
Media Hüququ İnstitutu iyulun 22-də “Azərbaycanda ifadə azadlığı” hesabatının təqdimatını keçirib. 2011-ci ilin 6 ayında baş verən olayların ifadə olunduğu hesabat 7 bölümdən ibarətdir.
“Önəmli olaylardan seçmələr” bölümündə qeyd olunur ki, Azərbaycan həbsxanalarında jurnalist qalmayıb. May ayında həbsxanada olan son jurnalist, “Gündəlik Azərbaycan” və “Realnı Azerbaydjan” qəzetlərinin qurucusu Eynulla Fətullayev azadlığa çıxıb. Hesabatda eyni zamanda vurğulanır ki, cəsur jurnalistin qondarma ittihamlarla 4 il 1 aydan artıq həbsdə qalması Azərbaycanda ifadə azadlığına, azad mətbuatın mövcudluğuna çox ciddi ziyanlar vurmuş oldu.
Sənədə görə, “Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun qətlinin araşdırılması ilə bağlı heç bir irəliləyiş nəzərə çarpmayıb. Yarım ildə ən nəzərəçarpan tendensiya fəal gənclərə yönəlik basqıların xeyli artması olub. Sosial şəbəkələrdə fəallığı ilə seçilən Bəxtiyar Hacıyev, Cabbar Savalanlı məhkum ediliblər. İlin ilk yarısı milli azadlıq hərəkatının fəallarından Nemət Pənahlı üçün də çox ağır olub. Onu xuliqanlıqda ittiham edərək 6 il müddətinə azadlıqdan məhrum ediblər.
Hesabatın “Məhkəmə işləri” bölümünə görə, 2011-ci ilin birinci yarısında ifadə azadlığı ilə əlaqəli 27 məhkəmə davası davam edib, həmin məhkəmə işlərinin 11-i son yarım ildə açılıb. İddia və şikayətlərin əksəriyyətini “ictimai fiqur” statuslu şəxslər qaldırıblar. Məhkəmələr iddia və şikayətlər üzrə jurnalistlərin üzərinə 25 min manatdan çox təzminat yükü qoyublar.
“Fiziki, psixoloji basqılar, hədələmə halları” bölümündə qeyd olunur ki, 2011-ci ilin ilk yarısında media və jurnalistlər 50 dəfədən artıq basqıya məruz qalıblar. Əsasən tənqidi yazıları, mövqeyi ilə seçilən media quruluşlarında - “Azadlıq” radiosu, “Turan” İnformasiya Agentliyi, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, “Bizim yol” qəzeti, “Azadlıq” qəzetində çalışan jurnalistlər, eləcə də Naxçıvan Muxtar Respublikasında çalışanlar basqıların əsas hədəfi olublar.
Hesabatın “Bilgi azadlığı” bölümündə “İnformasiya əldə etmək haqqında” qanunun necə işlədiyi araşdırılıb. Hesabat müəllifləri 2011-ci ilin birinci yarısında qanunla bilgi sahibi sayılan 51 quruma göndərilmiş 147 bilgi sorğusunu monitorinq ediblər. Sorğuları bilgi sahiblərinə jurnalistlər və vətəndaş cəmiyyəti qurumları və fəalları göndəriblər. Bilgi sahibləri 147 sorğunun ümumilikdə 56-na cavab veriblər. 31-i natamam olan həmin cavabların 7-si məhkəməyə şikayət etdikdən sonra verilib. Cavabların heç biri “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 7 iş günü ərzində verilməyib. 56 bilgi sorğusu cavablandırılmadığından məhkəməyə müraciət olunub. Məhkəmə həmin iddialara baxarkən cəmi 7 halda cavabdehlərin üzərinə istənilən bilgini vermək vəzifəsi qoyub.
Sənədin “İnternet və ifadə azadlığı” bölümünə görə, Azərbaycan əhalisinin 45%-i internet istifadəçisidir. Azərbaycanda internetdən istifadəni məhdudlaşdıran xüsusi hüquqi mexanizmlər, qanunlar mövcud deyil. “YouTube”, “Facebook” və s. kimi populyar resurslara giriş azaddır, bu resurslar girişə blok tətbiq edilmir. Azərbaycanda internet provayderlərinə lisenziya tələbi də qoyulmur. Bölgələrdə internetin sürəti və servis səviyyəsi çox aşağıdır. Hətta Bakının mərkəzindən kənarlarda da internetin sürəti ilə bağlı ciddi problemlər var.
“Kütləvi informasiya vasitələri haqqında” qanun interneti kütləvi informasiya vasitəsi kimi müəyyən edib. Həmin qanuna görə, internet mətbu nəşrlərlə eyni statusda olan kütləvi informasiya vasitəsi hesab edilir. Mətbu nəşrlər üçün keçərli olan hüquq və azadlıqlar, məhdudiyyətlər internetə də eyni qaydada tətbiq edilir. İlin ilk yarısında internetdə yayılan düşüncələrinə görə, jurnalist Elnur Məcidlinin cinayət təqibinə məruz qaldığı, siyasi və ictimai prosesləri satirik üslubda ifadə edən “Eqreb.com saytının, Azadlıq radiosunun, “Azadlıq” qəzetinin saytlarının dəfələrlə texniki vasitələrlə əngəlləndiyi də əksini tapıb.
“Teleradio düzənlənməsi” bölümündə ölkə əhalisinin önəmli bilgilərə əsas çatım vasitəsinin televiziya və radiolar olduğu, amma milli teleradioların bu tələbatı ödəmək gücündə olmadığı vurğulanır. Teleradio mediası hökumətin təsiri altındadır, media azadlığı, plüralizm təmin olunmur.


