“Sosial şəbəkələrdə dini mövzular ətrafında aparılan müzakirələrin mübahisə üslubunun, mexanizminin şəffaf olması arzu ediləndir”. “Birlik.az” saytının baş redaktoru, şərqşünas Vüsal Hətəmov “Media forum” saytına açıqlamasında belə deyib. Onun sözlərinə görə, müzakirələr şəffaf aparılmasa, nə desən gözləmək olar: “Müzakirələrin həddi, müddəti isə tərəflərin bilik səviyyəsindən asılıdır. Suallar qaneedici cavablandırılmasa, sözsüz ki, həmin diskussiyanın ömrü qısa olacaq. Amma bir məsələ də var ki, ola bilər, saxtakar tərəf daha savadlı olsun. Bu baxımdan dini mövzularda aparılan diskussiyaların fəsadlara gətirib çıxarması mümkündür”.
Şərqşünas hesab edir ki, sosial şəbəkələrdə daha çox bölüşdürücü, təfriqə yaradan mövzular ətrafında çevir tatı, vur tatı edilir: “Bəzi dindarlar isə savadsızlıqdan bu cür məsələlərdə ilişib qalır”.
Sosial şəbəkələrdəki dini mövzulu müzakirələrin əhəmiyyətinə və mənfi cəhətlərinə toxunan V.Hətəmovun fikrincə, belə nüanslar müzakirələrə qatılan şəxslərin elmi səviyyəsindən asılıdır: “Əgər elmli adamdırsa, müzakirələr onu daha da çalışqanlığa, araşdırmaçılığa sövq edəcək. Yox, elmsiz adamdırsa, ya saxtakarların fitnəsinə tuş gələcək, ya da mövzunu bildiyi qızışdırıcı mövzulara yönəltməyə çalışacaq.
Ümumilikdə sosial şəbəkələrdə müzakirə mövzularının əhatəsi genişdir. Həm də burada heç kəs bir-birinin yaşını dəqiq bilmədiyi üçün tərəflər daha azad, bəzən də daha səmimi fikir mübadiləsi aparırlar. Yəni burada daşlaşmış lazımsız qanunlar sındığı üçün bu sfera daha münasibdir”.
Sayt baş redakrotu fundamental məsələlərdə savadsız dindarların müzakirələrə qatılmasını yolverilməz sayır: “İslam dini özü buyurur ki, bilmədiyini danışma. Ümumiyyətlə, islam dini bəhs zamanı cidal edən şəxsləri, yəni bilməyərəkdən höcət edənləri ittiham edir. Bu səbəbdən də elmi olmayan dindarlar müzakirələrə tərəfdaş kimi yox, sual verən tərəf kimi qoşulsalar, daha yaxşı olar. Amma bunun özündə də qorxu var. Çünki saxta profildə yerləşən adam niyyətinə görə həmin adamlardan maksimum dərəcədə istifadə edə bilər”.
Sosial şəbəkələrdə aparılan müzakirələrin müsbət tərəflərindən danışan şərqşünas əlavə edir ki, hər vaxt öz üzərində çalışan gəncin, yaxud başqa birisinin mövzu ilə bağlı informasiyası yoxdursa, bilgi toplamaq üçün əlavə ədəbiyyata müraciət etməsi yaxşı haldır: “Belə olarsa, müzakirələrin effekti də artar. Çünki belə müzakirələrə qoşulan insan adətən enrjili olur. Bu cəhətdən həmin insanlar öz bilgilərini daha da təkmilləşdirə bilərlər”.
Müzakirələri, mübahisələri əsasən gənclərin aparmasına gəlincə, V.Hətəmov bunun
bir az təhlükəli olduğu qənaətindədir: “Çünki gənclər islam elmlərinə bir o qədər vaqif olmurlar. Həmçinin mübahisə zamanı daha çılğın olurlar. Ona görə də gənclərin sosial şəbəkələrdə dərin, fəlsəfi mövzularda mübahisəsini məqsədəuyğun hesab etmirəm”.
Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin magistri Kənan Hüseynov deyir ki, “Facebook” sosail şəbəkəsində “Vəhdət” səhifəsi yaradıb və müxtəlif məzhəblərdən olan savadlı insanların, islam mütəfəkkirlərinin diskussiyalarından gəldiyi nəticələrdən diplom işində də istifadə edəcək: “Virtual diskussiyalarda müsəlmanların problemlərə şiə, yaxud sünni olaraq deyil, müsəlman kimi yanaşmasına çalışıram. Paylaşdığım informasiyalarda, yazılarda bu kimi məsələlərə xüsusi həssaslıqla yanaşıram ki, əlavə söhbətlərə yol verilməsin.
İnternetin müsbət tərəfi ondadır ki, qeyri-məhdud sayda bilgi əldə etmək mümkün olur. Təbii ki, internetdə çirkli bilgi də var və həmin məlumatlar insanları düzgün fikrə yönəltmir. Bu tip məsələlərlə nüfuzlu ilahiyyatçılar maraqlanmalıdır. Biz də din xadimi olaraq kiməsə nifrət hissi yox, ortaq dəyərlər aşılamalıyıq. Məsələn, “Vəhdət” səhifəsindəki diskussiyalarda ayrı-ayrı məzhəblərin, din xadimlərinin bir-birlərinə öz dəyərlərini təbliğ etməkdən daha çox ortaq dəyərləri, zəruri problemləri müzakirəyə çıxarırıq. Məzhəb əslində çox kiçik anlayışdır, bundan yaranan problemi aşmaq lazımdır. Bu gün 14 əsr öncə kimlərinsə yol verdiyi səhvi şişirdib günahkar axtarmaq lazım deyil. Biz müsəlman bacı-qardaşlarımızı hicab taxdığına, namaz qıldığına görə yox, məhz müsəlman olduğuna görə sevməliyik. Bundan sonra onun iman əhli olması üçün can yandırmalıyıq. Məzhəb təbliğatını aparmaq həmişə qarşı tərəfdə nifrət yaradır”.
K.Hüseynov qeyd edir ki, sosial şəbəkələrdəki dini qrupları konkret olaraq təsnif etmək mümkün deyil: “İnsan təfəkkürü mürəkkəb olduğu kimi virtual düşüncə qrupları da çox müxtəlifdir. İnternetdə olan internet səhifələrinin əksəriyyəti müəyyən məzhəblərə mənsub olan insanların əlindədir. Çox təəssüf ki, həmin səhifələrin adminləri ilə əlaqə saxlayanda lənətdən başqa heç nə görmürsən. Hansısa məzhəbin imamını, şeyxinə lənət yağdırmaqla, təhqir etməklə nəsə qazanmaq olmaz. Həzrəti Hüseyn bizim imamımızdır, amma hər dəfə “Kərbəla”, “Aşura” deyərək əhli-sünniləri sınamaq düzgün deyil”.
İlahiyyatçı istər sosial şəbəkələrdən istifadə edən istifadəçilərdə, istərsə də cəmiyyətdə cahillik probleminin qaldığını deyir: “İnternetdə bir qrup insan həmin cahillikdən yararlanmaq niyyətindədir. Bizim əsas vəzifəmiz şəxsi düşüncələri ilə insanları təxribata çəkənlərin internet məkanındakı nüfuzunu məhv etməkdir. Dini savadı az olan, lakin Həzrəti Əli, Ömər, Hüseyn aşiqi olan insanlar var ki, səhv bir informasiya ilə onların fanatizm damarlarından istifadə etmək olur. Bəzən görürük ki, bir məzhəbin üzvləri digər məzhəbin yaratdığı virtual səhifədən şikayət edirlər, həmin səhifəyə təhqirlər yazırlar və s. Baxırsan ki, imanlı müsəlmandır, amma din qardaş və bacılarının axirətlərini oda atırlar”.
