Azərbaycanda məcburi köçkünlərin hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq təşkilatların və yerli hüquq müdafiə təşkilatlarının fəaliyyətinin monitorinqinə başlanıb. Monitorinqi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Demokratik İnkişaf Platforması” İctimai Birliyi aparır.
Monitorinq 6 ay ərzində həyata keçiriləcək. BMT, ATƏT və Avropa Şurası kimi beynəlxalq təşkilatların məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası istiqamətində fəaliyyətinin, beynəlxalq və yerli hüquq müdafiə təşkilatlarının ölkədə məcburi köçkünlərə aid hazırladıqları hesabatların və həyata keçirdikləri layihələrin monitorinqi aparılacaq.
Monitorinqin nəticələri dövlət orqanlarına, Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatların və beynəlxalq hüquq müdafiə təşkilatlarının ölkədə fəaliyyət göstərən nümayəndəliklərinə, xarici ölkə səfirliklərinə, yerli hüquq müdafiə təşkilatlarına, media strukturlarına və QHT-lərə ünvanlanacaq.
Məqsəd beynəlxalq təşkilatların və yerli hüquq-müdafiə təşkilatlarının diqqətini məcburi köçkünlərin hüquqlarının müdafiəsinə yönəltmək və bu təşkilatların gələcəkdə insan hüquqları ilə bağlı hazırladıqları hesabatlarda, həyata keçirdikləri layihələrdə məcburi köçkünlərin hüquqlarının müdafiəsinə xüsusi önəm vermələrinə nail olmaqdır.


