![]() |
|
Rail SƏFİYEV |
Azərbaycan Respublikasının təhlükəsizliyinin əsas xüsusiyyətlərini Qafqaz regionundakı kompleks təsirlərin nəticəsi olaraq qəbul etmək lazımdır. Azərbaycanın xarici siyasəti əsasən qonşu dövlətlərlə münasibətlərin nəzərə alınması hesabına meydana gəlib. Başqa sözlə, dövlətimizin milli təhlükəsizlik maraqları Qafqaz məkanındakı ətraf ölkələrin və super güclərin maraq və məqsədlərinin qarşılıqlı təsirlərinə münasibətdə balanslaşdırılaraq formalaşıb.
Qafqaz regionunda təhlükəsizlik mövzusunda müxtəlif dünya alimlərinin və eləcə də Azərbaycan alimlərinin nəzəri araşdırmaları var. Bu regionun təhlükəsizlik problematikasını şərtləndirən amillərə nəzər yetirərkən Amerika politoloqu Barri Buzanın siyasi-nəzəri görüşlərini xatırlatmağa ehtiyac yaranır.
Buzan ilk dəfə siyasətşünaslıq elminə “təhlükəsizlik kompleksi” məfhumunu gətirib. Onun fikrincə, təhlükəsizlik kompleksi elə dövlətlər qrupuna aid edilir ki, həmin dövlətlərin başlıca təhlükəsizlik maraqları bir-biri ilə sız bağlanmış vəziyyətdə olsun və onların fərdi dövlət təhlükəsizlikləri real olaraq bir-birindən ayrı nəzərdən keçirilə bilməsin.
Buradan belə qənaətə gəlmək olar ki, “təhlükəsizlik kompleksi”nə daxil olan ölkələrin özlərinin təhlükəsizlikləri qonşu dövlətlərdə qəbul edilmiş qərarların nəticəsindən asılı olaraq müəyyənləşir və təmin edilir. Buzanın “Xalqlar, dövlətlər və qorxu: beynəlxalq münasibətlərdə milli təhlükəsizlik problemi” adlı elmi əsərində sadaladığı “təhlükəsizlik kompleksi”nə xas olan - dövlətlərin coğrafi yaxınlıq amilləri, sıx və dərinləşmiş iqtisadi münasibətlər, xalqlararası dostluq və yaxud da düşmənçilik münasibətləri, habelə siyasi tərəfdaşlarla bağlı qorxu və şübhələnmə kimi - elementlər Qafqaz regionuna da şamil oluna bilər.
Belə bir fikri Cənubi Qafqaz regionu üzrə siyasi ekspert Bruno Koppieters “Qafqazdakı regional təhlükəsizlik sistemi” haqqında analizində də təsdiq edir. Onun fikrincə, yeni müstəqil dövlətlərin siyasi elitalarına bəllidir ki, onların təmsil etdikləri dövlətlərin məxsusi təhlükəsizlikləri bir-birindən ayrı təsəvvür oluna bilməz. Bu onunla izah edilir ki, Qafqaz dövlətləri tarixi keçmişdə siyasi, iqtisadi və mədəni əlaqələrlə bir-birinə bağlanıb və bu ölkələr vaxtilə Sovet İttifaqının idarəsi altında inteqrasiya olunub. Hətta Cənubi Qafqaz və ya Zaqafqaziya ifadələri rus dili lüğətindən çıxarılmışdı. Bu mənada keçmiş sovet məkanı və ayrıca onun Cənubi Qafqaza aid olan hissəsində spesifik konseptual cəhətlərə nəzər salmaq vacibdir.
Hər şeydən əvvəl Sovet İttifaqı süqut etdikdən sonra bu məkanda yeni yaranmış güclü və zəif dövlətlər arasında kəskin təhlükəsizlik assimetriyasının oldugunu vurğulamağa ehtiyac var. Məsələn, Rusiyanın digər MDB dövlətləri ilə müqayisədə həddən artıq güclü hərbi və iqtisadi dominantlığa sahib olması göz qabağındadır. Bu da istər-istəməz Rusiyadan asılılığa səbəb olur. Nəticədə Rusiya kimi böyük dövlətin, regional supergücün Qafqaza nüfuz etməsi asanlaşır.
