![]() |
![]() |
|
| Anar Qaslmlı | Yalçın İmanov |
Sentyabrın 21-də Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Masallı ruhanisi Fəramiz Abbasov, Mövsüm Səmədovun qohumları Firdovsi Məmmədrzayev və Dəyanət Səmədov, ilahiyyatçı Zülfüqar Mikayılzadənin işi üzrə məhkəmə prosesində 12 şahid ibtidai istintaqa verdiyi ifadədən imtina etdiyini bildirib. Şahidin məhkəmə prosesində ilkin ifadəsindən imtina etməsi nə deməkdir? Bu hal ittiham olunan şəxs (şəxslər) barədə hökmə təsir edirmi?
Vəkil Yalçın İmanov “Media forum” saytına açıqlamasında deyib ki, belə hallarda hakimin borcu şahidlərin ibtidai istintaqa dediklərini sübutlar siyahısından çıxarmaqdır: “Hökm çıxararkən isə hakim məhkəmədə araşdırılan sübutlara istinad etməlidir. Onun hökmü istintaqın gəldiyi nəticələrdən asılı olmamalıdır. Hakim əsasən məhkəmədə araşdırılan sübutlara, ifadələrə istinad etməlidir”.
Vəkilin sözlərinə görə, belə hallarda müdafiə tərəfi məhkəmədə ifadələrindən imtina etmiş şahidlərin ilkin istintaqa verdikləri ifadələrin sübutlar siyahısından çıxarılmasına dair vəsatət qaldırmalıdır.
Y.İmanov onu da əlavə edib ki, bir qayda olaraq siyasi işlərdə belə şahid ifadələrinin sübutlar siyahısından çıxarılıb-çıxarılmaması, yaxud şahidin ibtidai istintaqa verdiyi ifadədən imtinası heç bir rol oynamır.
Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun vəkili Anar Qasımlı “Media forum”a açıqlamasında deyib ki, sentyabrın 21-də məhkəmədə ifadə verən şəxslər ittiham tərəfinin şahidləridir: “Onların ilkin ifadələri şahiddən çox zərərçəkmişin ifadələrinə bənzəyirdi. Onlara verilən suallardan belə çıxır ki, guya zərərçəkəndirlər. Misal üçün, sual verilib ki, Mövsüm Səmədovun Baş Məclisdəki 2 yanvar çıxışı onlara necə təsir edib, onlar bu çıxışda deyilənləri düzgün hesab edirlərmi və sairə”.
Vəkil hesab edir ki, istintaq faktiki olaraq şahidlə zərərçəkəni qarışdırıb: “Nəzəriyyəyə görə, məhkəmə proseslərində şahidin ibtidai istintaqa verdiyi ifadəsindən imtina etməsi təqsirləndirilən şəxsin xeyrinə olan hal hesab edilir. Məhkəmə bunu nəzərə almalıdır. Çünki istintaq zamanı bir müstəntiq olur və bir də şahid. Ona hansı təzyiqlərin olub-olmaması bəlli deyil. Amma şahid məhkəmədə obyektiv və heç bir təzyiq olmadan ifadə verir”.
A.Qasımlı qeyd edib ki, sentyabrın 21-də keçirilən prosesdə 12 şahidin öz ilkin ifadəsindən imtina etməsi ilə bağlı vəsatət qaldırmayıb: “İslamçıların məhkəməsi zamanı buna bənzər hallar olub və vəsatət qaldırsaq da, baxılmamış saxlanılıb. Yəqin ki, sübutların qiymətləndirilməsi mərhələsində bir daha vəsatətlər qaldıracağıq”.
“Media forum” saytının arayışı: AİP sədri və digərləri bu il yanvar ayının əvvəllərində həbs olunublar. Onların barəsində ayrı-ayrı maddələrlə cinayət işləri başlanıb. İslamçıları müdafiə edənlərin fikrincə, bu həbslər siyasi xarakterlidir və əsasən yanvarın 2-də partiyanın Baş Məclisində Mövsüm Səmədovun çıxışı ilə bağlıdır. Mövsüm Səmədov 2011-ci il yanvarın 2-də AİP Baş Məclisinin iclasında çıxış edərək məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pisləyib və hakimiyyətin ünvanına ittihamlar səsləndirib. Məhəmməd peyğəmbərdən “dinə tərəf bəla gəlsə, canınızı verin, dininizi qurtarın” deyə sitat gətirən AİP lideri Azərbaycan xalqını “ayağa qalxmağa və zalım rejimə son qoymağa” çağırıb.




