
Ölkənin dörd milli televiziyası - AzTV, İTV, ANS və “Lider” müxalifətin 2 aprel aksiyasından çəkdikləri görüntüləri istintaqa təqdim edib. Bu addımı peşə etikası prinsipləri baxımından necə qiymətləndirmək olar? “Media forum” ekspertlərə bu sualla üz tutub.
Media hüquqçusu Ələsgər Məmmədli qeyd edir ki, məsələnin məhz etik tərəfi daha önəmlidir: “Bu məsələnin hüquqi tərəfi ondan ibarətdir ki, əgər video çəkilişlər hüquq pozuntusu ilə bağlı yeganə dəlildirsə, onda kanal həmin görüntüləri hüquq mühafizə orqanlarına təqdim edə bilər. Eyni zamanda hətta o halda verməyə də bilər. Mənbə gizliliyi əslində elə budur. Jurnalist öz imkanları çərçivəsində müəyyən materiallar toplayır, qaynaqlara çatır, amma əldə etdiklərinin hamısını paylaşarsa, etibarını itirər”.
Ekspertin fikrincə, hüquq mühafizə orqanı rəhbərlərinin KİV-lərə, yaxud vətəndaşlara əllərindəki görüntülərin təqdim edilməsi ilə bağlı müraciəti təbiidir: “Söhbət yalnız efirdə nümayiş olunan materiallardan gedə bilər. Əgər efirdə gedən süjet istintaqa təqdim olunmasa, o zaman teleşirkətlər üçün hər hansı məsuliyyət yarana bilər. Amma “xammal”ın, redaktə olunmamış ilkin materialın istintaqa təqdim olunması… Bu artıq “işgüzarlıq”dır. Təəssüf ki, televiziyalar öz imiclərini düşünmürlər”.
Ə.Məmmədli xatırladır ki, AzTV-nin təcrübəsində hüquq mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatlarda iştirak da olub: “Bəzən AzTV televiziya kimi deyil, hüquq mühafizə orqanının kamerası rolunda iştirak edir. “Qara kəmər” əməliyyatını xatırlayın. Yaxud ANS 2003-cü ilin prezident seçkisi zamanı həbs olunanların sorğuya çəkilmə prosesində iştirak edib. Həbsdən çıxanlar danışırdılar ki, işgəncə bitəndən sonra televiziyanın operatorları kameranı qoşurdular və biz danışırdıq. Təəssüf ki, bizim televiziyalar zaman-zaman belə məsələlərdə alət olur. Professional media heç vaxt özünü istifadə etdirməməli, vasitəyə çevrilməməlidir. Əslində elə ona görə televiziyalarn reytinqi, jurnalistlərin populyarlığı yoxdur. Hadisə baş veribsə, televiziya ondan yalnız xəbər verməlidir. Xəbər isə balanslı olmalıdır”.
Hüquqşünas 2 aprel aksiyası zamanı vitrinlərin, şüşələrin qırılması ilə bağlı müxtəlif video görüntülərin yayımlandığını qeyd edir: “Amma məsələ tam araşdırılmadı. Əgər televiziyalarda həmin anları əks etdirən kadrlar varsa, bu məsələ də obyektiv araşdırılmalıdır. Yəni təxribat varsa, onu göstərmirsə, sadəcə nəticə nümayiş etdirilirsə, deməli, media, eləcə də televiziya öz funksiyasını yerinə yetirməyib.
Medianın ən önəmli funksiyalarından biri şübhə eləməkdir. Hətta istintaq bir məsələnin 100 faiz filan cür olduğunu deyirsə də, media buna şübhə ilə yanaşmalı, istintaqın dediklərinin elə olmaya biləcəyini də düşünməlidir. Media bəri başdan məhkum edir, təqsirsizlik prezumpsiyasını pozaraq istintaqın əlində alətə çevrilirsə, bununla ən əvvəl öz etibarlılığını, reytinqini itirir. Sözsüz ki, belə hərəkətlər teleşirkətlərə hər hansı hüquqi məsuliyyət yaratmır, amma mənəvi, etik baxımdan jurnalist çox şey itirir”.
Ə.Məmmədli Azərbaycan mediasında jurnalist etikası probleminin həddindən artıq böyük olduğunu vurğulayır: “2 aprel aksiyası da bunu göstərir. Televiziyaların heç birinin video görüntüləri istintaqa verməkdən imtina etməyib. Mən inanmıram ki, Azərbaycanda hansısa televiziya şirkəti bundan imtina etmək gücündə olsun. ATV, “Space”, “Xəzər” prokurorluğun müraciətinə mənfi cavab verə bilməzdi. Hesab edirəm ki, prokurorluq ona görə yalnız dörd teleşirkətə müraciət edib ki, bu, onun üçün yetərli olub. Azərbaycanda müstəqil, azad, tamamilə professional media, xüsusilə də elektron media yoxdur”.
Hüquqşünas xüsusi əhəmiyyət kəsb edən hallarda medianın hüquq mühafizə orqanları ilə əməkdaşlığını mümkün hesab edir: “Tutaq ki, teleşirkətə harasa bomba qoyulması, yaxud kiməsə qarşı sui-qəsd törədiləcəyi barədə məlumat daxil olur. Bu zaman media əvvəl xəbəri polisə, hüquq mühafizə orqanlarına verməlidir. Çünki burada kimlərinsə həyatından, taleyüklü məsələdən söhbət gedir”.
