
Yanvarda Tunis, fevralda Misir, oktyabrda isə Liviyada xalq üsyanları despotik rejimlərin devrilməsi ilə nəticələndi. Bu ölkələrin gələcəyi necə olacaq? Tunis, Misir və Liviyada hakimiyyət islamçı qüvvələrin əlinə keçə bilərmi? “Media forum” bu sualları ekspertlərə ünvanlayıb.
Şərqşünas alim Aidə Qəmbər deyir ki, Tunisdə oktyabrın 23-də keçirilən seçkidə islami siyasi qüvvələrin - Ən-Nahda Partiyasının irəlidə olması gözlənilən hadisədir: “Çünki Ən-Nahda sosial bazası güclü olan partiyadır. İrəli sürdüyü şüarlar adamları öz arxasınca apara bilir. Bu partiya strukturlaşmış bir hərəkat idi. Hətta Zeynalbdin Ben Əlinin hakimiyyəti dövründə də fəaliyyət göstərirdi.
Ümumiyyətlə, Tunisdə siyasi palitra Ben Əlinin dövründə də olub və bu gün də var. Siyasi palitrası olan ölkələr üçün keçid dövrü nisbətən asan və tez olacaq. Misir barədə də mən bədgüman deyiləm, çünki bu ölkənin zəngin siyasi ənənəsi var və dəyişikliyə meyilli xalqdır. Təkcə XX əsrə baş vermiş tarixi hadisələrin xronologiyasına nəzər salsaq, müşahidə edərik ki, misirlilər hər vaxt dəyişməyə meyillidirlər və bunu hər vaxt icra ediblər. Misirdəki siyasi palitrada müxtəlif təmayüllü qüvvələr təmsil olunur. Burada həm qatı islamçılar, həm mötədil islamçılar, həm də digər siyasi qurumların nümayəndələri var. Hesab edirəm ki, gələcəkdə Misirdə keçiriləcək seçki demokratik ənənələrə yaxın olacaq”.
Liviyaya gəldikdə isə Aidə Qəmbər bu ölkədə proseslərin heç də asan olmayacağı qənaətindədir: “Çünki Liviyada 42 il hakimiyyətdə olmuş Qəzzafi ölkədə hər hansı siyasi gəlişməyə imkan verməyib. Nə siyasi partiyalar yaradılmışdı, nə ictimai təşkilatlar fəaliyyət göstərmişdi, nə də hər hansı bir lider meydana gəlmişdi. Ölkədə tayfa-qəbilə münasibətlərinin qalması Qəzzafiyə ölkəni asan idarə etməyə imkan verirdi. Buna görə ölkə keçid mərhələsində bir xeyli problem yaşaya bilər. Misirdən və Tunisdən fərqli olaraq Liviyada daha çox işləmək lazım gələcək. Daha dərinə getmək lazım olacaq ki, insanların, fəalların potensialı üzə çıxsın”.
Tunisdə islam partiyasının 40 faiz səs toplamasına, eləcə də Liviyada şəriət qanunlarının tətbiq olunacağı bəyanatına münasibət bildirən Aidə Qəmbər vurğulayır ki, ərəb ölkələrində islam dini aparıcı ideologiyadır: “İslam dini bu ölkələrin qəbul etdiyi həyat tərzidir. Ərəb ölkələrində insanlar gözlərini açıb islam adət-ənənələri ilə nəfəs alırlar. İslam kəsiminin cəmiyyətdən kənarlaşdırılması düzgün nəticə verməz. Onlar nə qədər təcrid olunsa, hakimiyyət üçün bir o qədər çətin olacaq. Qarşıdurmalar yaranmasın deyə islami qüvvələri inteqrasiya eləmək lazımdır. Tunisdə bu inteqrasiya baş verir. Bu gün Tunisdə seçkini udan partiya islammeyilli qüvvədir. Amma onlar Türkiyə modelini özləri üçün örnək götürə biləcəklərini deyirlər. Bu qüvvələr mötədil olmaqla yanaşı dünyada hansı proseslərin baş verdiyini anlayır və bu qloballaşma prosesinin içərisində öz yerlərini, mövqelərini, ölkələrinin yerini və mövqeyini saxlamaq niyyətindədirlər.
