“Biz şiələr dinimizdən dönmərik,
Əli sevməyəni biz də sevmərik,
Uzun saqqal, qısa balaq bilmərik,
Kafir zərbəsindən heç vaxt ölmərik”.
Bu, “Facebook”da müzakirə olunan statuslardan biridir. Təxminən 20 rəy yazılıb bu statusa. Tural Ağazadə “Gözəl”, Atto Aqali “İnşallah, Amin!”, Ruqeyye Can “Allah dilnə qüvvət versin, bəh-bəh”, Emil Qəmbərov “Əhsən” yazıb.
Orxan Şahbazov isə statusa şeirlə cavab verib:
“İmam Hüseynin isti nəfəsi,
Hicabın qeyrəti, azadlıq səsi.
Gün-gündən daha da güc verir bizə,
Düşmüşük Əhli-Beyt adlı bir izə”.
Məzhəb söhbətləri
Qruplarda, səhifələrdə, hətta ayrı-ayrı profillərdə məzhəblərə dair statuslara və rəylərə tez-tez rast gəlmək mümkündür.
“Vəhdət” qrupunda Mirheydər Məmmədov adlı profil sahibi öz din qardaşlarını Həzrəti İmam Rzanın doğum günü münasibəti ilə təbrik edir: “Allah bugünkü gündə bütün arzularınızı yerinə yetirsin. Amin!”
Bu statusa Cavid Əsədullayev İmam Rzanın mövluduna dair məqalə ilə cavab verib: “Məşhur rəvayətə əsasən, Zilqədə ayının 11-i 8-ci imamımız Həzrət Əli ibn Musa Rzanın mübarək mövlud günüdür. Həzrət İmam Zilqədə ayının 11-i dünyaya gəlib və Məhəmməd ümməti üçün həmin gün bir bayramdır. İmam Rzanın mübarək və nurani mövludu münasibəti ilə İmam Zaman (Allah Onun zühurunu tezləşdirsin) Ağanı və bütün dünya müsəlmanlarını təbrik edirik.
Biz hansı səbəbə görə peyğəmbər Əhli-Beytindən olan şəxslərin təvəllüd (doğum) günlərini mübarək və nurani günlər hesab edir və həmin günləri bayram edirik? Ona görə ki, həqiqətən də bu kimi əlamətdar tarixi və mübarək günlər islam aləmində misli olmayan şəxsiyyətlərin mövlud günləridir. Necə ki, islam peyğəmbərinin mövlud günü mübarək və səadətli gün hesab edilir, eləcə də peyğəmbər Əhli-Beytinin mövlud günləri mübarək və səadətli günlər hesab olunmalıdır.
Çünki mövlud günlərini bərəkətli günlər və özlərini də mübarək şəxsiyyətlər hesab etdiyimiz insanlar peyğəmbərdən sonra Onun ümmətinin imamları, yəni rəhbərləridirlər. Yəni peyğəmbərdən sonra imamlarımız bu missiyanın daşıyıcısıdır, bu vəzifədə onlar məsuliyyət daşıyırlar. Peyğəmbər hidayət peyğəmbəri olduğu kimi imamlar da hidayət imamlarıdır. Peyğəmbər hər cür xəta və nöqsandan pak və ismətli (məsum) olduğu kimi imamlar da pakdırlar və ismət sahibidirlər. Peyğəmbər alim olduğu kimi, Onun elmi Allah-Təala tərəfindən Ona əta edildiyi kimi İmamlar da alimdirlər və elmləri öz ataları və həzrət peyğəmbər vasitəsi ilə Allah-Təala tərəfindən verilib”...
Qrupdakı müzakirələrdən biri yenə də şiələrə həsr olunub. Zəhra Aşiqi öz profilində yazır: “İmam Baqir əleyhissalam buyurur ki, şiələrimizə xəbər ver, əgər onlara əmr olunanlara əməl etsələr, qiyamət günü nicat tapacaqlar”.
Bu status da mübahisə ilə müşahidə olunur. Elçin Süleymanov yazılan statusa etiraz edir: “Bütün müsəlmanlar qardaşdırlar, Allahın rəhmətini məhdudlaşdırmayaq, bizə yaraşmaz. Allaha da xoş getməz”.
Yusif Ağayev də Elçin Süleymanovla həmrəylik nümayiş etdirir: “İslam ümmətini niyə parçalayırsınız? Nə şiə, nə sünni?!”
“İslam dini” qrupunda Xalid Müntəzir Məhəmməd peyğəmbərdən sitat gətirib onu müzakirəyə çıxarır: “Qiyamət gunu Əli və onun şiələri nicat tapanlardır”. Müzakirə zamanı profil sahibi ilə Malik Kahhar arasında dialoq gedir:
Malik Kahhar: Bu kimin sözləridir?
Xalid Müntəzir: Peyğəmbərdən hədisdir.
Malik Kahhar: Qardaş, bu qədər də yalan olmaz... Peyğəmbər dövründə şiə, şiə sözü olubmu? Niyə özünüzdən uydurursunuz?
Xalid Müntəzir: Sağ ol qardaş, Allah köməyin olsun. Get islam tarixini yaxşı-yaxşı oxu.
Malik Kahhar: Sənin hansı islam tarixi kitablarını oxuduğun çox maraqlıdır. Bir-ikisinin adını de. Mənim hamının inamına, etiqadına hörmətim var, amma belə uydurmaq olmaz.