Digər tərəfdən, əgər regionda təhlükəsizlik fenomeninin kompleks şəkildə ortalığa çıxmasının səbəblərini araşdırmış olsaq, onda beynəlxalq hüquqda dövlətlərin ərazi bütövlüyü məsələsini sual altında qoyan münaqişələrə də diqqət yetirmək lazımdır. Ermənistan-Azərbaycan münaqişəsi, Gürcüstanda Abxaziya və Cənubi Osetiya münaqişələri, eləcə də bir neçə il əvvəl baş vermiş ölkədaxili vətəndaş müharibələri və silahlı çəkişmələr Qafqazda siyasi təhlükəsizlik baxımından qarşılıqlı asılılıqla müşahidə olunan münaqişələr zəncirinin peyda olmasına rəvac verib.
Beləliklə, xarici qüvvələrin regiona bilavasitə təsir imkanları genişlənib və bölgədə çətin idarə olunan təhlükəsizlik problemləri, dövlət suverenliyinə təhdidlər presedenti meydana çıxıb. Müqayisə üçün deyək ki, Sovet İttifaqı parçalanarkən Baltikyanı ölkələr arasında konfliktlər olmadığından orada supergüclərin müdaxiləsi baş vermədi və nəticədə hazırda bu region öz sabit inkişafı baxımından Avropa İttifaqı dövlətləri ilə istənilən səviyyədə ayaqlaşmaq həddindədir.
Yaxın tariximizə müraciət etsək görərik ki, Azərbaycanın dövlətçiliyi ötən 15 il ərzində bir neçə dəfə müxtəlif formada təhlükəyə məruz qalıb. Hazırda da Azərbaycan hökumətinin ən ümdə vəzifəsi ölkənin ərazi bütövlüyünün bərpası və suverenliyinin qorunub saxlanmasıdır. Bu prinsip eynilə Qafqaz regionunun digər dövləti - Gürcüstan üçün də xarakterikdir, çünki bu ölkə də ərazi münaqişələrindən əziyyət çəkir. Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması, Gürcüstanda əmələ gəlmiş ərazi münaqişələri son halda regionun bütövlükdə destabilizasiyasına gətirib çıxara bilər. Belə bir təhlükəli vəziyyət xarici siyasət aktorlarının və hərbi siyasi alyansların təsiri və təzyiqi ilə daha da çətinləşir. Bu, Qafqaz dövlətləri üçün çıxılmaz bir vəziyyətə çevrilir, belə ki, bu halda onlar fərdi və ya dövlətlərarası mənafeləri üstün tutub əməkdaşlıq etmək əvəzinə, regionda böyük dövlətlərin oyun qaydalarının girovlarına çevrilirlər.
Qafqazda vəziyyətin mürəkkəbləşməsi bölgədə beynəlxalq münasibətlər elminin terminologiyası ilə ifadə olunan “təhlükəsizlik dilemmalarına” gətirib çıxarır. Yəni hər bir dövlət qarşı tərəfi qorxutmaq və özünün təhlükəsizliyini təmin etmək məqsədilə hərbi potensialını artırmağa çalışır, beləliklə, qarşı tərəfi də eyni qaydada silahlanmağa sövq edir, əslində bununla əks-effekt yaradır (soyuq müharibə zamanı ABŞ-la SSRİ arasında silahlanma yarışı kimi).