K.Hüseynov hesab edir ki, dini mövzuların internet meydanında müzakirəyə çıxarılmasının əhəmiyyəti ortaq dəyərlərin aydınlaşdırılmasına xidmət edir: “Azərbaycan bütün məzhəb sahiblərinin rahat yaşaya biləcəyi yerdir. Bizə İranın, Türkiyənin, Səudiyyə Ərəbistanın radikal kitabları lazım deyil. Bizlərə ortaq mötəbər alimlərin kitabları, mühazirələri lazımdır. Azərbaycanda tərəfli dini ədəbiyyatların gətirilməsi cəmiyyətin yanlış seçim etməsi ilə nəticələnə bilər. Bizim bu gün bələdçimiz “Quran” və nümunəmiz Həzrəti Peyğəmbər olmalıdır. Ümumi dəyər peyğəmbərin əxlaqı, yaşam tərzi, savadıdır və biz yalnız bunları insanlara çatdırmalıyıq. İnternetdə də bu kimi məsələlər nəzərə alınmalıdır. Axı indi gənclər, yeniyetmələr daha çox informasiyanı internetdən alırlar. Dindən xəbəri olan, olmayan, hansısa bir hədisin düzgün açılışını bilməyən şəxslər dini səhifələr açır və ağızlarına gələni yazırlar. Dini səhifələrə üzv olan şəxslərin yanlış məlumatlandırılmasının, səhv bilgi almasının cavabını axirətdə verəcəklərini dərk etməlidirlər”.
Bütün bunlarla yanaşı, radikal xarakter daşıyan səhifələrdəki müzakirələrdə internet oxucuları daha çox aktivlik nümayiş etdirirlər. Bunun səbəbləri haqqında danışan K.Hüseynov qeyd edir ki, daha mükəmməl hazırlanmış və maarifləndirici diskussiyaları insanlar maraqla qarşılamırlar: “Bu situasiyanı real cəmiyyətlə müqayisə edək. Artıq cəmiyyətimizdə açıq-saçıqlıq qeyri-adi qarşılanmasa da, əvvəllər buna daha çox diqqət vardı. Son illərdə də dini təlqin məhz radikallıq üstündə olduğu üçün insanlar, təəssüf ki, daha çox ona meyl edirlər. İnsan düzgün təlqin olunarsa, kütlə daha doğru reaksiya göstərər. Cəmiyyətimizdə olan cahillik insanlarımızın ümmət təcrübəsinə qalxa bilməməsinə səbəb olur. Çox təəssüflə deyirəm ki, vəhdət məsələsi gündəmə gəlməsə, Azərbaycanda 10-15 il sonra məzhəb məhəllələri yaranacaq və daha ciddi problemlər ortalığa çıxacaq. Biz dərk etməliyik ki, müsəlman müsəlmanı sevmədikcə, imanı qəbul olunmayacaq”.
Aktiv istifadəçi olduğunu deyən K.Hüseynov əlavə edir ki, sosial şəbəkələrdə daha çox radikal dini müzakirələr aparılan səhifələri İranın, Türkiyənin, Səudiyyə Ərəbistanının maraqlarına xidmət edən insanlar yaradır: “Təbii ki, hər bir ölkənin öz siyasi maraqları var və din bu maraqlar üçün alətə çevrilib”.
Sosial şəbəkələrdə müzakirəyə çıxarılan mövzuları məzmun cəhətdən şərti olaraq bir neçə qrupa bölən ilahiyyatçı onları əsasən sağlam və ya qeyri-sağlam kimi araşdırılmasının tərəfdarıdır: “Bunların bəzisində hiss olunur ki, hansısa mövzu ətrafında elmli adamlar bəhs edirlər. Yəni qızışdırıcı, bölüşdürücü mövzulardan daha çox birləşdirici, tərəqqipərvər mövzular ətrafında bəhs edirlər. Yəni bu gün Əli ilə Müaviyənin, Yezidlə Həzrət Hüseynin mövzusu ətrafında hansısa bölüşdürücü söhbətlərdənsə peyğəmbər və əhli-beytin həyat tərzindən, elmə münasibətindən, elmi kəşflərindən danışmaq daha məqsədəuyğundur”.
"Media forum"
SOSİAL ŞƏBƏKƏLƏRDƏ DİNİ MÖVZULAR (I yazı)
SOSİAL ŞƏBƏKƏLƏRDƏ DİNİ MÖVZULAR (II yazı)


