Deputat Fazil Mustafa İnzibati Xətalar və Cinayət məcəllələrinə dini fəaliyyətə yönəlik dəyişikliklər layihəsinin parlamentin plenar iclasında səs çoxluğu toplayacağına əmindir. Lakin o, “Media forum” saytına açıqlamasında qanun layihəsini bəyənmədiyini, oktyabrın 28-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu və insan hüquqları komitələrinin birgə iclasında müzakirə zamanı sənədin əleyhinə çıxış etdiyini deyib: “Din sahəsində münasibətləri tənzimləmək üçün daha müzakirəli, daha həssas yol tutmaqdansa problemləri qanunları sərtləşdirmək, azadlıqları məhdudlaşdırmaqla çözməyə çalışırlar. Bu, yanlış yanaşmadır. Çünki din sahəsi olduqca həssas yanaşma tələb edir. Xüsusilə də islam dini ayin və mərasimlərinin icra olunmasında xaricdə təhsil alan insanların iştirakına qadağa qoyulması pislənməlidir. Bu qadağanı başqa dinlərə şamil etmirlər. Belədə dinlər arasında bərabərlik prinsipi də pozulur”.
Deputat qeyd edib ki, parlamentin yaz sessiyasında “Dini etiqad azadlığı haqqında” qanuna sərtləşdirici dəyişikliklər olub və hazırda sanksiyaların ağırlaşmasından söhbət gedir: “İndiyə qədər olan məhdudlaşmalar heç bir effekt verməyib. Bu sahədə prosesə nəzarət etmək mümkün deyil. Misal üçün, zərərli dini ədəbiyyat dedikdə nə nəzərdə tutulur? Bunu müəyyən etmək çox çətindir. Onda gərək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları on minlərlə kitab oxusunlar. Hətta oxusalar da, birmənalı dəyərləndirə bilməzlər. Dini ədəbiyyat intellektual mülkiyyət sahəsinə daxildir. Birinin elmi baxışları digərinin elmi baxışları ilə üst-üstə düşməyə bilər”.
Fazil Mustafa ötən cümə günü müzakirəyə çıxarılan qanun layihəsində həddindən artıq ifrata yol verildiyini deyib: “Kimlərinsə təsbeh, ətir, yaxud dini xarakterli əşya satmasının nə təhlükəsi ola bilər ki? Bu, doğru yanaşma deyil. Digər tərəfdən vətəndaşların keyfiyyətli təhsil almaq haqqı var. Ölkədə dini təhsil almaq üçün müvafiq icra hakimiyyətindən icazə alınmalıdır. Amma Azərbaycan vətəndaşlarının Türkiyədə, digər ölkələrdə təhsil almaq haqqı da var. Etiraf edək ki, bu gün Azərbaycanın yüksək səviyyəli dini təhsil vermək imkanı yoxdur. Kiminsə xaricdə aldığı dini təhsilə qadağa qoyulur və o, yüksək təhsilini öz həmvətənləri ilə paylaşa bilmir. Belə bir məhdudiyyət qoymağın nə mənası var? Deputatlar təklif etdilər ki, bəzi hallarla bağlı məhdudiyyətlər qoyula bilər. Misal üçün, İrandan ölkəyə kirill əlifbası ilə çıxmış ədəbiyyat daxil olur. Eyni zamanda dini mahiyyətə zidd olan, mövhumatı yayan ədəbiyyatlar da gəlir. Buna məhdudiyyət qoyula bilər”.
Deputat hesab edir ki, səviyyəli dini ədəbiyyatın dilimizə tərcümə olunması, savadlı din xadimlərinin yetişdirilməsi islamın gerçək mahiyyətinin cəmiyyətə çatdırılmasına yardımçı olur: “Bu gün dinə dinsiz yanaşma var. Hər hansı ölkənin, tutaq ki, İranın ideoloji baxışlarını Azərbaycana din adına sırıyanları bu sıraya aid etmirəm. Dini gözdən salan elementlər var və bunları mən də qəbul eləmirəm. Amma bunun qarşısını alanda ümumən məhdudlaşdırıcı hallar tətbiq etmək doğru deyil. Bu, həll yolu deyil. Bu problemi həll etmək üçün hansısa addımlar atanda düşünmək lazımdır ki, onun xeyri nə olacaq, ziyanı nə. Bizdə isə başqa yol tutulub. Misal üçün, türk məscidlərinin bağlanması ilə daha radikal, daha mövhumatçı islam ölkədə geniş yayılmağa başladı. Başqa bir nümunə. Sonuncu Ramazan ayında ölkə televiziyalarında buna aid bir veriliş də efirə verilmədi. Məgər Türkiyədən çox müasir dövlətik? Türkiyədə dini, maarifləndirici verilişlər yayılır, eyni zamanda dövlət öz müasirliyini saxlayır. Hesab edirəm ki, Azərbaycanda dini sahədə aparılan siyasət yetkin deyil və müsbət istiqamətli dəyişikliklər edilməlidir”.
