![]() |
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev “Media forum” saytına açıqlamasında Tarif (qiymət) Şurasının yeni qərarlarına münasibət bildirib.
Şuranın son iclasında Bakı Metropolitenində gediş haqqı 15 qəpikdən 20 qəpiyə qaldırılıb. Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi, isitmə və isti su təchizatı, soba mazutunun tarifləri də artırılıb.
Azər Mehtiyev bildirir ki, hökumət bu addımı müvafiq sahələrdə xərclərin yüksək olması, indiyədək mövcud tariflər üzrə ödənişlərdən toplanan vəsaitin həmin qurumların zəruri xərclərini ödəyə bilməməsi ilə əsaslandırır: “Bu, hökumətin hər zaman istifadə etdiyi arqumentlərdən biridir. Digər arqument isə tarifləri qonşu ölkələrlə müqayisə etməsidir. Hökumətin arqumentlərini yetərli əsaslandırma hesab etmək olmaz. Ona görə ki, ilk növbədə araşdırılmalı məsələlərdən biri qeyd edilən sahələrdə xərclərin real səviyyəsini müəyyən etməkdir. İndiyədək hökumət və müvafiq xidmət qurumları bu sahələrdə xərclərin niyə bu qədər yüksək olmasının səbəblərini açıqlamayıblar. Bu sektorlarda xərclərin formalaşmasının şəffaflığı təmin edilmir və bir çox suallar cavabsız qalır”.
Ekspert qeyd edir ki, kommunal və nəqliyyat sektorunda çalışan dövlət müəssisə və təşkilatları şəffaf və hesabatlı deyillər: “Həmin qurumların hökumət və ictimaiyyət qarşısında heç bir hesabatlılığı yoxdur. Bu müəssisələrdə beynəlxalq standartlara uyğun audit yoxlamaları keçirilmir, onların həyata keçirdikləri alqı-satqılar tenderlər və müsabiqələr əsasında olmur, işçilərin sayının və ştat vahidlərinin şişirdilməsi halları geniş yayılıb, həyata keçirdikləri satınalmaların və işlərin dəyəri şişirdilir. Bu hallara nəzarət edə və onları aradan qaldıra biləcək mexanizmlər yoxdur. Sistem hələ də sovetdən qalma üsullarla idarə edilir. Bütün bunlar xərclərin əsassız artmasına gətirib çıxarır və bunu tarifləri qaldırmaqla əhalinin hesabına ödəməyə çalışırlar.
Tariflərin artırılması zamanı diqqət yetiriləsi daha bir məsələ göstərilən xidmətlərin keyfiyyəti ilə bağlıdır. Hökumət hər dəfə qiymətlərin artırılmasının bu xidmətlərin keyfiyyətinin də yüksəlməsinə gətirib çıxaracağını bəyan edir. Lakin kommunal sektorun digər sahələrində olan təcrübə göstərir ki, belə tarif artımlarından sonra göstərilən xidmətlərin keyfiyyətində ciddi dəyişikliklər baş vermir. Ona görə ki, tariflərin belə artımı keyfiyyətin yüksəldilməsini nəinki stimullaşdırmır, əksinə, müəssisələri xərclərini daha da şişirtməyə meylləndirir.
Kommunal sektorda xidmətlərin keyfiyyətinin artırılması üçün bu sahələrdə ciddi islahatların aparılmasına ehtiyac var. Bu islahatlar həmin sahələrdə xərclərin formalaşması məsələlərindən başlanır, lazımsız xərclər aradan qaldırılır, şəffaflıq və hesabatlılıq mexanizmləri yaradılır, bu sektorlarda əks-mərkəzləşmə islahatları aparılır, rəqabətin yaranmasına şərait yaradılır. Bunun üçün hökumətin müvafiq proqramı işlənməli, həmin proqramda bütün islahat addımları əksini tapmalıdır. Belə islahatlar sistemin yenidən qurulmasına, göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına gətirib çıxara bilər. Belə islahatlar tariflərin də artırılmasını zəruri edərsə, bu barədə də proqramda əsaslandırılması və müddətləri göstərilməklə əhaliyə izahat verilməlidir. Yalnız bu halda hər hansı sahədə tariflərin qaldırılmasına yaranan zərurət şəffaf şəkildə hər kəsə aydın olar”.
Ekspert deyir ki, tariflərin artımı əhalinin sosial durumuna mənfi təsir edəcək: “Əgər nəzərə alsaq ki, bu xidmətlərdən istifadə edən şəhər əhalisinin böyük əksəriyyətinin gəlirləri onların aylıq dolanışığına güclə yetir, onda bu artımların onların büdcəsinə xeyli ziyan vuracağı şəksizdir”.
Azər Mehtiyev bu ilin sonu, növbəti ilə doğru daha hansı sahələrdə tariflərin qaldırılacağına dair konkret fikir söyləməyə çətinlik çəkdiyini vurğulayır: “Tarif Şurası kifayət qədər şəffaf fəaliyyət göstərmədiyinə, hökumətin islahat proqramı mövcud olmadığına görə ekspertlər qiymət artımına dair ehtimallarla çıxış edə bilmirlər. Son illərdə, hər il yanvar ayında - bayramlardan dərhal sonra bir qayda olaraq qiymət artımları müşahidə olunub. Yenə yenə də belə qərarlar veriləcəkmi? Bunu ancaq Tarif Şurası və hökumət bilir”.
"Media forum"
Mövzu ilə əlaqədar bax:



