![]() |
![]() |
||
| Hikmət Hacızadə | Fuad Məmmədov |
İyulun 22-si Norveçdə 70-dən çox insanın ölümü ilə nəticələnən terror aktları nəyin nəticəsidir? “Media forum” saytına açıqlamalarında İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin (FAR-Centre) vitse-prezidenti, politoloq Hikmət Hacızadə və “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, kulturoloq Fuad Məmmədov bunu Avropada mədəniyyətlərin toqquşmasının göstəricisi kimi dəyərləndiriblər. Hər iki şəxs hadisəni törədən Anders Berinq Breyvikin psixi durumunun yerində olmadığını düşünsə də, Avropada yeni millətçi dalğanın güclənməsini də qeyd ediblər.
Avropa tolerantlıqdan imtina edir?
Onlarla adamın qətli ilə nəticələnən 22 iyul terror aktlarına görə tutulan Anders Breyvikin islam əleyhinə, mühacirlər əleyhinə sərt mövqedə dayanan xristian fundamentalisti olduğu üzə çıxıb. O, terror aktlarından əvvəl sosial şəbəkələrdə yerləşdirdiyi manifestdə yeni xaç yürüşünə çağırışlar edib.
Dünyanın ən firavan və sakit ölkələrindən birində yaşanmış bu dəhşətə Avropada milli köklərə qayıtmaq çağırışlarının artması fonunda baxaq. Bu ilin aprelində dünyanın başqa bir firavan və sakit ölkəsi Finlandiyada millətçi Əsl Finlər Partiyası parlament seçkisində 39 mandat aldı. Ötən parlamentdə cəmi 6 mandatı olan Əsl Finlər Partiyası Finlandiyaya mühacirəti məhdudlaşdırmağa, Avropa Birliyi qaydalarından məsafə saxlamağa, qədim fin dəyərlərinə qayıtmağa çağırır.
Hollandiyada ifrat sağ Azadlıq Partiyasının lideri Gert Vildersin islam əleyhinə çıxışlarını da misal gətirmək olar. O, “Quran”ı Adolf Hitlerin “Mənim mübarizəm” kitabı ilə müqayisə etməsi, islamı qətl, terror və zorakılığın ilham mənbəyi kimi təqdim edən “Fitnə” filmi ilə məşhurdur.
Avropanın başqa ölkələrində də qapıları yabançıların, özəlliklə müsəlmanların üzünə bağlamaq şüarları özünə tərəfdar toplamaqdadır. Bu fonda Fransada, Belçikada niqaba qadağa qoyulmasını da yada salmaq mümkündür.
Nə baş verir? Avropa tolerantlıqdan imtina edirmi? “Köhnə qitə”də islamofobiyanın yaranmasının, yeni millətçilik dalğasınının meydana gəlməsinin səbəbləri nədir? Proses nələrə gətirib çıxara bilər?
“Pakistanlı Kabildə necə ağ şalvarda gəzirdisə, Avropada da elə gəzmək istəyir”
Hikmət Hacızadə hesab edir ki, Norveçdə baş verən fövqəladə hadisəni törədən şəxsin psixi çatışmazlığı var: “Belə hadisələr Amerikada da, Azərbaycanda da baş verib. Ən azı ildə bir dəfə belə faciə ilə rastlaşırıq. Bu faciələrin demokratiyaya, yaxud qeyri-demokratiyaya dəxli yoxdur”.
Bununla belə, Hikmət Hacızadə baş verən hadisənin islamafobiyaya dəxli olduğunu düşünür: “Bu şəxs islamafob olub. Öz yazılarında müsəlmanlara qarşı kəskin çıxışlar edib, tələblər qoyub. Prinsipcə, bu hərəkətlər də onun dəliliyindən irəli gəlir. O, islama qarşı deyil, misal üçün, yəhudilərə qarşı da kəskin fikirlər deyə bilərdi, yaxud törətdiyi qırğını yəhudilərə görə etdiyini iddia edə bilərdi”.
Avropada yeni millətçilik dalğasının baş qaldırdığı fikri ilə razılaşan Hikmət Hacızadənin sözlərinə görə, Anders Breyvik islamafob olsa da, onun törətdiyi hadisənin bu dalğaya aidiyyəti yoxdur: “Amma bu hadisənin başqa fəsadları olacaq və yaxın müddətdə biz bunu hiss edəcəyik. Mühacirləri öz ölkələrindən çıxarmağı tələb edəcəklər, müsəlmanlara və digər milli, dini azlıqlara qarşı dözümsüz olacaqlar”.
