71 nəfər. Ən son qeyri-rəsmi məlumata görə, Azərbaycan Silahlı Qüvvələri 2011-ci ildə bu qədər itki verib. 71 nəfər. Bu, son illərdə ən acı göstəricidir.
Son dörd ildə itkilər 197-dən 268-ə yüksəlib
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli “Media forum” saytına deyir ki, qurumun media monitorinqinin nəticələri 2011-ci ildə təhlükəsizlik və müdafiə sektorunda itkilərin kəskin artdığını göstərir: “Bu il təhlükəsizlik və müdafiə sektorunun itkiləri 71 nəfər olub. 71 nəfər isə yaralanıb və ya xəsarət alıb. Müvafiq dövrdə döyüş itkiləri 9 nəfər, qeyri-döyüş itkiləri isə 62 nəfər təşkil edib”.
Ekspert qeyd edir ki, 7 nəfər naməlum səbəbdən, 10 nəfər bədbəxt hadisədən, 11 nəfər avtoqəzadan, 7 nəfər xəstəlikdən, 1 nəfər əməliyyat tədbirlərindən, 16 nəfər bir-birinə qarşı silah tətbiq etmək - qeyri-nizamnamə hadisələrindən dünyasını dəyişib: “10 nəfər intihar edib. Dünyasını dəyişənlərin 64-ü Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 2-si Daxili Qoşunların, 1-i Xüsusi Dövlət Mühafizəsi Dəstəsinin hərbi qulluqçusudur”.
2003-2006-cı illər və 2007-2010-cu illərdəki itkiləri müqayisə edən C.Sümərinli deyir ki, Azərbaycan Silahlı Qüvvələrində itkilərin artma tendensiyası var: “Məsələn, son 4 ildə nizamnamə qaydalarının pozulması nəticəsində 68 nəfər dünyasını dəyişib. 2003-2006-cı illərdə isə 33 belə itki vardı. 2007-2010-cu illərdə orduda intiharların sayı 35 nəfər təşkil edib, 2003-2006 illərdə isə bu göstərici 23 nəfər olub. 2007-2010-cu illərdə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda avtomobil və təyyarə qəzalarında dünyasını dəyişənlərin sayı 43 nəfər təşkil edibsə, 2003-2006-cı illərdə bu göstərici cəmi 17 nəfər olub.
Təhlükəsizlik və müdafiə sektorunun itkiləri 2007-ci ildən qeyri-nizamnamə olayları (“dedovşina”), intihar və avtomobil (təyyarə) qəzaları hesabına kəskin artıb. Ümumilikdə 2003-2006-cı illərdə Azərbaycanda 197 hərbi qulluqçu dünyasını dəyişibsə, 2007-2010-cu illərdə bu göstərici 268 nəfər təşkil edib”.
İtkilər niyə artır?
İtkilərin artmasının səbəblərinə gəlincə, ekspert bildirir ki, ümumi səbəblərə Dağlıq Qarabağda müharibənin davam etməsi, “səngər xəstəliyi”, cəbhə xəttində xidmət edən hərbi qulluqçularda ehtiyatsızlıq hallarının artması, Azərbaycan Silahlı Qüvvələrinin peşəkar-müqaviləli sistemə keçidinin ləngiməsi, cəmiyyət və hərbi-siyasi rəhbərliyin müdafiə və təhlükəsizlik sektorunun qayğılarına laqeydlik göstərməsi, ordu ilə cəmiyyət arasında qarşılıqlı əlaqənin səmərəli qurulmaması, cəbhə xəttinin uzun olması səbəbindən şəxsi heyətin paylaşdırılmasında problemlərin ortaya çıxması, mühəndis-istehkam işlərinin zəifliyi, müşahidə vəsaitlərinin azlığı daxildir.
Ekspert deyir ki, Silahlı Qüvvələrin müasirləşdirilməsi və NATO standartlarına keçidi istiqamətində qarşıya qoyulan hədəflərin qeyri-müəyyən olması, hərbi qulluqçuların sosial təminatının aşağı olması və son illər müdafiə xərclərinin kəskin artımına baxmayaraq bu istiqamətdə diqqət çəkən işlərin görülməməsi ordudaxili problemlər yaradır: “Hərbi qulluqçuların məvacibi aşağı olaraq qalır. Müdafiə xərcləri sosial yönümlü deyil, yəni məvaciblərə, mənzil təminatına, güzəşt və imtiyazlara sərf olunmur. Orduda xidmət yükünün bərabər paylaşdırılmaması da əsgərin döyüş qabiliyyətinin pozulmasına gətirir. Hərbi qulluqçular arasında tabeçilik münasibətlərində problemlərin ortaya çıxması, baş vermiş cinayət hadisələrinin bir çox hallarda dərindən araşdırılmamasına dair məlumatlar var”.
Nə etməli?
C.Sümərinli bildirir ki, təhlükəsizlik və müdafiə sektorunda itkilərin sayını azaltmaq üçün bir sıra təxirəsalınmaz addımların atılmasına ehtiyac var: “Müdafiə xərclərinin sosial yönümlü olması, hərbçilərin məvaciblərinin artırılması, güzəşt və imtiyazların bərpa edilməsi, mənzil təminatı, Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun orduda cinayət hallarının aradan qaldırılmasına şəffaf yanaşması olmalıdır. Baş verən neqativ olaylar və cinayət hadisələri ilə əlaqədar təxirəsalınmaz araşdırmalar aparılmalı, nəticələr ictimaiyyətə açıqlanmalıdır. Hərbi xidmət sistemində tərbiyəvi işlər gücləndirilməli, orduda din və psixoloq təsisatları tətbiq olunmalıdır. Cəbhə xəttində xidmət edən şəxsi heyətin qısa zaman kəsiyində müqaviləli xidmət sisteminə keçidini nəzərdə tutan mexanizm hazırlanmalı və tətbiq edilməlidir.
Hərbi xidmətə çağırılan vətəndaşların xidmətdən öncə məktəblərdə, cəmiyyətdə nizam-intizamlı şəxs kimi yetişdirilməsini nəzərdə tutan kompleks tədbirlər görülməlidir. Hərbi xidmətə çağırış yaşı 18-dən 20-yə qaldırılmalı və son hədd 35-dən 28-ə endirilməlidir. Cəmiyyətdə ordunun nüfuzunun qaldırılması istiqamətində tədbirlər görülməlidir”.
C.Sümərinlinin fikrincə, müdafiə və təhlükəsizlik sektorunda baş verən itkilərin xarakteri güc strukturları rəhbərlərinin bir sıra addımlar atmasını zəruri edir. O deyir ki, ilk növbədə güc strukturlarının cəmiyyət qarşısında hesabatlılığı təmin edilməli, ordu üzərində mülki nəzarət mexanizmləri tətbiq olunmalıdır: “Güc strukturları rəhbərliyinin parlament qarşısında hesabatlılığı təmin olunmalı,
Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin Silahlı Qüvvələrdə baş verən proseslərin aydınlaşdırılmasına yönəlik səlahiyyətləri artırılmalıdır. Güc strukturlarının, xüsusilə də Müdafiə Nazirliyinin informasiya siyasətində dəyişiklik edilməli, media əməkdaşlarının və cəmiyyətin informasiya təminatında irəliləyişə nail olunması üçün islahatlar həyata keçirilməlidir.
Güc strukturlarında baş vermiş insan itkiləri, onların əsl səbəbləri və nəticəsində cəzalandırılanların siyahısı aydın şəkildə ictimaiyyətə təqdim olunmalıdır. Güc strukturlarının rəhbərləri əsgərləri bir-birinə qarşı silah qaldırmağa məcbur edən səbəbləri aşkar etməli, problemin kökündən həlli üçün addımlar atmalıdırlar. Xüsusilə də “dedovşina”nın kökünün kəsilməsi istiqamətində təxirəsalınmaz addımlar atılmalıdır. Müdafiə Nazirliyinin rəhbərliyinin və orduda mümkün vəzifələrin mülkiləşdirilməsinə başlanılmalıdır, ordu idarəetməsi təkmilləşdirilməli, Silahlı Qüvvələrin Baş Qərargahı ilə nazirliyin aparatı arasında səlahiyyət bölgüləri dəqiqləşdirilməlidir.
Orduda hərbçilər arasında mövcud olan problemlərin aradan qaldırılması istiqamətində ciddi tədbirlər həyata keçirilməlidir. İlk növbədə hərbi qulluqçuların (gizir və zabitlərin) məvacibləri artırılmalıdır. Ordu leytenentının məvacibi 350-400 manatdan deyil, 1500 manatdan başlamalıdır.
