| Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü Səidə Qocamanlı “Media forum” saytına müsahibəsində siyasi məhbus məsələsində yaranmış son vəziyyəti qiymətləndirib. |
![]() |
- Sonuncu əfv sərəncamı may ayında imzalanmışdı. Bundan sonra Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun hazırladığı siyasi məhbuslar siyahısı kifayət qədər kiçildi. Çünki bizim siyahıdan 7 nəfər azadlığa buraxılmışdı. Siyahıda 11 siyasi məhbusun adı qalmışdı. Onların da məsələsini ölkə daxilində müəyyən qurumlarla müzakirə edirdik, danışıqlar aparırdıq və çalışırdıq ki, onların azadlığa buraxılmasına nail olaq. Bunun baş tutacağına da ümid çox idi.
Təəssüflər olsun ki, son həbslərdən sonra 11 siyasi məhbusun adı olan siyahıya 20-yə yaxın şəxsin də adı yazıldı. Söhbət Cabbar Savalanlı, Bəxtiyar Hacıyev, Şahin Həsənli, Vidadi İsgəndərlidən və İctimai Palatanın 2 aprel mitinqinə görə həbs olunanlardan gedir. Beləliklə, siyasi məhbus siyahısı kifayət qədər genişləndi. Sözügedən 20-yə yaxın insanı siyasi məhbus saymağa kifayət qədər əsas var və biz də bunu etmişik.
Siyahıdakı adamların sayı 11 nəfərə enəndə çox sevinmişdik. Allaha şükür etdik ki, nəhayət, işlər qaydasına düşür, tezliklə qalan problem də həllini tapacaq və Avropa Şurasına gedəndə deyə biləcəyik ki, bizdə artıq siyasi məhbus siyahısı yoxdur. Amma indi siyahı böyüyüb. AŞPA-nın yanvar sessiyasında bu məsələ müzakirə olunacaq.
- Amma bir qrup hüquq müdafiəçisi həbsdə olan dindarları, o cümlədən Azərbaycan İslam Partiyasının rəhbərliyindən məhkum edilmiş şəxsləri də siyasi məhbus hesab edir. Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu dindarları niyə siyasi məhbus saymır?
- Dindarların məsələsi bir qədər fərqlidir. Biz hazırda onların işlərini araşdırırıq. Bunun da səbəbi var. Əgər kiminsə adını siyasi məhbus siyahısına salırıqsa, onların işini dərindən öyrənir, əlimizdə olan meyarlara uyğun olaraq onların məsələsini qiymətləndirir, hökmlərə baxırıq, cəzalarını, istintaq təcridxanasında və həbsxanada olduqları müddətdə işgəncəyə məruz qalıb-qalmadıqlarını araşdırırıq. 2001-ci ildə Avropa Şurası bizə siyasi məhbusların müəyyənləşdirilməsi üçün beş maddəlik meyar təqdim edib. Bizim üçün ən əsas məsələ dövlətçilikdir. Dövlətçiliyimizə qarşı çıxan insanları siyasi məhbuslar siyahısına salmırıq. Bu bizim üçün çox önəmlidir.
Digər hüquq müdafiəçilərinin siyasi məhbuslarla bağlı siyahısında metro partladan terrorçuların, Azərbaycan dövlətinə qarşı hərəkət edənlərin də adları var. Amma biz belə etmirik. Ona görə də bizim siyahımızda olanların sayı digər hüquq müdafiəçilərinin tərtib etdiyi siyahıdakından iki-üç dəfə azdır. Qeyd edim ki, 2 aprel mitinqində həbs olunanların bir hissəsini, Cabbar Savalanlını, Bəxtiyar Hacıyevi tək biz yox, “Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatı da vicdan məhbusu kimi tanıyır.
Bizdə “Səid Dadaşbəyli və onun qrupu” adlı bir iş var. Bu iş üzrə təqsirləndirilən şəxslər uzun müddətə azadlıqdan məhrum ediliblər, həbsxanadadırlar. Onları siyasi məhbus kimi qəbul etməmişik. Baxmayaraq ki, başqa hüquq müdafiəçiləri onların adını siyasi məhbus siyahısına salıb. Biz isə “Səid Dadaşbəyli və onun qrupu”nun işini Avropa Şurasına göndərmişik, təşkilatın insan haqları üzrə komissarına, müəyyən qurumlara vermişik ki, məsələni araşdırsınlar, görək həmin şəxslər siyasi məhbus meyarına uyğundur, ya yox. İslamçıların işini də bu yolla həll edəcəyik və onların siyasi məhbus olub-olmamaları haqda qərarımızı açıqlayacağıq.