Yeni millətçilik dalğasının təxminən 10 il əvvəl yaranmağa başladığını xatırladan Hikmət Hacızadə bunun Avropada müsəlman və qaradərili mühacirlərin çoxalması ilə bağlı olduğunu vurğulayıb: “Müsəlman və qaradərili mühacirlər Avropa cəmiyyətinə inteqrasiya olunmaq istəmirlər. Yenə də ənənəvi həyat tərzində yaşamaq istəyirlər. Misal üçün, pakistanlı Kabildə necə ağ şalvarda gəzirdisə, Avropada da elə gəzmək istəyir, ictimai həyata qovuşmur, savadlanmaq istəmir. Millətçilər bu kimi fenomenlərə qarşıdırlar. Avropada artıq 15 milyon mühacir var və onların əksəriyyəti müsəlman ölkələrindən gedib. Bu adamların inteqrasiya olunmaq istəməməsi, savadlanmağa can atmaması Avropada gərginliyə səbəb olur. Avropalıların onlara qarşı aqressivləşməsinin çox səbəbi var. Onlar işləməyə-işləməyə sosial müavinət alırlar”.
Politoloq qeyd edir ki, bir müddət əvvəl əksər Avropa ölkəsi bu səbəbdən mühacir siyasətini sərtləşdirməli olub: “Bu problemin tək bir yolu var ki, Avropaya mühacirət edən müsəlmanlar dəyişməli, inteqrasiya olunmalı, ictimai həyata qoşulmalıdırlar. Avropa onlar üçün hər şey edib, onlar üçün məktəblər, kurslar açıb, müavinət verib və sairə”.
Daha çox tolerant olmaq şüarı ilə çıxış edən Avropanın özünün dözümsüzlük nümayiş etdirməsinə gəlincə, Hikmət Hacızadə bunun da müəyyən həddi olduğunu bildirib: “Avropada elə mühacirlər var ki, 20-30 ildir sosial müavinət alır, amma heç bir inkişaf yolu keçməyib”.
ABŞ-da baş verən terror hadisəsi dünyanın düzənini dəyişdi. Bəs Avropada yaranan yeni millətçilik dalğasının güclənməsi dünyada yeni situasiya yarada bilərmi? Suala cavab olaraq Hikmət Hacızadə qeyd edib ki, yeni situasiya dözümlülüyün bitməsi və mühacirlərə qarşı yeni siyasətlə nəticələnəcək: “Mühacirlərə iki yol təklif olunacaq – ya inteqrasiya olunmaq, ya da ölkəni tərk etmək. Artıq buna açıq çağırışlar var”.
“Müsəlmanlar intellektual mədəniyyətlərini daha da inkişaf etdirməlidirlər”
Professor Fuad Məmmədov “Media forum”a açıqlamasında vurğulayıb ki, Norveç hadisəsinin səbəblərinin araşdırılması vacibdir: “İndi bu səbəblər haqqında danışmaq tezdir. Bunu söyləmək üçün uzun müddət tədqiqatlar aparılmalıdır. Amma mənim fikrim belədir ki, insanın mədəniyyəti hər zaman həlledicidir. Belə cinayətkarların nə milləti, nə də dini olur”.
Fuad Məmmədov hesab edir ki, beynəlxalq təşkilatlar “mədəni insan”ların formalaşmasına yönəlmiş layihələrə dəstək verməlidir: “Əgər bir adamın intellekti inkişaf etməyibsə, onun mənəviyyatı yoxdursa, o insan öz dövləti, milləti üçün, hətta öz ailəsi üçün də çox təhlükəli ola bilər. Norveçdə terror aksiyası törədən şəxs barəsində deyirlər ki, o, xeyli ağıllı adam olub. Bu adamın ya psixikası yerində deyil, ya da mənəviyyatı pozulub. O, bir çox şeyi düzgün dərk eləmir. Hesab edirəm ki, bu adamın dinlə bağlı hər hansı çatışmazlığı yoxdur, əsas problem mədəniyyətinin olmamasındadır. Dünyanı mədəniyyət xilas edər, əgər dünya mədəniyyəti qoruyarsa. Biz hamımız ağıllı insanlarıq. Amma ağıllı insanların mədəni insanlara keçidini təmin edən böyük layihələr işlənməlidir. Hər bir ölkədə müəyyən milli-mənəvi dəyərləri qoruyub saxlamaqla ümumbəşəri dəyərləri də inkişaf etdirmək lazımdır. Bu dəyərlər harmoniya təşkil etməlidir. Bunun sayəsində insanların bir-birinə məhəbbəti olacaq, tolerantlıq yaranacaq. Dostluq və əməkdaşlıq da davam edəcək. Mən xilası yalnız yüksək əqli və mənəvi mədəniyyətin birgə inkişafında görürəm.