Silahlı Qüvvələrdə şəxsi heyətin rotasiyası, yerdəyişməsi məsələləri diqqətdə saxlanılmalıdır. Hərbi qulluqçunun (əsgər, gizir və zabitin) uzun müddət bir bölgədə xidmət etməsi onda hərbi xidmətə marağın azalmasına səbəb ola bilən amillərdən biridir. Hərbi çağırış sisteminin dərindən öyrənilməsinə başlanılmalıdır, şəxsi heyətin hərbi xidmətin ağırlıqları üzrə bərabər bölgüsü vacibdir”.
Ekspert qeyd edir ki, orduda baş verən kütləvi ölüm hadisələri Sülahlı Qüvvələrdə şəxsi heyətlə tərbiyə işinin pis vəziyyətdə olduğunu göstərir: “Silahlı Qüvvələrdə mənəvi ruh düşkünlüyü yaranıb, şəxsi heyətin mənəvi, tərbiyəvi hazırlığı məsələsində ciddi problemlər var. 1999-cu ilin may ayında “zampolit” sistemi - siyasi məsələlər üzrə komandir müavini təsisatı ləğv olundu. Araşdırmalar göstərir ki, bunun əvəzinə indiyə qədər optimal variant təşkil edilmir. Bu proses getdikcə daha da dərinləşir. Axırıncı olaylardan sonra da təsdiq olunur ki, orduda tərbiyəvi mühit çox pis vəziyyətdədir. Vəziyyətin belə olmasında Müdafiə Nazirliyinin rəhbər vəzifəlilərinin, eyni zamanda Tərbiyə İşlər İdarəsinin də məsuliyyəti var. Dövlət rəhbərliyi bunu ilk növbədə diqqətdə saxlamalıdır.
Silahlı Qüvvələrdə həm psixoloji, həm mənəvi, həm də dini baxımdan ciddi araşdırmalara ehtiyac var: Konkret mexanizmlər yaradılmalıdır. Yeni “zampolit” institutu, yaxud psixoloq təsisatı, dini şöbə yaradıla bilər. Artıq kütləvi ölüm hadisələrinin çoxluğu bu istiqamətlərdə real təsisatların yaradılmasına ehtiyac yaradıb”.
Rəsmi qurum qeyri-rəsmi rəqəmləri qəbul etmir
“Media forum” saytına danışan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev deyir ki, 2011-ci ildə orduda baş verən itkilərlə bağlı mətbuatda səsləndirilən rəqəmlər reallığı əks etdirmir: “Mətbuatda səsləndirilən rəqəmlər müxtəlifdir. Biri bir rəqəm, digəri bir rəqəm səsləndirir. Belə fərqli rəqəmlərin olması bu məsələni qabardan adamların şəxsi maraqları ilə bağlıdır. Həqiqətən də 2011-ci ildə orduda itkilər olub. Amma bu itkilər bəzi şəxslərin səsləndirdiyi qədər deyil. Həmin rəqəmlər şişirdilib. Azərbaycan ordusu o qədər itki verməyib. Öz əcəli ilə öləni, avtomobil qəzasına düşəni və digərlərini də sayaraq həmin rəqəmləri ictmiayyətə ötürürlər”.
Nazirlik rəsmisi vurğulayır ki, ordu canlı orqanizmdir və cəmiyyətin bir hissəsidir: “Cəmiyyət varsa, itki də var. Bunun qarşısının alınması üçün tədbirlərin görülməməsi haqda deyilənlər tamamilə qərəzli yanaşmadır. Biz hər bir əsgərin itkisinə pis oluruq. Təəssüflər olsun ki, bəzən belə hallar baş verir, qəzalardan, düşmən gülləsindən itkilərimiz olur. Azərbaycan müharibə şəraitində olan ölkədir. Hər bir hadisə ilə bağlı araşdırma aparılır, günahkarlar cəzalandırılır və bir daha baş verməməsi üçün daim işlər görülür”.