Televiziyaların hüquq mühafizə orqanları ilə “işbirliyi”məsələsinə toxunan Ə.Məmmədlinin sözlərinə görə, hadisələrə totalitar yanaşma nəyinsə əldə olunmasına imkan vermir: “Bu gün ətrafımızda baş verənlər, yaxud Şimali Afrikada baş verən hadisələr göstərir ki, 40-50 il yalnız bir şeyi doğru kimi qəbul etməyə əsaslanan yanaşma bir anın içində yox ola bilər. Ona görə media da, orada çalışan insanlar da birmənalı olaraq ağ və qara rəngləri seçməməlidirlər. Monitorinqlər aparılır və bəlli olur ki, televiziyada 99.9 faiz yalnız bir tərəfin mövqeyi işıqlandırılır. Belə olmaz. Əgər bu cəmiyyətdə həmin mediada çalışan şəxslərin də hüquqları pozula bilərsə, ölkədə korrupsiya varsa, yol xarabdırsa, onlar da bundan əziyyət çəkirsə, alternativ düşüncə tərzinin qorxulu olmadığını öyrənməli və öyrətməliyik. Köləlikdən çıxmaq lazımdır. Düzdür, televiziyalar müstəqil deyil, amma ən azından bir qədər peşəkar ola bilərlər. Peşəkar olsalar, indinin özündə də bir qədər manevr edə bilərlər”.
Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı fərqli düşünür. O hesab edir ki, əsas məsələ teleşirkətlərin video görüntüləri təqdim etməsi deyil, hüquq mühafizə orqanlarının onları necə incələməsi, araşdırmasıdır: “Əgər istintaqın istədiyi məlumatlar kimlərinsə ittifaqını pozmursa, vətəndaşlara zərər vurmursa, etik baxımdan hər hansı problem doğurmursa, o zaman teleşirkətlərin materialları başqasına verməsi heç bir pozuntu yaratmır. Qanunda olan məhdudiyyət budur: əgər jurnalistin informasiya qaynağının açılmasına səbəb ola biləcək hal varsa, jurnalistin, yaxud media qurumunun həmin faktları açmamaq, təqdim etməmək hüququ var”.
R.Hacılı bildirir ki, televiziyaların isitntaqa təqdim etdiyi materiallar aksiyaçıların xeyrinə də ola bilər: “Həmin materiallardan istifadə zamanı onların ittiham olunanların ya ziyanına, ya xeyrinə olub-olmamasını müəyyənləşdirmək televiziyalar üçün mümkün deyil. Televiziyaların həmin şəxslər qarşısında hər hansı öhdəliyi olmadığına görə o görüntüləri hüquq mühafizə orqanlarına verə bilərlər. Televiziya olan hadisələri lentə alıb. Əgər kimsə onu başqa cür yozursa, atrıq yozan məsuliyyət daşıyır”.
Ekspert qeyd edir ki, 2 aprel aksiyasını lentə alan televiziyaların video görüntülərinin isitntaqda olması yaxşı haldır: “Onlara baxmaq da maraqlıdır. Yəni televiziyaların efirə verdiklərindən kənarda nələr var. O şeyi ki, ANS çəkib, amma göstərməyib, onu görmək maraqlıdır. Onlara qiymət vermək olar. Ancaq onu da yaddan çıxarmayaq ki, istənilən 2 dəqiqəlik sujetlə hər hansı tədbirdə, etiraz aksiyasında nə baş verdiyini çatdırmaq mümkündür. Əgər televiziyalar bunu etməyibsə, tamaşaçını aldadıbsa, deməli, etik qaydanı pozub”.
R.Hacılı onu da əlavə edir ki, jurnalist bütün hallarda peşəsinə və xidmət etdiyi şəxslərə zərər dəyməməsinə çalışır: “Əgər jurnalist kiminsə etimad və etibarından istifadə edərək nələrisə çəkirsə, yaxud səsini yazırsa, sonra həmin faktları hüquq mühafizə orqanları əməkdaşına təqdim edib etibar və etimad göstərdiyi şəxslərə qarşı istifadə edirsə, sözsüz ki, bu, etik qaydaları pozmaq deməkdir. Çünki bu halda jurnalist etibarını itirir, hətta peşə yoldaşlarının da informasiya əldə etməsini əngəlləyir. Əgər hər hansı informasiya əldə etmə məhdudlaşdırılırsa, son nəticədə oxucuya, dinləyici və tamaşaçıya ziyan dəymiş olur. Amma açıq havada keçirilən və jurnalistin heç kim qarşısında öhdəlik götürmədiyi çəkilişin hüquq mühafizə orqanlarına verilməsində hər hansı qanun, yaxud etik qayda-qanun pozuntusu yoxdur”.
R.Hacılı vurğulayır ki, video görüntülərin hüquq mühafizə orqanlarına təqdim olunması fonunda nə tamaşaçıların, nə hazırda ittiham olunan şəxslərin televiziyalara qarşı etimadı azala bilər: “Amma həmin materialların qeyri-obyektiv verilişlərdə göstərilməsi etimadın yox olmasına gətirib çıxarır”.
"Media forum"
Mövzu ilə əlaqədar bax:
TELEVİZİYALAR 2 APREL İSTİNTAQINDA
2 APREL ÇƏKİLİŞLƏRİ: İSTİNTAQA VERİLƏN BƏLLİ, BƏS EFİRƏ NƏ VERİLİB?