Misirdə də həmçinin. “Müsəlman qardaşları”nı 20-30 il əvvəl cəmiyyətdən təcrid etdilər, siyasi fəaliyyətləri qadağan olundu. Lakin tarix göstərdi ki, belə qüvvələr nə qədər təcrid olunsalar da, müəyyən müddət sonra yenə aktivləşirlər və dinə meyilli qüvvələr tam sıradan çıxmır. Ya bu qüvvələrlə əməkdaşlıq etmək, onları formalaşan dövlət strukturlarında yerləşdirmək lazımdır, ya da seçkilərdə qələbə çalarkən bunu faciə kimi qəbul etməmək lazımdır. Bu isə seçimdir. Seçimi xalq, insan edir. Sadəcə, insanlarla, xalqla işləmək gərəkdir ki, onlar düzgün seçim etsinlər.
Qərbdən demokratiya gözləntisinə gəlincə, ərəb ölkələrində qüvvələr balansının nisbətinin belə olduğunu qəbul etmək lazımdır. İslami qüvvələr bu gün ərəb ölkələrində daha aktivdir, daha çox işləyir və insanlar onlara daha çox meyillidir, onlara daha çox etimad göstərilir. Bu mərhələ müvəqqəti də ola bilər. Siyasi proseslərin gedişatında yeni qüvvələrin meydana çıxması da baş verə bilər. Hazırda isə islami qüvvələri cəmiyyətə, dünyaya “xoxan” kimi təqdim etmək düzgün deyil. Bu, sonda düzgün nəticəyə gətirməyə bilər”.
Liviyanın keçid hökumətinin istefa verməsini Aidə Qəmbər demokratik addım kimi qiymətləndirir: “Bu, demokratik yanaşmanın göstəricisidir. Keçid hökuməti istefa verdi və oktyabrın 24-də hökumət başçısı bildirdi ki, biz artıq öz funksiyamızı, öz vəzifəmizi başa çatmış hesab edirik. Amma sonrakı mərhələdə hansı seçkilərin keçiriləcəyi, hansı zəmində onun baş tutacağı, hansı qüvvələrin burada iştirak edəcəyi, nə vaxt olacağı və sairə problemlər öz həllini tapmalıdır. Misal üçün, ölkənin konstitusiyası yoxdur, nə yollasa bunu qəbul etmək vacibdir. Bilirik ki, Liviyada bütün məsələlər “Yaşıl kitab” əsasında formalaşmışdı və cəmahiriyyə də onun əsasında fəaliyyət göstərirdi. Sadaladığım bu işlər görülməli, proseslər öz axarı ilə davam etməlidir. Bu proseslər baş vermədən biz Liviya haqqında hansısa proqnozları verməkdə çətinlik çəkə bilərik. Sadəcə indiki halda onu deyə bilərəm ki, Misir və Tunisdən fərqli olaraq Liviyada xalqla, siyasi qüvvələrlə çox iş aparmaq lazımdır”.
Politoloq Niyaz Yaqublu deyir ki, baş verən inqilablardan sonra ərəb ölkələri yeni mərhələdən keçir: “Əslində hər üç ərəb ölkəsi bir-birindən fərqlidir. Xüsusən də Tunis və Misirdə vətəndaş cəmiyyətinin ayrı-ayrı strukturları inkişaf edib, həm də siyasi partiyaların fəaliyyət praktikası var. Rejimlər nə qədər qəddar, qapalı olsalar da, alternativ qüvvələrin fəaliyyətinə imkan vardı”.
Niyaz Yaqublu oktyabrın 23-də Tunisdə yeni konstitusiyanın hazırlanması vəzifəsini üzərinə götürəcək Qurucu Məclisin müəyyən olunması üçün seçki keçirildiyini xatırladaraq bildirir: “Tunis seçkisində islamçıların qabağa çıxması onların tam qələbəsi kimi yozulmamalıdır. Buradakı islamçı qüvvələrin xarakteri də fərqlidir. Düzdür, Tunis islamçı qüvvələri sırasında sələfilər, xüsusən də Qərb mətbuatında və siyasi ədəbiyyatda radikal hesab olunan qüvvələr var. Amma əsas islamçı qüvvələr hərfi tərcümədə “Dirçəliş” mənasını verən Ən-Nahda Partiyasında - sədri Rəşid Əl-Qənnuşidir - cəmləşib. Bu qurumun 23 oktyabr seçkisində 40 faiz səs qazanması o demək deyil ki, tam qələbə islamçılarındır. Seçkidə sosial-demokratların və müstəqillərin də kifayət qədər yüksək payı var və bu hal cəmiyyətdə də tarazlığı təmin edəcək.