Deputat: “Ordudakı məsələləri mətbuatda müzakirə etmək Azərbaycana heç nə vermir”
Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü, rəsmi dövlət qəzeti “Azərbaycan”ın baş redaktoru Bəxtiyar Sadıqov bildirir ki, əslində orduda müəyyən itkilərin olması təbii sayılır: “Orduda müxtəlif təlimlər keçirilir, dünənə qədər öz evində, mülki həyatda yaşamış gənclər orduya gedib, əlinə həqiqi silah götürüb bu təlimlərdə iştirak edirlər. Belə gənclər silahla ehtiyatsız davrananda hansısa bədbəxt hadisə, faciə baş verir. Yəni bütün bunlar ordu həyatı üçün, hərbi sahənin nizamnaməsinə, qəbul olunan normalarına görə təbii sayılır. Biz isə cəbhə bölgəsində düşmənlə üz-üzə dayanmışıq. Belə bir məqamda orduda itkilərin sayının çox olması da müəyyən mənada başadüşüləndir. Biz nə qədər istəməsək də, arzulamasaq da, ürəyimiz nə qədər ağrısa da, bu itkilər olur. Cəbhə bölgəsində erməni snayperləri gecə-gündüz gözləyirlər. Ordumuzda nə qədər nizam-intizam olsa da, bəzən arxayınlaşma halları da olur, düşmənin bizim əsgərləri hədəfə alıb atəş açmaq üçün saatlarla gözlədiyini unudurlar”.
B.Sadıqov deyir ki, əsgərlərin sözünün çəp gəlməsi, mübahisə düşməsi, hansısa əsgərin silahla səhlənkar davranıb atəş açması, kiminsə özünə sui-qəsd etməsi halları da ola bilər, ancaq belə halları şişirtmək, sensasiya, orduda özbaşınalığın hökm sürməsi kimi təqdim etmək yolverilməzdir: “Bu, düşmən dəyirmanına su tökməkdir. Mən bunu bizim bugünkü vəziyyətimizə, ordumuza olan məhəbbət hissinin artırılması, gücləndirilməsi, xalqın güvəncinin yüksəldilməsi prinsiplərinə uyğun gəlməyən hal sayıram. Təbii ki, orduda bütün məsələlər qayda-qanun çərçivəsində olmalıdır, nizamnamə tələbləri yerinə yetirilməlidir. Ordudakı vəziyyət ölkə rəhbərliyinin daimi nəzarəti altındadır”.
Deputatın fikrincə, ordudakı itkilərlə bağlı informasiya yayan iki mənbə var. Birincisi, Müdafiə Nazirliyinin mətbuat xidmətidir ki, bu qurumun açıqladığı rəqəmlər daha yığcam olur. B.Sadıqov Müdafiə Nazirliyinin elan etdiyi rəqəmləri daha real sayır: “Ordudakı itkilərlə bağlı informasiya yayan ikinci mənbə bir sıra müstəqil və özünə tənqidçi adı qoymuş müxalifət qəzetləridir ki, onlar daha çox şişirdilmiş rəqəmlərdən istifadə edirlər, sensasiyalı informasiyaya meyl göstərirlər”.
B.Sadıqov ordudakı itkilərə biganə yanaşılmadığını, hər bir hadisə barədə cinayət işinə başlandığını, məsələnin sonuna qədər araşdırıldığını bildirir. O, misal kimi ordu zabitlərinin cəzalandırılmasını göstərib.
Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü KİV-in orduda baş verən hadisələrə ehtiyatsız münasibət bəsləməsindən danışanda televiziyaları adını xüsusi vurğulayır: “Televiziyaların şəhid olmuş əsgərin meyitini çəkib efir vasitəsilə zorla bizim evlərə gətirməsi, göstərməsi normal qəbul oluna bilməz”.
B.Sadıqov hamını orduya dəstək verməyə çağırır. Onun fikrincə, Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ münaqişəsinə görə hamı orduya qayğı ilə yanaşmalıdır: “Biz gözümüzü orduya dikmişik. Münaqişə sülh yolu ilə həll olunmasa, güvənc yerimiz ordu, əsgər balalarımızdır. Biz bilməliyik ki, bu gün bizim övladımız olan gənc sabah əsgərliyə gedəndə vətənin övladı olur. Qəzetdə yazı yazanda vətənin övladına öz övladımız kimi yanaşmalıyıq”.
B.Sadıqovun fikrincə, ordudakı məsələləri mətbuatda müzakirə etmək Azərbaycana heç nə vermir və kimdəsə müəyyən faktlar varsa, onu Müdafiə Nazirliyinə, Mili Məclisin təhlükəsizlik və müdafiə komitəsinə təqdim etməsi daha məqsədəuyğundur: “Deputatlar hərbi hissələrə də gedir. Ciddi, sübuta yetirilmiş faktları ordu rəhbərliyinə çatdırmağa çalışırıq. İstəyirik ki, faktın araşdırılmasına, nöqsanın aradan qaldırılmasına təhlükəsizlik və müdafiə komitəsi, deputat kimi yardımçı olaq. Dəfələrlə belə hallar olub. Bizim komitənin bütün iclaslarında yüksək rütbəli zabitlər iştirak edirlər. Elə faktlar var ki, onu yalnız biz bilmişik, mətbuat ondan xəbər tutmayıb. Həmin məsələni demişik və aradan qaldırılıb. Amma bunu qapalı edirik”.
