![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
Üç həftə “Bakı” kinoteatrının yaxınlığında keçirilən bal sərgisini izlədim. Yolumun üstündəydi. İlk günlər bal və bal məhsullarının satış sərgisi 100 metrəcən uzanmışdı, sonra sıralar seyrəldi. Amma məhsulunu tərifləyən satıcılardan yaxa qurtarmaq sıralar seyrələndə də müşkülə dönmüşdü.
Sərgidə gördüklərim, eşitdiklərim bəlkə sizə də maraqlı olar...
Balın kilosu 15 manatı ötə bilməzdi, təşkilatçıların tələbi beləydi, bu qiymətdən aşağı satmaq olardı, yuxarı yox.
Satıcıların əksəri ağ xalat geyib, ağ plastmas stollarda alış-veriş edirdi.
Bal və bal məhsulları əsasən şüşə qablarda satılırdı, bəzən plastik qablarda bəkməzə də rast gəlinirdi.
Arıçıların çoxunun vizit kartı vardı, həvəslə paylaşırdılar. Xeyli arıçının telefonunu topladım. Bir qaxlı satıcıdan isə vizit kartı istəyəndə soruşdu:
- Bal alacaqsan?
Bəlkə də alacaqdım, nəsə “Yox” dedim.
Dedi:
- Onda verə bilmərəm.
- Niyə?
- 10 qəpiyə başa gəlir.
Sərgidən fotoreportaj hazırladım, fotoobyektivə gülümsəyən də oldu, üzünü yana çevirən də. Şəklinin çəkilmədiyindən narazılıq edənlər də vardı.
Sərgidən bir qədər vərəmum, arı yapışqanı, bal ala bildim. Güləm ala bilmədim, ötən il 200 qramına 15 manat vermişdim, bu il qiymət düşmədi, sərginin sonuna isə güləm qalmadı. 20 manatdan aşağı düşmək istəməyən bir xanımla neçə dəfə söhbətimiz oldu. Elə hey dedi: “Son qiymət 20 manatdır”.
Soruşdum:
- Geriyəmi aparacaqsan?
Dedi:
- Eybi yox, vitamindir, apararam, uşaqlarım yeyər.
Vərəmum alanda satıcı ilə bir-birimizi anlamadıq. O, malın kilosunu 20 manata təklif edirdi. Malı çəkəndə 270 qram gəldi, nədənsə düşündüm 2 manat 70 qəpik edir. O dedi 5 manat verəcəksən, mən dedim 2 manat verəcəm. 2 manatı alıb verdi, sonra düşündüm, çaşdı axı. Əslində 5 manat 50 qəpik verməli idim. Satıcı 50 qəpik keçib 5 manat deyirmiş. Allah şahiddir, niyyətim aldatmaq olmayıb, səhv hesablamışam.
Bir sirri də öyrəndim, satıcılardan kimsə dedi, bax a, ehtiyatlı ol, bazarda iki nəfər geydirmə bal satır, axşam evdə balı şəkərdən hazırlayır, səhər satır. Bu sözdən sonra daha bal almadım, eləcə hər gün yanlarından ötdüm.
Bir arıçı masasının qarşısında ayaq altında çapalayan arını əlinə alıb kənarda asılan geyiminin üzərinə əzizləyə-əzizləyə qoydu, bir xeyli ona baxdı, düşündüm, beləsindən bal almağına dəyər. Ala bilmədim, işə tələsirdim.
İnşallah, gələn ilə qaldı...
İsmayıl İSMAYILOV
Ismail_i@rambler.ru








