| “Media forum” saytı qətlə yetirilmiş yazıçı Rafiq Tağının qızı, 10-cu sinif şagirdi Qəmər Tağının yazısını təqdim edir. |
![]() |
Mənim atam dünyasını dəyişdi. Bəlkə də düşmən çox sevinir, amma daha bilmir ki, atamı, əksinə, daha çox yaşatdı. Bütün dünya, yer-göy ağladı atama. Çünki mənim atamın ölümü ilə barışa bilmirdilər. Mən də barışmıram. Atam həmişə yaşayıb, yaşayır, yaşayacaq.
Düşmən... Əlbəttə ki, o hər kimdirsə, atamı yaxından tanımayıb. Tanısaydı, belə eləməzdi.
Atamı tanıyanlar bilir. Əlavə sözə ehtiyac yoxdur. O qədər səmimi, mehriban, qayğıkeş, sadə idi ki! Xəstəxanada, o halda belə, ağrılarını, əzabını yanına gələnlərə, hətta bizə də bildirmirdi. Mənə də...
Atam şəkildən sanki mənə baxıb gülür. Gülərüzlü atam mənim! Həmişə “Attuşum” deyərdim...
Mən atamla fəxr edirəm. Həmişə onun kimi yaza bilərəmmi, əsl ustad kimi yazıb-yarada bilərəmmi deyə düşünürdüm. Tez də öz-özümə deyirdim ki, əşi, atam var da, o yazar, mən oxuyaram, mənim yazmağıma ehtiyac yoxdur. İndi isə qərarım atamın qəfil ölümü kimi dəyişdi.
Çalışacağam ki, onun başını uca eləyim...