İtkilərin azaldılması üçün orduda islahatlara ehtiyac olub-olmadığına gəlincə, B.Sadıqov deyir ki, orduda islahatlar gedir və gedəcək: “Hansısa neqativ hadisənin orduda islahat getmədiyinə, hərc-mərclik, nəzarətsizlik olduğuna görə baş verdiyinə inanmıram. Müstəqilik əldə edənədək azərbaycanlıları hara gəldi əsgərliyə göndərirdilər. Valideynlər əl-ayağa düşürdü, rüşvətlə, tanışlıqla övladını Azərbaycadakı hərbi hissələrdən birinə saldırmaq istəyirdi. Bu gün hərbi xidmətə gedənlər rüşvətsiz, tapşırıqsız Azərbaycanda xidmət edirlər. Dünənədək azərbaycanlının üzərində komandirlik edən rus, qeyri millətin nümayəndəsiydi, dilini də bilmirdik. Bu gün isə öz zabitimizdir, ana dilində danışır, özümüzünküdür. İndi orduda problem olanda bunun təqsirini kimdə görək? Zabit də öz millətimizdəndir, ana dilində danışır, övlad da özümüzünküdür, öz vətənimizdə xidmət edir, torpağımızı qoruyur. Biz bu problemləri niyə mücərrəd hala çevirməliyik və deməliyik ki, islahatla, ordu rəhbərliyi ilə bağlıdır? Özümüzdə də günah var, zabitimizdə də, əsgərimizdə də”.
Azad İsazadə: “Orduda itkiləri dayandırmaq üçün hər bir hərbi hissədə psixoloq olmalıdır”
Hərbi psixoloq Azad İsazadə hesab edir ki, orduda itkilərin artması ilk növbədə psixoloji durumla bağlıdır. O bildirir ki, orduda tankı idarə etmək üçün peşəkar tankçı, topu idarə etmək üçün peşəkar topçu tələb olunduğu kimi psixoloji durumu düzəltmək üçün də peşəkar psixoloqlar olmalıdır: “Təəssüflər olsun ki, hazırda Azərbaycan ordusunda hərbi psixoloq institutu sıfır səviyyəsindədir. Hərbi məktəblərdə psixologiya dərsləri keçirilir, ilkin biliklər verilir, amma bu, zabitlər üçün kifayət deyil. Orduda birbaşa şəxsi heyətlə işləyən psixoloqlar yoxdur”.
A.İsazadə orduda itkilərin ikinci səbəbi kimi hərbi hissələrdə zabitlərin, komandirlərin şəxsi heyətlə işləyərkən yol verdikləri nöqsanları göstərir: “Bəlkə də bu, itiklərin əsas səbəbidir. Orta zabit heyəti çox vaxt öz funksiyalarının bir hissəsini “qocaman əsgərlər”ə təhvil verirlər. Bəzi məsələləri həmin əsgərlər həll edir. Bu da orduda “dedovşina”ya səbəb olur. Hansı hərbi hissələrdə komandir öz funksional vəzifəsini vaxtında, ədalətli yerinə yetirirsə, orada “dedovşina” ya azdır, ya da yoxdur. Deməli, bunu etmək mümkündür. Sadəcə, zabitlər öz funksiyalarını yerinə yetirməlidir”.
Ekspert üçüncü amil kimi baş verən hadisələrə ədalətli yanaşmanın olmamasını göstərir. Onun sözlərinə görə, itkilərin əksəriyyətində motiv özünə qəsd, qətllərdir: “İstər-istəməz cinayət işləri açılır. Amma bu cinayət işlərini axıra çatdırmaq, əsl günahkarları aşkarlayıb cəzalandırmaq haqda məlumatlar azdır, cəmiyyətə məlumat verilmir. Ona görə də orduda itkiləri dayandırmaq üçün hər bir hərbi hissədə psixoloq olmalı, komandirlər vəzifələrini yerinə yetirməli, baş verən hadisələr obyektiv araşdırılıb əsl günahkarlar şəffaf formada cəzalandırılmalı və cəmiyyətə bu haqda məlumat verilməlidir”.
İmdad ƏLİZADƏ