- Siyasi məhbus məsələsinin həllinə kömək üçün hansısa beynəlxalq qurumla müzakirələriniz varmı?
- Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupuna daxil olan hüquq müdafiəçiləri artıq beşinci ildir AŞPA-nın sessiyalarına ekspert kimi dəvət olunur. Avropa Şurasının bizə inamı var və bizimlə işləyirlər, siyahılarımızı əsas götürürlər. Biz də lazım gələndə onlarla məsləhətləşirik. İkitərəfli əməkdaşlıq bizim işimizə çox böyük kömək edir. Əvvəllər AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri ilə sıx işləyirdik. Sonradan təyin olunan iki həmməruzəçi isə Azərbaycana gələndə hüquq müdafiəçilərini görmək belə istəmir, bizimlə görüşmürlər. Ona görə də onlarla əməkdaşlığımız alınmır. Avropa Şurasının baş katibi, AŞPA prezidenti, komissarlar, digər qurumlarla sıx işləyirik.
Bununla yanaşı, belə hesab edirik ki, problemi ölkə daxilində həll etmək lazımdır. Ona görə də Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsi, Daxili İşlər, Ədliyyə nazirlikləri, Baş Prokurorluqla sıx işləyirik. Çünki elə məsələlər var ki, onların yardımı ilə həll edə bilirik. Hesab edirəm ki, bütün problemləri ölkə daxilində həll etməyə çalışmalıyıq.
Beynəlxalq təşkilatlar nə edə bilərlər? Onlar yalnız bizim sənədləri, hesabatları oxuyaraq Azərbaycan hökumətinə hansısa tövsiyələr verir, bəyanat qəbul edirlər. Onların işi bundan ibarətdir. Beynəlxalq təşkilatlar Azərbaycan hökumətinin üzərinə qılınc çəkib deməyəcəklər ki, bu saat flankəsi azadlığa burax, bunu belə elə və sairə. Bu, mümkün deyil. Ona görə də hüquq müdafiəçiləri istənilən problemi ilk növbədə ölkə daxilində həll etməyə çalışmalıdır. Bu da çox çətindir. Amma hər bir məsələnin həlli danışıqdan, dialoqdan, masa arxasında oturub bir-birini dinləməkdən keçir. Əgər bunu bacarmışıqsa, bu, cəmiyyətimiz üçün böyük naliyyətlərdir.
- Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 ili tamam olacaq. Bu münasibətlə əfv verilməsi gözlənirmi? Məhbuslardan ərizələr toplanırmı?
- Biz çox istəyirik ki, bu bayram Azərbaycan cəmiyyətinə əmin-amanlıq, sülh gətirsin və nəhayət ki, siyasi məhbus problemi bağlansın, biz bir daha həmin siyahıya qayıtmayaq. Təəssüflər olsun ki, amnistiya və əfv gözlənmir. Heç kimdən ərizə toplanmır. Əksinə, belə gözəl bayram ərəfəsində 2 aprel aksiyasının iştirakçılarına ağır cəza verdilər. Onların arasında Azərbaycana müstəqillik qazandırmış, üçrəngli bayrağımızı yenidən ölkəyə gətirən sənədə imza atmış Arif Hacılı da var. Bu, dözülməz haldır. Biz bunu pisləyirik. Bu o qədər ağır məsələdir ki, onu pisləmək belə məsələyə yumşaq yanaşmadır.
- Əvvəlki əfv sərəncamlarından sərəncam imzalanmamışdan qabaq da xəbəriniz olurdumu?
- Bəli, olurdu. Məlumat alırdıq ki, əfv üçün müraciətlər toplanır. İndi isə belə bir məsələ yoxdur.
- Hüquq müdafiəçilərinin əfv və amnistiya üçün prezidentə və Əfv Məsələləri Komissiyasına müraciət etməsi mümkündürmü? Belə müraciətin bir effekti olurmı?
- Bu vaxta qədər belə müraciətlərə bəzən müsbət reaksiya verilib. Eynulla Fətullayevlə, digər məhbuslarla bağlı prezidentə müraciətlər etmişdik. Onların arasında xəstə məhbuslar vardı, sonuncu əfv sərəncamı ilə azadlığa buraxıldılar. Bu məsələdə bizim prezidentə məktubumuzun əsas götürüldüyünü dəqiq bilirik. Bundan sonra da müraciətlər edəcəyik. Artıq Cabbar Savalanlı haqda prezident İlham Əliyevə və Əfv Məsələləri Komissiyasına müraciət etmişik. Çünki o, atasız böyüyüb, anası işləmir, ailə maddi cəhətdən ehtiyac içindədir, tələbədir, gəncdir, ittihamlar məhkəmədə tam sübuta yetirilməyib. Ona görə də onun əfv olunmasını xahiş etmişik. İndi cavab gözləyirik.
- Əgər son zamanlar həbs olunanlar azadlığa buraxılmasa və vəziyyət indiki kimi qalsa, Azərbaycanı nə gözləyir?
- Sözsüz ki, çox ağır durum yaşanacaq, bunun ağır nəticələri ola bilər. Ona gərə hələ ümidimizi itirməmişik. Ümid edirik ki, heç olmasa ilin sonunda - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə əfv olacaq.
"Media forum"
♦ Arayış: 2011-ci ildə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən fəalların və onlara yaxın şəxslərin sayı 32-yə çatıb.
May ayında gənc fəallar Cabbar Savalanlı, Bəxtiyar Hacıyev, ruhani Azər Cəbiyev, iyun ayında ilahiyyatçı Həsən Məmmədov, xalq hərəkatı liderlərindən Nemət Pənahlı və dostu Ceyhun Fərzullayev, ruhani Fəxri İlyasov məhkum olunmuşdular.
İyulda AXCP fəalı Şahin Həsənli, avqustda 2 aprel məhbusları - AXCP üzvləri Sahib Kərimov, Arif Alışlı, Zülfüqar Eyvazlı, Babək Həsənov, Elnur İsrəfilov, Müsavat fəalı Elşən Həsənov və hüquq müdafiəçisi Vidadi İsgəndərli cəza aldılar.
Müsavatçılar Arif Hacılı, Tural Abbaslı, Ülvi Quliyev, Əhəd Məmmədli, Rüfət Hacıbəyli, AXCP funksionerləri Məhəmməd Məcidli, Elnur Məcidli, ruhani İlqar Musayev, Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, Masallı ruhanisi Fəramiz Abbasov, mayın 6-da Bakıda keçirilmiş “Hicaba azadlıq” aksiyasının iştirakçıları Araz İsmayılov, Nurani Məmmədov, Rüfət Miriyev isə oktyabr ayının payına düşən məhkumlardır.
Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri 2011-ci ildə məhkum olunanların bir qisminin - gənc fəallar Cabbar Savalanlı, Bəxtiyar Hacıyev, hüquq müdafiəçisi Vidadi İsgəndərli, 2 aprel aksiyasına görə tutulan 13 nəfərin siyasi motivlərlə həbs olunduğunu bəyan edir. Bu isə siyasi məhbus siyahısının şişməsi deməkdir.
2011-ci ilə qədər Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun siyasi məhbus saydığı 19 nəfər vardı. Bu ilin aprelində siyahıdakı şəxslərdən biri - “Əli İnsanov işi”nə görə məhkum olunmuş Rizvan Talıbovun cəzası başa çatdı. Mayda prezidentin əfv sərəncamı ilə yeddi nəfər azadlığa buraxıldı - jurnalist Eynulla Fətullayev, keçmiş polis zabiti Müşfiq Mədətov, “Əli İnsanov işi”nə görə məhkum olunmuş Fəxrəddin Abbasov, Pərviz Kazımov, Akif Məhərrəmov, Anar Namazov, Eldar Rzayev.
Adı Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun siyasi məhbus siyahısında olanlardan “Yeni Fikir” Gənclər Təşkilatının sədri Ruslan Bəşirli, sabiq səhiyyə naziri Əli İnsanov, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, onun qardaşı, iş adamı Rafiq Əliyev, Xüsusi Təyinatlı Polis Dəstəsinin komandirlərindən olmuş Dəyanət Kərimov, iş adamı Şəmsi Səmədzadə, AXCP üzvü Tapdıq Namazov, sabiq XTPD-çilər Şəmsi Abdullayev, Nizami Şahmuradov, İranla əlaqəyə görə tutulmuş Telman İsmayilov və XTPD işinə görə həbs olunmuş Mehman Məmmədov hələ də həbsdədirlər.