Rəşid Əl-Qənnuşi seçkilərdən öncə nəticələri tanıyacağını bildirdi və opponentlərini də nəticələri tanımağa səslədi. Seçkidən sonrakı ilk çıxışında da bütün siyasi qüvvələri birliyə, irəlidə olan siyasi partiyaları isə ittifaq yaratmağa dəvət etdi. Bu da inqilabdan sonra ərəb dünyası üçün yaxşı bir nümunədir”.
Misirə gəlincə, Niyaz Yaqublu deyir ki, bu ölkədə həyat qaynardır, burada liberallardan, nasirçilərin də təmsil olunduğu millətçilərdən tutmuş mötədil partiya hesab olunan İxvanül-Müsliminə qədər hər kəs fəaldır və siyasi arenada təmsil olunur: “Eynu zamanda sələfilərin də kifayət qədər yeri, çəkişi hiss olunmağa başlayır. Burada silahlı qüvvələrin siyasi proseslərin gedişatına müdaxiləsi var. Siyasi partiyalar və vətəndaş cəmiyyəti vaxtilə müəyyən qədər fəaliyyətdə olduğu üçün bundan sonra da siyasi proseslərin normal şəkildə, yəni demokratik mexanizmlərin işə salınması yolu ilə formalaşacağı ümidləri çoxdur”.
Niyaz Yaqublunun fikrincə, Liviyada vəziyyət bir qədər fərqlidir: “Qəzzafinin yaratdığı və özündən sonra qoyub getdiyi ağır siyasi miras Liviyanın gələcəyi baxımdan vəziyyəti mürəkkəbləşdirir. Liviyada siyasi partiyaların fəaliyyəti ölüm qorxusu altında qadağan olunmuşdu. Həm siyasi partiyaların, həm də vətəndaş cəmiyyəti strukturlarının fəaliyyəti mümkünsüz idi. Ölkədə hakim partiya da yox idi, hətta ölkənin dövlət quruluşu da amorf vəziyyətdə idi. Həm ordu strukturlarının, həm polis qüvvələrinin amorf vəziyyətdə olması Liviyada çoxlu qan tökülməsinə, eləcə də müxalifətin yalnız islamçı qüvvələr ətrafında forlaşmasına gətirib çıxardı.
Liviyada ayrı-ayrı qüvvələrin, mötədil islamçı cərəyan kimi təqdim olunan İxvanül-Müsliminin nümayəndələrindən tutmuş Əbdülkərim Belhacın təmsil etdiyi Liviya İslamçı Savaçşı Camaatının hakimiyyətdə təmsil olunma istəyi var.
Milli Keçid Şurasının rəhbəri Mustafa Əbdül Cəlilin qeyd etdiyi kimi, Liviyada qanunvericiliyin islam şəriətinə əsaslanması məsələsi ortaya qoyulub. Burada istər sol cəbhədən, istərsə milliyyətçi-radikal cəbhədən və ya liberallardan ibarət dünyəvi qüvvələrin zəifliyi və mütəşəkkil olmaması islamçı axının - həm radikal, həm də mötədil şəkildə - üstünlük təşkil etməsinə gətirib çıxarır. Bu halda proseslər ölkəyə Qərbdən müdaxilənin, o cümlədən NATO-nun hərbi iştirakının davam etdirilməsi üçün xüsusi şəraitə gətirib çıxara bilər. Yəni Liviyada hadisələrin gedişatının Tunis və Misirlə müqayisədə daha mürəkkəb biçimdə davam edəcəyi proqnozlaşdırılır”.
Politoloq qeyd edir ki, ərəb dünyasındakı inqilabi proseslərin gələcəyi baxımından bu üç ölkənin rolu böyük olacaq: “Yəni bu gün Misirdə, Tunisdə, Liviyada yaşananlar inqilabların davam etdiyi və ya gözlənildiyi ərəb ölkələrinə birbaşa təsir göstərəcək”.
Niyaz Yaqublunun fikrincə, Qərb Liviyada bu qədər radikal qüvvələrin olmasına baxmayaraq mötədil islamçılara daha çox istinad olunmasına çalışacaq: “Bölgədə ABŞ-ın gələcək siyasəti, eləcə də İsrail ərtafında baş verən hadisələrə təsir göstərmək və ümumiyyətlə bölgənin gələcəyi baxımından islamçı qüvvələrdən istifadə olunacağını düşünürəm. Yaranan status-kvodan İsrail lobbisinin də nəsə əldə edə biləcəyi və bu yöndə gözləntiləri olmamış deyil. Ancaq ölkələrin daxili dinamikasının gedişatı əvvəlcədən qurulmuş ssenarilərin mümkün olmayacağını göstərir.