İslam ölkələrinin mənəviyyatı yüksəkdir. İstər ailə, istər qadın, istər uşaq, istərsə də dostluq məsələlərinə müsəlmanların mənəvi baxışı çox yüksəkdir. Müsəlmanlar çox xeyirxah və ürəyiaçıq olurlar. Mən demirəm ki, avropalılar belə deyillər. Amma onlarda intellektual mədəniyyət yüksəkdir. Birində mənəvi mədəniyyət, o birində isə intellektual səviyyə. Bu iki zümrənin adamları bir-birini başa düşmürsə, biri onu, o biri bunu deyirsə, onda harmoniya çox müşkül olur. Problem ondadır ki, müsəlmanlar öz milli-mənəvi dəyərlərini qoruyub saxlamaqla intellektual mədəniyyətlərini daha da inkişaf etdirməlidirlər. Onda onlara daha çox hörmət olacaq. Ələlxüsus Avropada”.
Kulturoloqun fikrincə, Avropada yaşayan mühacirlərin, eləcə də digər müsəlmanların əsas problemi bu anlaşmanın olmamasıdır: “Qarşılıqlı mədəniyyətlər olmayanda psixoloji gərginlik və qarşıdurma əmələ gəlir. O səbəbdən də belə faciələr baş verir. İnsanın kapitalı təkcə maddi güclə bağlı deyil ki... Kapital həm də mənəviyyatla, intellektual səviyyə ilə bağlıdır”.
Fuad Məmmədov qeyd edib ki, bu gün Almaniya, Fransa, İngiltərə kimi ölkələrin intellektual səviyyəsi çox yüksəkdir: “Yada salaq ki, tarix boyu bu ölkələr və millətlər arasında çox böyük, qanlı müharibələr baş verib. Ola bilsin, elə adamlar var ki, nəsil faciələrini unuda bilmir. Amma bunların intellektual səviyyələri və demokratik, etik, hüquqi mədəniyyətləri bərabər səviyyədədir ki, bir masa arxasında oturub nəyisə müzakirə edir, bir-biri ilə əlaqə saxlayırlar. Onlar çalışırlar ki, öz aralarında olan problemləri sakitcə həll etsinlər, başqalarının bundan xəbəri olmasın. Bu, onların birgə yaşamına maneə yaratmır”.
Fuad Məmmədov bildirib ki, mühacirlərin, yaxud müsəlman əhalinin intellektual səviyyəsinin yüksəlməsi üçün Avropa ölkələrinin onlara yönəlik siyasəti olmalıdır: “Bunun üçün dünya svilizasiyasının, mədəniyyətinin tarixini dərindən öyrənmək lazımdır ki, oradan külü deyil, alovu götürə bilsinlər. Elə amilləri seçmək lazımdır ki, insan onlardan yararlanmaqla hər bir ölkədə yaşaya bilsin. Misal üçün, yəhudilər. Dünyanın elə bir ölkəsi yoxdur ki, orada yəhudi olmasın. Lakin 18-ci əsrin sonlarında, 19-cu əsrin əvvəllərində onlara qarşı mənfi münasibət vardı, indi isə vəziyyət tam başqadır. Çünki yəhudilər intellektual səviyyəyə yüksək dəyər verirlər və yaşadıqları ölkənin mədəniyyətinə uyğunlaşaraq ahəng yaradırlar. Mədəni insanın inkişafı – insanın biliyi, bacarığı, mütəşəkkilliyi və yaradıcı fəaliyyəti deməkdir. Sıralamaya fikir verin. Birinci mən bilikdən başladım. Bilməmək cəhalət, şər və kasıblıq deməkdir. Mədəniyyət isə bilikdən başlayır. Bilik və mədəniyyət inkişaf və rifahdır. Zorla kiməsə demək olmaz ki, məni sev və qəbul elə”.




