum olur ki, Ayselgil bir sıra məcburi köçkün ailəsinin məskunlaşdığı uşaq bağçasının qarşısındakı binada yaşayır.

İmdad bağçada məskunlaşmış məcburi köçkünlərin qarasınca deyinir: hamısının şəhərdə evi var, amma bağçadan çıxmırlar. Aysel başlayır nə başlayır: əlbəttə, hamısının evi var, hamıdan varlıdırlar, villaları da var, onların sürdüyü xarici maşınları heç kim sürmür, bir dəfə elə toy elədilər ki, ömrümdə o cür dəbdəbəli toy görməmişdim...

İmdad pisləyir, Aysel pisləyir, İmdad pislədikcə Aysel bağçadakı məcburi köçkün ailələrinin qarasınca daha da ürəklə danışmağa başlayır...

Və yalnız bir neçə gündən sonra Aysel xəbər tutur ki, demə, İmdad da həmin məcburi köçkünlərdən biridir. Ayselin haqqında danışdığı toy isə İmdadın bacısının toyudur. Bu “kəşf” həm gülüş, həm də dilxorçuluq yaradır, çünki başqa “kəşf” də var: toy sadə bir toy olub, xarici avtomobillər isə bağçadakılara məxsus deyil.
 

"Media forum"

Xəbər Lenti

    Database error encountered

    This script cannot continue, terminating.