İslamçıların sentyabrın 2-də keçirilən məhkəmə prosesində hakim Eldar İsmayılov indiyə qədər təqsirləndirilən şəxsləri müdafiə edən və avqustun 26-da imtina olunan vəkillərin bundan sonra prosesə qatıla bilməyəcəyini elan etdi. Onun sözlərinə görə, hətta həmin vəkillər təqsirləndirilən şəxslərdən digərləri ilə də müqavilə bağlaya bilməzlər. Misal üçün, Mövsüm Səmədovun vəkili Rufulla Axundzadə ilə müqavilə bağlayıb onu müdafiə edə bilməz. Hakimin bu mövqeyi nə dərəcədə düzgündür?
Hakim Eldar İsmayılovun istinad etdiyi Cinayət Prosessual Məcəlləsinin 92.13-cü maddəsində deyilir: “Şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçidən imtina etdiyi andan özünü müstəqil müdafiə edən hesab olunur. Müdafiəçidən imtina etmiş şəxs bu imtina qəbul edildikdən sonra məhkəmə istintaqı başlananadək cinayət prosesinin hər hansı anında bununla əlaqədar öz mövqeyini dəyişməyə haqlıdır”.
Hazırkı vəziyyətdə islamçılar - Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Masallı ruhanisi Fəramiz Abbasov, Mövsüm Səmədovun yaxın qohumları Firdovsi Məmmədrzayev və Dəyanət Səmədov necə hərəkət etməlidirlər?
Avqustun 26-dək Mövsüm Səmədovun hüquqlarını müdafiə etmiş vəkil Anar Qasımov “Media forum” saytına açıqlamasında deyib ki, avqustun 26-da məhkəmənin təqsirləndirilən şəxslərdən vəkillərdən imtina ərizəsini qəbul eləməsi qanunsuz və əsassızdır: “Çünki vəkildən imtina üçün əsas olmalıdır. Yəni vəkil öz işinin öhdəsindən gəlmir, yaxşı müdafiə qura bilmir, yaxud vəkilə xidmət haqqı olaraq pulun ödənilməsi mümkün deyil və sairə. Hüquqlarını müdafiə elədiyimiz şəxslərin ərizələrinin heç birində belə əsas yoxdur. Əksinə, həmin ərizələrdə bildirilib ki, vəkillərdən imtina onların öz işinin öhdəsindən gəlməməsi ilə bağlı deyil, bu imtinanın əsası məhkəmənin müstəqil, ədalətli və qərəzsiz olmaması ilə əlaqədardır. Təqsirləndirilən şəxslər hesab edirlər ki, məhkəmə siyasi sifariş əsasında şou keçirir. Ərizələrdə qeyd olunur ki, təqsirləndirilən şəxs olaraq özümüzün və vəkillərimizin bu şounun aktyorlarına çevrilməsini istəmirik. Məhkəməyə etiraz əlaməti olan bu imtinaları qəbul eləməklə hakim faktiki, dolayısı ilə həmin əsasları qəbul etmiş oldu”.
Sentyabrın 2-də keçirilən məhkəmə prosesində baş verənlərlə bağlı müəyyən məlumatların olduğunu deyən Anar Qasımov hakim Eldar İsmayılovun qeyri-səmimilik nümayiş etdirdiyini bildirib: “Hakim bugünkü prosesdə deyib ki, Cinayət Prosessual Məcəlləsinin 92.13-cü maddəsi barədə təqsirləndirilən şəxslərə məlumat verib. Belə bir hadisə baş verməyib, hakim təqsirləndirilən şəxslərə heç bir izahat verməmişdi. Çünki hüquqlarını müdafiə etdiyimiz şəxslərin hər biri öz ərizələrində yazmışdı ki, bizə dövlət tərəfindən təyin edilmiş vəkil lazım deyil, əgər vəkil lazım olacaqsa, biz yenə də əvvəlki vəkillərə müraciət edəcəyik”.
Anar Qasımov onu da vurğulayıb ki, Cinayət Prosessual Məcəlləsində vəkilin cinayət işi üzrə keçirilən məhkəməyə bir daha dönməməsi barədə maddə yoxdur: “Yəni şəxs müdafiəçidən imtina edə bilər və yenidən həmin vəkillə müqavilə bağlaya bilər. Cinayət Prosessual Məcəlləsinin yalnız bir müddəasını rəhbər tutub digərlərini unutmaq olmaz. Hakimin istinad etdiyi maddədə göstərilir ki, “məhkəmə istintaqı başlayanadək”. İndiki vəziyyətdə isə şəxslər məhkəmə istintaqının gedişatında müdafiəçilərdən imtina ediblər. Onda sual olunur ki, bu halda necə hərəkət edilməlidir? Yəni şəxs müdafiəçidən imtina edə bilməz? Yaxud yeni vəkillə müqavilə imzalaya bilməz? Bu, tamamilə absurddur. Hesab edirəm ki, burada məhkəmənin qərəzli və müstəqil olmamasından irəli gələn konkret siyasi məqsədlər var”.
Məhkəmə proseslərinin həftədə üç dəfə keçirilməsinin də arxasında siyasi məqsədlərin dayandığını deyən müdafiəçi bu hala dəfələrlə etiraz etdiklərini, lakin hakim Eldar İsmayılovun buna məhəl qoymadığını vurğulayıb: “Vəkillərin digər prosesləri də olur. Mümkün deyil ki, vəkil bütün proseslərdə eyni anda iştirak eləsin. Belə qrafik müdafiə tərəfinin keyfiyyətini aşağı salmağa hesablanıb. Hesab edirik ki, məhkəmənin qrafiki sıxlaşdırması onun qərəzliliyinə sübutdur, təqsirləndirilən şəxslərin, eləcə də vəkillərin hüquqlarının pozulması deməkdir”.
Anar Qasımov indiyə qədər işə qoşulan bütün vəkillərin hələ ibtidai istintaq dövründən şəxsləri müdafiə etdiyini deyib: “Biz hələ işin içində ola-ola iş materialları ilə tanışlığa bir ay vaxt sərf etmişdik. Bu gün keçirilən prosesdə hakim deyib ki, yeni vəkillərə işlə tanış olmaq üçün on günədək vaxt verə bilər. Tam məsuliyyətimlə deyirəm ki, heç bir vəkil bu müddətdə işlə tam tanış ola bilməz və səmərəli müdafiə qura bilməz”.
Vəkilin sözlərinə görə, yalnız təqsirləndirilən şəxslərin mənafeləri arasında ziddiyyət olanda bir vəkil təkcə bir şəxsi müdafiə edə bilər: “İndiki halda mən həmin altı şəxsin altısının da müdafiəsinə qoşula bilərəm və Azərbaycan qanunvericiliyi buna imkan verir. Hakimin biz vəkillərin bundan sonra bu işə çıxa bilməyəcəyimiz barədə dediyi isə sırf siyasi və qərəzli məqsəd daşıyır. Azərbaycan qanunvericiliyində bunu sübut edə biləcək hər hansı müddəa yoxdur”.
Anar Qasımov təqsirləndirilən şəxslərin qohumlarının artıq ona və digər vəkillərə müraciət etdiklərini deyib: “Onlar bizimlə müqavilə bağlamaq istədiklərini dedilər. Biz sentyabrın 12-də öz orderlərimizi hakimə təqdim edəcəyik. Bu zaman artıq söz məhkəmənindir. Əgər hakim bizim orderləri qəbul etməsə, bu, artıq şəxsin müdafiə hüquqlarının pozulması deməkdir. Bu məsələ ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət oluna bilər və Avropa Konvensiyasının 6-cı maddəsinin - ədalətli məhkəmə araşdırması hüququnun tələblərinin kobud surətdə pozulması deməkdir”.
Vəkil həmçinin islamçıların işi üzrə məhkəmə prosesinə hakimlik edən sədarətin fəaliyyəti ilə bağlı Məhkəmə-Hüquq Şurasına müraciət etmək üçün kifayət qədər əsasın olduğunu əlavə edib.
Cinayət Prosessual Məcəlləsinin nəzəriyyəsi üzrə ekspert adının çəkilməməsi şərti ilə “Media forum” saytına bildirib ki, bu məcəllədə müdafiəçinin iştirakı ilə bağlı bir sıra ziddiyyətli maddələr var: “Həm məntiqə ziddir, həm də reallığa. Düzdür, bəzilərinə düzəlişlər verilib, amma bəziləri hələ də qalmaqdadır. Qanunda birmənalı şəkildə yazılmayıb ki, şəxs müdafiəçidən imtina etsin və sonra fikrini dəyişib onu yenidən vəkil olaraq tutmasın”.
Təqsirləndirilən şəxs öz müdafiəsi üçün müdafiəçi tələb edirsə, məhkəmə - yəni cinayət təqibini həyata keçirən şəxslər üçün buna əməl etmək məcburidir: “Yalnız bir haldan başqa. Əgər şəxsin müdafiəçisi var idisə, şəxs bundan imtinanı məhkəmə istintaqı başlamazdan əvvəl edibsə, onun yeni müdafiəçi ilə təmin olunması məcburidir. Əgər məhkəmə istintaqı başlayıbsa, artıq məcburi xarakter daşımır. Bir şəxsin keçmiş vəkilinin digər şəxsin yeni vəkili olması məsələsinə gəlincə, qanunda bununla bağlı birbaşa heç bir müddəa yoxdur. Yalnız Cinayət Prosessual Məcəlləsinin “Müdafiəçiyə və nümayəndəyə etiraz” adlı 114-cü maddəsində göstərilir ki, təqsirləndirilən şəxslərin maraqları arasında ziddiyyət varsa, bir vəkil yalnız bir şəxsin müdafiəçisi ola bilər. Əgər bu deyilən hallar yoxdursa, hakim eyni vəkilə işə çıxmağa icazə verməlidir. Ola bilər ki, məhkəmə Cinayət Prosessual Məcəlləsinin 92.13-cü maddəsinə istinad etsin. 92.3.1-ci maddədə isə deyilir ki, şəxs müdafiəçi tələb etdikdə məhkəmə onu təmin etməyə borcludur”.


