
“Müttəhim vəkildən imtina etdi”. “Şahid müttəhimin üzünə durdu”. “Hakim müttəhimlərə hökm oxudu”... Tanış ifadələrdir, eləmi? Sən demə, bu tanış ifadələrdə çoxumuzun bimədiyi bir yanlış var.
“Media forum” saytına danışan vəkil Yalçın İmanov deyir ki, kütləvi informasiya vasitələrinin “müttəhim” ifadəsi işlətməsi yanlışdır: “Media qurumlarının məhkəmə salonlarından verdiyi xəbərlərdə “müttəhim” ifadəsindən gen-bol istifadə olunur. Düzdür, məhkəmə qarşısına çıxarılaraq mühakimə olunan şəxsi müttəhim adlandırmaq çoxdankı ənənədir. Ancaq indiki qanunvericilik baxımından medianın bu ifadəni işlətməsi düzgün deyil. Cinayət prosesində müttəhim deyilən prosessual fiqur yoxdur, təqsirləndirilən şəxs var”.
Yalçın İmanov bildirir ki, 2000-ci ildə qəbul edilmiş Cinayət-Prosessual Məcəlləsində cinayət məsuliyyətinə alınaraq məhkəmə qarşısına çıxarılmış şəxsin statusu təqsirləndirilən şəxs kimi verilir: “Diqqət yetirmisinizsə, məhkəmə proseslərinə sədrlik edən hakimlər, işə çıxan dövlət ittihamçıları ittiham olunan şəxsə “müttəhim” deyə yox, “təqsirləndirilən” deyə müraciət edirlər. Çünki qanunun tələbi belədir”.
Vəkil deyir ki, ərəb sözü olan müttəhimin qarşılığı Azərbaycan dilində yalnız ittiham olunan, məhkəmədə ittiham olunan adam kimi deyil, həm də müqəssir, günahkar kimi verilir: “Bu baxımdan da müttəhim ifadəsini işlətmək qüsurludur. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, kimisə müqəssir, günahkar adlandırmaq olmaz”.
Yalçın İmanov Azərbaycan mediasının hüquq mövzulu materiallarında başqa qüsurlar olduğunu da vurğulayır: “Məsələn, media quruluşlarının məhkəmə proseslərini işıqlandıran əməkdaşları bəzən mülki işlə cinayət işinə dair ifadələri qarışdırır. Cinayət işinin araşdırıldığı prosesdən yazırlar və qeyd edirlər ki, “hakim vəsatətin təmin olunmamasına dair qərardad çıxardı”. Halbuki cinayət işinin araşdırıldığı prosesdə hakimin bu halda çıxardığı sənədin adı qərardad yox, qərardır.
Yaxud ən çox rast gəlinən bir qüsura toxunaq: yazırlar ki, prokuror filankəsə iş istədi və ya cəza tələb etdi. Halbuki “prokuror məhkəmənin yekun qərarına dair öz təklifini verdi” yazılmalıdır. Hüquqi baxımdan düzgün ifadə budur. Reportyorlar, redaktorlar belə məsələlərdə diqqətli olmalıdırlar”.
“Müttəhim” ifadəsinin Azərbaycanın cinayət qanunvericiliyindən çıxarılması ilə bağlı məsələyə münasibətini “Media forum”a açıqlayan ərəbşünas alim Niyaz Yaqublu təəssüflə qeyd edib ki, bu ifadə yenə ərəb mənşəli sözlə əvəz olunub: “Təqsir” də ərəb sözüdür. Halbuki biz hüquqi terminlər kimi “suç”, “şuçlandırılan”, “şuçlu” kimi türk ifadələrindən yararlana bilərik. Düzdür, bütün dünyada cinayət qanunvericiliyinin dilinə, terminologiyaya konservativ yanaşma var, fərqli interpretasiya təhlükəsindən qaçmaq üçün islahatlara ehtiyatla yanaşırlar. Azərbaycanda da bu konservatizm var. Amma “təqsirləndirilən” əvəzinə “suçlandırılan” demək, məncə, heç bir çətinlik törətməz”.