Bu gün Ermənistanın təcavüzkar siyasəti, eləcə də Gürcüstan-Rusiya münasibətlərində qabarmalar və çəkilmələr Qafqazda sabitlik üçün ciddi təhlükə törədir. Təəssüf ki, vəziyyətdən çıxış yolu tapmaq əvəzinə bəzi dövlətlərin siyasi elitalarının rəhbərləri ya bütün gücünü səfərbər edib qarşı tərəfə hərbə-zorba gəlməklə, ya da hərbi alyanslara üzv olmaqla guya təhlükəsizliyi təmin edirlər. Ermənistanın dəfələrlə milyardlarla dollar silah almasını və hərbi ittifaqlara qoşulmasını misal göstərmək kifayətdir. Təbii ki, bu halda qısa müddətə regional sabitliyə nail olmaq olar, amma uzunmüddətli sabitlik üçün bu, effektsiz və perspektivsiz bir yoldur.
Belə qənaətə gəlmək olar ki, sabitliyin qarantı kimi beynəlxalq prinsiplərə riayət olunması ümumi məqsədə yaxınlaşmağa xidmət edərdi. Amma yaxın keçmişin tarixi də bu sahədə Qafqaz regionu dövlətləri arasında qarşılıqlı inamsızlıq hökm sürdüyünü sübut edir. Ermənistan-Azərbaycan müharibəsində nəinki universal beynəlxalq normalara məhəl qoyulmayıb, hətta 1949-cu il Cenevrə konvensiyalarından irəli gələn müharibə hüququnun minimum insani normaları belə pozulub. 1994-cü il mayın 12-də atəşkəs elan ediləndən indiyədək cəbhə xəttində silahlı toqquşmalar bu inamsızlığın hələ də mövcud olduğuna dəlalət edir.
Azərbaycanlı politoloq, BDU-nun müəllimi Cənnətxan Eyvazov Qafqazda təhlükəsizlik dilemması problematikasını dərinləşdirərək bu regionda çoxlu sayda “təhlükəsizlik dilemmaları”nın olduğunu söyləyir. Məsələn, onun rəyinə görə, Ermənistan və Azərbaycan, Azərbaycan və İran, Ermənistan və Türkiyə, Gürcüstan və Rusiya, Rusiya və Türkiyə, İran və Türkiyə, Rusiya və Azərbaycan, İran və Birləşmiş Ştatlar arasında münasibətlərin ümumilikdə təhlükəsizlik dilemması kateqoriyasına aid olduğunu iddia etmək olar. Həqiqətən də adları çəkilən dövlətlərin əksəriyyəti maraqları heç də uzlaşmayan hərbi ittifaqların üzvləridir. Məsələn, Türkiyə və ABŞ NATO çərçivəsində müttəfiqdir, Ermənistan və Rusiya isə Kollektiv Təhlükəsizlik Müqaviləsinin tərəfləri qismində NATO-nun postsovet məkanında fəallığına müqavimət göstərir.
Müəyyən mənada Eyvazovun belə tam kateqoriyalaşdırması dəqiq olmaya bilər, əgər nəzərə alsaq ki, bu məsələ Rusiya və Türkiyə, Rusiya-Azərbaycan və yaxud Rusiya-ABŞ münasibətlərini əhatə edir. Belə ki, Rusiya və Türkiyə arasında enerji məsələlərində son illərdə ciddi yaxınlaşma əldə olunması və yaxud ABŞ-la Rusiyanın 2001-ci il 11 sentyabr hadisəsindən sonra terrorla mübarizədə əməkdaşlıq etmələri, əksinə, Eyvazovun göstərdiyi bir çox təhlükəsizlik dilemması barədə mülahizələri təkzib edir.
Amma hər bir halda, hətta bir fərziyyə olaraq da Eyvazovun politoloji dəyərləndirmələri Qafqaz regionuna nəzəri yanaşma üçün münasib sayıla bilər, ən azından ona görə ki, regionda münaqişələrin nə vaxtsa şiddətlənmə həddinə çatma ehtimalı doğrudan da realdır. Əgər tendensiya dilemma vəziyyətlərinin artmasına yönəlibsə, bu, ikitərəfli səviyyədə ziddiyyətlərin hərbi alyanslar müstəvisinə çıxmasına, son həddə isə bir və ya bir neçə dövlətin iştirak etdiyi böyük müharibələrin başlanmasına səbəb ola bilər.
