
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin martın 28-də keçirilən iclasında ayrı-ayrı bayramlarda qeyri-iş günlərinin bir neçə gün davam etməsi və bunun ölkə həyatının müxtəlif sahələrində durğunluq yaratması məsələsi müzakirə olunub. Qeyd olunub ki, uzun bayram tətilləri bir çox halda əhalinin böyük əksəriyyətinin narahatlığına gətirir. Partiya hesab edir ki, Azərbaycanda istisnasız olaraq bütün dövlət bayramlarında yalnız bir gün qeyri-iş günü elan olunmalı, insanların peşə vərdişlərinə, dövlət və qeyri-dövlət qurumlarının, həmçinin vətəndaşların işgüzar həyatına neqativ təsir göstərən uzunmüddətli tətil ənənəsinə son qoyulmalıdır.
Əmək Məcəlləsinin 105-ci maddəsinə görə, Azərbaycanda iş günü hesab edilməyən 18 bayram günü var. Novruz bayramı 5 gün, Qurban, Ramazan bayramları və Yeni il 2 gün, Beynəlxalq Qadınlar Günü, Faşizm Üzərində Qələbə Günü, Respublika Günü, Milli Qurtuluş Günü, Silahlı Qüvvələr Günü, Dövlət Bayrağı Günü və Dünya Azərbaycanlılarının Həmrəylik Günü 1 gün qeyd olunur.
Həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir.
BAXCP sədrinin müavini Elçin Mirzəbəyli martın 29-da “Media forum” saytına açıqlamasında deyib ki, bayramlar məsələsi qanunvericilikdə dəyişiklik edilməklə tənzimlənməlidir: “Qanunda ciddi dəyişikliklərdən söhbət getmir. Sadəcə, bəzi bayram günləri azaldıla və bunun hesabına iş günü hesab edilən önəmli dövlət bayramları – Dövlət Müstəqilliyi, Konstitusiya və Milli Dirçəliş günləri qeyri-iş günü elan oluna bilər. İndiki halda bəzi bayramların uzun çəkməsi çox ciddi problemlər yaradır. İnsanların peşə vərdişlərinə, ölkədə iş tempinə mənfi təsir göstərir. Fikrimcə, bayramların bu qədər uzun-uzadı davam etməsinin mənası yoxdur”.
Elçin Mirzəbəyli partiya sədri Qüdrət Həsənquliyevin məsələni parlamentdə qaldıracağını qeyd edib: “Qanuna əlavə və dəyişikliklər layihəsi təqdim etməyə də hazırıq”.
Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə hesab edir ki, dövlət bayramlarının say bölgüsü normaldır, Azərbaycan əhalisinin əmək rejimini effektli tənzimləyir: “Yeni il və Novruz bayramlarının uzun qeyd olunması sırf bayramla bağlı istirahət deyil. Bu istirahət günləri həm də insanların öz sağlamlıqlarını bərpa etməsi, müəyyən səfərlərini lazımi səviyyədə həyata keçirə bilməsi üçün nəzərdə tutulub. Digər tərəfdən, yanvar və mart ayları təhsil müəssisələrində tətil günləri olduğu üçün işləyən valideynlərin uşaqlarının da istirahət etmək hüququnu düşünmək lazımdır. Əgər valideyn işləyəcəksə, uşaqların səmərəli tətil keçirməsindən danışmaq olmaz. Hesab edirəm ki, uzun bayram günlərini minimuma endirib digər dövlət bayramları arasında xırdalamaq istirahətin effektini aşağı salar”.