Yəməndəki və Suriyadakı proseslərin gələcəyi çox vacibdir. Təhlillər Suriyadakı rejimin dəyişəcəyi təqdirdə belə rejim alternativlərinin İsrailə münasibətdə heç də sülhsəvər olmayacağı və barışığa getməyəcəyini göstərir. Yəməndə isə “Əl-Qaidə” ilə mübarizədə hökumətdən çox onun müxaliflərinin daha konstruktiv ola biləcəyi ehtimalı güclüdür”.
İranın ərəb ölkələrində baş verənlərə münasibətinə toxunan Niyaz Yaqublu deyir ki, Tehran bu inqilabları 1979-cu il inqilabına bənzətməyə çalışır: “Xüsusilə də Misirdə İxvanül-Müsliminin fəaliyyəti ilə bağlı belə bənzətmə var. İranın ali dini rəhbərinin bu yöndə açıqlamaları olub. Amma İxvanül-Müsliminin nümayəndələri Misirdə islam inqilabı deyil, xalq inqilabının baş verdiyini bəyan etdi. Ərəb dünyasında tarixən əsası siyasi qüvvə olan İxvanül-Müslimin təşkilatının nümayəndələri bunu deyirlər.
Müəyyən mənada qorxular var. Xüsusilə də Qərb, ABŞ-dakı düşüncə mərkəzləri, İsrail lobbisinə yaxın institutlar - Vaşinqton Yaxın Şərq İnstitutu və başqa araşdırma mərkəzləri bugünkü ərəb inqilablarının İran inqilabına oxşaması kimi paralellər apararaq islam elementini qabartmağa çalışırlar. Amma bu proseslərin sırf islamçı rejimlərin formalaşması baxımından nə dərəcədə uğurlu olacağını demək çətindir.
İslamçı qüvvələrin despotik rejimlər tərəfindən böğulması ərəb cəmiyyətlərində bir həqiqətdir. İslamçı qüvvələrin boğulması, siyasi hakimiyyətdə təmsil olunmamasının ağır nəticəsi 1991-ci ildə Əlcəzairdə özünü göstərib. Həmin il parlament seçkilərinin nəticələri ləğv olundu və orada uzunmüddətli vətəndaş müharibəsi baş verdi. On minlərlə insan həlak oldu. Bu proseslərin qarşısını zor gücü ilə almaq özünü döğrultmur. Bunu Qərb də yaxşı bilir. Ən münasib yol kimi islamçı gündəmə söykənən güclərin siyasi prosesin tərkib hissəsinə çevrilməsi nəzərdən keçirilir.
İslamçı qüvvələrin protest qüvvələri və sosial şəbəkələrdə dominantlığı vurğulanmaqla demokratik proseslərin totalitarizmə sürüklənəcəyinə dair qayğılar da bildirilir. Bu zaman demokratiya ilə islamın bir-birini rədd etdiyi fikri də vurğulanır. Nəzərə almaq lazımdır ki, islamı əsas siyasi platforma götürən siyasi qüvvələr arasında baxışlar fərqlidir. Burada tolerantlıq nümayiş etdirən qüvvələrlə yanaşı, islama total ideoliji sistem kimi baxan və bu baxış və yozum əsasında tam total rejim yaratmaq niyyətində olan qüvvələr də var. Bu baxımdan Suriyada islamçı qüvvələrlə yanaşı ənənəvi olaraq dünyəvi qüvvələr də kifayət qədər güclüdür. Suriyadakı islamçı qüvvələr özəlliklə İxvanül-Müsliminlə təmsil olunmaqdadır, burada 1982-ci il üsyanı olub və Hafiz Əsəd həmin ilə Həma şəhərində 20 mindən çox adamı qətlə yetirib.
Bugünkü inqilablarda islamçı qüvvələrin təmsil olunması heç də hər şeyi həll eləmir, hər şey daxili dinamikanın gücündən asılıdır. İslamçı qüvvələrin “bir seçki və bir hakimiyyət” düsturu ilə demokratik mexanizmlərdən yararlandığı və sui-istifadə etdiyi haqda fikirlər var və belə bir qorxu mövcuddur. Ümumi mənzərəyə nəzər saldıqda yalnız Liviyada belə bir təhlükə özünü göstərir. Amma orada da mötədil islamçılar var, onların Qərblə, digər demokraftik siyasi qüvvələrlə münasibətlərə daha açıq olacağı ehtimal olunur. Tunis və Misirdə isə seçkilərdə həm də islamçı olmayan qüvvələrin iştirakı və fəal siyasi mövqeyi İran modelli dövlətin yaranmasını istisna edir”.


