
İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsi “Qadın hüquqlarının müdafiəsinin məhkəmələrdə monitorinqi” layihəsinin nəticələrini təqdim edib. Komitənin sədri Akif Əlizadə “Media forum” saytına bildirib ki, il ərzində Bakıda və bəzi rayonlarda nikahın pozulması ilə bağlı 153 məhkəmə prosesi monitorinq edilıb, məhkəmə proseslərində vəkillik və nümayəndəlik fəaliyyətini həyata keçirən hüquqşünaslarla sorğu-müsahibələr aparılıb, müxtəlif ölkələrin ailə qanunvericiliyi öyrənilib.
Monitorinqlərlə müəyyən edilib ki, 66 halda boşanmanın təşəbbüskarı kişilər, 87 halda isə qadınlar olub. Nikahın pozulmasının əsas səbəbləri kimi qadın və uşaqların ailədaxili zorakılıqla üzləşmələri, ailəyə yaxın qohumların müdaxilələri, xəyanət, kişinin zərərli vərdişlərə (alkoqolizm və ya narkomaniya) malik olması, tərəflərin xasiyyətlərinin uyğunsuzluğu, işsizlik və bununla bağlı maddi durumun pisliyi və s. olub.
Boşanma barədə iddia qaldıran qadınların yarısından çoxu ərlərinin müntəzəm zorakılığına məruz qaldıqlarını göstəriblər. Gənc ailələrin (nikahda olma müddətləri 1-5 il) nikahı pozma tələbləri daha çox müşahidə edilib.


