İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi (FAR CENTRE) ABŞ-ın National Endowment for Democracy (NED) təşkilatının dəstəyi ilə “Azərbaycan gənclərinin sosial və mənəvi durumuna dair” sosioloji sorğu keçirib. 2010-cu ilin iyun-iyul aylarında gerçəkləşdirilən sorğunu ADAM Sosioloji Araşdırmalar Mərkəzi aparıb. Respondentlərin ümumi sayı 1000 nəfər olub - kişilər 45%, qadınlar 55%.
“Media forum” saytının məlumatına görə, sorğu anketinə 22 sual daxil edilib. Sorğu Bakı, Şamaxı, Şəki, Gəncə, Lənkəran və Xaçmazda sorğu anketi, respondentlərlə şəxsi intervü, 18-30 yaş arasında olan Azərbaycan vətəndaşları arasında anonim sorğu metodları ilə aparılıb.
Sorğuya görə, respondentlərin 53%-i maddi vəziyyətindən tam və ya qismən razıdır. Ölkəni həmişəlik və ya müvəqqəti tərk etmək istəyən gənclərin sayi isə 66% həddindədir.
Respondentlərin yalnız 57%-i 2010-cu ilin parlament seçkisində səsvermədə iştirak edəcəyini bildirib. Parlament seçkisi bu gün keçirilsəydi, hakimiyyətyönlü namizədə 25%, müxalif namizədə 22% faiz səs verərdi.
Respondentlərin 95%-i Allaha inanır. Dini ayinləri müntəzəm yerinə yetirirənlərin sayı isə 11% təşkil edir. Ölkənin şəriat qanunları ilə idarə olunmasını istəyənlərin sayı 48% olub.
Hökümətin müxtəlif sahələrdə göstərdiyi fəaliyyət yüksək qiymətləndirilməyib: sabitlik və qayda-qanun - 40%; xarici siyasət - 22%; sənaye və kənd təsərüfatı - 11%; səhiyyə - 6%; neft sektoru - 35%; ordunun gücləndirilməsi - 19%; xalqın rifahı - 11%; demokratiya və insan haqları sahəsində irəliləyiş - 1%; təhsil - 4%; korrupsiyaya qarşı mübarizə - 2%; Qarabağ problemi - 1%; ədalətli məhkəmələr və hüquq mühafizə orqanları - 1%; heç bir problem həll olunmayıb - 23%.
Gənclərin internetə çıxışı zəifdir: respondentlərin yalnız 21%-i internetdən gündəlik istifadə edə bilir.


