Təhsil Nazirliyi mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə “Media forum” saytına açıqlamasında bildirib ki, orta məktəblərdə xarici dilin tədrisi şagirdlərin seçimindən və həmin məktəbdəki kadrlardan asılıdır: “Məsələn, məktəbdə həm ingilis, həm də rus dili müəllimi varsa, seçimi şagird etməlidir. Metodologiya belədir ki, sinifdə hansı dilə daha çox üstünlük verilərsə, həmin xarici dil tədris olunacaq. Amma ölkənin elə ucqar bölgələri var ki, həmin məktəblərdə xarici dil şagirdlərin seçimi ilə yox, müəllimə əsasən götürülür. Yəni ucqar ərazidə yerləşən məktəbdə ingilis dili müəllimi yox, ərəb dili müəllimi varsa, xarici dil kimi ərəb dili tədris olunur.
Bu gün Azərbaycanda şagirdlər və valideynlər xarici dil kimi əsas üstünlüyü ingilis dilinə verirlər. Bir çox şəhərin orta məktəblərində xarici dil kimi həm rus, həm də ingilis dili paralel tədris olunur. İngilis dili tədris olunmayan məktəblərdə isə alman, fransız dillərinə üstünlük verilir.
1999-cu ilədək rus dilini ikinci ana dili kimi öyrədirdilər. Həmin il təhsilin dövlət standartları qəbul olunduqdan sonra rus dili xarici dil statusu aldı. Əvvəlki illərdə xarici dil dərsliklərinin hazırlanmasında bir az çətinliklər var idi. İndi ümumiyyətlə heç bir dərslikdə problemimiz yoxdur”.
Təhsil məsələləri üzrə ekspert Etibar Əliyev hesab edir ki, Azərbaycanda orta təhsil məktəblərdə ən ciddi problemlərdən biri xarici dilin tədrisidir: “Hazırda Təhsil Nazirliyi bəyan edir ki, təhsil sistemimizi Avropa sistemlərinə uyğun qurmaq istəyirik. Avropa ölkələrində ibtidai siniflərdə xarici dil tədris olunmur. İbtidai siniflərə dərslik yazan müəlliflərin və bu sahədə tanınmış insanların gəldiyi qənaət belədir ki, ibtidai siniflərdə xarici dilin öyrədilməsi uşaqların ana dilinə sevgisini azaldır. Hətta qonşu Türkiyə və Rusiyada da ibtidai siniflərdə xarici dillərin tədrisi ləğv olunub.
Yaxşı olar ki, Azərbacanın ibtidai siniflərində uşaqlara ana dili, riyaziyyat, musiqi öyrədilsin. Bu cür fənlərin öyrədilməsi həm də uşaqların pozitiv düşüncəsinə yaxşı təsir göstərər. Yuxarı sinif şagirdləri öyrənəcəkləri xarici dili öz istəkləri ilə seçməlidirlər. Təəssüf olsun ki, bəzi regionlarımızda hələ də bu imkan yoxdur. Burada həm müəllim çatışmazlığı, həm də problemə laqeyd yanaşma müəyyən rol oynayır.
Amma orta məktəblərdə şagirdlərin istifadə edə bilməsi üçün kifayət qədər xarici dil kitabları var. Aydın məsələdir ki, rus bölməsində təhsil alan şagirdlərin dərslik imkanları daha genişdir. Həm də diqqət yetirmək lazımdır ki, rus bölməsinin şagirdləri əlavə dilləri öyrənməyə, əlavə materiallardan istifadə etməyə daha çox meylli olurlar. Bu gün cəmiyyətimizdə ingilis dili daha aktualdır və şagirdlər bu dilə yiyələnməyə can atırlar”.
ELKİN


