
İlahiyyatçı Elşad Miri öldürülmüş yazıçı Rafiq Tağını yaxından tanıdığını, vaxtilə onunla birgə çalışdığını deyir.
“Media forum” saytına danışan ilahiyyatçı qeyd edib ki, yazıçıya qəsddə ehtimallar irəli sürüb hansısa tərəfi, xüsusilə də dindarları günahlandırmaq düz deyil: “Rafiq Tağı Məhəmməd peyğəmbərdən tənqid yazanda da, həbs olunanda da, azadlığa buraxılanda da onun haqqında heç bir məqalə vermədim. Çünki hesab etdim ki, onun dedikləri bir fikirdir. Belə fikirlərlə yalnız əməli işdə mübarizə apara bilərik. Onun fikirlərinin doğru olmadığını göstərməkdən ötrü Məhəmməd peyğəmbər haqqında üç kitabımın təqdimatını elədim.
Hesab edirəm ki, Məhəmməd peyğəmbərin əleyhinə yazan, danışan adamların onun barəsində xəbəri yoxdur. Yaxud onların məqsədi cəmiyyətdə rezonans doğurmaq, diqqətdə qalmaqdır. Çünki elə həssas məsələlər var ki, onlara toxunduqda əks-sədası çox çıxır”.
Elşad Miri həqiqi mənada ziyalı olan bir şəxsin Rafiq Tağıya qəsdi dindarlara bağlamasına inanmadığını vurğulayıb: “Bu, cinayət hadisəsidir. Yəqin ki, ən sonda bunu törədənlər üzə çıxacaq və qatil cəzalandırılacaq. Qatil bilindikdən sonra həmin şəxs - dindardır, ya dindar deyil - öz cəzasını alacaq. Həmin qatil dindar olsa da, olmasa da, heç kəs ona haqq qazandıra bilməz”.
Sosial şəbəkələrdə gedən müzakirələrə isə fikir verməyi önəmli saymayan ilahiyyatçı hesab edir ki, həmin fikirləri oxumağa vaxt ayırmaq belə heyifdir: “Rafiq Tağı vəfat etdi, onu məscidə aparıb islam adət-ənənəsinə uyğun yudular, kəfənlədilər. Bu ayinlərin islama uyğun olub-olmamasına toxunmaq istəmirəm. Amma Rafiq Tağının belə bir vəsiyyəti olsa idi ki, məni islam qanun-qaydalarına uyğun dəfn etməyin, bu, tamam başqa məsələ olardı. Mən Rafiq Tağının son çıxışlarında dinlə bağlı ciddi nəsə görmədim”.
Elşad Miri ehtimal edir ki, dinə fanatik dərəcədə bağlı olan adamların bu qətldə rolu ola bilər: “Amma bu da hələ öz təsdiqini tapmalıdır. Cinayətin üstü açılmadığına görə bu barədə nəsə demək hələ tezdir. Nəzərdən qaçırmayaq ki, belə bir qətli törədənlər bütün mümkün detalları fikirləşə bilərlər. O cümlədən vaxtilə dindar zümrənin Rafiq Tağıya olan mənfi münasibətini. Yəni Rafiq Tağının qətlinin arxasında dayanan qüvvə bu kimi təxribatlar törətməkdə maraqlı ola bilər. Məsələyə birtərəfli baxmaq doğru olmaz. Bütün mümkün versiyalar yoxlanmalı, son nəticə ortaya qoyulmalıdır. Bu isə bizim deyil, hüquq mühafizə orqanlarının işidir”.
“İndiki vəziyyətdə dindarlardan daha çox dözüm, tolerantlıq gözləmək lazımdırmı” sualını cavablandıran ilahiyyatçı bir neçə il əvvəl Azərbaycanda tolerantlıqla bağlı yazdığı məqaləni xatırladıb: “Orada qeyd olunmuşdu ki, əhalisinin 95 faizi müsəlman olan Azərbaycanda 5 faiz qeyri-müsəlmana qarşı tolerantlıq göstərilməsi başadüşüləndir. Sadəcə olaraq, bu 95 faiz müsəlmanın öz içərisindəki tolerantlığı, dözümlülüyü bərpa etmək lazımdır. Çünki bu 95 faizin içərisində elə şəxslər var ki, məzhəb təəssübkeşidir, bir qrup var ki, hansısa şəxsləri özləri üçün müqəddəsləşdirib. Bu hallar cəmiyyətdə mənfi tendensiyalara gətirib çıxarır. Ona görə də faktiki olaraq kimisə qarşı tərəf kimi təqdim etdikdə ehtiyatlı olmaq, günahkar axtarışında faktlara əsaslanmaq lazımdır.
Mən burada tərəf görmürəm və inanmıram ki, Rafiq Tağı özü də hansısa tərəfi təmsil edirdi. Sadəcə onu tanıyan, qəzetlərin birində birgə çalışdığım iş yoldaşı kimi deyə bilərəm ki, onun dindən xəbəri yox idi. Onunla xeyli söhbət edirdik və tövsiyələrimiz olurdu ki, dinlə bağlı nəsə yazanda araşdırma aparsın, öyrənsin.
Bu gün cəmiyyətdə problem ondadır ki, din adamı dedikdə islamdan fanatikcəsinə istifadə edən adamları, qrupları təsvir edirlər. Problem ondadır ki, əsl dinin nə olduğunu öyrənib bilmək, onu mövhumatdan, fanatiklikdən ayırmaq lazımdır. Bundan sonra fikir söyləmək olar.
Mən dəfələrlə fikir vermişdim ki, Rafiq Tağı Aşura günü baş verən hadisələrə kənardan tamaşa edir, daha sonra ondan təsirlənib din haqqında yazı yazır. İlahiyyatçı olaraq həmin mənzərələri mən də qəbul etmirəm və bunu yazılarımda da bildirirəm. Hətta belə yazılarıma görə mən də dəfələrlə təqib olunmuşam. Haqqımda ölüm hökmü də çıxarılıb.
Rafiq Tağı qətlinin üstü hələ açılmadığına, sifarişçilərin kim olması bilinmədiyinə görə tərəflərin kim olduğunu demək çox tezdir. Hazırkı duruma görə isə hardansa olmazın tərəflər çıxarıb onlar arasında münaqişə yaratmaq cəhdini qınayıram.
Əgər bu qətlin arxasında dindar durursa, o, qanunlara görə öz cəzasını almalıdır. O həm qanunlar çərçivəsində, həm də axirətdə cəzalanacaq. Rafiq Tağı yazı yazıbsa, əsl dindarın işi onun yazısındakı fikirləri puça çıxara biləcək məqalə ortaya qoymaqdır. Mübarizə bu cür getməlidir. Əlində qələm tutan bir insanı bıçaqlamaq, öldürmək cavab deyil və heç kimə də başucalığı gətirmir.
Bu qətli törədən şəxsin dindar olmadığı üzə çıxsa, onda vəziyyət necə olacaq? Məsələyə birtərəfli baxmaq olmaz”.


