![]() |
ABŞ-ın Harvard Universitetinin məzunu olan Bəxtiyar Hacıyev 2011-ci ilin mayında 2 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinib. Bakıdakı 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır. | |
| Bəxtiyar HACIYEV |
Həbsdə olduğum müddətdə narkotik vasitələrdən istifadəyə görə həbs edilənlərin çoxluğuna görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) “el adəti” adlandırıldığını öyrəndim. Həm “el adəti” ilə həbs edilənlərlə, həm deputatlığa namizəd kimi 2010-cu ilin payızında Yasamal rayonunda bu ittihamla həbs edilənlərin ailə üzvləri ilə söhbətlərdən, həm də Portuqaliyanın narkotik vasitə istifadəçiləri ilə bağlı təcrübəsi haqqında oxuduqdan sonra belə bir sual yarandı: narkotik vasitələrdən istifadə edənlərin həbs edilməsi bu problemlə mübarizədə effektiv yoldurmu?
10 il əvvəl Portuqaliya öz qanunlarını dəyişərək heroin, kokain kimi narkotik vasitələrdən istifadə edənləri Cinayət Məcəlləsi ilə yox, Mülki Məcəllə ilə ittiham etməyə başladı. Narkomanlar həbslə yox, cərimə ilə cəzalandırılır, əksər hissəsi psixoloqlar, sosial işçilərlə söhbətdən sonra müalicəyə göndərilirlər. Bir çoxları qanundakı bu düzəlişdən sonra Portuqaliyada narkomanların sayının artacağını desə də, rəsmi hesabatlar bu faizin artmadığını göstərib. Artıq Narkotik Siyasəti üzrə Qlobal Kommissiya da digər dövlətlərə narkomanların polis tərəfindən həbs edilən cinayətkar kimi yox, həkim tərəfindən müalicə olunan xəstə kimi qəbul edilməsini tövsiyə edib.
Azərbaycanda narkotik problemi geniş yayılsa da, problemlə mübarizənin metodları barədə ciddi araşdırmalara rast gəlinmir və fərqli yanaşmalar diqqətdən kənarda qalıb. Həm məhkum kimi, həm də ictimai siyasət dərəcəsi məzunu kimi (public policy) həbsdə olduğum müddətdə bu mövzu ilə bağlı çoxlu söhbətlər, sorğu-sual, analiz etmişəm və bu məsələni qaldırmağın, cəmiyyətdə müzakirəsinin vacibliyini düşünürəm.
Çoxsaylı narkotik vasitə istifadəçiləri ilə söhbətlərdə iki məqamı müşahidə etmişəm. Əvvəla, heç kim öz istəyi ilə narkoman olmur. Adətən kimlərsə (bir çox hallarda bu vasitələrin külli miqdarda satışı ilə məşğul olanlar) müəyyən hədəflər seçir, onlara narkotika təklif edir, aludəçilik yaratdıqdan sonra bu vasitələri onlara satırlar. Bir çox narkomanlar maddi, mənəvi və psixoloji ziyanlardan xəbərdar olsalar da, artıq bədənlərindəki tələbata görə mülklərini satır, müflisləşirlər. İkincisi, müalicəsiz həbs narkomanı islah etmir. Bir çox narkoman həbsdən çıxdıqdan sonra narkotik vasitə tapmağa imkanı olsa, yenidən bu vasitədən istifadə edəcəyini istisna etmir.
Narkomanların həbsi narkomaniyanın yayılmasına səbəb ola bilərmi? Bu barədə statistik məlumat toplamaq lazımdır. Lakin müştəriləri həbs edilən narkotik satıcılarının yeni şəxsləri narkomaniyaya cəlb etmədikləri istisna deyil. Məsələn, beş müştərisi olan bir satıcının üç nəfər müştərisi həbs edildikdə satışla məşğul olan şəxsin daha üç nəfərin aludə olması üçün çalışacağı aydındır.
Narkomanların həbsi cəmiyyəti daha təhlükəsiz yer edirmi? Bir çox narkoman onlara qarşı cəmiyyətdəki münasibətdən narahat olduqlarını deyirlər. Cəmiyyətə onların aludə, xəstə kimi yox, cinayətkar kimi təqdim edilmələri, həbsi müddətində ailələrindən təcrid olunmaları, həbsin gətirdiyi stress və digər maddi problemlər onları həbsdən sonra daha təhlükəli cinayətlər törətməyə sövq edə bilər. Bununla bağlı da Azərbaycandakı məhkumların neçə faizinin ilk dəfə 234.1, sonralar isə daha ağır cinayətlərlə məhkum edildiklərini statistik analiz etmək lazımdır.
Həbs iqtisadi baxımdan ölkəyə nə verir? Narkotik vasitələrdən istifadəyə görə həbs edilənlərin bəziləri ailələrinin yeganə gəlir mənbəyi, bəziləri isə azadlıqda olduqları müddətdə başqalarını işlə təmin edən, əmək bazarında rolu olan şəxslər olublar. Bu şəxslərin bir neçə il müddətinə əmək bazarından çıxarılaraq cəzaçəkmə müəssisələrində dövlət hesabına saxlanması , domino oynayaraq “islah” edilməyə çalışılması, onların cərimə edilməklə ailələrinin yanında müalicə olunaraq əmək fəaliyyəti ilə məşğul ola biləcəkləri halda həbsdə saxlanmaları dövlətə iqtisadi baxımdan nə verir?
Suallar çoxdur. Resurslar düzgün istiqamətləndirilibmi? Narkotik vasitə istifadəçələrinin həbsi üçün sərf olunan resurslar bu maddələrin ölkəyə gətirilməsinin, satışının qarşısının alınması, aludəçilərin sayını qəsdən artıranlarla mübarizəyə sərf edilə bilərmi? Narkotik vasitə istifadəçilərindən toplanmış cərimələrlə daha yaxşı maarifləndirmə işləri aparıla bilərmi, sosial reklam çarxları hazırlana bilərmi?
Bəlkə də problemlə daha effektiv, daha köklü mübarizə üçün cəmiyyətdə yeni müzakirəyə, məsələlərə yeni baxışa ehtiyac var. Bəlkə də narkotik vasitə istifadəçilərinin müstəntiqlər tərəfindən dindirilərək həbsə göndərilən cinayətkar kimi yox, psixoloq, həkim və din xadimləri tərəfindən dindirilərək müalicəyə göndərilən şəxs kimi qəbul edilməsinin zamanıdır.
Narkotik vasitələrin cəmiyyətə vurduğu ziyanı inkar etməyərək, bu təhlükəni kiçiltmədən zərərin minimuma endirilməsi üçün yeni baxışa və müxtəlif yanaşmaları sınaqdan keçirmiş dövlətlərin təcrübəsinə istinad etmək lazımdır.