Xülasə, siyasi münasibətlərin risk dərəcəsi həddən artıq yüksəkdir və belə olan halda “Qafqazda təhlükəsizlik” haqqında yenidən düşünməyin vaxtı çatıb. Belə bir çətin təhlükəsizlik şərtləri daxilində Azərbaycanın əlahiddə şəkildə siyasi kurs aparması və ya hər hansı təhlükəsizlik konsepsiyasını irəli sürməsi xeyli çətinləşir. Təhlükəsizlik baxımından heç də əlverişli olmayan Qafqaz regionunda yerləşməsi, ətrafında olan dövlətlərin isə bəzən tamam fərqli və ya zidd siyasi maraqlar güdməsi Azərbaycanı əlverişsiz vəziyyətdə qoyur. Azərbaycanın xarici siyasət kursu nəticədə neft diplomatiyasından yararlanmaq, Qafqazda ümumi qısamüddətli mənafelərə cavab verən təhlükəsizlik modellərini tapmaqla kifayətlənir.
Bu kontekstdə dövlətlərarası kooperasiya region üçün yeni imkanlar açır. Bu əməkdaşlıq Qafqaz regionunun iqtisadi geriliyinin aradan qaldırılmasına, burada münaqişələrin birdəfəlik həllinə yönəlməlidir. Bunun üçün Qafqaz dövlətləri etibarlı, təhlükəsizliklərini qarantiyalaşdıra biləcək partnyor axtarırlar.
Eyvazov “NATO və Azərbaycan təhlükəsizliyinin hərbi-siyasi aspektləri” mövzusunda monoqrafiyasında Azərbaycanın Avratlantik strukturlarına inteqrasiyasının Qafqazda siyasi təhlükəsizlik dilemmalarının aradan qaldırılması istiqamətində zəmin olacağı mövqeyindən çıxış edir. Bu zaman müəllif öz mövqeyini NATO-nun müqavilə öhdəlikli təhlükəsizlik alyansı olduğuna işarə etməklə və Rusiya ilə müqayisəyə gələ biləcək hərbi gücə malik olması ilə əsaslandırır. Lakin bu əsasda Rusiyanın NATO kimi bir rəqibdən hərbi təhlükə gözləyəcəyini güman etmək olar, çünki “NATO-nun Şərqə doğru genişlənməsinə” Rusiyanın dövlət rəsmiləri açıq şəkildə etiraz edirlər.
Zənnimcə, buna görə də Avropa İttifaqı Qafqaz regionunda siyasi təhlükəsizliyin təmin olunması üçün ən layiqli namizədlər sırasındadır. Avropa İttifaqı konkret olaraq hərbi vəzifələrə bağlı bir təşkilat olmasa da, onun çox qəribə, amma son dərəcə səmərəli təhlükəsizlik mexanizmi var. Onun əsasında “Ümumi bazar” anlayışı, iqtisadi əməkdaşlıq, demokratik inkişaf, xalqların ümumi rifahının yaxşılaşdırılması, maddi və hərbi resursların ümumi əməkdaşlıq xətti ilə birgə mənimsənilməsi kimi prinsiplər dayanır. Bir sözlə, hərbi müdafiə məqsədləri arxa plana keçir, bu isə büdcə vəsaitlərinin xalqın sosial-mədəni inkişafına sərf olunması deməkdir. Artıq Qafqaz insanı üçün hərbi təhlükəsizlikdən kənar bir çox daha səmərəli prioritetin mövcudluğu önəmlidir.
Bu yolla regionda Rusiya və İranın ciddi narazılığı ilə qarşılaşmayan üçtərəfli əməkdaşlığa nail olmaq mümkündür, çünki Qafqazın artıq dinc inkişaf edən sülh regionuna çevrilməsinin vaxtı yetişib.