“Birlik.az” saytının baş redaktoru, şərqşünas Vüsal Hətəmov “Media forum”a bildirib ki, indiyə qədər dini əşyalar ölkəyə sərhəddən sərbəst surətdə keçirilib: “Onlar ya hədiyyə məqsədilə, ya da satış üçün gətirilib. Bura dini məzmunlu yazısı olan şəkillər, əşyalar - təsbehlər, möhürlər, paltarlar, audio-vizual disklər, kitablar və sair aiddir. Bugünədək qeyri-qanuni şəkildə keçirilən mal anlayışı olmayıb”.
Vüsal Hətəmov parlamentin plenar iclasına çıxarılması tövsiyə edilən qanun layihəsində dini əşyalarla bağlı xeyli məhdudiyyətin qoyulduğunu deyib: “Nəinki satmaq, hətta əldə etmək, istehsal etmək qadağan olunur. Belə çıxır ki, kimsə sexində şəkil çərçivəsi düzəldib içərisinə Mədinənin, Məkkənin şəklini qoyub satmaq istəsə, bundan ötrü icazə almalıdır. Bu qədər primitivlik olmaz axı”.
Şərqşünas hesab edir ki, bəzi səlahiyyətli məmurlar dindarları qıcıqlandırmaq, bununla da onların kütləvi narazılığına səbəb olmaq, ölkə hakimiyyətinə dindarların qorxulu bir toplum olduğunu göstərmək istəyir: “Lakin sevindirici haldır ki, dindarlar bütün problemləri mümkün qədər hüquqi səviyyədə həll etmək istəyirlər. Azan qadağası, məscid söküntüsü, hicaba qarşı qeyri-konstruktiv münasibət, indi də dindarların həyatında aza qala gündəlik məişət ləvazimatına çevrilmiş əşyalara qarşı aqressiv qanunlar. Gəlin görək mənəviyyata zidd olan hansı video, audio materiala və ya hansı əşyaya belə münasibət sərgilənir?”
Dindar Xəyyam Səfərov da “Media forum”a açıqlamasında qeyd edib ki, indiyə qədər dini əşya və materiallar qaçaq mal hesab olunmayıb: “Bizim məmurlar üçün kitab, təsbeh, xalça, ətir, qadın paltarları dini əşyadır. Bunlar qaçaq deyil və birbaşa gömrükdən Azərbaycana gəlir. Dini dükanlara baxın. Orada nə görəcəksiniz? Adlarını çəkdiklərimizdən başqa heç nə”.
Xəyyam Səfərovun sözlərinə görə, hakim dairələr dinin yayılmasının qarşısını almağa çalışır: “Dinimizin təbliğinin qarşısını almaq istəyirlər. Dini yadlaşdırmaq insanları dindən ayırmaq üçündür. Bundan başqa nə ola bilər ki?”
Dini fəaliyyətlə bağlı olacaq dəyişikliklər layihəsi oktyabrın 28-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu və insan haqları komitələrinin birgə iclasında müzakirə edilərək parlamentin plenar sessiyasına tövsiyə olunub.
İnzibati Xətalar Məcəlləsinin 300-cü maddəsinə edilmiş dəyişikliklə dini etiqad haqqında qanunvericiliyin pozulması hesab olunan fəaliyyətlər müəyyənləşdirilib. Dəyişiklik qüvvəyə mindikdən sonra müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsi, din xadimlərinin mübadiləsi, islam dininə aid ayin və mərasimlərin Azərbaycandan kənarda dini təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilməsi, qanunla müəyyən olunmuş qaydada satışına icazə verilən dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılması, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın aparılması dini qanunvericiliyin pozulması hesab olunacaq.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın aparılması qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını yaymaqla (satılmaqla) törədildikdə Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
Cinayət Məcəlləsinə nəzərdə tutulan yeniliklər layihəsi isə belədir:
Maddə 167. Dini ayinləri icra etməyə mane olma
Qanunsuz olaraq dini ayinlərin icrasına mane olma 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
Maddə 167-1. Dinə etiqad etməyə məcbur etmə
167-1.1. Şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə və ya dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur etmə 3000 manatdan 5000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
167-1.2. Şəxsi hər hansı dini quruma üzv olmağa məcbur etmə və ya şəxsin üzv olduğu dini qurumdan çıxmasına mane olma - 3000 manatdan 5000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
167-1.3. Bu Məcəllənin 167-1.1 və ya 167-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
167-1.3.1. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;
167-1.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
167-1.3.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməkdə törədildikdə - 7000 manatdan 9000 manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
167-2.1. Müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və yaymaq məqsədilə idxal etmə, satma və yayma 5000 manatdan 7000 manatadək miqdarında cərimə və ya 2 ilədək müddətində azadlıqdan mərhum etmə ilə cəzalandırılır.
167-2.2. eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, eyni zamanda təkrar törədildikdə, vəzifəli şəxs tərəfindən və qulluq mövqedən istifadə etməklə törədildikdə 7000 manatdan 9000 manatadək miqdarında cərimə və ya 2 ildən 5 ilədək müddətində azadlıqdan mərhum etmə ilə cəzalandırılır.
Maddə 168. Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə
168.1. Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə - 7000 manatdan 9000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