Hər bir qrupda Məhəmməd peyğəmbərdən sitatların gətirilməsinə, Allaha sevgi hissinin aşılanmasına hesablanan fikirlərin, statusların paylandığını müşahidə etmək mümkündür: “Doğru yol İslam yolu” qrupunda Fuad İbrahimli Məhəmməd peyğəmbərdən misal çəkir: “Sevgi Allaha görə olur, insanlara görə olan mehribançılıqdır”.
Profil sahibləri bəzi təşkilatları hədəfə alırlar. Fur Qan yazır: “Hakimiyyətə gətirilən şəxsin ətrafı masonlarla (sionistlərlə) əhatə olunarsa, dövlətin və ölkənin marağını yox, ümumdünya mason təşkilatının planlarını yerinə yetirmək olar. Beynəlxalq mason təşkilatının razılığı olmadan heç bir qlobal hadisə baş verə bilməz. Hətta 1945-ci ildə Amerika Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombası atarkən ABŞ prezidenti Trumen İsveçrədə olan mason lojasından razılıq almışdı. Bundan belə nəticəyə gəlmək olar ki, dünyanı idarə edən qüvvə masonluqdur.
Bütün dövrlərdə, başqa vaxta nisbətən dünyanı indi daha çox gizli təşkilatlar idarə edir. Siyasətdə təsadüfən heç nə baş vermir. Əgər baş verirsə, deməli, belə nəzərdə tutulub. (Franklin Delano Ruzvelt, sabiq ABŞ prezidenti).
Masonluq - dünyanın hörümçək toru”.
Yardım çağırışları
Sosial şəbəkə qruplarında tez-tez kiməsə yardım olunması üçün çağırışlara rast gəlinur. Misal üçün, hansısa rezurs üzrə qan qrupuna ehtiyacı olanlara müraciət olunur. Yaxud maddi yardımların edilməsi xahişi verilir. Bu zaman daha çox dindarlara üz tutulur, yaxşılıq etməyin dindən, imandan gəlməsi fikri rəhbər tutulur.
Belə olanda qruplararası dəstək kampaniyasının aparıldığı müşahidə edilir. Yəni çağırış bir qrupda yayılıbsa, onu digər qruplar da onu paylaşırlar. Bu ondan irəli gəlir ki, sosial şəbəkədən istifadə edən istifadəçi tək bir qrupun deyil, bir neçəsinin üzvü olur.
“İslam dini”, “Vəhdət”, “Doğru yol “İslam” yolu” qruplarında Leyla Cavanşir Hacı Fərhad adlı şəxsə yardım edilməsini xahiş edir. Bir neçə gündən sonra bu çağırışa yetərincə cavab gəlmədiyini görüb öz təəssüfünü bildirib: “Orda bir insan həyatla mübarizə aparır. Bizsə Allahdan şəfa diləyirik. Amma manat belə qıymırıq. Əslində Allah bizi imtahan edir. Bir şiə qardaşımızın ölümünə bu qədər laqeyd imişik. Bir insan tanıyırsınızmı ki, bir manat pulu olmasın? Bu, həmin Hacı Fərhaddır. Ümid qaldı Allaha”.
Bu statusdan sonra rəylər paylanır.
Adrikni Essaeh: Birlik 1-2 manatla da olur… Əsas verilsin. İnsanların inami azdır yəqin.
Ruslan Nərimanov: Pulu kimə və hara verə bilərik?
Adrikni Essaeh: Pulsuz əməliyyat edəcək həkimlə də maraqlanıram, hələ ki, bir nəticə yoxdur.
Yazışmanın sonunda bəlli olur ki, xəstə Bakıdakı xəstəxanaların birindədir və yardım toplanması davam edəcək.
Qeyri-dindarları cəlb edən mövzular
Dini qruplarda elə mövzular olur ki, müzakirələrə təkcə dindarlar deyil, qeyri-dindarlar da qoşulurlar.
“Vəhdət” qrupunda Ellame Tebatebai profilinin sahibi “Azərbaycanda barlar bağlansın” təklifi ilə çıxış edib.
Valeh İsmayılov, Siyavuş Abdullayev, Seyyidüş Şüheba barlarn bağlanması təklifini dəstəklədiklərini deyirlər.
Ağasif Şakiroğlu isə barların olmasını normal hesab edir: “Mən təklif edərdim ki, barlarda normal xidmətlərin təşkil edilməsi üçün qanun layihəsi hazırlansın və barlara şamil edilsin. Bizim gənclər barlardan düzgün istifadə edə bilmirsə, bu, bar idarə edənlərin problemi deyil”.
Bu rəydən sonra daha kəskin fikirlər üzə çıxır.
Rahim Qurbanov: Agasif, səni qınamıram. Əgər sənin üçün çörək qazananlar sənə yedizdirdikləri tikənin halal-haramlığına varsaydılar, heç olmasa özün öz qazancın barəsində fikirləşərdin.
Nəsimi Abdulov: Agasif, siz hansı nəzəriyyə ilə danışırsız? Barlardan necə istifadə edirsən et, yenə də o bardır ki, bar. Bir məkan eyş-işrət, əyyaşxana, qeyrətsizlik, əxlaqsızlıq yuvasıdırsa, ora necə xidmətçilər təyin edirsən et, o sadaladığım adlar barın üstündən götürüləcəkmi? Siz müsəlmansız, ya yox?
"Media forum"
SOSİAL ŞƏBƏKƏLƏRDƏ DİNİ MÖVZULAR (I yazı)


