
BMT-nin baş katibi Pan Gi Mun martın 22-də qeyd olunan Ümumdünya Su Günündə müraciət yayaraq susuzluq probleminə toxunub. Müraciətdə bildirilir ki, keçən onillik ərzində evlərində və ya evlərinin yaxınlığında su kranı olmayan şəhər sakinlərinin sayı 114 milyona, sanitariya sahəsində həyat üçün zəruri əsas xidmətlərdən istifadə imkanı olmayanların sayı isə 134 milyona çatıb: “Bu 20 faizlik artım insanların sağlamlığına və iqtisadi inkişafa böyük zərər verib. İnsanlar sağlamlıqlarını itirib, iş qabiliyyətlərindən məhrum olublar”.
Paytaxtın və əyalətin suyu
2009-cu ilin rəsmi rəqəmlərinə görə, Bakıda bir nəfərin payına düşən su hesabı ilə məişət məqsədli su istehlakı 284 litr təşkil etdiyi halda Gədəbəydə, Qobustanda, Şamaxı və Ağsu üzrə bu göstərici 11 litr, Balakən, Ucar, Kürdəmir və Ağstafa rayonları üzrə isə 16 litr olub.
Nə Ümumdünya Su Günündən, nə də rəsmi statistik rəqəmlərdən xəbəri olan tərtərli Murad Əliyevin sözlərinə görə, yaşadığı Qaynaq kəndində su yoxdur. Onlar su üçün 2-3 km uzağa getməyə məcburdurlar, bir də yağışın ümidinə qalıblar: “Bağçamda bir az kartof əkmişdim, susuzluqdan yanıb getdi. Heç nə əkib-becərə bilmirik. Bu bir yana, heç içməyə su tapırıq ki? Toyuq-cücəyə də su vermək üçün haradansa su daşıyırıq”.
Bu rayonun Qaraqoyunlu kəndində isə camaat içməli suyu pulla alır. Vaxtilə bu kənddə “qaynama”lar, yerin 300-400 metr dərinliyindən vurulan artezianlar olub, amma baxımsızlıqdan yararsız hala düşüblər. Ona görə də indi sakinlər su almaq üçün ayda 40-50 manat pul xərcləyirlər. Çox az adamın evində “kaçalka”, yəni yerin 20-30 metr dərinliyindən su çıxarılan əl qurğusu var, amma bu yolla çıxarılan su duzlu olur, kəndlilər ondan ancaq pal-paltar, qab-qaşıq yumaq üçün istifadə edə bilirlər. Hərçənd məcburiyyət qarşısında bu suyu qaynadıb içənlər də olur. Evində “kaçalka” olmayanların işi lap çətindir, onlar təkcə içməyə yox, işlətməyə də suyu pulla alırlar.
Su standartları
Azərbaycan qanunvericiliyinə görə, əhalinin içməli suya əlçatanlığının təmin olunması və zəruri həcmdə içməli su əldə etməsi üçün müəyyən yanaşmanı 1997-ci ildə qəbul olunmuş Su Məcəlləsində görmək olar. Məcəllənin 47-ci maddəsinə əsasən, əhalinin içməli su təchizatı, bir qayda olaraq mərkəzləşdirilmiş su kəməri qurğuları ilə həyata keçirilir. Su kəməri olmadıqda əhalinin içməli su və məişət ehtiyaclarının ödənilməsi bilavasitə çayların, su quyularının, kəhrizlərin, bulaqların və digər su mənbələrinin suyundan istifadə edilməklə təmin oluna bilər.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyin sədr müavini Rövşən Ağayevin sözlərinə görə, bu hüquqi normaların heç biri əhalinin içməli su istehlakının minimum həddinə və içməli suya əlçatanlığının təmin olunmasına dair icbari öhdəliklərini müəyyən etmir: “Dövlət bir çox yaşayış standartlarına və gəlirlərin minimum səviyyəsinə zəmanət verdiyi kimi içməli su istehlakının gündəlik normasına, həmin suyun əldə olunma formasına da dəqiq hüquqi zəmanətlər müəyyən etməlidir. Dünya Səhiyyə Təşkilatının (DST) bununla bağlı kifayət qədər dəqiq standartları mövcuddur, Azərbaycan hökuməti milli qanunvericiliyin təkmilləşdirilməsi üçün bu standartlardan baza yanaşmaları kimi istifadə edə bilər. Həmin standartlara görə, yalnız içmək və qida hazırlığında istifadə etmək məqsədilə orta hesabla minimum yol verilən gündəlik su istehlakı norması 20 litrdir.
İçməli suya əlçatanlıq standartının 2 parametri var. İnsanların özlərini su ilə təmin etmək məcburiyyətində qaldığı şəraitdə belə hər bir şəxsin içməli su əldə etməsi üçün o, yaşayış yerindən maksimum 1 kilometr məsafə (gedib-qayıtmaqla) qət etməlidir. Və bir də kollektiv istifadə etdiyi dəhnə ən azı xüsusi quraşdırılmış kranla təmin olunmalıdır”.
Ekspert qeyd edib ki, suyu mənbədən götürüb qayıtmaq üçün məsafə 1 kilometrdən, həmin məsafəni piyada qət etmək üçün tələb olunan vaxt isə 30 dəqiqədən çoxdursa, mövcud mənbənin su verimi adambaşına gündəlik maksimum 5 litr təşkil edir, gigiyenik qaydalara cavab vermədikdə isə bu, suya əlçatanlıq kimi qəbul olunmur: “Azərbaycanın bir çox kəndində bu problem var. Əhalini su ilə təmin etmək üçün isə heç bir qurum konkret öhdəlik daşımır”.
Rövşən Ağayev DST-nin kəmiyyət standartlarından olan müntəzəmlik probleminə də toxunub: “Bakının özündə belə suyun yaşayış massivlərinə verilmə müddəti müxtəlifdir. Elə yer var ki, orda su saatlarla gəlir, elə yer də var ki, gün ərzində bir saat verilir. İnsanın suya daimi çıxışı olmalıdır. Suyun əlçatanlığı ilə bağlı DST-nin tövsiyələrinə uyğun norma və əlçatanlıq mexanizmləri Azərbaycan qanunvericiliyində ümumiyyətlə nəzərə alınmayıb”.
“Azərsu” Səhmdar Cəmiyyətinin “Birləşmiş su-kanal” Məhdud Məsuliyyətli Cəmiyyətindən mətbuata verilən məlumata görə, suya əlçatımlıqla bağlı standartlar - СниП 2.04.02-84 tələblərinə uyğun olaraq sanitar mühafizə zonasının şərtlərini gözləməklə həyata keçirilir.
Rövşən Ağayev bunun əlçatanlıq standartı olmadığını vurğulayıb. O deyib ki, həmin tələblər su mənbəyinin gigiyenik təhlükəsizliyinə, bu mənbənin yaşayış yerindən uzaqlığına aiddir.
“Azərsu”nun açıqlamasında o da bildirilir ki, kənd yerlərində içməli su təchizatı ilə bağlı dövlət proqrami var. Bu proqramda hər 5-10 ev üçün şəbəkə qurulması və ya tam sayğaclaşmaya keçməklə hər evə su çəkilməsi, su mənbələri əlçatmaz olduğu halda isə suyun maşınla əhaliyə çatdırılması nəzərdə tutulur. Dövlət proqramı bu problemi 2014-cü ilə qədər həll etməyi planlaşdırır.
ELKİN


