![]() |
| Berti Foqts |
Noyabrın 30-da AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. “Qol.az” portalının məlumatına görə, iclasda Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsla müqavilənin uzadılmasına qərar verilib. Müqavilənin müddəti 2014-cü ilə qədər artırılıb.
Berti Foqts 1946-cı il dekabrın 30-da Almaniyanın Büttgen şəhərində doğulub. Futbol oynamağa “Büttgen” komandasında başlayıb, daha sonra Mönhenqladbah “Borussiya”sına keçib və karyerasının sonunadək bu klubda sağ kənar müdafiəçisi mövqeyində oynayıb. “Borussiya”nın heyətində 5 dəfə ölkə çempionu olub, 1 dəfə Almaniya kubokunu, 2 dəfə UEFA kubokunu qazanıb. Almaniya yığmasında 96 matç keçirib. Üç dünya birinciliyinə qatılıb, 1974-cü ildə çempion titulunu qazanıb.
1979-cu ildə oyunçu karyerasını bitirən Berti Foqts məşqçiliyə Almaniyanın gənclər yığmasından başlayıb. 1990-98-ci illərdə Almaniyanın əsas yığmasının başında dayanıb, 1996-cı ildə komandasına Avropa çempionluğu qazandırıb. Daha sonra ölkəsinin “Bayer” klubunu, Küveyt, Şotlandiya, Nigeriya yığmalarını çalışdırıb.
2008-ci ildən Azərbaycan milli komandasının baş məşqçisidir.



